

“ABŞ-Çin münasibətlərindəki yeni dinamika həqiqətən də geosiyasi balansda mühüm dönüş nöqtəsini təmsil edir. Tramp administrasiyasının 400 milyon dollar həcmində Tayvan hərbi yardımını təsdiq etməməsi praktik realpolitikanın nümunəsidir. Bu qərar Donald Trampın "America First" konsepsiyasının regiondakı tətbiqi kimi qiymətləndirilə bilər və ABŞ-nin xarici siyasətində köklü dəyişikliyin əlamətini verir”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Tural İsmayılov deyib.
T.İsmayılov qeyd edib ki, ABŞ-Çin münasibətlərində yumşalma potensialı mövcuddur, lakin bu proses bir sıra şərtlərlə məhdudlaşır: “İlk növbədə, Tayvan məsələsi Çinin "bir Çin prinsipi"nin əsas komponenti olaraq qalmaqdadır. Tramp administrasiyasının bu sahədə göstərdiyi çevik yanaşma Pekinlə dialoq üçün əlverişli şərait yaradır və qarşılıqlı etimada əsaslanan yeni formatlı münasibətlərin qurulmasına imkan açır”.
Politoloqun sözlərinə görə, ticarət danışıqlarının prioritetləşdirilməsi ABŞ-nin iqtisadi maraqlarının geopolitik gərginlik üzərində üstünlük təşkil etdiyini göstərir: “Trampın Tayvanın müdafiəsini özü maliyyələşdirə biləcəyi qənaəti regiondakı təhlükəsizlik balansını yenidən formalaşdırır və ABŞ-nin hərbi öhdəliklərinin yükünü azaltmaq cəhdini əks etdirir. Bu yanaşma eyni zamanda regional güc balansında Çinin artan nüfuzunu qismən etiraf etmək mənasını da daşıyır”.
Röya İsrafilova