“Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək” İqtisadiyyat

“Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək”

Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına burada görülən işlər barədə məlumat verib.
Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz edilib ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir.
Liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb, uzunluğu 7,5 kilometr, dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa olunub. Bu kanal və dönmə akvatoriyası Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7000-8000 tona qədər olan gəmilər daxil olur ki, mövcud dərinlik bunun üçün kifayət edir.
Dövlət başçısı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışını bildirən düyməni basıb. Ona ölkəyə daxil olan yük axınlarının həcminin artım dinamikasına uyğun olaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilmə potensialı, bu çərçivədə daxil olan yük axınlarının çeşidlərinə və intensivliyinə uyğun olaraq, Limanının genişləndirilmə seqmentində görülməsi nəzərdə tutulan tədbirlər, yükaşırma həcmlərinin artacağı təqdirdə yaranacaq əlavə imkanlar barədə məlumat verilib.
Komplekslə tanışlıqdan sonra dövlət başçısı limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşüb.

"Bütün növ gəmiləri istehsal edirik

Kompleksinin açılışında çıxış edən Azərbaycan prezidenti qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdiyimizi deməyə əsas verir: "Bu günə qədər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Xəzərdə bizim ən böyük donanmamız, 260-dan çox gəmimiz var. Mənə verilən məlumata görə, son bir neçə il ərzində əlavə 18 gəmi alınmışdır. Mənim təşəbbüsümlə Bakıda gəmiqayırma zavodu tikilmişdir. Biz bütün növ gəmiləri istehsal edə bilərik, istehsal edirik və beləliklə, xarici tərəfdaşlardan asılılığı aradan qaldırmışıq".
Prezident İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı görülən işlərdən də söz açıb: "Biz hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və öz ərazimizdə bütün lazımi işləri başa çatdırdıq. Beləliklə, həm Şimaldan Cənuba, həm Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir və keçəcək. Şimal-Cənub nəqliyyat dəhlizinin tam başa çatması üçün biz əlavə vəsait ayırdıq və əminəm ki, yaxın bir neçə il ərzində bu dəmir yolu tam istifadəyə veriləcək. Beləliklə, Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək. Artıq biz bunu görürük və biz bu funksiyanı artıq yerinə yetiririk.
Fikirləşmək olardı ki, biz artıq bununla işimizi başa çatmış hesab edə bilərik. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınması ilə məşğuluq. Bu da çox önəmli nəqliyyat dəhlizidir və mənə verilən məlumata görə, birinci sınaq qatarı artıq bu yolla hərəkət edib. Beləliklə, biz böyük nəqliyyat infrastrukturu yaratmaqla Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini qat-qat artırmış oluruq. Eyni zamanda, bu layihələr beynəlxalq əməkdaşlığı genişləndirir, gücləndirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirak edən ölkələrin sayına, onların gücünə baxsaq, görərik ki, bu, doğrudan da genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatıdır", - deyə o vurğulayıb.
Prezident qeyd edib ki, Şərq-Qərb nəqliyyat dəhlizi Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və ondan sonra Avropa ölkələrini birləşdirir: "Şimal-Cənub nəqliyyat dəhlizi Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini birləşdirir. Cənub-Qərb dəhlizi isə daha geniş formatda ölkələri birləşdirir. Bütün bu layihələrdə iştirak edən ölkə Azərbaycandır. Biz bu layihələrin həyata keçirilməsi üçün çox böyük səylər qoyduq, çox böyük siyasi addımlar atıldı. Yəni, bu layihələrin həyata keçirilməsi üçün məqsədyönlü, düşünülmüş şəkildə işlədik, çalışdıq. Nəhayət, bunun nəticəsini görürük. Bir daha demək istəyirəm ki, bu layihələrin həyata keçirilməsi təkcə bizə iqtisadi mənfəət gətirməyəcək. Halbuki biz nəqliyyat potensialımızdan çox böyük səmərə ilə istifadə edərək, öz iqtisadi vəziyyətimizi daha da yaxşılaşdıracağıq. Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək. Onsuz da dünyada bizə böyük hörmət, rəğbət var. Azərbaycan çox etibarlı tərəfdaş, çox qabiliyyətli ölkə kimi tanınır. Bizim artan iqtisadi gücümüz imkan verir ki, belə tarixi layihələri icra edək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən önəmli layihələrdən biridir və bu gün bizim tariximizdə yaddaqalan və önəmli gün kimi qalacaq".

"Bakı-Tbilisi-Qars layihəsi mövqeyimizi daha da gücləndirəcək"

Prezident İlham Əliyev son 15 il ərzində ölkəmizdə 15 min kilometr avtomobil yolunun salındığını deyib: "Bizim bütün qonşu dövlətlərlə sərhədimizə qədər gedən yollar istifadəyə verilib, şəhərlərarası, kənd yolları, yəni, bu infrastruktur da yaradılıb. Bu illər ərzində 7 aeroport tikilib. Onlardan 6-sı beynəlxalq aeroportdur. Azərbaycanın ən müasir təyyarə parkı var. Heydər Əliyev Beynəlxalq Aeroportu bu yaxınlarda beşulduzlu statusu alıb. Məlumat üçün demək istərdim ki, dünyada cəmi 9 aeroportun beşulduzlu statusu var, onlardan biri Heydər Əliyev Aeroportudur. Biz dəmir yolu infrastrukturumuzu müasirləşdiririk, mövcud dəmir yolu xətlərini təzələyirik, yeni dəmir yolu xətləri çəkilir ki, sürət artsın. Lokomotivlər, vaqonlar alınır. Bakı-Tbilisi-Qars dəmir yolu keçən ilin oktyabr ayında bax, bu ərazidə istifadəyə verilib. Bu, tarixi layihə idi. Azərbaycan bu layihənin təşəbbüskarı idi və bu layihənin həyata keçirilməsi üçün böyük vəsait ayırıb. Biz Bakını Avropaya dəmir yolu xətti ilə birləşdirdik. Əslində Asiyanı Avropa ilə birləşdirən Azərbaycan olub. Bu nəqliyyat dəhlizi uzun illər bundan sonra bizə böyük gəlirlər gətirəcək, xalqımıza böyük fayda verəcək. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir. Bu layihənin uğurla icra edilməsi nəticəsində Azərbaycan bu bölgədə öz mövqeyini daha da gücləndirəcək".