“Ümumiyyətlə IV İslam Həmrəyliyi Oyunları ölkəmiz üçün çox böyük, mötəbər bir tədbirdir” Siyasət

“Ümumiyyətlə IV İslam Həmrəyliyi Oyunları ölkəmiz üçün çox böyük, mötəbər bir tədbirdir”

Rövşən Rzayev: "Bütün bunlar Azərbaycanın dünyaya açıq olmasının göstəricisidir"

Arzu Nağıyev: "Bu, islam dünyasının məhz Azərbaycan modelinin dünyaya göstərilməsidir"

Elşən Musayev: "Bu oyunlara dünyanın çox böyük diqqəti var"

Dünən IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib. Bir sıra ekspertlər oyunlara marağın böyük olduğunu bildirirlər.
Qeyd edək ki, "Bakı-2017" İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.
Millət vəkili Rövşən Rzayev deyib ki, ümumiyyətlə IV İslam Həmrəyliyi Oyunları ölkəmiz üçün çox böyük, mötəbər bir tədbirdir. Deputatın sözlərinə görə, bütün bunlar Azərbaycanın dünyaya açıq olmasının, ölkəmizin xoşməramlı bir dövlət olmasının, Azərbaycanın idman sahəsinə verdiyi önəmin göstəricisidir: "Təbii ki, bu bir günün məhsulu deyil. Bu, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir. Bütün sahələrdə olduğu kimi, idmana verilən yüksək qiymət də Azərbaycanın keçdiyi inkişaf yolundan xəbər verir. Çox sevinirəm ki, Azərbaycan belə uğurlu addımlar atır. İdmançılarımıza uğurlar arzu edirəm".
Siyasi şərhçi Arzu Nağıyev deyib ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi islam dünyasının məhz Azərbaycan modelinin dünyaya göstərilməsidir: "Məlumdur ki, dünyada islamofob, ksenofob meyillərin baş alıb getdiyi bir vaxtda, müharibə və terrorun islamla bağlamağa cəhd edildiyi bir vaxtda belə tədbirə ev sahibliyi etmək və dünyaya islamın əmin-amanlıq dini olduğunu nümayiş etdirmək mühüm amildir". Onun sözlərinə görə, həm Avropa Oyunlarına, həm də İslam Oyunlarına ev sahibliyi multikultral dəyərlərin, tolerantlığın necə olduğunu dünyaya göstərir və bunu əməli surətdə sübut edir: "İqtisadi məsələlərə gəldikdə bu həm də turizmin və daha doğrusu qeyri–neft sektorunun inkişafı, idmanın inkişafı deməkdir. Hər bir turist və ya iştirakçı Azərbaycan həqiqətlərini görür, erməni təcavüzündən, Dağlıq Qarabağ münaqişəsindən, tarixi ənənlərimizdən, mədəniyyətimizdən xəbərdar olur. Ən başlıca məsələlərdən biri də təbii ki, təhlükəsizlik məsələlərinin təşkilidir. Yəni belə miqyaslı tədbirlərdə iştirak üçün ən önəmli məsələ təşkilatçılıq və təhlükəsizlik amilidir və bunlar da yüksək səviyyədə həyata keçirilir".
Millət vəkili Elşən Musayev bildirib ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, idman sahəsinin inkişafına da öz töhfəsini verib: "Ümumiyyətlə, beynəlxalq səviyyəli qlobal ənənə Bakıda keçirilən "Avroviziya" mahnı yarışmasından sonra başladı. Daha sonra Azərbaycanda keçirilən I Avropa Oyunları, "Formula-1" yarışları və s. buna nümunə kimi göstərilə bilər". Onun sözlərinə görə, artıq Bakıda açılışı olacaq IV İslam Həmrəliyi Oyunları da bu estafetin davamıdır: "Bu oyunlara dünyanın çox böyük diqqəti var. Dünyanın xeyli sayda kanalları bu oyunları canlı yayımlayacaq. Azərbaycan da özünə əmin dövlət olduğuna, öz iqtisadi şəraitinə, qonaqpərvərliyinə əmin olduğuna görə əslində bu yükü öz üzərinə götürüb. Bu, hətta Azərbaycanın təbliğatı, dünyada ölkəmizin tanınması deməkdir. Hesab edirəm ki, bu cür ənənələrin yaranması Azərbaycan üçün böyük uğurdur. Həqiqətən də Azərbaycan fəxr ediləsi bir ölkədir. Təbii ki, dünyada bunu görməyənlər, qısqananlar var. Azərbaycan həm Avropanın, həm də dünyanın çox ciddi, lazımlı bir hissəsi olaraq bu gün növbəti dəfə öz sözünü deyəcək".
Siyasi şərhçi Azər Həsrət diqqətə çatdırıb ki, IV İslam Həmrəyliyi Oyunları kimi nəhəng layihələrə imza atmaqla ölkəmiz son illər ərzində özünü çox sürətli şəkildə dünyaya tanıtmaqdadır: "Əvvəllər ölkəmiz haqqında məlumatı olmayanlar belə artıq Azərbaycanı tanıyırlar". "Bizim dövlətimiz bu idman yarışlarını keçirməklə bir idman ölkəsi olduğunu göstərir. Həmçinin multikulturalizm və yaxud da islam həmrəyliyi və s. məsələlərlə bağlı özünü dünyaya təqdim etməklə dinc sülhpərvər və insana dəyər verən bir dövlət kimi tanınmaqdadır. Bu gün IV İslam Həmrəyliyi Oyunlarının açılışı Azərbaycanın bu mövqelərini bir daha möhkəmləndirəcək. Azərbaycanın sadəcə olaraq idman ölkəsi olduğu deyil, eyni zamanda dövlətlər arasında həmrəylik yaradan bir ölkə olduğu öz təsdiqini tapmış olacaq.
Burada bildiyiniz kimi, ərəb ölkələri əsasən müsəlman ölkələri iştirak edir. Təbii ki, islam ölkələrinin bəzisinin arasında müəyyən ixtilaflar var. Həmin ixtilaflar üzündən də bu ölkələr bir-biriləri ilə çox da yaxın münasibət qura bilmirlər. Amma Azərbaycan bütün bu ölkələri öz torpağına gətirir. Əlbəttə ki, bu, dünyaya çox gözəl mesajdır. Təbii ki, bizdə sevinirik ki, məhz belə bir dövlətin vətəndaşıyıq" - deyə, Azər Həsrət fikrini tamamlayıb.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov vurğulayıb ki, Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür: "IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində əhəmiyyətli rol oynayan ən başlıca amil də məhz Azərbaycanın daim İslam dünyasında əməkdaşlığa, inkişafa və həmrəyliyə öz töhfələrini verməsidir". O, bildirib ki, IV İslam Həmrəyliyi Oyunları həm Azərbaycanın gücü və nüfuzunu bir daha nümayiş etdirəcək, həm də müsəlman aləmini - İslam ölkələrini Şərq və Qərbin qovuşuğunda birləşdirəcək: "Bilirsiniz ki, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyevanın Təşkilat Komitəsinə rəhbərlik etməsi bu mötəbər tədbirin yüksək səviyyədə keçiriləcəyinə tam əminlik yaradır. Bunu "Evrovision - 2012" mahnı yarışması və "Bakı-2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunub keçirilməsinin timsalında da daha aydın şəkildə görə bilərik. Bütövlükdə, hesab edirəm ki, IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin birlik və həmrəyliyinə böyük töhfələr verəcək".
Politoloq Fikrət Sadıqov deyib ki, İslam dünyası kifayət qədər geniş miqyaslı bir anlayışdır. İslam ölkələri həm Yaxın Şərq, həm Afrika həm də Asiya qitələrini əhatə edir. O qeyd edib ki, bu ölkələrlə münasibətləri inkişaf etdirmək, daim onlarla əlaqədə olmaq, bir sıra problemlərlə bağlı məsələləri həll etmək, layihələr təşkil etmək Azərbaycan üçün çox əhəmiyyətlidir: "Həmçinin Azərbaycan da həmin dövlətlər üçün maraqlıdır. Azərbaycan bu regionda aparıcı rol oynayan dövlətə çevrilib". Politoloq vurğulayıb ki, İslam Həmrəyliyi Oyunlarında 54 ölkə iştirak edir və da bu yüksək göstəricidir: "Oyunlardan iştirak edən dövlətlər bizim bir sıra prioritetlərimiz, sosial, iqtisadi, ictimai, siyasi, mədəni sahələrdə baş verən hadisələrlə tanış olacaq".F. Sadıqov hesab edir ki, münasibətlər təkcə idman sahəsində olmamalı, bundan sonra da Azərbaycanla İslam dövlətləri arasında əlaqələr davam etməlidir.
Politoloq Qabil Hüseynli bildirib ki, İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi tarixi bir hadisədir. Onun sözlərinə görə, ölkəmizin İslam Həmrəyliyinin yaradılması istiqamətində atdığı addımaları bəhrəsini verir və Azərbaycan İslam dünyasında aparıcı dövlətlərdən biri kimi tanınır. Politoloq deyib: "Azərbaycanın bu işdə böyük enerji sərf etməsi, qapılarını bütün İslam ölkələri üçün açması müsəlman dünyasında tarixdə misli görünməmiş hadisədir. Ölkəmizin bu səyləri islam ölkələrinin heç birinin yadından silinməyəcək. Çünki bu addım İslam dövlətləri arasında azacıq da olsa müəyyən etirazları aradan qaldırmağa kömək edəcək. Digər tərəfdən, Azərbaycan islam dünyasında aparıcı dövlətlərdən biri kimi tanınır. Amma sözügedən oyunlardan sonra lider dövlət kimi meydana çıxacaq. İslam dövlətlərinin hər biri Azərbaycana daha diqqətlə yanaşacaq, Azərbaycanın bir çox müsəlman ölkələri ilə münasibətlərini daha yüksək səviyyəyə qaldırmağa köməklik edəcək. İslam dövlətləri də Azərbaycanın işğala məruz qaldığı, ermənilər tərəfindən torpaqların işğal edildiyini daha aydın görəcəklər və Azərbaycanın digər müsəlman ölkələri ilə münasibətləri daha da möhkəmlənəcək ki, bunun nəticəsində ölkəmizin beynəlxalq təşkilatlarda və münasibətlərdə şansı artacaq".