Tatar ədəbiyyatı – 5-ci yazı Ədəbiyyat

Tatar ədəbiyyatı – 5-ci yazı

İsmayıl bəy Qaspiralı: həyatı və yaradıcılığından səhifəfələr (1851-1914)

5-ci yazı

Məhz bu ölkə ilə bağlı cərəyan edən hadisələr “Sudan məktubları” əsərinin mövzusunu təşkil edir. “Sudan məktubları”nın ilk nəşri “Tərcüman” qəzetinin 1889-cu il tarixli 35-46-cı saylarında dərc olunub.
Əsərin məzmunu belədir: “Darürrahatdan Parisə gələn Molla Abbas Marqarita ilə görüşür. Marqarita ona atasının ölümündən sonra atasının ticarət işlərini davam etdirdiyi, Bombey, Bağdad, Təbriz və s. yerlərə məktub yazıb bu şəhərlərin tacirləri ilə ticarət əlaqələri qurmaq niyyəti barədə məlumat verir. Marqarita həmçinin İslam ölkələri ilə Fransa ticarət əlaqələrindən də söhbət açır. Lakin o, İngiltərənin Misirə girməsindən sonra fransız-Misir ticarəti arasında böyük əngəllərin yaranmasını narahatçılıqla qeyd edir. Marqarita bildirir ki, Sudan ölkəsində ingilislərə qarşı Şeyx Məhəmməd Əhməd müharibəyə başlayıb. An¬caq onların balta, ox, qılınc və s. ilə ingilis topunun qarşısında duruş gətirməsi müşküldür. Buna görə sudanlılara top atmağı öyrətmək, əsgəri hərbi təlim keçmək üçün köməyə getmək lazımdır. Marqaritanın məsləhəti ilə Molla Abbas, Müsyo Marten, Müsyo Mark və Müsyo Jan özlərini Dağıstan çərkəzləri kimi qələmə verərək Sudana yola düşürlər. Şeyx Şamilin Şərqdəki nüfuzuna və Sudanda heç kimin çərkəz dilini bilməməsinə görə onlar özlərini çərkəz adlandırırlar. Əks təqdirdə ərəb məmləkətində onları avropalı bilib qətlə yetirə bilərdilər. Sudana gedən şəxslərin hərəsi bir sahənin mütəxəssisi — Müsyo Marten top məmuru, Müsyo Mark hərbi mühəndis, Müsyo Jan isə həkim idi. Molla Abbas özü kimi bu üç şəxsin də adını dəyişir. Müsyo Marten Əli Özden, Müsyo Mark Noqay Timur, Müsyo Jan isə sənətinə uyğun olaraq Loğman adını qəbul edir.
Şeyx Abbas Dağistani (Molla Abbas) — Cəzayir ərəblərinin yaşadığı yerə gəlir. Onlara Şeyx Şamilin ruslara qarşı mübarizəsindən danışır. Səhrayi-Kəbir (Böyük Səhra) və Sudan haqqında məlumatlar öyrənir, oraya getməyin yollarını arayır. Molla Abbasa anladırlar ki, Sudana gedən ən rahat yol “Divanələr ölkəsi”ndən və “Qadınlar ölkəsi”ndən keçir. Abdulla Dari adlı bir şəxs onlara bələdçilik etmək arzusunda olduğunu bildirir: “Loğman dostlarına bildirir ki, qorxuram bu insan bizə xəyanət edə”. Molla Abbas və mühəndis isə Abdulla Daridən xəyanət gözləmədiklərini bildirirlər. Lakin əsərin sonunda hər kəs özlüyündə belə fikirləşir ki, əgər o, xəyanət edib bizi təslim edərsə, divanələrə yox, qadınlara əsir düşməyimiz daha yaxşı olar. Maraqlıdır ki, İ.Qaspiralı əsərin sonunda “davamı irəlidə” (yəni “ardı var”) yazsa da “Tərcü-manın sonrakı saylarında bu əsərin çapına rast gəlinməmişdir. Lakin qəzetin növbəti saylarında “Qadınlar ölkəsi” əsəri dərc olunub.
Məzmunundan da göründüyü kimi, “Sudan məktubları”nda hadisələr Avropadan Afrikaya köçülür. Qarşısına Daşkənddən İstanbula gəlib, oradan da Firəngistana yollanmaq məqsədi qoyan Molla Abbas taleyin qisməti ilə Avropaya, oradan da Afrikaya - Sudana gəlməli olur. Müəllif Molla Abbası az qala dünyanın böyük bir qismində gəzdirməkdə məqsədi Avropa, Asiya və Afrika xalqlarının həyatı üzərində apardığı müşahidələri və bunlardan hasil olan nəticələri oxucu ilə bölüşməkdir. “Sudan məktubları”nda XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa imperializminin Şərq istilası, Şərqdə milli-azadlıq hərəkatının güclənməsi, xalqların öz müqəddəratlarını həll etmək uğrunda mübarizəsi və digər məsələlər əksini tapır. Lakin İ.Qaspiralı maarif və tərbiyəni bütün məsələlərin mərkəzində saxlayır. Ona görə də “Sudan məktubları”nda öz idealına uyğun olaraq yeri gəldikcə tərbiyə və mədəniyyət məsələsinə də toxunur və Molla Abbasın baxışları timsalında fikirlərini ortaya qoyur. Heç şübhəsiz, qadına münasibət və cəmiyyətdə qadının rolu İ.Qaspiralını daim düşündürüb. Çünki yaşadığı müsəlman mühiti, üzvü olduğu cəmiyyət qadına İslam ehkamları münasibətləri daxilində baxmağı tələb edirdi. Ona görə də bu mühitdə qadının bütün fəaliyyət dairəsi təkcə yaşadığı mənzil divarları arasında məhdudlaşmır, həm də haqları tapdanır.
İ.Qaspiralı “Sudan məktubları” əsərində İslam ölkələrinin qadınları ilə Avropa qadınlarını müqayisə etməklə fərqləri sadalayır və qadını cəmiyyətin aparıcı insanı kimi görmək istəyir: “İslam və frenk qadınları arasında hal və tərbiyədə fərq çoxdur. Frenklərin haqqı inkar olunmaz: Çocuğa baxmaq, tərbiyə vermək, təbiblik etmək qadınlarının hünəridir. Bunlar ədəbli və pak olsalar dünyanın ən iyi qadınları olurlar. Frenk hünəri ilə İslam ədəbi bir yerə gəlsə daha gözəl olur”.
“Sudan məktubları” əsərində bəşəriyyətin bütün nizammı kitab, məktəb və tərbiyə ilə bağlayan müəllif bu sahədə avropalıları başqalarına nümunə göstərir, bütün bunları müsəlman həyatı üçün vacib hesab edir: “Firənglərin hər işi kitablara görədir. Hər işi məktəblərdə kitablardan öyrənirlər”.
“Sudan məktubları”nın bir növ davamı olan “Qadınlar ölkəsi” əsərində Molla Abbasın macəraları sona çatır. “Qadınlar ölkəsi” 10 avqust 1890-cı ildən 2 iyul 1891-ci ilədək “Tərcüman”ın müxtəlif saylarında dərc edilmişdir. Bu əsərdə Molla Abbasın və onunla bərabər üç fransız gəncin, Şeyx Məhəmməd Əhmədə kömək üçün getdiyi zaman Qadınlar ölkəsində əsir olmaları və çətinliklə də olsa əsirlikdən qurtulmaları və s. hadisələr öz əksini tapır. Molla Abbas Cəzayir şəhərindən ayrılıb 18 gün yol getdikdən sonra Səhrayi-Kəbirə çatır. Sudanlı zənci Abdulla Dari onlara bələdçilik edir. Abdulla Darinin xəyanəti nəticəsində yolda onları Qadınlar ölkəsinin əsgərləri əsir edirlər. Buna görə bu ölkənin Malikəsi (kraliçası) Abdulla Dariyə qızıl bağışlayır. Bu ölkə qəribəlikləri ilə diqqəti cəlb edir. Burada qadınlar ixtiyar sahibləridirlər. Ölkəni onlar idarə edir. Çöl işlərini onlar görür, müharibəyə gedir. Qadınlar üzləri açıq gəzir və s.
Əksinə kişilər ev işləri görür, uşaqları böyüdür, yemək bişirir, paltar yuyur, qadınlara qulluq edirlər. Digər bir fərqli cəhət də o idi ki, bu ölkədə qadınlar çox kişi alırdılar.
Ölkənin kraliçası Molla Abbasdan Avropa və müsəlman ölkələrində qadınların vəziyyəti ilə əlaqədar məlumatlara qulaq asdıqca bu adətlərə nifrət və ikrah hissi ilə münasibət bildirir. Bütün bunlar real həyatı əks etdirmir. İ.Qaspiralı belə bir fantaziya ilə diqqəti fanatik İslam cəmiyyətinə yönəldir. Qadına münasibətin dözülməzliyinə etirazı başqa bir formada təqdim edir. O, Qadmlar ölkəsində kişilərin bu halının təsviri ilə insanları təəccübləndirir. Yazıçı bununla demək istəyir ki, müsəlman mühitində də qadınlara münasibət belədir. Bu təkcə təəccüblü yox, həm də dözülməzdir.
Üç fransız ilə Molla Abbas kraliçanın karvan qarətinə getdiyindən istifadə edib qaçırlar. Onlar qarət olunacaq karvana çatıb onları bu işdən xəbərdar edirlər və birlikdə Qadınlar ölkəsinin əsgərlərini məğlub edərək Tunisə yol alırlar. Otuz yeddi gündən sonra Tunisə yetişirlər. Molla Abbas Tunisdə Şeyx Məhəmməd Əhmədin vəfat etdiyi və Sudanda qıtlıq düşdüyü xəbərini eşidir. Buna görə onlar Sudana getməkdən imtina edirlər. Üç fransız gənc Tunisdən Fransaya, Molla Abbas isə İstanbula yola düşür. Molla Abbas uzun illərin həsrətinə son qoymaq üçün tezliklə Daşkəndə qayıtmaq fikrini qətiləşdirir.
“Tərcüman” qəzetində oxuculara “Divanələr ölkəsi” və “İstanbul məktubları” adı ilə Molla Abbas “məktub”larının yayımlanması vəd olunsa da, bu əsərlər haqqında indiyə qədər məlumat əldə edilməyib. Lakin İ.Qaspiralının Molla Abbasın şagirdinin Macarıstanda yerləşən Gül Baba pirini ziyarəti zamanı müəllimi ilə görüşməsini və aralarındakı danışıqlarını əks etdirən “Molla Abbas Franseviyə təsadüf’ adlı əsəri 1908-ci ildə “Tərcüman”ın ayrı-ayrı saylarında bütöv halda dərc olunub.
Əsərdən məlum olur ki, Molla Abbasın şagirdi öz müəllimi ilə 4-cü sinifdə oxuduğu zaman tanış olub. Lakin o, Molla Abbası məktəbdə ona müəllim kimi dərs dediyinə görə yox, onun “Firəngistan məktubları”nı oxuduğu üçün özünə müəllim hesab edir. Əsərdə əsas hadisələr Macarıstanda baş verir. Molla Abbas öz şagirdi ilə bu ölkədə görüşür. Gül Baba ziyarəti zamanı Molla Abbas bu ziyarətgahın tarixi haqqında şagirdinə belə məlumat verir: “Gül Baba iranlıdır. Türklərin Macarıstana gəlişindən əvvəl bu ölkəyə səyahət edib və burada vəfat edib.” (Lakin bundan fərqli olaraq prof.Yavuz Akpınar “Firəngistan məktubları” əsərinə verdiyi izahatda Gül Babanı Bəktaşi şeyxi hesab edir, bu ziyarətgahı Macarıstanda Osmanlılardan qalmış XVI əsr dini abidəsi kimi göstərir). Macarların rəvayətinə görə Gül Baba Budin şəhərində xəstələnir. Şəhər əhli ona xidmət göstərir. Bu zaman bir gənc dərviş zühur edir. O, canını təslim edən Gül Babanı dəfn etdikdən sona qeyb olur. Şəhər əhalisinin gözləri qarşısında baş vermiş bu hadisədən sonra insanlar onun məzarını ziyarətgaha çevirirlər. Türklərin Macarıstana gəlişi ilə bu məzarın üstündə sərdabə tikilir. Türklərin macar elindən gedişindən sonra da bura ziyarətgah olaraq qalıb. Əsərdə Rəşid əfəndi ilə tanışlıq və onun haqqında verilən məlumat hissələri də oxucu marağından kənarda dayanmır. Rəşid əfəndi Şərq siyasi durumunu, rus, ingilis, İslam və türk dünyası münasibətlərini yaxşı bilən türk mütəxxəssisi kimi təqdim olunur. Onun 75 yaşı olsa da, 60 yaşlı insan kimi görünür. Şərq ictimai-siyasi, mədəni həyat tərzini ingiliscə yazaraq avropalılara çatdırır. Lakin onun bütün danışıq və müqayisələrində bir türk təəssübkeşliyi var. Əsərin sonunda özünün dediyi kimi: “Avropaya və əlalxüsus ingilislərə türkləri, aləmi-islamı tanıtdırmaqda, sezdirməkdə xidmətlərimlə iftixar duyuram. Türklərin düşmənləri məni sevməzlər, mən də onları sevməm.”
Bu sevgidəndir ki, o müsəlman dünyasını, onun aparıcı qüvvəsi olan türk millətini daim dünya xalqları içərisində mədəni cəhətdən öndə görmək istəyir. Lakin hazırki məqamda avropalılardan müsəlmanların geri qalması onu mütəəssir edir, bu geriliyin səbəbini o, ilk növbədə cəhalətdə görür:
“Müsəlmanlar harada bulunurlarsa bulunsunlar, nasıl yaşayırlarsa, yaşasınlar avropalılara nisbətən hər cəhətdən geridirlər. Əcabə bunun səbəbi nə?...
- Cəhalətdir, əfəndim, cəhalət.
Qaspiralının əsəri bu sonluqla bitirməsi təkcə onun millət sevgisini göstərmir. Eyni zamanda türk millətinin geriliyinin səbəbləri, tərəqqi, inkişaf xətti barədə oxucuda kompleks düşüncə yaradır. İsmayıl Qaspiralının eyni qəhrəmanın iştirakı ilə hadisələrin müxtəlif ölkə, əyalət və şəhərlərdə cərəyan etdiyini təsvir edən 5 roman epopeya silsiləsi” - Firəngistan məktubları”, “Darürrahat müsəlmanları”, “Sudan məktubları”, “Qadınlar ölkəsi” və “Molla Abbas Franseviyə təsadüf” ilə yanaşı, iri həcmli digər iki nəsr (“Arslan qız” və “Gündoğdu”) əsəri də mövcuddur.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor