Millət vəkilləri AŞ PA-nın Türkiyə ilə bağlı qətnaməsinin qərəzli sayırlar Siyasət

Millət vəkilləri  AŞ PA-nın Türkiyə ilə bağlı qətnaməsinin qərəzli sayırlar

AŞPA tərəfindən Türkiyənin monitorinq mərhələsinə qaytarılması ilə bağlı qəbul etdiyi qərar nəinki siyasi icmalçılar, eləcə də sadə vətəndaşlar tərəfindən etirazla qarşılanıb. Belə ki, ictimaiyyət nümayəndələri hesab edirlər ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq, daxili işlərinə müdaxilə etmək məqsədi güdür. Türkiyənin yürütdüyü daxili və xarici siyasət isə Avropa dövlətləri tərəfindən qızqznclıqla qarşılanır. Odur ki, bütün mümkün vasitələrdən istifadə edərək Türkiyəyə qarşı təzyiqləri artırmağa çalışırlar.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli qeyd edib ki, Türkiyə inkişaf etmiş demokratik dövlətdir. Ölkədə respublika tipli dövlət quruluşunun böyük təcrübəsi vardır. Qarşıdakı illərdə Türkiyədə cümhuriyyət üsuli-idarəsi qurulmasının bir əsrlik tarixi tamam olacaqdır. Keçən yüz ilə yaxın dövr ərzində Türkiyə Cümhuriyyətində dəfələrlə demokratik seçkilər keçirilib və cəmiyyəti irəli aparan bu seçkilər beynəlxalq miqyasda qəbul olunub: "Türkiyə Cümhuriyyəti ilk dəfə ümumxalq səsverməsi əsasında Prezident seçkilərini həyata keçirib. 16 aprel 2017-ci il Referendumunun uğurla başa çatdırılması Türkiyə Cümhuriyyətinin mühüm nailiyyəti sayılmağa layiqdir. Bu seçki göstərdi ki, Türkiyə Cümhuriyyətində dövlətçiliyin və hakimiyyətin mənbəyi xalqdır. Bir qədər əvvəl baş vermiş dövlət çevrilişi cəhdindən sonra keçirilmiş Referendum türk xalqının müasir Türkiyə dövlətini müdafiə etdiyini göstərdi.Təəssüf ki, bəzi Qərb dövlətləri Türkiyədəki inkişafa qısqanc münasibət bəsləyir, bu ölkənin dünyadakı nüfuzundan sarsıntı keçirirlər. Avropa Şurası Parlament Assambleyasının "Türkiyədə demokratik təsisatların fəaliyyəti" haqqında qəbul etdiyi qətnamənin real əsası yoxdur.Türkiyənin yenidən monitirinq altına alınması bu ölkəyə qarşı qeyri-obyektiv münasibəti ifadə edir. Bu, açıq-aşkar Türkiyə Cümhuriyyətinin inkişafına maneçilik törətmək deməkdir. Avropa Şurası Parlament Assambleyasının qətnaməsi TürkiyədəReferenduma "hə" demiş milyonlarla seçicinin haqlarına hörmətsizlikdir. Bu, nəticə etibarilə demokratiyanın deyil, terrorçuluğun, separatçılığın dəstəklənməsi deməkdir. Bu, - Avropa dövlətlərində türk-müsəlman dünyasına qarşı yönəldilmiş ikili standartların növbəti açıq təzahürüdür. Avropa Şurası Parlament Assambleyası tələsik qəbul edilmiş ədalətsiz qətnaməsinə yenidən baxmalı, Türkiyə Cümhuriyyətinə qərəzli münasibət aradan qaldırılmalıdır. Haqsız təzyiqlərə baxmayaraq, Türkiyə Cümhuriyyəti xalqın iradəsi ilə irəli getməkdə davam edəcək, yeni inkişaf göstəricilərinə imza atacaqdır".
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyəyə qarşı monitorinqi bərpa etmək barədəki qərarından Avropa heç nə qazanmayacaq, onun bu qərardan itirəcəkləri daha çox olacaq. Deputat bildirir ki, son illər Türkiyə ilə Avropa Şurası arasında bir sıra xoşagəlməz hallar yaşanır və bunun günahkarı təkcə Türkiyə deyil: "Sadəcə olaraq, Avropada Türkiyəni görmək istəmirlər. Son 3-4 ildə bütün Avropa ölkələrində Türkiyəyə qarşı xoşagəlməz bir sindrom əmələ gəlib. Bu da bir neçə səbəbdən irəli gəlir. Nə vaxt ki, Türkiyədə sabitlik əldə edilir, müsəlman dünyasında bir aparıcı dövlət olur, dünyaya bir demokratiya dərsi verir, bu, Avropanın xoşuna gəlmir. Ona görə də bu referendumda Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin hakim partiyasının qalibiyyəti Avropa Şurasını, onun üzvlərini qıcıqlandırdı. AŞPA-nın bu qərarı da ondan irəli gəldi". AŞPA-nın qərarını çox qərəzli və ədalətsız sayan Y.Abramov hesab edir ki, Türkiyə ilə bağlı verilən bu qərarda həm də Avropanın "qocalma" xəstəliyi sindromunun əlamətləri özünü göstərir: "Lakin bu, Avropa Birliyinə müsbət heç nə vəd etmir. Mənə elə gəlir ki, Avropa Birliyi parçalana bilər. Onsuz da elə parçalanmağa doğru gedir. Əgər Fransada bu yaxınlarda keçiriləcək prezident seçkilərində Radikal Milli Cəbhənin lideri Marin Le Pen qalib gəlsə, onda bu məsələlərə yenidən baxmaq lazım gələcək. Ona görə də mənə elə gəlir ki, Avropa bundan heç nə qazanmayacaq, onun itirəcəkləri daha çox olacaq. Çünki Türkiyə Avropa üçün bir sipərdir. Türkiyə olmasa, Avropanın eybəcərlikləri dünyada daha çox görünər. Məsələn, Yaxın Şərqdəki problemlərin həllində Türkiyənin iştirakı və bu ağırlıqları Türkiyənin öz çiyninə götürməsi Avropanı bir sıra çətinliklərdən xilas etdi. Bu gün Türkiyədə 3 milyondan çox Yaxın Şərqdən məcburi şəkildə köç edən miqrant var. Ancaq onların hamısını Avropaya yönəltsələr, - Avropa onsuz da çaşıb qalıb,- onun iqtisadiyyatında və siyasətində bir böhran baş verər".
Milli Məclisin deputatı Musa Quliyev qeyd edib ki, Avropa Şurasının, Avropa Birliyinin və digər bəzi qərbyönümlü beynəlxalq təşkilatların Türkiyəyə və oradakı proseslərə münasibəti birmənalı deyil və bu münasibət hadisələrə adekvat hesab olunmur. Onun sözlərinə görə, beynəlxalq təşkilatların Türkiyəyə olan münasibətlərində ikili standartlar müşahidə olunur: "Türkiyənin Avropa Birliyinə daxil olmaq üçün uzun illərdir göstərdiyi cəhdlərə qarşı süni maneələr yaradılır. Biz həm də Türkiyənin inkişafına, güclənməsinə, demokratik imicinin artmasına xələl gətirən qərarların şahidiyik". Deputat qeyd edib ki, bu qərarlar ədalətli deyil və heç bir əsası yoxdur: "Qərəzlər elə bu qərarlarda görünür. İstər Türkiyədəki son referenduma, istərsə də ondan qabaqkı hadisələrə münasibətdə Avropa Şurasının və Avropa Birliyinin qərarlarını ədalətli saymıram. Amma bunlar da ötüb-keçən hadisələrdir. Əsas odur ki, güclü Türkiyə, onun güclü lideri, Türkiyənin Azərbaycan kimi güclü dostu və ədaləti, həqiqəti üstün tutan digər dostları var. Hesab edirəm ki, ədalətsiz qərarların Türkiyəyə heç bir təsiri olmayacaq və Türkiyə öz yolu ilə davam edəcək".