Qulam Yəhyanın xatirələri Ədəbiyyat

Qulam Yəhyanın xatirələri

9-cu yazı
Mən Şəhrəbani rəisilə görüşmək istədiyimi bildirdim. O, razılıq verdi, onunla görüşdüm və ona hər şeyi - ümumi vəziyyəti açıq dedim ki, qardaş qanı tökməyin faydası yoxdur, müqavimət etməyin də artıq vaxtı keçib. Mən təklif etdim ki, yaxşı olar, onlar təslim olsunlar. Mən Təbrizin mühasirə olunmasını ona dedim. Hər halda onu başa saldım ki, müqavimətsiz təslim olmaq ən ağıllı hərəkət olardı. Ona söz verdim ki, kim qalıb işləmək istəsə, öz dərəcəsində qalıb, işləyə bilər və kim getmək istəsə, çıxıb istədiyi yerə gedə bilər. Mən eyni zamanda onun özünün Azərbaycanda qalıb işləməsini təklif etdim. Rəis Şəhrəbani mənim dediklərimə inandı, çünki mən Miyanada polis rəisilə danışdığım kimi də etmişdik. Qalanları işlə təmin etdik və gedənləri də yola saldıq getdilər. Onlar təslim olduqdan sonra bir aylıq donluqlarını də pərdaxt etmişdik. Bu əhvalatı rəis Şəhrəbani bildiyi üçün mənim dediklərimin yerinə yeitirələcəyinə əmin idi. O, Şəhrəbani idarəsinin təslim olması təklifini qəbul etsə də, özünün qalıb Təbrizdə işləməsi təklifini qəbul etmədi. Mən ona dedim ki, hər halda fikirləşsin.
İkinci təklif ondan ibarət oldu ki, yerlərdə Kələntərlilərə göstəriş versin ki, müqavimət etmədən silahı bizim müəyyən etdiyimiz adamlara təhvil versinlər. Özlərindən də kimlərin qalıb-qalmamasını bildirsinlər. Mən rəis Şəhrəbanidən ayrılıb, Pişəvərinin yanına gedib danışıqlarımız haqqında Pişəvəriyə məlumat verdim. Bizim nəzmiyyələri (Kələntərliləri) təhvil almağa başladım. Fədailərimizin ciddiyyəti nəticəsində bu iş çox sakit və qabaqcadan müəyyən edilmiş qaydada həyata keçirildi.
Yaddan çıxmayan hadisələrdən biri də 1324-cü ilin Azər ayının 20-də Azərbaycan Milli Məclisinin birinci sessiyasının işə başlaması hadisəsidir. Sessiyada Pişəvəri mövcud vəziyyət haqqında qısa məlumat verdikdən sonra nəzmiyyənin təslim olması haqqındakı xəbəri də nümayəndələrə xəbər verdi və dedi ki, indi əmniyyə idarəsi qalır, onlar da ya təslim olmalı, ya da vuruşmalı olacağıq. Pişəvəri təklif etdi ki, əmniyyə rəisi ilə danışmaq Qulam Yəhya və Mirrəhim Bilaiyə tapşırılsın. Hamı razılıq verdi. Biz yerimizdən qalxıb, tapşırığı icra etməyə gedərkən həyətdə Babkinə rast gəldik. O dedi ki, maşınım hazırdı, hara getsəniz apara bilərəm. Biz haraya getdiyimizi ona dedik, lakin onun getməsini məsləhət bilmədik. O bizdən ayrılmaq istəmədi. Bizimlə jandarm idarəsinə getdi. Daha doğrusu, bizi oraya apardı.
Biz rəis jandarmın otağına daxil olduqda dedilər ki, o evə gedib. Biz də onun evinə getdik. Onunla evində görüşdük. Xeyli söhbətdən sonra onunla da açıq danışdıq və həqiqi vəziyyətdən onu agah etdik. Mən rəis əmniyyə ilə rəis nəzmiyəyə nisbətən daha asan danışa bilirdim. Ona görə ki, hələ 1941-ci ildən Sarabdan onunla tanış idik. Ondan əlavə Miyanada tərksilah edilmiş jandarm əfsərləri gəlib, əsil əhvalatı ona danışmışdılar. Onlar demişdilər ki, mən onlarla dediyim kimi, qovl verdiyim kimi rəftar etmişəm.
Jandarm rəisi sərhəng Malik təslim olmağa razılıq verdi və bir şərtlə ki, bir daha öz əfsərləri ilə də söhbət aparaq. Onunla birlikdə jandarm idarəsinə gəldik. O əfsərləri (zabitləri - red.) otağa topladı, mən onlarla bir qədər danışdım, onların bir sıra suallarına cavab verdim. Xeyli söhbət etdikdən sonra onlardan çoxları təslim olmaq qərarına gəldilər. Biz onlara təklif etdik ki, kim öz dərəcəsində qalıb xidmət etmək istəsə, qalıb öz xalqı üçün xidmət edə bilər. Əgər qalmaq istəməsə, istədiyi yerə gedə bilər. Qalanlar, eləcə də gedənlər bir aylıq maaşlarını ala bilərlər.
Məsələ belə sülhamizliklə həll olduqdan sonra Vilayini göndərdim ki, fədailərdən gətirib silahları təhvil alsınlar. Mən yenə də əfsərlərlə söhbəti davam etdirdim. Fədailər gəldilər və silahı təhvil alarkən fədailərdən bəziləri özlərini yaxşı aparmadığlarına görə, daha doğrusu kobudduq etdiklərinə görə, mən onları tənbeh etmək məqsədilə geri qaytardım. Bu tədbirin nəticəsi həm əfsərlər, həm də fədailər üçün yaxşı oldu. Beləliklə, hakim təbəqənin ən çox ümid etdiyi məqamlar sakitcə təslim olub, silahlarını təhvil verdilər. Şəhərin nizam-intizamının qorunması həmin andan fədailərə həvalə olundu. Əhalinin yaxından köməkliyi vasitəsilə hər cürə qeyri-adi hərəkətlərin, hadisələrin qarşısı alındı. Təbrizdə hələ qoşun təslim olmamışdı və kazarmalarda hazır-baş vəziyyətdə qalırdılar. Bu zaman Pişəvəri, Şəbüstəri, doktor Cavid və bir sıra başqaları, o cümlədən ruhanilərdən bir iddəsi ustandarlığa toplanıb, Təbrizdəki vəziyyət haqqında söhbət edirdilər. Söhbət əsnasında aydın oldu ki, silaha əl atıb, qardaş qanı tökmədən nəzmiyə və jandarm idarəsi təslim olub. Qoşunun da belə hərəkət etməsi, daha doğrusu vuruşsuz silahı təhvil verməsi məsləhətdir. Bu məqsədlə sərləşgər Drəxşani ustandarlığa dəvət olundu. Və bütün vəziyyət tam aydınlığı ilə ona izah edildi. Təbrizin fədailər tərəfindən mühasirə olunması və silaha əl atmasının həqiqətən ağıllı iş olması bütün təfərrüatı ilə izah edildikdən sonra sərləşkər Drəxşani razılıq verdi ki, bir də əfsərlərlə söhbət edilsin. O, əfsərlərlə söhbət etməyə getdikdə, biz də sərbazxananı təhvil almağa hazırlaşdıq. Sərləşgər öz əfsərləri ilə söhbət apararkən məni də oraya dəvət etdilər. Mən də getdim. Mən yaranmış vəziyyəti bir də şərh etdikdən sonra onlara şərtimizi bir də təkrar etdim. Onlar suallar verməyə başladılar və bildirdilər ki, biz təslim olandan sonra bizimlə dediyiniz kimi rəftar edəcəyinizə bizim təzminatımız nədir? Mən onlara Miyana hadisələrini bir də yadəvərlik etdim və bir daha söz verdim ki, dediyimiz kimi də sizlərlə rəftar olunacaq. Bütün əfsərlərə bir aylıq maaş veriləndən sonra kim qalıb öz xalqına xidmət etmək istəsə, qala bilər və kim də getmək istəsə gedə bilər. Heç kəsi zorla saxlamaq fikrində deyilik. Nə isə əksəriyyətini dediklərimizə əməl edəcəyimizə inandıra bildik.
Biz bu zaman kazarmanın daxilində sərbazlar üçün mitinq təşkil verdik. Həqiqi məqsədimizi onlara izah etdik, onlar sərbazxananı tərk edib, evlərinə getməyə başladılar. Söz yox ki, sərbazların belə hərəkəti əfsərlərin tez razılığa gəlmələrində kifayət qədər müsbət təsir bağışladı. Sərbazlara təklif olundu ki, kim öz xalqının zülmdən azad edilməsində bilavasitə iştirak etmək istəsə qalıb fədailər sırasında xidmət edə bilər. Əgər biri evləri üçün tələsirsə, evlərinə gedə bilər. Kim necə istəsə elə edə bilər. Beləliklə, sərbazxana sərbazlardan boşalıb, fədai başçılarına təhvil verildi.
Mənə həvalə edilən işləri yerinə yetirdikdən sonra evdəkiləri də nigaranlıqdan qurtarmaq məqsədilə evə getdim. Çox yorulduğum üçün mənə çay gətirənə qədər məni yuxu tutur. Bir azacıq huşlanan kimi sərbazxanadan adam gəlib, deyir ki, məni sərbazxanada fovri istəyirlər. Hər halda çay mənə qismət olmadan, yenədən sərbazxanaya getməli oldum. Mən sərbazxanaya çatanda gördüm ki, sərbazxananın qabağına çoxlu adam toplanıb, nə qədər deyirlərsə, heç kəs çəkilib getmir, əksinə, getdikcə toplananların sayı daha da artır. Mən özümü çox zorla sərbazxanaya sala bildim və gördüm ki, qarət etmək məqsədilə çoxlu adam özlərinə yük bağlayırlar. Sərbazxananı qarət etmək məqsədilə çoxlu adam toplanmış və ardı kəsilmədən də gəlirlər. Sərbazxana və başqa dövləti idarələrin, yeri gəldikdə bazar-dükanın, hətta xüsusi evlərin qarət edilməsi haqda bəzilərinin yaxşı "təcrübələri" var idi. Xüsusilə müttəfiq qoşunları İrana daxil olarkən belə hallar baş vermişdi. Mən göstəriş verdim ki, oğurluq edənlərin kimliyindən asılı olmayaraq, tutub həbs etsinlər və səhrayi məhkəməyə versinlər. Oradaca üç nəfərdən ibarət səhrayi məhkəmə üzvü və bir nəfər prokuror müəyyən etdim.
Bir nəfər oğurluq etdiyinə görə səhrayi məhkəmə tərəfindən mühakimə olunub, ölümə məhkum edildiyi üçün, hökm fovri icra edildi. Onun ölüsü qap ıya toplaşanların qabağına atıldı və çıxış edib, dedim ki, kim qarətgərliklə məşğul olmaq istəsə aqibəti belə olacaq. Ona görə də çəkilib, buradan gedin. Oradan dağılışıb, getdilər. Hər halda onu da qeyd etmək lazımdır ki, heç yerdə heç kəsin heç bir şeyinə toxunan olmadı. Təbrizdə çox tezliklə işlər öz qaydasına düşdü. Hər kəs öz işi ilə məşğul olmağa başladı. Xüsusilə dükan-bazar öz işinə idamə verdi. Bir sözlə əhali belə bir böyük təbəddülat nəticəsində demək olar, heç bir əziyyət çəkmədi. Ölkənin həyat tərzi öz qaydasında getməyə başladı.
Beləliklə, əhalinin çoxdan bəri arzu etdiyi tədbirləri həyata keçirməyə qadir olan Azərbaycan Milli Hökuməti yarandı. Bu hadisələrin belə cərəyan etməsindən başda İran heyəti hakiməsi olmaqla ölkənin irtica qüvvələri və onları himayə edən xarici imperialist məqamlar çox narahat idilər. Ona görə də yeni yaranmış milli hokumət əleyhinə hər cür yaramaz, alçaq, pis hərəkətə əl atmağa hazır olub, bu işdə bütün vasitələrdən istifadə etməyə çalışırdılar. Yerli xanları, köçəri tayfaları, ayağa qaldırmaq, Azərbaycana basqınlar təşkil etmək, ruhanilərdən istifadə etmək, milli və dini münaqişələr yaratmaq, bir sözlə milli hökumətin əleyhinə nə mümkün idisə ona əl atmaqdan çəkinmirdilər.
Bu zaman İran hakim dairələrinin təhrikilə Zəncan mahalının ən iri xanı, böyük mülkədar Zülfüqari Zəncana həmlə edib, o yerləri qarət etməyə və firqə aktivini qorxutmaq məqsədilə bəzilərini hətta öldürməyə hazırlaşmasından bizim xəbərimiz var idi. Ona görə də belə yaramaz hərəkətin qarşısını almağa biz də hazırlaşırdıq. Bu mövqedə Azərbaycan milli məclisinin növbəti sessiyası çağırılmışdı. Bu sessiyaya təqdim edilmək üçün aşağıdakı məsələlərin layihələrinin hazırlanmasını (Pişəvəri) mənə həvalə edilmişdi:
1. Milli hökumətin qızılbaş qoşununun təşkili
2. Məhkəməyi səhranın təşkili
3. Fədailərin xidməti və nigahbanlıq idarəsinin yaradılması.
Deməli, bu məsələlər haqqındakı layihələri mən haz ırlayıb, məclisin sessiyasına təqdim etməli idim. Mənim başım bu zaman Zülfüqariyə qarşı tədbir görməklə bərk məşqul olduğu üçün Pişəvəridən xahiş etdim ki, məni belə layihələr hazırlamaq işindən azad etsin. Nə isə bu zaman mənim yanımda dayanmış Qiyami və Firudin İbrahimi mənə dedilər ki, heç narahat olma həmin layihənin hazırlanmasında biz sənə kömək edərik. Həqiqətən də belə oldu. Layihələri bir yerdə hazırladıq, mən məclisdə layihələr haqda çıxış edib, onların məzmunu və məqsədini şərh etdim. Məclis kiçik müzakirə və bəzi redaktə əhəmiyyətli düzəlişlər etdikdən sonra həmin layihələri təsdiq etdi.