“Uğurlarımızın təməlində Vətən sevgisi dayanır” Siyasət

“Uğurlarımızın təməlində Vətən sevgisi dayanır”

Prezident İlham Əliyev: "Biz dərin milli-mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir"

"Bakı-2017 dördüncü İslam Həmrəyliyi Oyunları uğurla keçib. Azərbaycan bu oyunlarda növbəti qələbə qazandı".
Bunu Azərbaycan prezidenti İlham Əliyev "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançıları, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Azərbaycan idmançılarının oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazandığını və komanda hesabında birinci olduqlarını nəzərə çatdıran dövlət başçısı bildirib ki, bu, böyük tarixi qələbədir: "Bu qələbənin çox möhkəm təməli var. Bu nailiyyətlər Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir. Biz idmançılarımızla fəxr edirik. Dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanda aparılan düşünülmüş siyasətin, o cümlədən idman sahəsindəki siyasətin bəhrəsini verdiyini nümayiş etdirdi. Bu gün idman ölkəmizdə ictimai proseslərdə xüsusi yer tutur. İdmançılara xüsusi münasibət var. Hər bir vətənpərvər insan idmançılarımızın uğurları ilə fəxr edir, qürur hissi keçirir".
Prezident qeyd edib ki, yarışların keçirildiyi 10 gün ərzində Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi. Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri yaxın gələcəkdə uşaqların idman bölmələrinə gəlişini daha da sürətləndirəcək: "Bu da nəticə etibarilə Azərbaycan gəncliyinin, xalqının sağlamlığına xidmət edir. Biz idmançılarımızın uğurları ilə fəxr edirik, bu, ölkəmizin şöhrətini daha da artırır. İdman sağlam həyat tərzidir. Biz ölkəmizdə sağlam həyat tərzinin üstünlük təşkil etməsini istəyirik".
İlham Əliyev əlavə edib ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkə üçün tarixi hadisədir: "Bütün qurumlar yaxşı işlədi, bir ailə, bir komanda kimi eyni amala xidmət etdi. Uğurların təməlində dövlət qurumlarının sıx əlaqədə işləməsi amili dayanır".
Paytaxtda və bölgələrdə idmanın inkişafı üçün yaradılan şəraitdən danışan dövlət başçısı oyunların yüksək səviyyədə keçirilməsində birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin rolunu xüsusi qeyd edib: "Əməliyyat Komitəsi də çox yaxşı işlədi".

"Buna nail olduq"

Azərbaycan prezidenti deyib ki, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizin gücünü göstərir.
O bildirib ki, oyunların keçirilməsi ilə bağlı artıq Azərbaycan standartları tətbiq olunub. İlham Əliyevin sözlərinə görə, bu gün Azərbaycan inkişaf edən müasir mütərəqqi güclü dövlət kimi tanınır və idmançıların uğurları bunu bir daha təsdiq edir: "Oyunların əsas məqsədlərindən biri dostluğun, əməkdaşlığın gücləndirilməsi idi. Biz də buna nail olduq" deyən Azərbaycan prezidenti ölkəmizin müsəlman aləmini qərb aləmi ilə birləşdirdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, müstəqilliyimiz ən böyük sərvətimizdir və IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyimiz qələbə müstəqilliyimiz möhkəmləndirilməsinə verilən növbəti töhfə və hədiyyədir.

"Bizi əqidəmiz, tariximiz, baxışlarımız birləşdirir"

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri möhtəşəmliyi ilə fərqləndiyini bildirib.
Dövlət başçısı deyib ki, açılış mərasimində Azərbaycan xalqı öz milli, mənəvi dəyərlərinə sadiq qaldığını və bu dəyərləri qoruduğunu, islamın sülh, mədəniyyət dini olduğunu göstərib, Azərbaycanın zəngin mədəniyyəti və tarixini bütün dünyaya nümayiş etdirib: "Bağlanış mərasimində isə Azərbaycan dünyaya mütərəqqi və müasir ölkə kimi təqdim olundu. Bu iki amil müasir Azərbaycan dövlətini təcəssüm etdirir. 10 gün ərzində bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir. Bizi əqidəmiz, tariximiz, baxışlarımız birləşdirir.
Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun".
Dövlət başçısı qeyd edib ki, müsəlman aləmi birlik nümayiş etdirməlidir: "Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq".

"Azərbaycan güclü dövlətlər sırasındadır"

Prezident İlham Əliyev Bakıın dünyanın ən gözəl şəhərlərindən biri olduğunu bildirib və qeyd edib ki, Azərbaycana gələn turistlərin sayı milyonlarla ölçülür: "IV İslam Həmrəyliyi Oyunlarından sonra ölkəmizə daha çox turist axını olacaq".
Prezident bildirib ki, Azərbaycanı bu gün nəinki İslam aləmində, dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanıyırlar və idmançılarımızın qələbələri gücümüzü daha da artırır. Dövlət başçısının sözlərinə görə, yəni, bu, daha əyani şəkildə göstərir ki, Azərbaycan güclü dövlətlər sırasındadır.
"İdman yarışları, Olimpiya Oyunları, İslam Oyunları, Avropa Oyunları elə bir tədbirdir ki, bu tədbirlərdə həm idmançılar, həm ölkələr rəqabət aparırlar. İqtisadi, siyasi sahələrdə, beynəlxalq münasibətlər sahəsində bəzən birinciliyi müəyyən etmək üçün bəzi qurumlar, təşkilatlar çətinlik çəkirlər. Çünki müəyyən meyarlar olmalıdır. İdmanda isə hər şey açıq-aydındır. Azərbaycan birinci yerdədir, Azərbaycan qalibdir", - deyə prezident qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, bu Oyunlar, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək: "Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar".
Dövlət başçısı deyib ki, son nailiyyətlərimiz də deməyə əsas verir ki, bu qələbə təsadüfi qələbə deyil: "Azərbaycan idmançıları 2015-ci ildə Avropa Oyunlarında 56 medal qazanmışlar və komanda hesabında ikinci yerə çıxa bilmişlər. Keçən il Yay Olimpiya Oyunlarında medalların sayı 18-ə çatdı. Bu, bizim Olimpiya Oyunlarında iştirakımızın tarixində ən böyük rəqəmdir və medalların sayına görə Azərbaycan 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə idi. Ancaq inkişaf etmiş ölkələrdə idman həm dövlətə, həm xalqa böyük qələbə gətirir. Hər dəfə bizim bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir vətənpərvər insan qürur hissi keçirir. Tribunalarda yarışları izləyən tamaşaçılar böyük coşqu, böyük sevgi ilə sizin qələbələrinizi alqışlayırdılar, sizinlə bərabər buna sevinirdilər, bu qələbə sevincini sizinlə bölüşürdülər. İdman hər bir ölkənin ictimai həyatında xüsusi yer tutur və bu gün idmanın inkişafı, bax, bu gözəl nəticələrə gətirib çıxarır. Biz haqlı olaraq öz qələbələrimizlə fəxr edirik. biz hər dəfə növbəti böyük idman qələbəsindən sonra görürük ki, idmanla məşğul olmaq istəyənlərin sayı artır, uşaqlar, yeniyetmələr idman bölmələrinə üz tuturlar, sizin kimi olmaq istəyirlər, sizə oxşamaq istəyirlər. Gənc nəsil, uşaqlar görəndə ki, dövlət idmançıları qiymətləndirir, onları mükafatlandırır, onlara bütün şəraiti yaradır, əlbəttə, idmana daha da böyük maraq olacaq".
Prezident İlham Əliyev qeyd edib ki, bu qələbəni şərtləndirən, qələbəyə aparan bütün qurumlar çox yaxşı işləyiblər: "Həm əvvəlki illərdə, həm Oyunlar ərəfəsində Mili Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar, məşqçi korpusu, idman mütəxəssisləri, əlbəttə, idmançılar bir komanda, bir ailə kimi bir amala xidmət edərək, bu qələbəni mümkün etdilər. Bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda bütün idman qurumları çox sıx əlaqədə işləyirlər və hesab edirəm ki, uğurlarımızın təməlində bu amil dayanır. İdmançılar üçün isə biz bütün şəraiti yaratmışıq. Bölgələrdə 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi, Bakı şəhərində isə istənilən beynəlxalq yarışı keçirmək üçün ən müasir və gözəl idman obyektləri fəaliyyət göstərir. Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın. Ölkəmizə minlərlə xarici qonaq gəlmişdi. Mən Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirirəm və bu, artıq təbii bir haldır. Çünki Mehribanın rəhbərliyi ilə üçüncü beynəlxalq mötəbər yarışma keçirilir – 2012-ci ildə "Eurovision" mahnı yarışması, 2015-ci ildə Avropa Oyunları, - o, birinci Oyunlar idi, Oyunların standartları yox idi və hazırlıq üçün bizim cəmi iki ilimiz var idi, - və bu dəfə İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilmişdir. Əlbəttə, bu, onu göstərir ki, Təşkilat Komitəsi öz vəzifə borcunu ləyaqətlə, şərəflə icra edib. Mən Təşkilat Komitəsinin bütün üzvlərinə minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, Əməliyyat Komitəsi çox fəal işləyib. Bu Əməliyyat Komitəsi Avropa Oyunlarının da təşkilini təmin edibdir və xarici mütəxəssislər də bizə kömək göstəriblər. Oyunların açılış və bağlanış mərasimləri də çox möhtəşəm idi. Mən yaxşı bilirəm ki, Təşkilat Komitəsi bu iki möhtəşəm təqdimatla çox ciddi məşğul olub".
Dövlət başçısı bildirib ki, açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik: "Göstərdik ki, İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq. Eyni zamanda, biz dünyaya açığıq, biz müasirik, biz inkişaf edirik və bu önəmli amillər bu gün əslində müasir Azərbaycan dövlətini təcəssüm etdirir. Biz dərin milli-mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir. Bizim uğurlarımızın təməlində Vətən sevgisi dayanır və idmançılarımızı da qələbələrə aparan əsas amil budur. Biz görürdük ki, idmançılar necə sevinirlər, xalqımız necə sevinir. Bakıda keçirilmiş Oyunlar sayca üçüncü İslam Həmrəyliyi Oyunlarıdır. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü isə Azərbaycanda keçirilib. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzidir, İndoneziya müsəlman aləmində əhali baxımından ən böyük ölkədir. Müsəlman aləminin bu iki aparıcı ölkəsindən sonra üçüncü Oyunların, - halbuki bu Oyunların adı dördüncüdür, amma biz bilirik ki, cəmi üçüncü dəfə keçirilibdir, - Azərbaycanda keçirilməsi, əlbəttə, bizə olan böyük hörmətin və inamın təzahürüdür. Oyunların bu səviyyədə keçirilməsi ölkəmizin gücünü, qüdrətini göstərir. Göstərir ki, biz istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil edə və eyni zamanda, öz standartlarımızı da tətbiq edə bilərik və bunu edirik. Avropa Oyunları bundan sonra ancaq Azərbaycan standartları əsasında keçiriləcəkdir. Bilirəm ki, bu standartlara çatmaq çətin olacaq".