

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın Ev Muzeyində ədəbi-bədii proqram təşkil olunub.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş proqramda mədəniyyət nazirinin müavini Murad Hüseynov, Nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, Konservatoriyanın professoru Lalə Hüseynova, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və məktəblilər iştirak ediblər.
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə öz çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı rolundan danışıb, onun yaradıcılığının Azərbaycan musiqisinin həm keçmişini, həm çağdaş dövrünü, həm də gələcəyini özündə ehtiva etdiyini söyləyib.
Azərbaycan Milli Konservatoriyasının professoru Lalə Hüseynova çıxışında söyləyib ki, Üzeyir Hacıbəyli Azərbaycanın peşəkar musiqi sənətinin banisi, dahi bəstəkar, pedaqoq və musiqişünas alim kimi xalqımızın mədəni irsinə əvəzsiz töhfələr vermiş şəxsiyyətdir. Onun 1908-ci ildə yazdığı "Leyli və Məcnun" operası ilə Azərbaycan və bütövlükdə Şərq dünyasında ilk opera janrı yaranıb, bununla da milli musiqi tarixində yeni bir mərhələ başlanıb.
Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə isə çıxışında dahi sənətkarın Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi kimi musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlərindən bəhs edib.
Proqram incəsənət və musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin repertuarından ibarət musiqi əsərləri ilə davam etdirilib.