TürkPA Yekun Bəyannamə qəbul edib Siyasət

TürkPA Yekun Bəyannamə qəbul edib

Sənəddə terrorizmin bütün formaları kəskin pislənib, üzv dövlətlərin terrorizm əleyhinə əməkdaşlığının vacibliyi vurğulanıb

Dünən TürkPA-nın V iclası çərçivəsində mətbuat nümayəndələri üçün brifinq keçirilib. Brifinqdə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qazaxıstan Parlamenti Məclisinin sədri Kabibulla Djakupov, Qırğızıstan Jogorku Keneşinin sədri Asilbek Jeenbekov iştirak ediblər.
İlk olaraq çıxış edən TBMM-nin sədri Cəmil Çiçək bildirib ki, türkdilli ölkələr arasında ortaq əməkdaşlıq hökm sürür: "Bu təşkilat ortaq dəyərlərin qorunub saxlanılmasında mühüm rol oynayır. Dolayısı ilə, TürkPA birlikdə böyütməyə məcbur olduğumuz övladımız kimidir. Bu gün V plenar iclası keçiririk. Növbəti VI iclas isə gələn ilin iyun ayında Qazaxıstanın paytaxtı Astanada baş tutacaq. Bu da o deməkdir ki, böyütməyə çalışdığımız uşaq artıq iməkləmə dövrünü keçmiş, artıq həm daxildə, həm də xaricdə öz varlığını göstərməyə, problemlərimizi birlikdə həll yolu tapmağa, bir çox sahələrdə iş birliyi etməyə daha da çox şərait yaratmış olur".
Qırğızıstan Jogorku Keneşinin sədri Asilbek Jeenbekov isə deyib ki, gələn il təşkilatın tərkibində Özbəkistanın çıxışına ümid edirlər. Daha sonra çıxış edən TürkPA-nın fəaliyyətdə olan sədri, Milli Məclisin sədri O. Əsədov bildirib ki, təşkilat 4 il ərzində böyük nailiyyətlərə imza atıb: "Macarıstan əvvəllər qurumda qonaq qismində iştirak edirdi, lakin bu il adıçəkilən ölkə TürkPA-nın müşahidəçisi qismində çıxış edir. İnanıram ki, gələcəkdə Türkmənistan və Özbəkistan da bu təşkilatın tərkibinə qatılacaqlar".
Məlumat üçün bildirək ki, 5-ci plenar iclasda Macarıstana qurumda müşahidəçi statusunun verilməsi müzakirəyə çıxarılıb. Milli Məclisin və TürkPA-nın hazırkı sədri Oqtay Əsədov iclasda bildirib ki, bu təklif Macarıstanın rəsmi xahişi ilə gündəliyə salınıb. O deyib ki, bu məsələ uzun zamandır üzv ölkələr arasında müzakirə olunur.
Təklif səsə qoyularaq qəbul edilib və Macarıstana TürkPA-da müşahidəçi statusu verilib. Macarıstan parlamentinin sədr müavini Sandor Lezsak üzv ölkələrə təşəkkürünü bildirib və Macarıstanın bu etimadı doğrultacağına söz verib.
Onu da qeyd edək ki, Türkdilli ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələr qurumun Bakıda keçirilən 5-ci plenar iclasının yekunu olaraq Bəyannamə qəbul ediblər.
Bəyannamə TürkPA-ya üzv ölkələr Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, Qazaxıstan parlamenti və Qırğızıstan Joqorku Keneşi (parlament) tərəfindən imzalanıb. Qəbul olunan sənəddə Assambleya Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində siyasi həllinə tərəfdar olduğunu bəyan edib. Bakı Bəyannaməsində ilk olaraq iyunun 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkiyənin Bodrum şəhərində keçirilmiş 4-cü Zirvə toplantısında qəbul edilmiş Bəyannaməyə dəstək bildirilir. Bundan başqa, TürkPA suverenlik, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək prinsiplərinə hörmət etdiyini bəyan edir.
Bəyannamədə həmçinin TürkPA Türkiyənin İraqdakı diplomatik missiyası və vətəndaşlarına qarşı edilən hücumlar qətiyyətlə pislənir, Türkiyə konsulluğu əməkdaşlarının və vətəndaşlarının azadlığa buraxılması tələb edilir. TürkPA Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında siyasi həllinin əhəmiyyətini ifadə edir və münaqişənin həllinin regionda sülh, sabitlik və inkişafı bərqərar edəcəyinə, tam təşəkkül tapmış regional əməkdaşlıq üçün şərait yaradacağına inamını bir daha təsdiq edir. Eyni zamanda Parlament Assambleyası terrorizmin bütün formalarını kəskin pisləyir və üzv dövlətlərin terrorizm əleyhinə əməkdaşlığının vacibliyini vurğulayır.