“İranın Ermənistanla əlaqələrini inkar etmək olmaz” Müsahibə

“İranın Ermənistanla əlaqələrini inkar etmək olmaz”

Əvşar Süleymani: "Şuşanın işğalı isə Rusiyanın və bu ölkənin Azərbaycandakı 5 saylı hərbi birləşməsinin "xidməti"dir"

2003-2006-cı illərdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri olmuş Əvşar Süleymaninin müsahibəsini oxucularımıza təqdim edirik

- İran İslam Respublikasında Azərbaycan dilində təhsilə icazə verildi. Bunun səbəbi nədir: İnsan haqları, beynəlxalq təzyiq, yaxud humanizm?

- İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsində ana dilində təhsillə bağlı tələb var. Amma bu tələbə əməl olunmur, qanun icra edilmirdi. Səbəbi ölkənin təhlükəsizlik sistemi ilə bağlı idi. Bəzi rəhbər şəxslər hesab edirdilər ki, ana dilində təhsil ölkə üçün risklidir. Ana dlində təhsil yeni tələblərin ortaya çıxmasına səbəb ola bilər. Mən isə hesab edirəm ki, ana dilində təhsilin tətbiqi İranın birliyini və ərazi bütövlüyünü möhkəmləndirəcək. Çünki əhali razı qalacaq. Bu müstəvidə, xüsusilə də İran türklərinin sayını və bacarıqlarını, istedadlarını vurğulamaq istəyirəm. Məşrutə inqilabı və İran-İraq savaşında azərbaycanlıların böyük, inkaredilməz və faydalı rolu olub. Ən çox şəhid verən də azərbaycanlılardır. Amma rəhbərlikdəki bəzi şəxslər düşünürdülər ki, Azərbaycan dilində təhsil fars dilinə mənfi təsir göstərə bilər. Çox yaxşı ki, zamanla bu problem də öz həllini tapdı.

- Azərbaycanda çalışmış bir diplomatsınız. İki yüz ilə yaxın bir zaman ərzində həyata keçirilən təqib və təzyiqlər azərbaycanlıların yaddaşındakı parçalanmış Vətən anlayışını silə bilmədi. Siz necə düşünürsünüz, tarix bizə haqsızlıq etmirmi?

- Tarixə nəzər salsaq, Azərbaycan türkləri ayrılıblar və onların ¼-i Azərbaycan Respublikasının vətəndaşlarıdır, ¾-ü isə İranda yaşayır və İran vətəndaşlarıdır. Azərbaycan Respublikasında və İranda yaşayan türklərin yaxınlaşması üçün hər iki ölkənin müxtəlif sahələr üzrə dövlətlərarası layihələri olmalıdır. Sadələşdirilmiş gediş-gəliş, müştərək proqramlar, xüsusilə də mədəniyyət və iqtisadiyyat sahəsində əlaqələrin inkişafı, sərhədə yaxın ərazilərdə azad bazar meydanlarının yaradılması, keçid məntəqələrinin sayının artırılması, ortaq layihələrin həyata keçirilməsi günün tələbidir.

- İran müsəlman ölkəsidir, amma Qarabağ məsələsində Ermənistan bu ölkədən Azərbaycandan daha çox fayda və dəstək görüb... Hətta Şuşanın işğalında da Tehranın əlinin olduğu ittihamları da zamanla gündəmə gəlir...


- İranın Ermənistanla əlaqələri var və bunu inkar etmək olmaz. Amma İran hər zaman Azərbaycana həm hərbi, həm də iqtisadi və mənəvi baxımdan dəstək verib. Dəstəyimiz daha çox ola bilərdi, amma qarşılıqlı etimad yetərincə olmadığı üçün bu müstəvidə daha çox irəliləmək mümkün olmadı. Şuşanın işğalı isə Rusiyanın və bu ölkənin Azərbaycandakı 5 saylı hərbi birləşməsinin "xidməti"dir. Burada İranın adının keçməsinin səbəbi isə həmin dövrdə Tehranda gerçəkləşdirilən Azərbaycan-Ermənistan görüşüdür. İran sadəcə müharibəni və Azərbaycan ərazilərinin işğalını dayandırmaq üçün Yaqub Məmmədovla Ter-Petrosyanı Tehrana dəvət etmişdi.


- Rəsmi Tehranın Azərbayacın ərazi bütövlüyü və Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğu barədə bir müddət öncə verdiyi bəyanatları aradakı buzların əriməsi kimi qəbul etmək olarmı?

- İran Azərbaycan əraziləri işğal olunduğu gündən Azərbaycan Respublikasının ərazi bütövlüyünü və köçkünlərin öz dədə-baba yurdlarına qayıtma haqqını dəstəkləyib. Rəsmi Tehran münaqişənin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüquq çərçivəsində həll olunmasında israrlıdır.

- Azərbaycan torpaqlarının böyük bir hissəsi İranın sərhədləri daxilindədir. Bir toplumu öz içinə almaq şübhəsiz ki, müxtəlif problemlərə yol açır... Amma biz müsbət təsirlərdən danışaq. Məsələn Azərbaycan ədəbiyyatının İran ədəbiyyatına təsirindən...

- Azərbaycanlılar İranda yaşayan başqa xalqlarla qaynayıb-qarışıblar. Azərbaycan və fars ədəbiyyatının arasındakı yaxınlıq, onların bir-birinə təsiri kifayət qədərdir və mən bunu normal qəbul edirəm. Xüsusilə də müştərək əlifba bu təsiri və yaxınlığı daha da gücləndirib. İranda Azərbaycan dilində təhsil olmasa da bu dildə və əski əlifbada qəzetlər, kitablar nəşr olunur, televiziya kanallarında Azərbaycan dilində proqramlar yayımlanır. Təbii ki, təhsilin yoxluğu səbəbindən dil inkişaf etməyib və hesab edirəm ki, bu problem də aradan qaldırılacaq. Nizaminin və başqa şairlərin fars dilində yazdığı əsərlərin Azərbaycan dilinə tərcüməsi ədəbiyyatımızın qarşılıqlı təsir gücünü daha da artıracaq. Bizim Firdövsi və Mövlana kimi ortaq dəyərlərimiz var. Ədəbiyyzt və mədəniyyət sahəsindəki ortaq layihələr İranda Azərbaycan dilinin inkişafına ciddi təsir göstərə bilər.

- İran İslam Respublikası qatı dindar bir ölkədir. Amma meyxanələr şairi Ömər Xəyyamı dahi kimi bağrına basıb. Sizcə bu paradoksal deyilmi?

- Əslində Ömər Xəyyama da başqa İran şairləri, yaxud fars dilində şeir yazan şairlər qədər önəm verilir. Xəyyam da Hafiz, Sədi, mövlana, Nizami və başqaları kimi əziz tutulur. Həm də Ömər Xəyyam dinsiz olmayıb. Mən burada qüsur görmürəm.

- Azərbaycan sizin üçün nə deməkdir? Həyatınızın ən qaynar çağını yaşadığınız və çox çətin, siyasi qarışıqlıq zamanına rast gəldiyiniz bir ölkə, yaxud...

- Azərbaycan mənim üçün azərbaycanlıların ölkəsi olaraq ikinci Vətəndir. Amma bir iranlı kimi Azərbaycan haqqında demək istədiyim çox söz var. Hər iki ölkənin təsmilərinə deyəcəklərim var, hətta Türkiyəyə də... Bir gün hər üç ölkənin başçıları tərəfindən dəvət alsam, onlara ürəyimdə saxladığım sözlərdən, layihələrimdən danışaram. İllərin təcrübəsindən qaynaqlanan biliklərini qonşu və ayrılmaz olan bu ölkələrə layihə halında təqdim edə biləcək diplomatlar var və mən də onlardan biriyəm. Dünyanın indiki halına bu biliklərə, təcrübəyə ehtiyac var. Xalqlarımız coğrafi baxımdan əsrlərlə qonşudurlar, din baxımdan qardaşdırlar, mədəniyyə baxımdan eyni toplumdurlar və bu şərtlər heç bir halda dəyişə, unudula bilməz. Dünyanın üçüncü dünya müharibəsinə sürükləndiyi bir vaxtda bizi fəlakətdən yalnız birlik qoruya bilər. Nəhəng oyunlara tab gətirmək üçün başqa bir yol yoxdur.


Söhbətləşdi:

Kəbutər Haqverdi
baymedia.az