Qüdrət Həsənquliyev: “Morninqstar nəyinsə müqabilində bunu edir” - MÜSAHİBƏ Siyasət

Qüdrət Həsənquliyev: “Morninqstar nəyinsə müqabilində bunu edir” - MÜSAHİBƏ

"Özünə hörmət edən ölkədə buna cavab verilməli idi, verildi də"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

- ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın müsahibəsinə ilk etiraz bildirənlərdən biri də siz olmusunuz. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da bununla bağlı müsahibə vermişdi. Ancaq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müsahibəsinin ritorikası daha kəskindir...

- Birmənalı şəkildə adekvat mövqedir. Ramiz Mehdiyevin cavabının bu cür kəskin olmasının səbəbi Riçard Morninqstarın müsahibəsinin tonuna və ritorikasına tam uyğundur. Bundan əvvəl hansısa ölkənin səfirinin fəaliyyət göstərdiyi ölkəni Maydan hadisələrinin təkrarlanması ilə hədələməyini xatırlamıram. Maydan hadisələri Ukraynanın bir dövlət olaraq suverenliyini, ərazi bütövlüyünü təhlükə altına alıb, böyük faciələrə yol açıb, bu ölkənin dövlətçiliyini təhlükə altında qoyub. Artıq Ukrayna ərazisinin bir hissəsini – Krımı Rusiya öz yuridiksiyasına keçirib, Ukraynanın bütün şərq regionları isə rəsmi Kiyevin nəzarətindən çıxıb. Ölkədə qan tökülür, hər gün onlarla insan ölür, etiraf olunmamış bir vətəndaş müharibəsi başlayıb. Nəzarətdən çıxmış proseslərin necə nəticələnəcəyini, sabah nələrin baş verəcəyini də heç kəs proqnozlaşdıra bilməz. Tamamilə anarxiya, başıpozuqluq və idarə olunmaz bir durum var, iqtisadi durum gündən-günə ağırlaşır. Regionun böyük dövlətlərindən biri artıq dağılmaq ərəfəsindədir. Azərbaycanda isə siyasi sabitlik mövcuddur, bütün problemlərə baxmayaraq iqtisadiyyat inkişaf edir. Yeri gəlmişkən, biz bu yaxınlarda Milli Məclisin sədri Oqtay Əsədovla Xorvatiyada səfərdə idik. Xorvatiyada bizim heyəti çox böyük hörmətlə qəbul etdilər. Sözsüz ki, bu, Azərbaycanın nüfuzu, iqtisadi gücü ilə bağlıdır. Xorvatiya Azərbaycanla sıx əməkdaşlıq qurmaqda maraqlı olan bir ölkədir. Azərbaycana qarşı bu qədər marağın olduğu məqamda ölkəni bu cür təhdid etmək həm rəsmilərin, həm də ölkənin ictimai-siyasi həyatında milli maraqları hər şeydən üstün tutan qüvvələrin ciddi və haqlı narazılığına səbəb olub. O baxımdan düşünürəm ki, Ramiz Mehdiyev məhz bu və digər məqamlara görə etirazını bildirib.
Riçard Morninqstarın müsahibəsində ikinci məqam odur ki, faktiki Azərbaycan xalqı və dövləti aşağılanır. Səfir Azərbaycanın müstəqilliyinin qarantının ABŞ və Avropa Birliyi olduğunu bildirir. Bu da çox yersiz və acı istehza doğuran açıqlamadır. Çünki əgər bu gün ABŞ imza ataraq müstəqilliyi və ərazi bütövlüyünə qarant olduğu Ukraynanın suverenliyini qoruya bilmirsə, hamının gözünün qabağında sözçülüklə məşğuldursa, bir-iki nəfərə sanksiya tətbiq etməklə işini bitmiş sayırsa, məhz bu məqamda belə açıqlama verilməsi heç yerində deyil, hətta gülüş doğurur.

- Məsələyə başqa prizmadan yanaşaq. Bir anlıq təsəvvür eləyək ki, Azərbaycanın ABŞ-dakı səfiri bu cür ritorikayla bir müsahibə verib...

- Azərbaycanın səfiri ABŞ-da bir dəqiqə də saxlamazdılar, dərhal "persona non-qranta" elan edib, arzuolunmaz şəxs kimi ölkədən çıxarardılar. Buna heç kimin şübhəsi olmamalıdır. Tutaq ki, dinc, "məxməri inqilab"ın olduğu və inqilab nəticəsində yüksək inkişafa nail olmuş ölkələr nümunə göstərilə bilərdi. Amma Ukraynada baş verən inqilab həm dağıdıcı, qanlı, həm də ölkəni parçalamış, vətəndaş müharibəsinə sürükləmiş, iqtisadi baxımdan çökdürmüş bir inqilabdır. Belə bir inqilabın nümunə çəkilməsi, həm də regionda kifayət qədər gərginliyin olduğu dövrdə postsovet məkanında belə bir müsahibənin ortaya çıxması sözsüz ki, hökuməti və ictimaiyyəti ciddi narahat edir. Həm də narahatlığın miqyası onunla bağlıdır ki, hamı Ukraynada inqilabın bu cür qanlı baş tutmasının səbəbkarlarının ABŞ olduğunu bilir. ABŞ və Avropa Birliyi açıq şəkildə Maydana toplaşanları dəstəklədi və seçilmiş prezidentin dekabr ayında təyin etdiyi prezident seçkilərinin keçirilməsini nəzərdə tutan sazişə əməl etməsinə imkan vermədi. Məhz ABŞ-ın iştirakı ilə Ukrayna bugünkü arzuolunmaz günə salınıb. Əgər bir ölkəni, bir xalqı zəlil günə qoyan həmin ABŞ Azərbaycanı hədələyirsə ki, siz də o günə düşə bilərsiniz, bu, çox ciddi qəbul edilməli idi. Əslində mən Xarici İşlər Nazirliyinin verdiyi açıqlamanı kəskin tənqid etmişdim. Bildirmişdim ki, nazirliyin açıqlaması səfirin müsahibəsinin tonuna adekvat deyil.
Mən başa düşürəm ki, ABŞ dünyanın super gücüdür və bu güclə hesablaşmaq lazımdır. Eyni zamanda düşünürəm ki, ABŞ Azərbaycanın müstəqil dövlət olduğunu qəbul etməli və bu həqiqətlə hesablaşmalı, bərabərhüquqlu danışmağı bacarmalıdır. İkincisi, məsələnin başqa tərəfi var. ABŞ-ın Azərbaycanla bu ritorika ilə danışmağa mənəvi haqqı varmı?!

-Bunu soruşmaq istəyirdim. Riçard Morninqstar əvvəllər də qeyd edib ki, bəzən Azərbaycan ABŞ üçün daha çox fəaliyyət göstərdiyini düşünür, amma ABŞ Azərbaycan üçün daha çox dəstək olub...

- Morninqstar haqlıdı, ABŞ Azərbaycan üçün çox şey edib, amma təəssüf ki, mənfi mənada. Dağlıq Qarabağ münaqişəsinin bu qədər davam etməsində və Ermənistanın işğalçılıq siyasətini həyata keçirməsində ABŞ-ın xidmətləri kifayət qədər böyükdür. Ermənistan məhz Rusiyanın dəstəyi ilə torpaqlarımızı işğal edib. Amma burada ABŞ-ın da xüsusi rolu və dəstəyi olub. Məsələn, Ermənistan torpaqlarımızı işğal edəndə, ov silahlarının belə yığıldığı Azərbaycan buna müqavimət göstərəndə ABŞ bizim müqavimətimizi qırmaq üçün 907-ci düzəlişi tətbiq etdi. Amma nəinki Ermənistana, hətta ayrıca subyekt kimi Dağlıq Qarabağ separatçılarına müxtəlif adlar altında hər il milyonlarla yardım edir. Müharibənin ən qızğın vaxtında Azərbaycanın yaxın qonşusu və qardaş xalqı olan Türkiyənin hökumətini məcbur etdilər ki, Ermənistana ərzaq yardımı göstərsin. Daha sonra Türkiyəyə Sürix protokolunu imzalayıb sərhədləri açması üçün təzyiq etdilər. Ona görə də ABŞ-ın Azərbaycanla bu ritorikada danışmağa mənəvi haqları yoxdur.

- Bu gün xüsusilə sosial şəbəkələrdə belə bir fikir müzakirə olunurdu. Niyə məhz ABŞ bu cür sərt tənqid olunur?

- Bu, doğru yanaşma deyil. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı sərhədləri, səlahiyyət hədlərini aşaraq açıqlama verən istənilən şəxs, hansı ölkəni təmsil etməsindən asılı olmayaraq çox sərt, adekvat reaksiya ilə üzləşib. Azərbaycan Rusiya, İran, hətta Türkiyədən də, digər Avropa ölkələrindən də ölkənin ərazi bütövlüyünü, suverenliyini təhdid edən istənilən açıqlamaya çox sərt reaksiya, bir çox hallarda nota verib. Amma açıq deyim ki, Azərbaycanın bu formada inqilabla hədələnməsi də birinci dəfədir və ona görə də düşünürəm ki, bu məsələyə dövlət rəhbərliyi səviyyəsində belə korrekt və açıq reaksiya verilməsi tam doğrudur.

- Dünən AŞPA Bürosu 2 il ərzində Bakıda tədbirlərinin keçirilməməsi barədə qərar qəbul edib. Bunu sanksiya kimi nəzərdə tuturlar. Bu da Rene Rukenin qeyri-qanuni Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyi üçün ölkəyə buraxılmaması ilə əlaqədardır. Avropa Şurasının bu qərarını doğru sayırsınız?

- Həm Avropa Şurasının qəbul etdiyi bu qərar, həm də ABŞ səfirinin bu tip açıqlamaları, eyni zamanda Fransa səfirinin Leyla Yunusla bağlı mövqeyi burda onların özlərininki hesab etdikləri bəzi jurnalistlərin, ictimai-siyasi həyatda olan fəalların həbsi ilə bağlıdır.

- Siz səfirin müsahibəsi, AŞPA-nın qərarı və Fransa səfirinin hərəkətlərinin bir biri ilə bağlı olduğunu düşünürsünüz?

- Əlbəttə, burada qətiyyən təsadüfdən söhbət gedə bilməz. Planlaşdırılmış, razılaşdırılmış şəkildə bir fəaliyyət, təzyiqdir. Onları qıcıqlandıran odur ki, Azərbaycan hakimiyyəti özündə haradan cəsarət tapıb ki, onlarla birbaşa işləyən, maliyyələşdirdikləri QHT rəhbərlərini, yaxud jurnalistləri həbs edib. Mən hökumətin bu hərəkətlərinin hüquqi əsaslarının olub-olmadığı məsələsini dartışmıram. Özüm də müraciət etmişdim ki, o insanlar əfv olsunlar və bu gərginlik də müəyyən mənada aradan qalxsın. Qarşıdan 28 may Respublika Günü gəlir, çox istərdim ki, bu şəxslər bayram ərəfəsində əfv edilsinlər. Amma söhbət bu cür hikkədən, isterik açıqlamaların verilməsindən, Azərbaycana açıq təzyiq edilməsindən, hədə ilə danışılmasından gedir. Bu, qəbul olunmazdır. Əgər hansısa dövlət və ya beynəlxalq təşkilat hesab edirsə ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı problem var, o dövləti inqilabla hədələməklə yox, etik çərçivədə, lazım olarsa, bağlı qapılar, bəzən ictimai müzakirələr açmaq yolu ilə də bu məsələləri hökumətin diqqətinə çatdıra bilər. Mən o prinsipi tam qəbul edirəm ki, insan haqları, demokratiya məsələsi heç bir dövlətin daxili işi deyil. Azərbaycan hökuməti də bunu qəbul edir və üzərinə öhdəliklər götürüb. Amma tutaq ki, hansısa bir ölkə bu öhdəliyi pozubsa və həmin ölkədən açıq hədələr formasında həmin şəxslərin azad edilməsini tələb edirlərsə, bu, yolverilməzdir, bu, bir çox hallarda əks reaksiyalar doğurur. Nəinki bu sahədə vəziyyəti yaxşılaşdırır, əksinə, gərginliyi bir az da artırır. Ona görə də məncə, onlar bunun fərqindədirlər və fərqində olmalıdırlar. Həm də onlar hesab edirlər ki, insan hüquqları pozulub, Azərbaycan hökuməti deyir ki, söhbət qanun pozuntusundan gedir.
Konkret səfirin müsahibəsində isə mənim ciddi şübhələrim olan bir məqam da var. Mənə maraqlıdır ki, niyə ABŞ səfiri Azərbaycanda səlahiyyət müddətinin bitməsinə bir-iki ay qalmış belə açıqlamalar verir?! Bilirik ki, ABŞ və Fransada ciddi erməni lobbisi var. Bu erməni lobbisi bütün gücü ilə çalışır ki, həm diplomatik korpus vasitəsi, həm də o dövlətin ayrı-ayrı millət vəkillərini, dövlət adamlarını, xarici siyasəti müəyyənləşdirən adamları ələ almaqla niyyətlərini həyata keçirsinlər. Erməni lobbisi kifayət qədər geniş maliyyə imkanlarına malikdirlər. Hətta ayrı-ayrı siyasətçiləri şantaj etmək, karyeralarında ciddi problemlər yaratmaq gücünə malikdir. Digər tərəfdən, ABŞ-da lobbi fəaliyyəti qanuniləşdirilmiş bir fəaliyyətdir. Məsələn, ermənilər ayrı-ayrı səfirləri, diplomatları ələ almaqla çalışırlar ki, onların dili ilə müxtəlif bəyanatlar verməklə dövlətlər arasında gərginlik yaratsınlar. Riçard Morninqstar deyir ki, Azərbaycan hökuməti monolit deyil. Mən hesab edirəm ki, ABŞ hökumətinin özü də monolit deyil. Ramiz Mehdiyev də müsahibəsində qeyd edir ki, Metyu Brayza Azərbaycana səfir təyin edilərkən o zaman prezident Barak Obamanın hansı problemlərlə qarşılaşmasını və erməni lobbisinin gücünü müşahidə etdik. Səbəb o idi ki, Metyu Brayzanın həyat yoldaşı türk olduğu üçün Azərbaycana səfir təyin etmək olmaz. Bir bu amilə görə qoymadılar ki, Barak Obama Metyu Brayzanı Azərbaycana səfir təyin etsin. Barak Obama ABŞ Senatı tətildə olan zaman Metyu Brayzanı 1 il müddətinə Azərbaycana səfir təyin etdi. Bir il sonra da yeni səfir təyin etməyə məcbur oldu.
Mən bu fikirdəyəm ki, Riçard Morninqstar səlahiyyət müddətinin başa çatdığını bilir və erməni lobbisindən ya aldığı, ya da gələcəkdə alacağı dəstək barədə düşünür. Söhbət ondan getmir ki, bu, bəxşiş formasında olacaq, yaxud həmin erməni lobbisi gələcəkdə ABŞ-da karyerasının çiçəklənməsinə rol oynayacaq. Riçard Morninqstar bu açıqlamaları verməklə həm də ABŞ-Azərbaycan münasibətlərini gərginləşdirib, bu istiqamətdə Ermənistana "öz töhfəsini" verib getmək istəyir ki, ABŞ-a qayıdan sonra erməni lobbisi ona yaxşı karyera qurmağa yardımçı olsun. Riçard Morninqstar nələrinsə müqabilində bunu edir. Burada səbəblər toplusu var. Riçard Morninqstarın açıqlamalarını yalnız onlara yaxın şəxslərin tutulması ilə əlaqələndirilməsini tərəfdarı deyiləm. Əsas səbəb ermənipərəstliklə bağlıdır.
Mən hesab edirəm ki, bu cür məsələlər təkcə hakimiyyətin cavab verməli olduğu məsələ deyil. Ölkənin taleyini düşünən, sabitlik tərəfdarı olan siyasətçilər, ictimai fəallar, media, vətəndaş cəmiyyəti institutları belə təhdidlərə qarşı öz etirazlarını bildirməlidirlər. Özünə hörmət edən ölkədə buna cavab verilməli idi və verildi də.