Münaqişələri idarə etmək təcrübəsi Siyasət

Münaqişələri idarə etmək təcrübəsi

Rusiya Dağlıq Qarabağın Gömrük Birliyində statusunu MDB-dəki statusu ilə eyniləşdirmək istəyir
Bu status Qarabağın de-fakto birlik ərazisi kimi qəbul olunması, amma de-yure tanınmasından ibarətdir

Rəsmi İrəvan Gömrük İttifaqına qəbul ediləcəyi halda Dağlıq Qarabağla bağlı mövqeyinin dəyişməz olacağını açıqlayıb. Ermənistan parlamentinin xarici siyasət məsələləri üzrə daimi komissiyasının sədri, hakim Respublika Partiyasından deputat Artak Zaxaryan İrəvan-Moskva-Minsk-Astana telekörpüsündə çıxışı zamanı bəyan edib ki, Ermənistanın Gömrük İttifaqına qəbul ediləndən sonra öz ərazisi ilə Dağlıq Qarabağ arasında gömrük postları qoymaq və buradan gələn mallardan gömrük rüsumu tutmaq niyyətində deyil.
Xatırladaq ki, ötən ilin dekabrında Rusiya, Belorus və Qazaxıstanın daxil olduğu Gömrük İttifaqında Dağlıq Qarabağla bağlı məsələni Qazaxıstan prezidenti Nursultan Nazarbayev qaldırıb. Qazaxıstan lideri Ali Avrasiya İqtisadi Şurasının iclasında bildirmişdi ki, tanınmamış Dağlıq Qarabağ ittifaqın bir hissəsi ola bilməz və Qazaxıstan Ermənistanın Gömrük İttifaqına qoşulması haqqında "yol xəritəsi"ni xüsusi rəylə imzalamağa hazırdır. Hazarbayev açıq mətnlə qeyd etmişdi ki, Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri haqqında məsələ aydınlaşma tələb edir və sənədin razılaşdırılması zamanı ekspertlər bu məsələnin həllini tapmalıdırlar.
Lakin elə o zaman Nazarbayevin "Qarabağ şərti" Ermənistanda qıcıq yaratdı və rəsmi İrəvan bəyan etdi ki, Qazaxıstanın Gömrük İttifaqının sərhədlərini Dağlıq Qarabağ problemi ilə əlaqələndirməsi onlar üçün qəbuledilməzdir.
Ermənistanda hesab edirlər ki, Qazaxıstan və Azərbaycan arasında tarixi və mədəni bağlılıqla həmahəng olan strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Elə Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyanın da o Hazarbayevin məlum şərti ortaya atmasından sonra verdiyi bəyanat Qazaxıstana qarşı aqressiv münasibəti bir daha ortaya qoydu. O bildirmişdi ki, Nazarbayev vaxtaşırı Qarabağ problemini qaldırır ki, bu da Ermənistanın maraqları ilə uzlaşmır.
Ermənistanın ittifaqa qəbulu hələ aprelin sonlarında reallaşmalı idi, amma məsələ uzanır. Yubanmanın Hazarbayevdən gələn Qarabağ şərti ilə bağlı olub-olmadığı açıqlanmasa da ittifaq daxilində sözügedən məsələ ilə əlaqədar ciddi ixtilafların olduğunu gizlətmək mümkün deyil.
Belə ki, Ermənistan parlamentinin komitə sədrinin telekörpüdə çıxışı zamanı verdiyi məlum bəyanatına elə oradaca Avrasiya İqtisadi Komissiyasının inkişaf və inteqrasiya üzrə beynəlxalq əlaqələr şöbəsinin rəisi Anton Azarov cavab verib. Rusiya hökumətinin nümayəndəsi bildirib ki, Ermənistanın ittifaqa qəbulu onun tanınmış sərhədləri daxilində nəzərdən keçirilir və Dağlıq Qarabağın Gömrük Birliyinə qəbulu ümumiyyətlə müzakirə mövzusu deyil.
Ortaya maraqlı sual çıxır: bir halda ki, Gömrük İttifaqına daxil olduqdan sonra İrəvan Ermənistanla Dağlıq Qarabağ arasında gömrük postları qoyulmasına qarşı çıxır, o halda ittifaq Azərbaycanın işğal olunmuş ərazilərinə açıq qapı saxlamağa razı olacaqmı? Və Gömrük İttifaqının qeyri-rəsmi də olsa, işğal olunmuş Azərbaycan ərazilərini Ermənistanın kaprizləri hesabına öz nüfuz zonasına daxil etməsinə rəsmi Bakı göz yumacaqmı?
Hər halda Gömrük İttifaqı ölkələrinin İrəvanın bu mövqeyilə nəzəri olaraq razılaşması Azərbaycana qarşı təcavüzün miqyasının genişlənməsi demək olardı və ən azından Qazaxıstan, Belorus və yaxın gələcəkdə birliyə üzvlüyü gözlənilən Qırğızıstan Azərbaycanla münasibətlərdə dərin çatların yaranmasına getməzlər. Hətta Rusiya bu istəsə belə...
Görünür, Ermənistan nümayəndəsinin bəyanatına Rusiya hökumətinin nümayəndəsinin açıq mətnlə təkzibedici cavab verməsi Moskvanın bu mövzuya həssas yanaşmasından irəli gəlir. Təbii ki, Rusiya Dağlıq Qarabağı işğal altında saxlamaqda Ermənistana birbaşa dəstək verir və onu Cənubi Qafqazda özünün forpostu kimi nəzərə alır. Amma Kremldə onu da diqqətə alırlar ki, Ukrayna ilə bağlı baş verənlər fonunda hətta müttəfiqləri belə Putinin siyasətinə ehtiyatla yanaşırlar. Elə Krımın işğalını rəsmiləşdirəndən sonra Qazaxıstanla Rusiya arasında məlum diplomatik qalmaqallar, Astananın mümkün separatçılıq fəaliyyətlərinə qarşı qanunvericilik tədbirlərini gücləndirməsi, Rusiyadan fərqli olaraq, Hazarbayevin dəfələrlə Ukrayna ilə prezident seçkilərindən sonra dialoq aparmaq barədə Qərbin mövqeyilə uzlaşan təklifi, Belorus prezidentinin açıq şəkildə Rusiyanın Ukraynanın şərqində baş verənlərə təpkisi Putinin layihələrinə Minskdə və Astanada şübhələri artırıb.
Bəs Moskvadan və Gömrük İttifaqı ölkələrindən dəstək olmadığı halda Ermənstanın Dağlıq Qarabağı birlik coğrafiyasına soxmaq cəhdi nədən qaynaqlanır?
Ümumiyyətlə İrəvandan gələn bəyanatların Ermənistanın müstəqil mövqeyi olmadığını diqqətə alsaq, məlum təşəbbüslərin də Moskadan gəldiyinə şübhə qalmır. Ola bilsin ki, Rusiya bununla təkcə Ermənistanı məmnun etməyi düşünmür, eyni zamanda Gömrük Birliyində Qarabağa arxa qapı qoymaqla münaqişəni öz nəzarətindən çıxmamasına çalışır.
Belorus prezidentinin də Ermənistanın Gömrük Birliyinə qəbulu üçün Azərbaycanın mövqeyinin önəmli olması barədə məlum bəyanatını xatırlatmaq bu məqamda yerinə düşər. Gömrük Birliyinə Ermənistan kimi problemli bir ölkənin Rusiyanın yedəyində gətirilməsi nə iqtisadi, nə də regional əməkdaşlıq baxımından Belorusun və Qazaxıstanın maraqları ilə uzlaşmır.
Əksər ekspertlə də hesab edirlər ki, həm Qarabağdakı separatçıların, həm də Ermənistan rəsmilərinin müvafiq açıqlamaları Rusiyanın konkret məqsədlərə hesablanan razılığı ilə verilir. Rusiya Qərbin Cənubi Qafqazda fəallaşmasını hesaba alır və qlobal siyasətdə əlavə sıxıntılarla üzləşməmək üçün müstəqil siyasət yürüdən qonşularını şantaj etməyə çalışır. Rusiya bu məsələdə erməniləri sadəcə olaraq manipulyasiya edir.
Ola bilsin ki, Rusiya Qarabağla bağlı konkret addımlar atmağı planlaşıdırıbmış. Məsələn, ötən il Ermənistanın o zamankı baş naziri Tiqran Sarkisyan bəyan etdi ki, Dağlıq Qarabağ məsələsi Ermənistanı Gömrük İttifaqına aparan yolda maneə ola bilməz və bu məsələ Ermənistanın Gömrük İttifaqına qoşulması kontekstində müzakirə olunub. Hər halda İrəvanda Hazarbayevin və Lukaşenkonun bəyanatlarına qədər xüsusi bir əminlik vardı ki, Ermənistanın Gömrük İttifaqına qoşulacağı təqdirdə Dağlıq Qarabağ da Gömrük İttifaqının bir hissəsinə çevriləcək, bu isə nəticə etibarilə təşkilata üzv ölkələrin Qarabağın müstəqilliyini de-yure tanımasına yol açacaq.
Mümkündür ki, Moskvadan bu vəd İrəvanın Vilnüsdə Avropa Birliyi ilə assosiativ razılaşmanın imzalanması ərəfəsində 180 dərəcə dönüş etməsinin qarşılığında verilmişdi.
Amma Krımdan sonra Rusiyanın iki cəbhədə Qərblə üz-üzə gəlməsi Gömrük Birliyinin özünün taleyini təhlükə altında qoya bilərdi. Belə bir addım Azərbaycanın da Gürcüstan kimi tərəddüd etmədən Rusiya ilə münasibətlərinə tamamilə son qoyması və Avropa Birliyilə assosiativ sazişin imzalanmasına qədər münasibətləri dərinləşdirməsinə gətirib çıxarardı.
Gürcüstan üçün hər nə qədər 2009-cu il müharibəsinin dərsləri olsa da, Cənubi Osetiya və Abxaziyanı işğal edən Rusiya üçün də Gürcüstanın AB-yə və HATO-ya açıq kurs götürmək reallığı var.
Gömrük İttifaqının sərhədlərinin dəqiq müəyyənləşdirilməsi tələbi eyni zamanda Putinin imperialist siyasətinin mahiyyətinin haralara qədər aparıb çıxaracığını müəyyənləşdirmək baxımından Moskvanın ehtiyatlı müttəfiqləri üçün əhəmiyyətlidir.
Üstəlik Rusiya Astananın və Minskin Putinin layihələrinin təxirə salınması üçün hər bir ipucundan yapışmağa hazır olduqlarını diqqətə alır. Özünə hörmət qoyan heç bir dövlət, o cümlədən nə Qazaxıstan, nə də Belorus Rusiya ilə münasibətlərini Rusiyanın Ermənistanla mövcud alçaldıcı münasibətləri səviyyəsinə gətirib çıxarmaq istəməz. Siyasi məqamlar bir yana, iqtisadi cəhətdən də Ermənistanın Gömrük Birliyi ölkələrinə əlavə problemlərdən başqa verəcəyi bir şey yoxdur.
Maraqlı nüanslardan biri də ondan ibarətdir ki, Ermənistan MDB-yə üzv olarkən analoji şərtlə üzləşməyib. Düzdür, Azərbaycan da MDB-nin üzvüdür, amma rəsmi Bakı quruma xeyli sonradan daxil olub.
Görünür, Rusiya Dağlıq Qarabağın Gömrük Birliyində statusunu MDB-dəki statusu ilə eyniləşdirmək istəyir. Bu status Qarabağın de-fakto birlik ərazisi kimi qəbul olunması, amma de-yure tanınmasından ibarətdir. Moskvanın münaqişələri idarə etmək təcrübəsindən çıxış etsək, Rusiya Azərbaycanı 1993-cü ildə MDB-də olduğu kimi, Qarabağ münaqişəsindən təzyiq vasitəsi kimi istifadə etməklə Gömrük Birliyinə qoşmağa çalışır. O zaman Qərbin bu amili görməzdən gəlməsi kimi acı bir təcrübə var. Ermənipərəst siyasət, Azərbaycana qarşı beynəlxalq səviyyədə ikili standartlardan çıxış etmək, münaqişənin indiyədək həll olunmasına gətirib çıxardı. Bu nəticə Cənubi Qafqazda Qərbin maraqlarının əleyhinə, Rusiyanın isə öz mövqeyini daha da möhkəmləndirməsinə rəvac verir.
Qərb bu təcrübəni yenidən yaşamaq istəyəcəkmi?

Cavanşir Həsənli