“İranla Ermənistan arasında hərbi, siyasi, iqtisadi əlaqələr qonşuluq həddini aşıb” Siyasət

“İranla Ermənistan arasında hərbi, siyasi, iqtisadi əlaqələr qonşuluq həddini aşıb”

Mübariz Əhmədoğlu: "İran Azərbaycan münasibətlərinin mahiyyətini dəyişə bilər"

"İranla Ermənistan arasında hərbi, siyasi, iqtisadi əlaqələr qonşuluq həddini aşıb. Bu Azərbaycan üçün təhlükə yaradacaq həddədir. İran Azərbaycan münasibətlərinin mahiyyətini dəyişə bilər". Bu fikri politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi Qarabağ saatında deyib. O bildirib ki, 1992-ci ildə İranın vasitəçiliyini qəbul etdiyimiz üçün Şuşanı itirdik: "Ermənistan bu vasitəçiliyi qəbul etmədi, biz isə qəbul etdik. Şuşa işğal ediləndən sonra İran kimlər ki, onu cəzalandırır onlara tərəf getdi. Həmin vaxt yəhudi lobbisindən Azərbaycana təkliflər gəldi. Azərbaycan İsrail münasibətlərinin kökü buradan başlayır".
Politoloq deyib ki, İran bizi oyuna salıb qaçdı: "Yəhudilər bizə tərəf gəldi. İsrail-Azərbaycan münasibəti artan xəttlə gedir. İsrail Xocalı soyqırımını tanıyır, ABŞ-ın 20 ştatı tanıyır, Səudiyyə Ərəbistanı tanıyır. İranın hansı ostanı tanıyır bu soyqırımı? İran Allah həqiqətini danır" . Politoloq deyib ki, 2009-cu ildə Tehrandan Yerevana uçan təyyarə qəzaya uğradı: "Orada 11 hərbçi var. Həmin hərbçilərin dosyeləri var məndə. Onlar 3-cü dəfə idi ki, Ermənistana gəlirdilər. Lazım olsa onlar haqqında geniş məlumat verə bilərəm mətbuata".
Politoloq bildirib ki, 4 günlük müharibədə Ermənistan İrana 3 dəfə atəş açdı: "Xudafərin körpüsü tərəfdə İran hərbçilər dedi ki, Ermənistan tərəfdən gəlib atəş. İran Ermənistandan atılan topları Azərbaycan əsgərinin atdığını demək istəyirdi, amma İran öz hərbçilərini bu barədə əvvəlcədən məlumatlandırmamışdı.
Politoloq deyib ki, İran 4 gün ərzində Azərbaycana müraciət elədi ki, "Dayandırın müharibəni". Elə bil İrandır uduzan: "Biz Azərbaycan xalqı olaraq dinc qonşuluq münasibətlərini davam etdirmək niyyətindəyik. İran Şimal-Cənub dəmiryolunu Ermənistandan çəkmək istəyirsə, çəksin. Onun maliyyəsini biz veririk. İranın pulu varsa, çəksin. 4 günlük müharibədən sonra Azərbaycana xarici investorlar gəldi. Azərbaycanın gəlir mənbəyi neft, qaz, tranzit imkanları, turizmdir- budur bizim qızılımız. Biz İrana qarşı siyasət yeritsək, brilyant üzərində oturarıq. Deyərik ki, Fars körfəzinə qədər ərazi bizimdir".
Politoloq əlavə edib ki, İranın Azərbaycan parlamentində və mətbuatında səsləndirilən fikirləri ələ salmağa haqqı yoxdur.
Politoloq həmçinin deyib ki, ATƏT-in Minsk qrupunun Sankt- Peterburq görüşündə iştirak etmədiyi ilə bağlı açıqlaması fikri məzmuna malik fikirdir: "Əgər Minsk qrupu bu görüşdə yoxdursa, bu ATƏT-in özünün fəaliyyətinin nəticəsidir".
O xatırladıb ki, 2009-cu ildə sabiq prezident Dmitri Medvedev yenilənmiş Madrid prinsiplərini hazırlayıb: "Burada aydın şəkildə göstərilir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır. Ətraf rayonların Azərbaycana qaytarılması üçün Dağlıq Qarabağın statusu müəyyən edilməlidir. Amerikalı həmsədr Ceyms Uorlik ermənilərlə birgə Yenilənmiş Madrid prinsipinin qayəsini dəyişdi. Uorlik status deyəndə Qarabağın erməni icmasını nəzərdə tutur". Politoloq deyib ki, Putin indi Medvedevin planına qayıdıb: "Bu Azərbaycanı qane edir. Putinin planı belədir ki, ətraf rayonlar Azərbaycana qaytarılsın. Ermənistanla Azərbaycan arasında kommunikasiya yaransın, məcburi köçkünlər öz evlərinə qayıtsın. Bundan sonra isə Qarabağın statusunun müəyyən edilməsinə girişilsin" .