“Cənub Qaz Dəhlizi işə düşəndən sonra...” Siyasət

“Cənub Qaz Dəhlizi işə düşəndən sonra...”

Vahid Əhmədov: "Azərbaycana əlavə dividentlər gətirəcək"

Asim Mollazadə: "Cənub Qaz Dəhlizi böyük siyasi mahiyyətə malikdir"

Tahir Mirkişili: "Xəzərin qaz ehtiyatının Avropaya çatdırılması Avropa İttifaqının özü üçün də həyati əhəmiyyət kəsb edir"

Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Ekspertlər Cənub Qaz Dəhlizinin Azərbaycana nə verəcəyini şərh ediblər.
Millət vəkili Vahid Əhmədov deyib ki, Cənub Qaz Dəhlizi çox əhəmiyyətli bir layihədir. O qeyd edib ki, bu layihənin həyata keçirilməsi üçün çox əziyyətlər çəkilib: "Bu layihənin gerçəkləşməsinə imkan vermək istəməyən dövlətlər var idi. O cümlədən qonşu dövlətlər istəyirdilər ki, Azərbaycan öz qazını onların əraziləri vasitəsilə ixrac etsin. Amma cənab Prezident qərar verdi ki, bu layihə Gürcüstan-Türkiyə vasitəsilə Avropaya çıxarılacaq və 2013-cü ildə bununla bağlı müqavilə imzalandı. Bu layihənin tərkib hissəsi olan TANAP və TAP layihələri istifadəyə veriləcək. Layihə 2020-ci ilədək yekunlaşmalı, ildə təxminən 30-31 milyard kubmetr qaz ixrac olunmalıdır. Layihənin ümumi dəyəri 40 milyard dollardır. Yəni, bu layihə bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın kifayət qədər - milyard kubmetrlərlə ölçülən qaz ehtiyatı var.
Ona görə də Cənub Qaz Dəhlizi bizim üçün əlavə gəlir mənbəyidir. Bu layihə işə düşəndən sonra artıq Azərbaycana əlavə dividentlər gətirəcək". Vahid Əhmədov qeyd edib ki, belə layihələr həm də siyasi cəhətdən böyük əhəmiyyət kəsb edir: "Azərbaycan müstəqil dövlətdir. Dövlət başçısı müstəqil siyasət aparır. Amma bu siyasəti, eləcə də Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq üçün belə layihələr önəmlidir. Necə ki, 1994-cü ilin sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Bu da faktiki olaraq XX əsrin həmin müqaviləsinə bənzər bir müqavilədir. Yəni, bizim üçün həm siyasi, həm də iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edir". O, layihənin əleyhinə olan dövlətlərdən də danışıb: "Bunlardan birincisi Rusiya idi. Şimal qonşumuz təkidlə tələb edirdi ki, Azərbaycan öz qazını Rusiya ərazisi vasitəsilə ixrac etsin. Rusiya Prezidenti, Baş naziri, "Qazprom"un sədri dəfələrlə Azərbaycana gəldilər. Onlar deyirdilər ki, bizim hazır kəmərlərimiz var, qazı bizə verin, biz onu Rusiya ərazisi vasitəsilə dünya bazarına çıxaraq. Amma dövlət başçısı bütün məsələləri nəzərə alırdı. Avropa ölkələri ilə müəyyən danışıqlar aparırdı və sair. Nəhayət, öz siyasi iradəsini ortaya qoydu və qaz Türkiyə vasitəsilə Avropaya çıxarıldı". Vahid Əhmədov İranın da bu məsələdə öz maraqlarının olduğunu vurğulayıb: "Regionda qaz ehtiyatlarına malik bir neçə ölkə var. Onlardan biri Rusiyadırsa, digərləri İran, Türkmənistan və Qazaxıstandır. İndi biz çalışacağıq ki, gələcəkdə türkmən və qazax qazını dəniz vasitəsilə bu kəmərə vuraq, bu yolla dünya bazarına çıxaraq. Yəni, bu cür danışıqlar var. Qaz ixracı ilə məşğul olan digər qonşu dövlətlərdən İran da çalışırdı ki, biz qazı Gürcüstan və Türkiyə vasitəsilə deyil, onların ərazisi vasitəsilə kənara çıxaraq".
Deputat Asim Mollazadə diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizi layihəsi iqtisadi layihə olmaqla yanaşı, eyni zamanda, böyük siyasi mahiyyətə malikdir: "Çünki, Avropanın enerji təhlükəsizliyində bu layihənin böyük rolu var. Məhz buna görə də ABŞ və Avropa Birliyi bu layihənin həyata keçirilməsinə ciddi dəstək verir". Deputatın sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi ilə yanaşı, dostluq layihəsinə də çevrilib: "TANAP və TAP-da daxil olmaqla bu layihə Türkiyə ilə Yunanıstan arasında dostluq layihəsinə çevrilməklə yanaşı, Avropanın Şərqi ilə Qərbini birləşdirmiş oldu. Layihə çərçivəsində ortaq maraqlarla yanaşı əməkdaşlıq artır". A.Mollazadə bildirib ki, Azərbaycanın həyata keçirdiyi mühüm layihə gələcəkdə Orta Asiya dövlətlərinin dünyaya çıxışı üçün bir modeldir. Deputat qeyd edib ki, TANAP və TAP-da daxil olmaqla bu layihə təkcə Avropa ölkələri deyil, Türkiyə, Gürcüstan üçün də böyük önəmi var: "Hazırda aparılan danışıqlara əsasən İsrail qazının bizim boru xətləri ilə Avropaya gedə bilər. Bunun özü də təkcə Avropa ölkələri deyil, bir sıra digər ölkələrin də marağını əhatə edir". Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iqtisadi, enerji layihələrini yüksək qiymətləndirən deputat deyib ki, bütün bunlarla yanaşı, mədəniyyətimiz, xalqımızın strateji tarixi ənənələrinin dünyaya çatdırılması istiqamətində ciddi işlər görülməsinə ehtiyac var.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Cənub Qaz Dəhlizinin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin neft-qaz sahəsində həyata keçirdiyi yüksək siyasətin uğurlarından biridir. Layihənin Azərbaycana böyük uğur gətirəcəyini dilə gətirən komitə sədri söyləyib ki, Cənub Qaz Dəhlizinin açılış mərasimində ABŞ, Böyük Britaniya və digər ölkə rəsmilərinin iştirak edərək dəstəkləməsi ölkəmizin neft qaz sahəsində əldə etdiyi uğurların bariz nümunəsidir. ABŞ prezidenti Donald Tramp, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın baş naziri Tereza Meyin layihə ilə bağlı Dövlət başçımıza təbrik məktubları ünvanlandığını xüsusi vurğulayan E.İbrahimov söyləyib ki, ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsini dəstəkləməsi böyük nailiyyətdir: "Bütün bunlar göstərir ki, Azərbaycanın tərəfindən həyata keçirilən layihələr bütün ölkələr tərəfindən yüksək şəkildə dəstəklənir. Çünki, layihə təkcə ölkəmiz üçün deyil, bütün Avropa üçün mühümdür. Cənub Qaz Dəhlizinin keçdiyi bütün ölkələr bu layihədən bəhrələnəcəklər. Bu amil layihənin dəstəklənməsi üçün əsas şərtdir ki, bu da bizim xeyrimizədir". Komitə sədri qeyd edib ki, layihənin şəkildə dəstəklənməsi onun yüksək səviyyədə reallaşması üçün vacib amillərdəndir: "Bu, Azərbaycan tərəfindən həyata keçirilən ilk layihə deyil. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, Bakı-Tbilisi-Qars kimi dünya əhəmiyyətli mühüm layihələri reallaşdıran ölkəmiz Cənub Qaz Dəhlizi ilə ilk qazı vurmaqla növbəti uğuruna imza atmış oldu.
Millət vəkili, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib ki, Cənub Qaz Dəhlizi layihəsi dünyanın ən böyük qaz ixracı layihələrindən biridir: "Xəzərin qaz ehtiyatının Avropaya çatdırılması həm region, həm də Azərbaycan üçün iqtisadi və geosiyasi əhəmiyyət daşısa da, Avropa İttifaqının özü üçün enerji təhlükəsizliyinin təmin edilməsində və rəqabətli qiymət əldə etməkdə həyati əhəmiyyət kəsb edir. Çünki məhz Avropanın cənub və cənub-şərq hissəsindəki ölkələrə Azərbaycan qazını çatdırmağı nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi bu ölkələrin qazla təmin olunmasında mühüm bir əhəmiyyət kəsb edəcək".
Bildirib ki, layihənin Azərbaycan və Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz boru kəməri layihəsi tam icra olunmuş vəziyyətdədir: "Türkiyə ərazisindən keçən TANAP layihəsinin də önümüzdəki ay işə düşəcəyi ilə bağlı məlumatlar verilib. O cümlədən, qısa müddətdən sonra TAP layihəsinin işə düşməsi ilə mavi yanacağın 2020-ci ildə artıq Avropa bazarlarına çatdırılması nəzərdə tutulur. Layihə elə planlaşdırılıb ki, boru kəmərləri sonradan öz ixrac həcmini iki dəfəyə yaxın artıra biləcək. Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə ilə ilkin olaraq 16 milyard kubmetrdən çox qazın ixrac olunması nəzərdə tutulur. Daha sonra isə boru kəmərləri ilə ixrac olunan qazın həcminin illik 30 mlrd kubmetrə çatdırılması planlaşdırılır. Avropa İttifaqının cənub və cənub-şərq ölkələrinin illik tələbatı hazırda 30 milyard kubmetrə yaxındır. Qeyd edilən ölkələr üzrə 2025-ci ildə tələbatın 44 milyard, 2030-cu ildə isə 50 milyard kubmetr olacağı proqnozlaşdırılır ki, bu da əslində Azərbaycan qazı üçün iqtisadi cəhətdən böyük bazarın açılması deməkdir".
Millət vəkili düşünür ki, ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsinin uğurlu tamamlanması Azərbaycanın nüfuzunun, iqtisadi imkanlarının, həmçinin dövlət başçısının siyasi nüfuzunun, Azərbaycan-Avropa İttifaqı, Azərbaycan-Gürcüstan-Türkiyə arasında yüksək əməkdaşlığın bariz nümunəsidir.

Əli