Uorlikin özünü dolaşdıran fikirləri Siyasət

Uorlikin özünü dolaşdıran fikirləri

Amerikalı həmsədr özü də nə danışdığının fərqinə varmır

Cavid

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin son vaxtlar fəallaşması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təzadlı fikirlər söyləməsi Azərbaycan ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb. Məsələn, bu yaxınlarda o, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti açıqlama verib. Bu barədə özünün "Twitter" səhifəsində yazan amerikalı diplomat Karnegi fondunda Qarabağla bağlı etdiyi çıxışa verilən kritik şərhlərə görə təşəkkür edib. O, "Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün vicdanlı müzakirə aparmaq lazımdır",-deyə bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Uorlik Karnegi fondunda Qarabağ problemi ilə bağlı çıxış edib və sülhün altı elementini göstərib. O, bunu ABŞ-ın Qarabağla bağlı siyasətinin tərkib hissəsi olduğunu bəyan etmişdi. Bundan başqa onun "Azadlıq" radiosuna verdiyi müsahibədə də dolaşıq fikirlər səsləndirməsi rəsmi Vaşinqtonun Bakıya qarşı siyasətinin heç də səmimi olmadığını, yalnız öz maraqlarını güddüyünü isbatlayır.
Maraqlıdır, həmsədrlər münaqişənin həlli ilə bağlı nə dərəcədə vicdanlı mövqedədir?
Bundan öncə isə Ceyms Uorlik Ermənistanın "Şant" televiziyasına müsahibəsində bildirib ki, təkcə Azərbaycanda deyil, həm də Ermənistanda Qarabağ məsələsinə çox müxtəlif yanaşmalar olacaq: "ABŞ-ın məsələyə yanaşmasını qınayan insanlar olacaq. Bu mübahisələr özlüyündə regionda sülhün bərpası üzrə müzakirələrə bir növ kömək edir".
Onun sözlərinə görə, bütün bunlar irəliyə aparan dialoqa kömək edir, çünki həm Azərbaycanda, həm Dağlıq Qarabağdah, həm də Ermənistanda xalq sülhdən danışır.
Nəzərinizə çatdıraq ki, mart ayının ortalarında amerikalı həmsədr öz "tvitter" səhifəsində yazmışdı ki, "münaqişənin iki tərəfi var - Azərbaycan və Dağlıq Qarabağ". Bir neçə gün əvvəl isə News.az-a müsahibəsində Uorlik "ABŞ iki müstəqil ölkə tanıyır - Azərbaycan və Ermənistan" deyə bildirmişdi.
"Azərbaycanın işğal olunmuş torpaqları" ifadəsinə görə ermənilərin tənqid hədəfinə tuş gələn Uorlik, bu barədə erməni telekanalına deyib: "Bu sözləri Karnegi klubunda çıxışım zamanı demişəm, lakin təkcə mən yox, digər həmsədrlər də atəşkəslə bağlı bəyanatlarında belə deyiblər. Əsas hansı sözlərin istifadə olunması deyil. Bir şeyi açıq-aydın dərk etmək lazımdır ki, əgər Dağlıq Qarabağ ətrafındakı torpaqları taleyi həll olunacaqsa, hər şeydən əvvəl həmin ərazilər Azərbaycana geri qaytarlmalıdır". Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ-ın irəli sürdüyü 6 təkliflə bağlı amerikalı həmsədr bildirib: "Əgər bu təkliflər yerinə yetirilməzsə, yenidən müharibə başlayacaq. Buna nə deyirsiniz? 6 təklif yenilik deyil, həmsədr ölkələrin prezidentləri də bu barədə danışıblar. Əlbəttə ki, bu son deyil, yenə müzakirələr aparmalıyıq".
Politoloq Mütəllim Rəhimli bildirib ki, adətən diplomatlar ictimaiyyət üçün çıxışlarında və kütləvi informasiya vasitələri üçün açıqlamalarında çox ehtiyatlı danışırlar. Bəzən onların iri həcmli çıxışlarını təhlil etdikdə heç bir yeni fikir ortaya çıxarmaq olmur. Lakin ABŞ-ın Azərbaycandakı səfiri R.Morninqstar "Azadlıq" radiosuna verdiyi son müsahibəsində müzakirə predmetinə çevrilə bilən çoxsaylı fikirlər söyləyib. Əslində dünyada özünü sülhün, demokratiyanın, təhlükəsizliyin qarantı elan edən bir dövlətin səfirinin belə açıqlamaları təəccüb doğurmamalıdır: "Lakin məsələ burasındadır ki, səfirin birdən-birə bu cür çıxış etməsi yenə də ABŞ-ın ikili siyasət yürütdüyündən xəbər verir. Necə olur ki, 20 ildən artıqdır ki, Dağlıq Qarabağ işğala məruz qalıb, torpaqların azad edilməsi ilə bağlı BMT TŞ-nin 4 qətnaməsi icra olunmur, lakin Birləşmiş Ştatlar bir dəfə də olsun səsini çıxarmayıb. İndi nə baş verdi ki, 7 rayonun işğaldan azad olunmasını qəti şəkildə bildirərək, özünü ədalətli kimi göstərməyə çalışır. Deməli, səfirin indi danışmasının ciddi səbəbləri olmamış deyil. Fikir versək, müsahibədə həm hakimiyyətin xeyirinə ifadələr yer alır, bir növ ona dəstək nümayiş etdiriləcəyi fikri sızdırılır. Bununla belə onun qarşısında müəyyən problemlərin olduğu da vurğulanır. Digər tərəfdən, müxalifət düşərgəsinə mesajlar ünvanlanır. Həm də bu zaman hazırda vətəndaş müharibəsinə sürüklənən ölkələr nümunə kimi göstərilir və Azərbaycanın da bu yolu keçməli olduğunu deyərək, onlarda ruh yüksəkliyi yaradılmağa çalışılır. Bütün bunları nəzərə alaraq səfirin səmimiliyinə inanmıram. İndiyədək ABŞ öz maraqlarından kənarda Azərbaycana bir dənə də olsa dəstək nümayiş etdirməyib. Əksinə BMT-də keçirilən səsvermədə ərazi bötüvlüyü məsələsinə bitərəf qalır, Dağlıq Qarabağdakı separatçılara humanitar yardımlar göstərir, Ermənistana verdiyi siyasi, iqtisadi, mənəvi dəstəyi isə absurd erməni lobbisinin gücünə bağlayır. Baxmayaraq ki, müsahibəsində qeyd edir ki, Azərbaycanın müstəqilliyinin qarantı kimi çıxış edir, onu Rusiyadan qoruyur. Halbuki Rusiya respublikamızın ərazi bütövlüyünü ABŞ-dan fərqli olaraq tanıyır. Çox böyük ehtimalla ABŞ Rusiyaya qarşı mübarizəsində hazırda Azərbaycanı öz yanında görmək istəyir. Məhz bu səbəbdən R.Morninqstarın son müsahibəsi ortaya çıxıb. Onun məqsədinin Azərbaycanda demokratiya, insan hüquqlarının qorunması, monopoliya və korrupsiyaya qarşı mübarizəni gücləndirərək insanların daha yaxşı yaşamasını təmin etmək deyil. Əsas niyyəti təmsil etdiyi ölkənin maraqlarının müdafiəsidir. İstərdim ki, kifayət qədər çılpaq olan bu faktı Azərbaycan ictimaiyyəti bilsin".
Politoloq Elxan Mehdiyev isə bildirib ki, biz Minsk qrupunun daha aktiv olmasını istəyirik və bu passivliyi şikayət edirik. Lakin hazırda biz ondan imtina edə bilmərik.
Onu da qeyd edək ki, bir neçə gün öncə Qarabağda olan Uorlil "erməni qaçqınların etirazı" ilə də üzləşib. Millət vəkili Aqil Abbas isə bildirib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağda olarkən işğalçı ölkə orada olan erməni qaçqınlarını həmsədrin üzərinə qaldıraraq bundan bir şou düzəldiblər. Millət vəkili hesab edir ki, C.Uorlikin "Azərbaycanın əraziləri qaytarılmalıdır" fikri boş və mənasız vədlərdən başqa bir şey deyil: "Əgər bu belədirsə, ATƏT-in Minsk qrupu və sən, Ceyms Uorlik 20 ildən artıqdır nə iş görmüsünüz? Onlar sadəcə olaraq regiona gəlib-getməklə və bizi aldatmaqla məşğuldurlar. Əgər Azərbaycan torpaqları qaytarılmalıdırsa, zəhmət çəkin bunu rəsmiləşdirin. Yox əgər bunu bacarmayacaqsınızsa, onda çəkilin kənara və biz Ermənistanla öz problemimizi özümüz həll edək. Biz müharibə olmadan da öz torpaqlarımızı geri qaytara bilərik. Mən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həlli yolları" mövzusunda məruzəsi zamanı sülh sazişinin əsasında altı elementə dair fikirlərinin nədən ibarət olduğu ilə də yaxından tanış olmuşam".
Politoloq Rasim Ağayev isə bildirib ki, atəşkəs sazişinin üstündən keçən 20 il ərzində həmsədrlərin bu istiqamətdə hər hansı irəliləyişə nail olmaması onların münaqişəyə nə dərəcədə vicdanlı yanaşmalarının bariz göstəricisidir. Onun sözlərinə görə, həmsədrlər bölgəyə hər səfərlərində tərəflər arasında "bərabərlik" işarəsi qoymaqla, münaqişənin mahiyyətini ermənilərin xeyrinə dəyişməyə çalışıblar. Politoloq eyni zamanda həmsədrlərdən münaqişənin həlli ilə bağlı ədalətli təklifin verilmədiyini bildirdi. R.Ağayev hesab edir ki, amerikalı həmsədrin irəli sürdüyü son 6 prinsipə xüsusi istinad etməsi də əbəsdir. Çünki həmin prinsiplərdə yeni heç nə yoxdur. Politoloq qeyd etdi ki, Uorlikin istnad etdiyi həmin prinsiplərdə diqqəti çəkən müsbət məqam dilucu olsa da "işğal" sözünün işlədilməsi və Amerikanın "Dağlıq Qarabağ respublikası"nı tanımayacağı ilə bağlı mövqeyinin ortaya qoyulmasıdır. Bununla yanaşı həmin prinsiplərdə "aralıq statusu"nun" verilməsi təklifi də var ki, bu, əvvəlki pozitiv yanaşmaları alt-üst edir.
"Göründüyü kimi bu gün daha çox həmsədrlərin özünün Dağlıq Qarabağ münaqişəsinə vicdanlı yanaşmalarına ehtiyac var. Əgər həmsədrlər münaqişə ilə bağlı vicdanlı müzakirələr aparmaq niyyətindədirlərsə, o zaman Ermənistanı işğalçı dövlət kimi qınamalı və erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından geri çəkilmələri tələbi ilə çıxış etməlidirlər. Ermənistanın işğalçılıq siyasəti pislənməlidir. Həmsədr dövlətlər vaxtaşırı Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edir, tərəfləri beynəlxalq hüquq normalarına uyğun hərəkət etməyə dəvət edirlər. Həmsədrlər BMT-nin erməni işğalına qarşı qəbul etdiyi 4 qətnamənin icraasını, eləcə də digər beynəlxalq qurumların Azərbaycan toraqlarının işğaldan azad olunmasını təsbit edən qətnamələrini yada salmaq istəmirlər. Bu nə dərəcədə vicdanlı yanaşmadır ki, Azərbaycanın 20 faiz torpaqları işğal olunub, milyondan çox əhalisi öz torpağında məcburi köçkün vəziyyətində yaşamağa məcbur edilib, amma buna qarşı heç bir tədbir görülmür?! Həmsədr hansı vicdanlı müzakirədən danışır ki, bir dəfə də olsun Azərbaycana qarşı həyata keçirdiyi işğalçılığa görə Ermənistanı qınamayıb. İşğalçını işğala məruz qoyulan dövlətlə eyni səviyyədə tutmaq, əksər hallarda müdafiə etmək, ona maddi yardımlar göstrəmək nə dərəcədə beynəlxalq hüquqa söykənir və nə dərəcədə vicdanlı ola bilər?! Yaxud, nəyə görə, həmsədrlər Xocalı soyqırımı ilə bağlı Ermənistana heç bir söz demirlər. Əksinə Fransa prezidenti Fransua Oland Bakıda susub, Ermənistana gedəndə isə "Erməni soyqırımı"ndan danışdı. Üstəlik Türkiyəni bu "soyqırımı" tanımağa dəvət etdi. Budur, həmsədrlərin münaqişəyə vicdanılı yanaşmaları?!?- politoloq deyib.
Onun sözlərinə görə, amerikalı həmsədr Qarabağ münaqişəsinin həlli üçün "vicdanlı müzakirəyə ehtiyac var" deyərkən, daha çox özlərinin fəaliyyətlərində dəyişiklik etməyi düşünməlidirlər. Həmsədrlər işğalçını adı ilə çağırıb məsələyə ədalətli yanaşsalar, münaqişə tez bir zamanda həllini tapa bilər: "Əks təqdirdə Azərbaycanın "səbr kasasının" dolduğu bir məqam olacaq.