“Xəzəryanı dövlətlər su səthinin bölgüsü ilə bağlı saziş imzalayacaq“ Siyasət

“Xəzəryanı dövlətlər su səthinin bölgüsü ilə bağlı saziş imzalayacaq“

"Razılaşdırılan konvensiya layihəsində Xəzərin təkinin üzbəüz və yanakı dövlətlər arasındakı ikitərəfli sazişlər əsasında sektorlara bölünməsi nəzərdə tutulub". Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
X. Xələfov bildirib ki, Xəzərin təkinin bölgüsündə orta xətt və yaxud hər hansı vahid prinsip nəzərdə tutulmayıb.
Nazir müavini qeyd edib ki, Azərbaycanla Türkmənistan və İran arasında da bu sahədəki məsələlər ikitərəfli saziş əsasında həllini tapmalıdır.
"Razılaşdırılan Konvensiya layihəsində Xəzərdə su səthinin bölgü prinsipi əksini tapıb. 15 millik suverenlik zonasına dövlətin suverenliyi şamil olunur, dövlətin ərazisi 15 mildə davam edir. 15 mildən sonra 10 mil də balıqçılıq zonası müəyyənləşdirilib. Qalan su səthi ümumi istifadədə olacaq"-deyən X. Xələfov bildirib ki, su səthinin bölünməsi ilə bağlı bölgü prinsipləri ayrıca sazişlə razılaşdırılacaq və qəbul olunacaq.
"Qazaxıstan prezidentiNursultan Nazarbayev gələn ilin birinci yarısında konkret tarixdə Xəzəryanı dövlət başçılarının sammitinin keçirilməsi barədə təklif verəcək. Tədbirin tarixi Xəzəryanı dövlətlərin başçıları ilə razılaşdırılacaq"-deyən nazir müavini vurğulayıb ki, o vaxtadək razılaşdırılmış Konvensiya layihəsi müvafiq dövlətlərdə daxili prosedurlardan və digər texniki mərhələlərdən keçəcək.
Xələf Xələfov, eyni zamanda, bildirib ki, Rusiya və Azərbaycan arasında demarkasiyanın həyata keçirilməsi üçün dövlət komissiyası mövcuddur:"Bu komissiya indiyə qədər bütün normativ hüquqi sənədləri qəbul edib".
X. Xələfov deyib ki, hazırda qəbul edilmiş, razılaşdırılmış plan əsasında sərhəddə konkret sərhəd işarələrinin qoyulması və müvafiq qurğuların quraşdırılması ilə bağlı fəaliyyətlər həyata keçirilir: "Bu iş gələn il də davam etdiriləcək. Biz diplomatik kanallar vasitəsilə komissiyaların rəhbərləri arasında görüşləri razılaşdırırıq. Bu, daimi prosesdir ".
Nazir müavini Azərbaycanla Gürcüstan arasında delimitasiya prosesinin isə hələ bitmədiyini qeyd edib: "Komissiyalar danışıqları davam etdirir. Gürcüstanla bu il delimitasiya ilə bağlı belə məsləhətləşmə həyata keçirmək planımız var idi, ancaq bunu edə bilmədik. Yəqin ki, gələn ilin əvvəllərindən başlayaraq Gürcüstanla danışıqları davam etdirəcəyik. Müəyyən sahələrdə razılaşma əldə olunmursa, danışıqlar davam etdirilir. Bu, uzun, çox da asan olmayan prosesdir. Elə olur ki, hər bir sahə üzrə aylarla müzakirə aparılır".