“Babək hərakatı Azərbaycan tarixində bir simvoldur” Müsahibə

“Babək hərakatı Azərbaycan tarixində bir simvoldur”

Vaqif Abışov:"Fazil bəyin özü tariximiz, siyasətimiz üçün nələri yaradıb?"
"Əgər gündəmdə qalmaq istəyirsə, o qədər işlər var ki, onlarla qalsın.

Daha Azərbaycan tarixinə və dövlətşiliyinə ləkə yaxmasın"

(Ardı. Əvvəli ötən sayımızda)

Bəziləri demokratiyanı, açıq fikirliliyi, söz azadlığını, püliralizmi, həqiqəti söyləməyi bunlarda görürlər – tarixdən məlumatı oldu-olmadı fikir bildirmək xatirinə fikir bildirməkdə, tarixi şəxsiyyətlərimizin üzərinə kölgə salmaqda, onların qəhrəmanlıqlarına və kimliklərinə şübhə ilə yanaşmaqda, Azərbaycan torpaqlarıyla bağlı ermənilərin yalanlarını deyib düşmən dəyirmanına su tökən fikirləri dövriyyəyə buraxmaqda və s. Bu sayaq insanlar, özünü ziyalı adlandıranlar Şah İsmayıl Xətaiyə, bu gün isə Azərbaycanda ərəb xilafətinin əsarətinə qarşı 22 il (816-838-ci illərdə Xürrəmilər hərəkatına rəhbərlik edib) azadlq mübarizəsinə rəhbərlik etmiş Babəkə dil uzadırlar. Babək haqqında elə fikirlər söyləyirlər ki, bu fikirlər insanların beyinlərini qarışdırır, 1237 ilı bundan əvvəl başlayan və Babəkin rəhbərliyi altında daha da genişlənən Xürrəmilər hərəkatına qarşı böhtan atmağa çalışırlar. Lakin həmin adamların Xürrəmilər hərəkatına, xüsusən Babəkə qarşı apardıqları böhtan dolu kompaniya tarixi həqiqətlərin və tarixi faktların qarşısında gücsüzdür. Bununla belə bu böhtan dolu kompaniyanı aparan şəxs sıradan biri yox, millət vakili, bir partiyanın sədri, həm də intellekti ilə cəmiyyətdə az-çox seçilən Fazil Qəzənfəroğludur. Fazil bəyin "Şəxsiyyət vasiqəsi" verilişində Babəklə və Azərbaycan dövlətçiliyilə bağlı xalqın heysiyyatına toxunan fikirləri suallar döğurur və bu sualların cavabını tarixçi alim, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının elm və təhsil məsələləri üzrə katibi Vaqif Abışovdan götürdüyümüz müsahibədə oxuya bilərsiniz.
- Ən çox təəssüf doğuran məqamlardan biri də Fazil Qəzənfəroğlunun "Azərbaycan adında xüsusi dövlət adı yoxdur və səlcuqlar gələndən sonra möhkəmlənmişik" fikrini söyləməsidir. O zaman XI əsrdən əvvəl burada kimlər yaşayıb və Cənubi və Şimali Azərbaycanda yerli oborogen xalqlar kimlər olub?
- Fazil Qəzənfəroğlu yenə də yanlışlığa yol verib. O vaxtilə Səfəvilərlə də bağlı yanlış fikirlər söyləyib. Bu da, onun tarixin dərinliyinə baş vura bilmədiyindən irəli gəlir. Bir sözlə, ordan-burdan tapıb oxuduğu informasiyaları cəmiyyətdə yaymaqla Azərbaycan tarixinə kölgə salmaqla yanaşı, həm də düşmən dəyirmanına su tökür. XVI əsrə qədər dünyada mövcud olmuş dövlətlərin tarixinə qısa nəzər yetirək. Avropada elə dövlətlər olub ki,onların vahid ərazisi belə bilinməyib. Məsələn, bəhs olunan əsrdə Almaniyada 200-dən çox xırda dövlətlər olub və onlar bir-birləri ilə daimi qarşıdurmada idilər. İtalyada və Almaniyada vahid dövlət 1871-ci ildə formalaşıb. Rusiyada da XV əsrə qədər bir çox knyazlıqlar vardı. Məsələn, Vladimir, Suzdal, Qaliç, Novqorod, Pskov, Ryazan və s. "Azərbaycanda vahid dövlət olmayıb, etnik tərkib türklərdən ibarət olmayıb və yaxud azlıq təşkil edib" fikirləri tamamilə yanlışdır. Avropada vahid dövlət olmayanda Azərbaycanda 879-941-ci illərdə Sacilər türk dövləti olub. Bu dövlətin paytaxtı əvvəlcə Marağa, sonra isə Ərdəbil şəhəriydi. Mənşəcə türk olan bu dövlət Dərbənddən Zəncəna qədər bütöv Azərbaycanı idarə edib. Hətta tarixi sənədlərdə var ki, həmin dövrdə ərəb xilafətinin müdafiə elədiyi kiçik Asiyadakı erməni çarlığı Sacilər dövlətindən ərəb xilafətinə şikayət ediblər: "Bizə bu türk dövləti imkan vermirlər ticarətlə məşğul olaq". 912-ci ildə Yusif İbn Əbu Sac Saci dövlətinə başçılıq edib. Və ərəb xilafətinə vergi göndərməkdən imtina edib və bildirib ki, "mən müstəqiləm, sənə niyə vergi göndərməliyəm?"
Fazil bəyin bu gün "Azərbaycan adında xüsusi dövlət adı yoxdur" söylədiklərini bu gün erməni, fars tarixçiləri də söyləyirlər.
O bilərəkdən və ya bilməyərəkdən Azərbaycan tarixinə kölgə salmaqla məşğuldur. Xalğın ziyalısı, vətənpərvəri öz tarixinə şübhə ilə yanaşmamalıdır.
Azərbaycan ərazisində Manna, Atrapatena, Albaniya, Girdiman, Saci, Salar, Şirvanşahlar, Atabəylər, Səlcuqilər, Hülakilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Xanlıqlar, Qacarlar kimi dövlətlərimiz olub. Hansı xalqın tarixində bu qədər dövləti yaranıb?
Səlcuqlardan əvvəl, hələ IV-V əsrlərdə Azərbaycana hun tayfaları gələndə bu ərazidə ən çox etnik tərkibli türklər olub. Farslar, ərəblər, ruslar Azərbaycan ərazisini işğal edib bir müddət burada ağalıq etsələr də buranın türk etnik tərkibini dəyişə bilməyiblər.
Ərəblər buraya Kufədən, Bəsrədən, Suriyadan çoxsaylı ərəb tayfaları köçürüblər, yenə də buranın etnik tərkibini dəyişmək nəsibləri olmayıb. Əgər o zaman burda türklər azlıq təşkil etsəydi və ya başqa yerdən sonradan gəlmə olsaydılar öz varlıqlarını uzun müddət qoruyub saxlaya bilməzdilər
Zaman-zaman Babək kimi döyüşkən, mübariz igidlərimiz olmasaydı, onların öz torpağına, vətəninə bağlılığı olmasaydı inanmıram ki, bu gün burada Azərbaycan dövləti olardı.
Fazil bəy deyir ki, "göstərin görək, Azərbaycan adında dövlət olubmu". Mən Fazil bəyə məsələhət görərdim ki, tariximizlə bağlı xalqı çaşdırıb, düşməni sevindirən ifadələr işlətməkdənsə, Azərbaycan tarixini dərindən öyrənmək üçün gedib tarix kursuna yazılsın. Bəlkə bundan sonra Azərbaycan tarixi haqqında müəyyən məlumatlar əldə edər.
Mən sual edirəm, 1918-ci ildə Cümhuriyyət qurucuları uzaqgörən deyildilərmi, tariximizi bilmirdilərmi? Əgər bilməsəydilər onlar Azərbaycan sözünü dövlətin adına gətirməzdilər. Azərbaycan sözünə görə onlar nə qədər əziyyət çəkiblər. Qonşu İran, Ermənistan tərəfindən basqılar olub ki, niyə dövlətin adını Azərbaycan adlandırırsınız? Guya Azərbaycan yalnız Cənuba aiddir. Cümhuriyyət qurucuları yaxşı bilirdilər ki, Azərbaycan adı daim Şimalla Cənubu birləşdirən ad olub.
Ərəb mənbələrindən məlumdur ki, hələ VII əsrdə ərəblər bu əraziyə Azərbaycan deyiblər. VII əsrdə Ərəb tarixçilərinin əsərlərində tariximiz saxtalaşdırılmadığı halda, bu gün Fazil bəy kimilər tariximizə, dövlətimizin adına, ərazilərimizə, milli qəhrəmanlarımıza şübhə ilə yanaşmağa, böhtan atmağa çalışırlar. Çox təəssüflər olsun!
Tarixi bilmədən, tarixi faktlara söykənmədən efirə çıxıb bir millət vəkili, partiyanın rəhbəri kimi 9 milyonluq Azərbaycan xalğına və ölkəmizin hüdudlarından kənarda yaşayan milyonlarla soydaşımıza təhrif olunmuş məlumatlar verirsə bunun adını nə qoymaq olar. Onun dövlətçilik tariximiz və qəhrəmanlarımız haqqında yalnış fikirləri, ancaq düşmən dəyirmanına su tökməkdən başqa bir şeyə yaramır.
Bu gün Azərbaycan tarixinə kölgə salmağa çalışan sıradan biri deyil, o millət vəkili, partiya sədri və siyasətçidir. Bu isə bağışlanan hal deyil. Fazil Qəzənfəroğlu ictimai qınaqla üz-üzə qalmalıdır. Bu kimi insanların üzərinə getmək lazımdır ki, birdə belə yalnış fikirlərə düşməsin.
-O deyir ki, mənə tarixi faktlara söykənən arqumentlər gətirin. Bu fikir nə qədər əsaslıdır?
-Tarixi faktları o vaxt müzakirəyə çıxarırsan ki, doğrudan da həmin şəxs tarixi faktlarla məşğul olub və tarixlə maraqlanır, Azərbaycan tarixi üçün can yandırır. Kimə o faktı gətirəsən? Görünən dağa bələdçi lazımdırmı? Bu dağı görmürsə, deməli görmək istəyi yoxdur. Nə qədər göstərsən də deyəcək ki, dağ deyil təpəciklərdi. Ancaq yenə də deyirəm, getsin ərəb tarixçilərinin əsərlərini oxusun. Hansı ki, Babəkə düşmən olan müəlliflər belə Babəkin qəhrəmanlığını əsərlərində etiraf ediblər.
-Məsələn, kimlərin?
-Səid Nəfisi, Nizami ül Mülkün, Bələzurin, Təbərinin və başqalrının əsərlərini oxusun. Avşinlə ərəb xəlifəsinin yazışmalarını oxusun. Bu cür əsərlər rus və Azərbaycan dilində çap olunub. Təkrar edirəm-kimə qarşı faktı qoyasan? Fazil Qəzənfəroğlu deyir fakt göstər. Adama deyərlər sən kimsən? Dünyada imzan tanınmır, fikirlərin qəbul olunmur, Azərbaycanda dar çərçivədə tanınırsan.
Ərəb tarixçiləri Babəki təhqir edib gözdən salmağa, onun ailəsi haqqında ağızlarına gələni yazmalarına baxmayaraq, yenə də onun gücünü etiraf etməyə məcbur olublar.
Ərəblər Babəki kafir adlandırıblar. Baxmayaraq ki, Babək haqsızlığa, ədalətsizliyə qarşı mübarizə aparıb və vətənini azad görmək istəyib. Babək həm də ərəb xilafətinin yeritdiyi vergi siyasətinə, özbaşınalığına, insanlara zülm etməsinə qarşı üsyan edib.
-Onun fikrincə Babək islama qarşı mübarizə apardığı üçün sovet hakimiyyəti onu qəhrəman kimi qələmə verib.
-Ərəb və rus tarixçilərinin əsərlərinin heç birində yazılmayıb ki, Babək məscidi dağıtdı və yaxud Quranı yandırdı. Əgər varsa qoysun ortaya. O zaman ərəb xilafəti oturuşmuş bir dövlət idi. Və islam dini dünyada qəbul olunmuş bir din idi. Və heç bir Azərbaycan kəndlisi –Babək olmur kim olur olsun - əgər islam dininə qarşı çıxsaydı onun dəstəsinə qoşulmazdı. Babək hərakatının əsas şüarı – vergilərə, ərəb əsarətinə, feodal qayda- qanunlarına qarşı idi. İslam zülmünə yox, ərəb zülmünə qarşı idi.
750-ci ildə Abbasilər gələndən sonra tədricən vergilər artırılmağa başladı. Çünki nəhəng ordunu, dövlət aparatını saxlamaq lazım idi. Vergilər də sadə kəndli kütləsindən yığılırdı. Artıq kiçik və orta feodallar da müflisləşirdi. Və təsadüfü deyil ki, Xürrəmilər hərəkatına ilkin mərhələdə feodallar da qoşulmuşdular. Sonradan Xəlifə Afşinin köməkliyi ilə həmin feodalları ələ aldı, onlar öz dəstələri ilə Babəkdən uzaqlaşdılar və Xəlifə də onları bağışladı.
-Babəki həm də qadın düşkünü kimi qələmə verməyə çalışırlar.
-Bunu deyənlər orta əsr tarixini bilməyənlərdir. Bu dövrdə istər Avropa, istərsə də Şərq dövlətlrəinin hər birində çoxarvadlılıq, hərəmxanalar olub.
Babək haqqında bu cür yazanlar ərəb tarixçiləridir. Onların da məramı, məqsədi bəllidir, Babıki gözdən salmaq.
Babək hərakatı Azərbaycan tarixində bir simvoldur. Əgər Bəzz qalasına hər il bir milyona yaxın insan yürüş edirsə, onu azadlıq rəmzi kimi IX əsrdən XXI əsrə kimi gətiribsə bunun üzərinə niyə kölgə salınmalıdır? Fazil bəyin özü Azərbaycan tarixi, siyasəti üçün nə edib? Əgər gündəmdə qalmaq istəyirsə o qədər işlər var ki, onlarla qalsın. Daha Azərbaycanın dövlətçiliyinə və tarixi qəhrəmanına ləkə yaxmasın. Babək ləkə götürən şəxsiyyət deyil.
-Son illər tarixi şəxsiyyətlərimizlə, torpaqlarımızla və dövlətimizlə bağlı danışanları-içimizdən olanları başa düşmək olmur. Onlar nəyə nail olmaq istəyirlər, məqsədləri nədir?
-Bu ağrılı yerimizdir. Erməni yazarları millətimiz haqqında, qəhrəmanlarımız haqqında hər cür hədyanlar yazırlar. O zaman sual edirəm, sən Fazil Qəzənfəroğlu, düşmənin yazdıqları yalanlara qarşı hansı əsəri ortaya qoymusan? Əksinə sən erməni kitabxanasını öz qarayaxmalarınla zənginləşdirirsən.