 
                
                
                
             
                
                
                
            
Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva Prezident İlham Əliyevin Qazaxıstana səfəri, səfər çərçivəsində keçirilmiş görüşlər və aparılmış müzakirələr, iki ölkə arasında münasibətlərin inkişafı perspektivləri barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:
-Son günlər Prezident İlham Əliyevin Qazaxıstana səfəri həm yerli, həm də beynəlxalq medianın diqqət mərkəzində oldu. Siz bu səfərin əhəmiyyətini necə dəyərləndirirsiniz?
-Oktyabrın 20-21-də Prezidentin Qazaxıstana dövlət səfəri ölkələrimizi birləşdirən ortaq dəyərlərin yeni ruhda inkişaf etməsinin və daha da güclənməsinin göstəricisidir.
Eyni zamanda, düşünürəm ki, Bakı-Astana münasibətlərinə yalnız ikitərəfli tərəfdaşlıq prizmasından deyil, həm də Türk dünyasının birgə gələcək strategiyasını müəyyənləşdirən mühüm platforma kimi yanaşmaq vacibdir. Azərbaycan-Qazaxıstan əlaqələri ümumtürk birliyində xüsusi rola malikdir – biri Xəzərin qərb sahilində, digəri şərqində, amma eyni kökdən gələn dəyərlərin, mədəniyyətin, əməkdaşlıq və həmrəylik prinsiplərinin təmsilçiləri kimi.
-Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı keçirildi... Bu layihə region üçün hansı yeni imkanlar vəd edir?
-Dünya gündəmindəki son hadisələr göstərdi ki, Orta Dəhliz təşəbbüsü artıq alternativ deyil, zərurətdir. Hər iki dövlət bu zərurəti anlayır və çevik reaksiya verir.
Bilirsiniz ki, Orta Dəhliz layihəsi Asiya ilə Avropa arasında yükdaşımalarının sürətləndirilməsi, tranzit xərclərinin azaldılması və logistika təhlükəsizliyinin artırılmasını nəzərdə tutur. Eyni zamanda, Orta Dəhliz Azərbaycanın və Qazaxıstanın tranzit potensialının daha yüksək səviyyəyə çatdırılması, ölkələrimizin qlobal ticarət şəbəkəsində strateji mövqeyinin daha da möhkəmləndirilməsi baxımından da önəm daşımaqdadır. Bu marşrutun açılması hər iki ölkəyə beynəlxalq layihələrdə daha fəal iştirak imkanı yaradır.
Digər tərəfdən Orta Dəhliz layihəsi bütövlükdə Türk Dövlətləri Təşkilatı və region ölkələrinin iqtisadi inteqrasiyasını gücləndirən, enerji və logistika sahələrində birgə investisiyaları stimullaşdıran, gələcək üçün qarşılıqlı fayda təmin edən əməkdaşlıq modelidir.
Əslində, Orta Dəhliz bir növ Böyük İpək yolunun müasir davamıdır. Tarixdə olduğu kimi, bu yeni marşrut da yalnız malların deyil, ideyaların və təcrübələrin paylaşılması kontekstində əhəmiyyət kəsb edir. Bu, Türk dünyası ölkələri arasında həyatın bir çox sahələrində daha sıx mübadilələrin aparılmasına imkan verir.
-Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasındakı çıxışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dəstəyini ifadə etdi...
- Bəli. Ümumiyyətlə, səfər çərçivəsində mətbuat bəyanatlarda dövlətimizin başçısının vurğuladığı kimi, Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəkləmişdir.
2020-ci ilin noyabr ayını xatırlayıram, İkinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə yenicə yekunlaşmışdı. Mən o zaman Türk Mədəniyyəti və İrsi Fondunda çalışırdım. Biz Fondun mərkəzi qərargahında Qazaxıstandan gələn politoloq və siyasi blogerlərdən ibarət nümayəndə heyətinin iştirakı ilə səfir, hüquq üzrə fəlsəfə doktoru, professor Namiq Əliyevin təşkilat tərəfindən nəşr olunan “XIX-XX əsrlərdə Cənubi Qafqaz üzrə beynəlxalq müqavilələr və ermənilərin köçürülməsi” adlı kitabının təqdimatını keçirdik. Tədbirdə qazaxıstanlı dostlarımızla birlikdə Azərbaycanın tarixi həqiqətləri barədə danışdıq, onların dünya ictimaiyyətinə çatdırılması imkanlarını müzakirə etdik.
Eyni zamanda, Qazaxıstanın Azərbaycana dəstəyi postmüharibə dövründə Qarabağın bərpası və quruculuq proseslərində davam edib. Füzulidə Qazaxıstanın təşəbbüsü ilə açılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bizim köklərimizdən, qəlblərimizdən gələn qardaşlığın, tarixi bağlarımızın əyani təcəssümüdür.
Mətbuata bəyanatında Prezident İlham Əliyev, həmçinin diqqətə çatdırdı ki, avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra Qazaxıstan bu məsələyə öz münasibətini bildirən ilk ölkələrdən biri olub. Azərbaycanın sülh addımına Qazaxıstanın dərhal müsbət reaksiya göstərməsi ölkənin regionda sabitliyə, təhlükəsizliyə və əmin-amanlığa verdiyi əhəmiyyəti göstərir.
Düşünürəm ki, bizim ortaq soy-kökdən gələn münasibətlərimiz bu gün praktiki layihələrlə daha da möhkəmlənməkdədir.
Baxın, Prezidentin Qazaxıstan səfəri çərçivəsində nə qədər sənədlər mübadilə olundu. Sənaye, energetika, nəqliyyat, birgə-investisiya, səhiyyə, rəqəmsal və digər sahələrdə. Bu, nə deməkdir? Yəni, Azərbaycan ilə Qazaxıstanın tərəfdaşlığı həyatın müxtəlif istiqamətləri üzrə genişləndirilməkdədir.
-Günay xanım, Siz Azərbaycan ilə Qazaxıstan arasında birgə dəyərlərə söykənən münasibətlərin zamanla inkişaf edərək, yeni mərhələyə qədəm qoymasından danışdınız...
- Bəli. Bir az əvvəl sizinlə qazaxıstanlı politoloqlarla bağlı bir epizod paylaşdım. Başqa bir misal çəkim. Beş il əvvəl biz İspaniyada Türk dünyasının iki nəhəng siması – Üzeyir Hacıbəylinin 175 və Abay Kunanbayevin 135 illiyinə həsr olunmuş poçt markaları çap etdik və onlar Avropa ərazisində dövriyyəyə buraxıldı. Niyə biz məhz onları seçdik? Bilirsiniz ki, Üzeyir bəy Azərbaycan milli musiqi məktəbinin əsasını qoyan dahi bəstəkar olmaqla yanaşı, həm də publisist və dramaturq kimi görkəmli qələm sahibi idi. Eyni zamanda, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev həm də öz musiqilərini dombrası ilə müşayiət edən böyük bəstəkar idi.
Yəni, vurğulamaq istədiyim məqam budur ki, bu bənzərliklər, oxşarlıqlar xalqlarımızın ruh birliyindən irəli gəlir.
Bu gün istər mədəniyyət sahəsində, istər rəqəmsal dəhlizlər, enerji xətləri, logistika sahəsindəki birgə layihələr eyni missiyanı daşıyır – bizi bir-birimizə daha da yaxınlaşdırmaq, eləcə də ümumiyyətlə, Türk dünyasını daha da gücləndirmək.