“Özəlləşdirməni genişləndirilməlidir” Siyasət

“Özəlləşdirməni genişləndirilməlidir”

Qüdrət Həsənquliyev: "İş yerlərini itirən insanlar mütləq dövlətin qayğısını hiss etməlidirlər"

"İndiki çətin şərtlər altında bundan daha mükəmməl büdcə layihəsinin hazırlanmasını mümkünsüz sayıram. Amma hökumətin imkanları var idi ki, özəlləşdirməni genişləndirmək şərti ilə gəlirləri xeyli artırsın".
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. O, əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti artıq bu məsələni hökumət qarşısında çox ciddi şəkildə qoyub: "Dəfələrlə bu məsələ parlamentdə də millət vəkilləri tərəfindən hökumət qarşısında qaldırılıb. İndi cəmi 100 milyon manatlıq bir özəlləşdirmə nəzərdə tutulur ki, o da hesablama Palatasının hazırladığı rəqəmdən bəlli olur. Hökumətin təqdim etdiyi layihədə bu görsənmir. Büdcədə 1,6 milyard manat kəsir var, bunun 100 milyon manatının özəlləşdirmə hesabına bağlanması nəzərdə tutulur".
"Əvvəllər də dəfələrlə söyləmişəm ki, son illər ərzində çoxlu sayda Olimpiya Kompleksləri, idman kopmpleksləri, səhiyyə müəssisələri tikilib", - deyən millət vəkili vurğulayıb ki, bir neçə ildən sonra bu obyektlərin saxlanması, təmiri üçün hökumət vəsait tapmayacaq: "Bunlar nə qədər ki, dəyərini itirməyib, dağılmayıb özəlləşdirmək lazımdır".
BAXCP sədrinin qənaətinə görə, tibb sahəsində müayinə cihazları az qala hər hər ay təkmilləşir, yenilənir: "Gələcəkdə onları yeni avadanlıqlarla, yeni chazlarla təmin etmək üçün vəsaitlər tələb olunacaq. Bir müddətdən sonra onların alınmasına imkan yetməyəcək. Ona görə həmin səhiyyə ocaqları da özəlləşdirilməlidir. Yoxsul təbəqə üçün isə icbari tibbi sığortanın tətbiqinə başlamalıyıq. Eyni zamanda universitetlər özəlləşdirilməlidir. Biz, bunu indi etməliyik. Yəni gözləməmiliyik ki, vəziyyət o həddə çatsın ki, dövlət həmin müəssisələri təmin etməyə vəsait tapa bilməsin və səhiyyə müəssisələri özəlləşdirilsin, su qiymətinə satılsın".
Qüdrət Həsənquliyev eyni zamanda rayonlarda tikilən hava limanlarının da özəlləşdirilməsinin vacib olduğunu bildirib."O vaxt Lənkəran, Zaqatala, Qəbələdə hava limanları tikilərkən bildirmişdim ki, Azərbaycan balaca yerdir və bu qədər aeroporta nə ehtiyac var? Lənkəranda aeroport tikiləndə bildirmişdim ki, onun yerinə velosiped zavodu tikilsin. Hər il Azərvbaycana 100 min velosiped gətirilir. Yaxud Zaqatalada aeroport tikiləndə dedim ki, onun yerinə şirniyyat fabrikləri tikilsə daha yaxşı olar. Azərbaycana şirniyyat məmulatları xaricdən gətrilir. İndi heç olmasa regiondakı aeroportlar özəlləşdirilməlidir ki, həm də Azərbaycanda bir rəqabət mühiti yaransın. AZAL-la rəqabətə girə biləcək yeni aviakampaniyalar yaradılmalıdır. Hökumət ciddi şəkildə bu işlərlə məşğul olmalıdır ki, vəziyyəti dəyişə bilək".
Onun sözlərinə görə hazırda sahibkarlar gözləmə mövqeyi tutublar: "İdxal aparan sahibkarlar 36 faiz rüsumun azaldılmasını gözləyirlər. Çünki bu onlar üçün yüksək rəqəmdir. Gözləyirlər ki, hökumət nə zaman bu məsələyə baxacaq, rüsumlar aşağı salınacaq ki, onlar ölkəyə mal gətirsinlər. Digər sahibkarlar isə - hansı ki, kapital qoyaraq yeni isrtehsal, emal müəssisələri yarada bilərlər - onların da kreditlərə çıxışı çox çətindir. Etiraf edək ki, Azərbaycan bankları manatla kredit vermirlər, bu müstəsna hallarda baş verir. Dollarla isə almağa risk etmirlər, yenidən devalvasiyanın ola biləcəyindən ehtiyat edirlər. Ona görə də də bu gün sahibkarlar gözləmə mövqeyi tutublar. Hesab edirəm ki, hökumət bu barədə də düşünməlidir. İqtisadiyyat nazirliyinin, ümumiyyətlə Şahin müəllimin baş verənlərdən bir anlayışı varmı? Yaxud bundan çıxış yolları barədə bir fikri var, ya yox? Məndə millət vəkili, uzun illər parlamentdə təmsil olunan bir şəxs kimi bu barədə bir əminlik yoxdur. Əgər bu mənim üçün qaranlıqdırsa, sahibkarlar üçün ümumiyyətlə zülmətdir. İqtisadiyyat Nazirliyi bir açıqlama verməlidir ki, hansı vəziyyət var, problem niyə yaranıb və bundan çıxış yolları nədən ibarətdir. Bunlar deyilməlidir ki, insanlar inansın və iqtisadi təşəbbüskarlıq yaransın. Əgər bunu edə bilməyəcəyiksə, o zaman vəziyyətdən çıxmaq çox çətin olacaq".
BAXCP sədri öz çıxışında Bakıda keçiriləcək yüksək səviyyəli idman tədbiri haqda da danışıb: "Hökumət üzvlərinin burada olmasından istifadə edərək demək istəyirəm ki, 17 yaşa qədər olan uşaqlar arasında futbol üzrə Avropa çempionatının final qarılaşmasının Bakıda keçirilməsi ilə bağlı Cənab Prezident bir sərəncam imzaladı və 2 milyon manat vəsait ayırdı". Futbolun çox populyar idman növü olduğunu deyən Qüdrət Həsənquliyev Bakı Futbol Akademiyasının icraçı direktorunun yazdıqlarına diqqət çəkib: "O yazıb ki, orada çox böyük perspektivləri olan 300 uşaq və gənc yetişdirilir. Onların inkişafı üçün xaricdən mütəxəssislər dəvət olunur. Amma maliyyə çatışmazlığından bu klub bağlanır. Hökumət bu məsələyə diqqət yetirməlidir və imkan verməməliyik ki, həmin futbol klubu tamamilə bağlanıb, sıradan çıxsın".
Qüdrət Həsənquliyev əlavə edib ki, Prezident tərəfindən sahibkarların yoxlanıması 2 il müddətinə dayandırılıb: "Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq tikinti təşkilatlarında bu məsələ ilə bağlı hər hansı yoxlamalar aparma imkanları xeyli dərəcədə məhdudlaşdırılıb. Görürük ki, tikintidə ölüm halları da artmağa başlayıb. Yəqin ki, bu statistikanı siz bilirsiniz. Bunun da səbəbi odur ki, təhlükəsizlik qaydalarına riayət edilmir. Artıq sahibkarlarda arxayınlıq yaranıb ki, onlar yoxlanılmayacaq. Sosial Müdafiə Fondu ilə əlaqədar onu deyə bilərəm ki, indiki şərtlər altında çox normal bir layihə hazırlanıb. Tədqirəlayiq haldır ki, hökumət işsizlyə görə, müavinətləri 2, 4 dəfə artırıb. Bu vəsaiti 6 milyon manatdan təqribən 15 milyon manata qədər çatdırıb. Amma mən düşünürəm ki, bu məbləğ azdır. Dövlət Statistika Komitəsinin məlıumatına görə, 29 min insan işsiz kimi qeydə alınıb. Amma Azərbaycanda bilirsiniz ki, işdən çıxanlar gedib işsiz kimi qeydiyyata düşmürlər. Onlar qeydiyyata alınsalar və dövlət onlara qayğı göstərsə, dövlətin qayğısını hiss etsələr ayrı-ayrı təxribatçı qüvvələrin də onlardan siyasi sabitliyi pozmaq məqsədilə istifadə etməsinin qarşısı alınmış olar. Biz bilirik ki, ölkədə siyasi sabitlik qorunmayacağı təqdirdə heç bir islahatdan, iqtisadiyyatın yenidən qurulmasından söhbət gedə bilməz. Ona görə də iş yerlərini itirən insanlar mütləq dövlətin qayğısını hiss etməlidirlər. Belə olan təqdirdə onlardan siyasi məqsədlər üçün istifadə etmək imkanları sıfıra enəcək. Sonda çıxışımı xoş notlarla bitirmək istəyirəm. Bu gün Respublika Ağsaqqallar Şurasının sədri, bizm deputat həmkarımız Fətah müəllimin doğum günüdür. Onu təbik edirəm, can sağlığı və işlərində uğurlar arzulayıram".