Gürcüstandan xain addım Siyasət

Gürcüstandan xain addım

Gürcüstanın tarix boyu separatizm toxumlarının cücərdiyi Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoyması Azərbaycanın sərt reaksiyasına səbəb olub. Bu təşəbbüs özü ilə birlikdə bir çox tərəddüdlü sualları ortaya çıxarıb.
Politoloq Tofiq Abbasov bildirib ki, bu, düşünülmüş təxribatdır. Ümumiyyətlə, özünə düşmən saydığı xalqların ağır günlərini bayram etmək, şadayanalıq qurmaq erməni xalqının ənənəsidir. Çünki onlar insanlıqdan uzaqdırlar. Haqqında danışdığımız hadisə də deyilənləri təsdiq edir: "Təbii ki, bu, əvvəlcədən düşünülmüş bir hadisə idi. Təəssüf ki, bu addıma Gürcüstan dairələri də nəinki mane olmayıblar, həm də dəstək çıxıblar. Gürcüstan Azərbaycana yaxın tərəfdaş olan ölkə kimi belə bir qara aksiyanı həyata keçirməyə icazə verməməli idi. Dəstək veribsə, deməli burada Gürcüstanın bəzi dairələrinin həm marağı var, həm də onların iştirakı mövcuddur. Məsələ Azərbaycanı biganə qoya bilməzdi. Ölkəmizin rəsmi nümayəndəliyi qonşu dövlətin Xarici İşlər Nazirliyinə öz etirazını çatdırıb. Eləcə də Gürcüstanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona da müvafiq münasibət bildirilib. Əgər Gürcüstan öz müttəfiqinə qarşı buraxdığı səhvi silmək istəyirsə, gərək ilk növbədə, Qarabağ müharibəsində iştirak etmiş erməni quldurunun heykəli götürülsün. Çünki əgər heykəl qalırsa, deməli, Gürcüstan torpağında erməni banditinin xatirəsi əbədiləşdirilir. Əlbəttə ki, Azərbaycan bu məsələni burada qoymayacaq. Hesab edirəm ki, bu məsələ öz layiqli həllini tapmayana qədər Azərbaycan-Gürcüstan arasındakı münasibətlərdə müəyyən çətinliklər olacaq".
Politoloqun sözlərinə görə, Ermənistan ciddi cəhdlə hərəkət edir və çalışır ki, Gürcüstanla yeni saziş bağlasın və bu ölkənin ərazisi boyunca separatçı Cənubi Osetiyaya ərazisi üzrə yeni bir xətt, şose açsın: "Çünki Ermənistan özünün xarici bazarlara çıxardığı kənd təsərrüfatı məhsullarını Rusiya tərəfinə bu yolla ötürmək istəyir. Gürcüstan buna rəvac versə, bu o deməkdir ki, rəsmi Tbilisi Azərbaycanın maraq və mövqelərini nəzərə almır və ya inkar edir. Bu proses Azərbaycan üçün ciddiyyət daşıyır. Çünki burada Azərbaycan Türkiyə ilə həmahəng Ermənistanın iqtisadi əl-qolunu bağlayır, orada isə Gürcüstan Azərbaycan və Türkiyə ilə iqtisadi üçbucaqda eyni mövqedən çıxış edirsə, bu, anlaşmazlıq təzahürünə çevrilir. Əgər Gürcüstan Azərbaycanın strateji tərəfdaşdırsa - bu, həqiqətən belədir: Gürcüstanın ərazisindən xarici bazarlara daşınan mallar həm də bu ölkəyə böyük faydalar verir – bunların arxasında Azərbaycan dayanır. Azərbaycanın isə maraqlarına uyğundur ki, Ermənistan bu təşəbbüslərdən, faydalardan kənarda qalsın. Çünki Ermənistan işğalçı, azğın dövlətdir. Buna görə biz onlara belə imkanı yarada bilmərik. Əslində, Azərbaycan bu imkanı Gürcüstana tanıdı ki, bu ölkə ilə partnyorluq münasibətləri qurub birlikdə fayda əldə etsin. İndi əgər Gürcüstan ermənilərə belə meydan verirsə, onlarla siyasi cəhətdən oyunbazlığa qatılırsa, bəzi dairələr ermənilərin maraqlarını müdafiə edib lobbiçilik fəaliyyəti göstərirlərsə, deməli, biz Gürcüstanla münasibətlərimizə yenidən baxmalıyıq".
Politoloq büstün qoyulduğu ərazi olan Cavaxetiyanın əslində heç ermənilərin özlərinə məxsus olmadığına da toxunub. Bildlrib ki, orada qədim zamanlardan Ahısqa türkləri yaşayıb: "Stalinin dövründə həmin türklər ərazidən sürgün olundu və ermənilər onların boşluqlarını doldurmağa başladı. Saakaşvili hakimiyyəti dövründə şəxsən Avropa Şurasında söz verdi ki, o, Ahısqa türklərini – keçmiş Gürcüstan vətəndaşlarının hamısını tarixi vətənlərinə qaytaracaq. Buna görə də gürcü dövlətinə xeyli maliyyə ayrıldı ki, həmin qayıdış prosesini gerçəkləşdirsin. Lakin nə Saakaşvilinin dövründə, nə də ondan sonra rəsmi Tbilisi bu məsələyə böyük məsuliyyətlə yanaşdı. Köçənlərin sayı isə cəmi 5-10 ailə oldu. Türklərə böyük meydan verilmədi ki, onlar başa düşsün, Gürcüstan onların tarixi vətənidir. Ermənilərin isə Qafqazda ümumiyyətlə yeri yox idi. Onların məskunlaşma prosesi sonrakı mərhələdir. Harada boşluq görürlər, oranı tuturlar. Odur ki, Gürcüstan dövləti bu yeni köçkünlərə dəstək verməklə gələcəkdə özü üçün təhlükə ocaqları yaradır. Çünki ermənilərin xisləti bəllidir. Onlar heç vaxt yaxşılığa yaxşılıqla cavab vermirlər. Qəti əmin olmaq olar ki, Gürcüstanın da başına yaxşılıq yox, yamanlıq gələcək. Məsələn, Gürcüstanda yerləşən bir çox provaslav kilsələrinin üzərindəki yazılar erməni dilindədir. Ermənilər bunu əsas gətirərək bildirirlər ki, bu kilsələr onların dini irsidir. Yəni gürcülər erməniləri xristian qardaşları bilirlərsə də, ermənilər onlara eyni gözlə baxmırlar. Burada da böyük uçurum var".

***

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov isə Gürcüstan dövlət və hökümət rəhbərliyinə, o cümlədən "Gürcü Arzusu" Partiyasının sədri Bidzina İvanişviliyə Xocalıda dinc əhalinin - qadınların, uşaqarın və qocaların qətlində birbaşa iştirak etmiş erməni terrorçu Mikeil Avakyana Gürcüstaın Axalkalaki rayonu Buğaşen kəndində abidə qoyulması ilə bağlı etiraz məktubu göndərib.
Daşqın Gülməmmədov "Xalq Cəbhəsi"nə açıqlamasında bildirib ki, həmin abidənin təcili ləğv edilməsi tələbini qaldırıb.
O, Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir Mamuka Baxtadze, Parlamentin spikeri İrakli Kobaxidze, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelauriyə müraciət ünvanlayıb: "Bu, çox böyük səhv və xətadır. Gürcüstanda terrorçuya abidə qoyulması nonsensdir. Ermənistanda belə bir praktika var. Amma bu şərəfsiz praktikanın Gürcüstana ixrac edilməsi heç bir halda Gürcüstan dövlətinə başucalığı gətirə bilməz. Ermənistan vətəndaşı Mikeil Avakyan Gürcüstan Cinayət Məcəlləsinin 144-1 (İşgəncə vermə), 407-ci (Genosid) və 408-ci (İnsanlığa qarşı cinayət) maddələri ilə cinayət törətmiş hərbi cinayətkardır. Belə bir terrorçuya Gürcüstanda abidə qoyulmalı deyil. Bu, beynəlxalq konvensiyalara belə ziddir. Həmçinin, Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə mənfi təsir göstərə bilər. Bu ciddi bir provaksiyadır və təcili ardan qaldırılmalıdır".

***

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov da qəzetimizə verdiyi aşıqlamasında GAK-da hüquqşünaslarla görüş keçirilib, məsələnin Konstitusiya Məhkəməsinə çəkilməsi istisna edilmədiyini qeyd edib.
H.Yusubov bildirib ki, hadisə ilə bağlı sosil şəbəkələrdə və mediada söylənilən fikir və münasibətlərdən artıq işə keçməyin vaxtıdır: "Buna görə də Konqresin baş ofisində hüquqşünaslarla ciddi məsləhətləşmələr apardıq. Bu məsələ Konstitusiya Məhkəməsində həll olunmalıdır. Şərəfsiz erməni dığasının şərəfinə ucaldılan büst götürülməlidir. Abidələr böyük tarixi şəxsiyyətlərin şərəfinə ucaldılmalıdır. Alçaq separatistlər üçün olan daş parçalarının separatizmin qurbanı olan Gürcüstanda olması separatizmin təbliği kimi qiymətləndiririk. Bu məsələ milli və şərəf məsələsidir. Bunun sonuna kimi getməli və həmrəylik nümayiş etdirməliyik".
GAK sədri Gürcüstanda yaşayan bütün soydaşlarımızı, söz və səlahiyyət sahibi olan məsul şəxsləri bu hadisəyə kəskin surətdə etiraz bildirmələrini zəruri hesab edib.

***

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov isə bildirib ki, əli Azərbaycan xalqının qanına batmış separatçı Mixeil Avagyanın abidəsinin açılması Azərbaycan-Gürcüstan əlaqələrinə xəyanətdir. Həm də abidənin qoyulması illərlə formaşalan Azərbaycan-Gürcüstan əlaqələrini məhv etməkdir. Xüsusilə, bütün dünya azərbaycanlılarının 20 yanvar faciəsinin qeyd etdiyi ərəfədə bu addımın atılması Azərbaycana arxadan xəncərlə vurmaqdır.
Unutmaq olmaz ki, "kobra" ləqəbli qatil Mixeil Avagyanın Abxaziyada təlim keçmiş cinayətkardır. Bu deməkdir ki, Gürcüstana qarşı döyüşlərdə iştirak edib. Onun əli gürcü millətinin qanına batıb. Gürcüstana qarşı döyüşlərdə iştirak edən hansısa cinayətkar şəxsin abidəsini Azərbaycan dövləti açsa idi, Gürcüstan tərəfinin mövqeyi necə olardı?.
Xatırlayırsınızsa, Gürcüstan prezidenti Salome Zurabişvili seçkiqabağı Axalkalaki rayonunda erməni seçiçiləri ilə görüşündə onlara vədlər vermişdir. Bu gün həmin vədlər yerinə yetirir. Onların içüzü ortaya çıxır. Çünki Borçalı bölgəsi seçkilərdə Mixail Saakaşviləyə səs verdi. Salome Zurabişvili indi də intiqam alır. Həm də proseslərin arxasında Bidzina İvanişvili höküməti durur və birbaşa dəstək verir".

***
Məlumata görə, M.Avaqyan Buqaşen qəsəbəsində dünyaya gəlib. Ermənistanın Razdan şəhərində 8 illik texniki məktəbdə təhsilini davam etdirib. Orduda qulluq edəndən sonra Sverdlovsk (Yekaterinburq) milis məktəbinə daxil olub. Daha sonra Abxaziyada daxili işlər orqanlarında işləməyə başlayıb. Bu çox mühüm məqamdır. Belə ki, bu məqam erməni terrorçularının bir-birləri ilə əlaqəni itirmədiklərini göstərir. Xüsusilə, SSRİ DİN və DTK sistemində işləyən ermənilər Abxaziyada öz azğınlığı ilə məşhur olan Baqramyan adına batalyonun əsasını təşkil ediblər.
Beləliklə, M.Avaqyanın Abxaziyadakı erməni dostları dinc Gürcüstan əhalisinə qarşı vəhşilik etmək "şərəf"inə nail oldular. Və bu gün Mixail Avaqyanın dostlarının və "silahdaşları"nın öz doğma evlərindən didərgin saldıqları, yaxınları öldürülən və işgəncələr verilən çoxlu sayda gürcü ailəsi doğma vətənlərinə qayıda bilmir. Belə bir məqamda Gürcüstan onları öldürən təqib edənlərin silahdaşına abidə ucaldır.
Abxaziyada işlədikdən sonra Mixail Avaqyan Ermənistanın Sarnaxbyur kəndinə köçür və orada da evlənir.
"Dağlıq Qarabağda müharibə başlayandan sonra Mixail Avaqyan Horadiz, Xocalı, Hadrut və Füzuli bölgələrindəki hərbi əməliyyatlarda iştirak edib və "Kobra" ləqəbi kimi tanınıb. Azərbaycan dilini bilməsi kəşfiyyatda ona kömək edirdi", – deyə erməni mənbələri bildirirlər.
Diqqət çəkən fakt odur ki, M.Avaqyan Azərbaycanın Xocalı şəhərində yüzlərlə dinc sakinin vəhşicəsinə öldürülməsi ilə nəticələnmiş qırğının törədiciləri – cəlladları sırasındadır.
Ancaq cəllad az sonra cəzasına yetişib. M.Avaqyan Horadiz körpüsü uğrunda döyüş zamanı snayper tərəfindən vurulub və xəstəxanaya aparılarkən yolda ölüb.