ABŞ təkbaşına İranla üz-üzə gəlib Siyasət

ABŞ təkbaşına İranla üz-üzə gəlib

İran-Amerika münasibətləri indi ən gərgin dövrünü yaşayır. Bu təkcə 2015-ci ildə imzalanan 5+1 nüvə razılaşması və Vaşinqtonun buna etiraz etməsi ilə bağlı deyil. Fikrimcə, bu daha çox Tehranın xarici siyasət prioritetləri ilə birbaşa bağlıdır. İranın Suriyada iştirakı, müsəlman aləmində qruplaşmaları, siyasi qüvvələri dəstəkləməsi ilə əlaqəlidir. Bunu politoloq Fikrət Sadıqov ABŞ-İran münasibətlərindəki gərkinliyi şərh edərkən deyib.
Politoloq bildirib ki, artıq zaman dəyişib: "Əgər 2015-ci ilə qədər Qərbin İrana qarşı kəskin mövqeyi nümayiş olunurdusa, indi Avropa bu prosesdə yoxdur. ABŞ təkbaşına İranla üz-üzə gəlib. Vaşinqton hesab edir ki, nüvə sazişi sərfəli deyil, İranın xarici siyasəti dəyişdirilməlidir və s. Sözsüz ki, İran daxilində müəyyən siyasi qüvvələr bu durumdan istifadə etməyə çalışır, bəlkə də Vaşinqtondan dəstək alır. Bunun özü də, regionda müəyyən gərginliyə gətirib çıxara biləcək prosesdir. ABŞ sanksiyalardan sonra hərbi ssenari əsasında addımlar atsa, bu bütövlükdə regiona mənfi təsir göstərər. İran elə bir ölkədir ki, hər cür hücuma müqavimət göstərəcək. İran əllərini qaldırıb təslim olacaq ölkə deyil. İranda kifayət qədər güclü hərbi potensial var. Odur ki, indi əsas məqsəd yaranan gərginliyi diplomatik yolla həll etmək, gərginliyi azaltmaqdır. Əgər belə bir sərt reaksiya varsa, mümkündür ki, İran müəyyən güzəştlərə gedə bilər.
ABŞ-Şimali Koreya münasibətləri daha gərgin idi, amma sonda tərəflər kompromisə gəldilər. İran diplomatiyası da kifayət qədər çevik diplomatiyadır və belə məqamlardan məharətlə istifadə oluna bilər". Mütəxəssis deyib ki, əgər diplomatiya bu problemi çözə bilməsə, ortaya hərbi variant çıxsa, bu regiona ciddi təsir göstərəcək: "Bu zaman ilk olaraq regionda qaçqın problemi yaranacaq. İrandan güclü qaçqın axını baş verəcək. İlk növbədə İranda yaşayan soydaşlarımız biz tərəfə gəlməyə üstünlük verəcək. İkincisi, burada ekoloji problem olacaq. Eyni zamanda bu durum regionda iqtisadi proseslərə zərbələr vurardı. O cümlədən bizim İranla müştərək layihələrimizə problem yaradar. Ancaq bununla belə mən hələlik hərbi variantı istisna edirəm. Düşünmürəm ki, yaranan gərgin münasibətlər sonda hərbi addımların atılmasına gətirib çıxaracaq. Son anda tərəflər güzəştli variant çərçivəsində razılığa gələcək. Pxenyan-Vaşinqton münasibətləri bunu təsdiq edir. Əlbəttə, burada diplomatik vasitələrdən güclü istifadə etmək lazımdır".