“BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsinin həllinə prioritet kimi baxmalıdır” Siyasət

“BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsinin həllinə prioritet kimi baxmalıdır”

Peter Teys: "Ermənistanın Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməlidir"

"2017-ci ilin əvvəlində Ankara Moskva ilə əməkdaşlığını və hərbi partnyorluğunu inkişaf etdirməyə başladı. Rəcəb Tayyib Ərdoğan baş nazir kimi fəaliyyət göstərdiyi vaxtlarda və eləcə də prezidentliyi dövründə ən yaxşı qərarlardan birini verib, Rusiya ilə strateji partnyorluğu inkişaf etdirib".
Bu fikirləri ABŞ-dan olan siyasi ekspert Peter Teys bildirib. O qeyd edib ki, hazırda Ankara ilə Vaşinqton arasında münasibətlər xoşagəlməzdir.
Ekspert vurğulayıb ki, Türkiyə NATO-nun uzunmüddətli üzvü olmasına baxmayaraq, Moskva ilə münasibətləri daha da yaxşılaşdırmaq üçün addımlar atıb: "Lakin Qərbi Avropanın, ABŞ-ın Rusiya ilə münasibətləri çox aşağı səviyyədədir".
Həmçinin Türkiyənin Rusiyadan S-400 raketləri almasına münasibətində ekspert qeyd edib ki, Türkiyə bununla alyansla bağlanmış müqavilələrdən heç birini pozmayıb.
Regiondakı vəziyyətə gəlincə, P.Teys bildirib ki, Ermənistan "İskəndər" raketləri ilə Azərbaycanı təhdid etməkdədir: "Hesab edirəm ki, Yerevanın Cənubi Qafqazda düşmənçilik siyasətinin nəticəsi olaraq Türkiyə - Moskva münasibətləri pozula bilər".
"BMT də daxil olmaqla bütün beynəlxalq təşkilatlara yenidən xatırlatmalıyıq ki, Cənubi Qafqazın iki dövləti arasında münaqişə 1988-ci ildən Ermənistanın Azərbaycan ərazilərinə iddialarından sonra başlayıb. Azərbaycan əraziləri 1988-ci ildən 1993-ci ilə qədər işğal edilib və o vaxtdan beynəlxalq birlik buna göz yumur",- deyən Teys BMT-nin Nyu-Yorkda keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gözləntilərindən danışıb: "Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal edib. Dünya hələ də buna göz yumur. Ötən 20 il ərzində Ermənistan BMT TŞ qətnamələrinə, beynəlxalq hüququn qanunlarına əməl etməyib, zorakılığa davam edib. Münaqişə nəticəsində 3 000-dən çox insan öldürülüb, öldürülənlərdən çoxu isə Azərbaycan əsgərləri və günahsız insanlardır. Bundan əlavə, Azərbaycanın mədəniyyət nümunələri zorakılığa məruz qalıb. BMT-nin 72-ci sammitində Dağlıq Qarabağa dair iki qətnamə müzakirəyə təqdim ediləcək. Ötən illər ərzində günahsız Azərbaycan əhalisi öldürülüb, hücuma məruz qalıb. BMT münaqişənin həllini və sülhü Cənubi Qafqazda təşviq etməldir".
Politoloq hesab edir ki, hazırda BMT TŞ-nın qətnamələrinin yerinə yetirilməsi ilə bağlı heç bir mexanizm yoxdur: "BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsinin həllinə prioritet kimi baxmalıdır. BMT-nin baş katibi Ermənistan və Azərbaycan Prezidentlərinə təsir etməklə yenidən danışıqlar masasına gətirməlidir, həmçinin Ermənistanın Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməlidir".