“İslahatların aparılması müəyyən risklər tələb edir” Siyasət

“İslahatların aparılması müəyyən risklər tələb edir”

Qüdrət Həsənquliyev: “Amma islahatlardan imtina, cəmiyyətimiz, ölkəmiz, üçün daha böyük təhlükədir”

“Söyüş söyməklə, başqalarını aşağılamaqla hakimiyyətə gəlmək mümkün olsaydı, onda dünyadakı bütün əxlaqsızlar, şizofrenlər hakimiyyətə gələrdi”

“Hörmətli Pənah Hüseyn çıxışında bildirdi ki, ölkədə bəzi müxalifət partiyaları inqilab yolu ilə dəyişikliklər istəyirlər və bu istiqamətdə fəaliyyət göstərməyi təklif edirlər. Əvvəla qeyd edim ki, bizim partiyanın yanaşmasına görə, ölkədə inqilab üçün heç bir şərait yoxdur”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev müxalifət partiyalarının “Köklü islahatlarla dəyişikliklərə doğru” adlı layihə ətrafında gedən müzakirəsində səsləndirib. BAXCP sədri əlavə edib ki, cəmiyyətdə sosial gərginlik var idi və dövlət başçısının qəbul etdiyi son qərarlar, şəhid ailələrinə ödənilən vəsait, problemli kreditlərlə bağlı addımlar, maaşların artırılması, gözlənilən pensiya artımı bu gərginliyi xeyli dərəcədə aradan qaldırdı: “Bəzi adamlar bir məsələ haqqında o qədər danışırlar ki, sonra özləri də dediklərinin düz olduğuna inanırlar. Bununla bağlı hətta məşhur Molla Nəsrəddin lətifəsi də var. Molla Nəsrəddin hamını aldadaraq deyir ki, filan yerdə pul paylayırlar. Sonra fikirləşir ki, birdən doğru olar və özü də həmin istiqamətə qaçmağa başlayır. Bəzi insanlar son vaxtlar bizim milli mənəviyyatımıza yaraşmayan şəkildə söyüş söyürlər, iqtidar nümayəndələrini, onlar kimi düşünməyən insanları ağır formada təhqir edirlər. Amma başa düşmürlər ki, söyüş söyməklə, başqalarını aşağılamaqla hakimiyyətə gəlmək mümkün olsaydı, onda dünyadakı bütün əxlaqsızlar, şizofrenlər hakimiyyətə gələrdi. Çox təəssüf ki, bütün bunlar reallıqdır”.
Qüdrə Həsənquliyev bildirdi ki, Azərbaycanın başqa acı bir reallğı var: “Qarabağ məsələsinə görə, biz elə bir bataqlığa düşmüşük ki, dünyada erməni lobbisi və islamafob qüvvələr Azərbaycanda islahatların dərinləşməsində və Azərbaycanın güclü, demokratik dövlət olmasında maraqlı deyillər. Həmin o islamafob, ermənipərəst qüvvələr və onların təbliğatı nəticəsində aldadılmış müəyyən dairələr, əminəm ki, ölkədə islahatların dərinlşəcəyi təqdirdə çalışacaqlar ki, Azərbaycanda sabitliyi pozsunlar. Görürsünüz ki, bir qrup partiya toplantıya qatılmayıb, onlar inqilab istəyirlər. Həmin inqilab istəyən partiyalar xarici dairələrin tövsiyəsi ilə küçələrə töküləcək və bunun nəticəsində mən demirəm hakimiyyət dəyişəcək. Bunun nəticəsində daha sərt siyasət yürüdülməsinin tərəfdarı olan, Azərbaycanın Türkmənistana çevrilməsini istəyən qüvvələrin hakimiyyətə gəlmə təhlükəsi yaranacaq. Amma bu o demək deyil ki, bu təhlükəyə görə, ölkədə islahatlardan imtina olunmalıdır. Mən əvvəllər də mətbuatda söyləmişəm ki, islahatların aparılması müəyyən risklər tələb edir. Amma islahatlardan imtina, cəmiyyətimiz, ölkəmiz, o cümlədən də elə iqtidarın özü üçün daha böyük təhlükədir. Buna görə də cəmiyyətdəki sağlam qüvvvələr fikir ayrılıqlarına baxmayaraq bir araya gəlməlidir. Biz iqtidara, prezidentə müraciət etməliyik. Hədələməməliyik ki, islahat olmasa, inqilab olacaq. Bir çox xalqların tarixində elə şəxsiyyətlər olub ki, xalqlar islahatlar barədə düşünmədyi halda, onlar islahatlar yolu ilə öz ölkələrinin məsələn 50 ildə gedəcəyi yolu 5-10 ilə keçməsinə nail olublar. Qonşu Rusiyanın tarixində, vaxtilə Pyotrun apardığı islahatlar buna nümunədir”.
BAXCP sədri “hazırlayacağımız bu layihəyə diqqət yetirdim və müəyyən məsələlərlə bağlı ixtisarlar apardım”, - deyə vurğuladı: “Bu ixtisarlar nə ilə bağlıdır? Tutaq ki, burada bir neçə hüquqların qorunması ilə bağlı konkrtet olaraq müddəa var. Amma mən hesab edirəm ki, biz, ümumi formada qeyd eləməliyik ki, konstitusion hüquqlardan istifadə təmin olunmalı və asanlaşdırılmalıdır. Bunun üçün müvafiq qanunvericilik sistemi təkmilləşdirilməlidir. Yəni bu cür ümumi ifadələr lazımdır. Biz bütün hüquqları bir-bir sadalamamalıyıq.
QHT-lər vətəndaş cəmiyyəti quruculuğu üçün son dərəcə vacib ictimai təsisatlardır. Biz burada qeyd olunandan daha səmərəli forma təklif edirik ki, QHT-lərin qeydiyyata alınması sadələşdirilsin və onların xaricdən qrant alması proseduru asanlaşdırılsın. Bilisiniz ki, QHT-lər vaxtilə xaricdən qrant alırdılar və bir çox işlər görürdülər. Amma indi hökumətin ayırdığı vəsait kifayət qədər azdır. Xaricdən qrant almaq xeyli dərəcədə çətinləşdirilib.
Burada Milli Məclisin sədr müavinləri ilə bağlı, tutaq ki, komitələrdə müxalifət olsun, müavinlərdən biri müxalifətdən olsun, hesab edirəm ki, bunların hamısını biz buradan çıxara bilərik. Əgər, biz parlamentli respublikaya keçəcəyiksə, ölkədə yeni konstitusiyanın qəbulu ilə bağlı təkliflər var. Konstitusiya hazırlanarkən o təklifləri verməliyik. Həm də Prezidentin yanında İctimai Şuranın yaradılmasını hamılıqla qəbul edirik və təklif ediriksə, bu məsələlər orda müzakirə olunmalıdır.
Burada vəzifədə olmağın dönəmi ilə bağlı məhdudiyyətin qoyulması tələb olunur. Düşünürəm ki, parlamentli respublika modelinə keçiləcəksə parlamentli respublikalarda belə bir məhdudiyyət yoxdur. Buna misal olaraq Merkel və ondan əvvəlki Almaniya kanslerlərini misal göstərə bilərik. Onlar 3-4 dəfə baş nazir seçiliblər. Parlamentli respublika üçün bu model - yəni hakimiyyətdə olmağa məhdudiyyət qoyulmur və təhlükəli deyil. Daha çox prezidentli respublikalar üçün bu məhdudiyyətin qoyulmasına ehtiyac var.
Bələdiyyə başçılarının seçilməsi ilə bağlı məsələyə diqqət yetirmək istəyirəm: Əgər biz doğrudan da, hesab ediriksə, Ermənistan və Gürcüstanda parlamentli respublika modelinə keçilibsə Azərbaycanda da keçilməlidir. Niyə keçilməlidir? Əvvəla, indiki Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Əslində biz bunu 1992-ci ildə qəbul etmişik. Dövlət müstəqilliyi haqqında Konstitusiya aktında da qeyd olunub ki, Azərbaycan 1918-20-ci illərdə mövcud olmuş xlaq cumhuriyyətinin hüquqi varisidir. Demokratik ənənələrin olmadığı ölkələrdə hesab edirəm ki, parlamentli respublika modeli daha keçərlidir. Dünyaya demokratiyanı yayan qərbi Avropa ölkələrinin hamısında parlamentli respublikadır. Bir Fransada prezidentli respublikadır, orada da bir qayda olaraq ənənə formalaşıb ki, parlament seçkilərini udan partiya hökuməti formalaşdırır”.
BAXCP sədrinin fikrincə, başqa mühüm məsələlərdən biri də qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır: “Burada qeyd olunur ki, seçkilərdə iştirak edən bütün siyasi partiyalar seçki komissiyalarına öz namizədlərini versinlər. Hesab edirəm ki, bu qeyri realdır. Qeyd olunur ki, onların irəli sürdüyü namizədlər istisnasız olaraq qeydə alınsın. Bu da mümkün deyil. Təsəvvür edin, ölkədə 50 partiya var. Məsələn 50 partiya 50 namizəd irəli sürə bilər, MSK-ya 50 namizəd irəli sürə bilər, orada 50 nəfərin iştirakı ilə ümuimiyyətlə MSK-da işgüzarlıq mühiti pozular. Ona görə də, təklif edirəm ki, burada qısa olaraq yazılsın ki, beynəlxalq təşkilatların tövsiyələri, yerli siyasi təşkilatların, QHT-lərin tövsiyələri nəzərə alınmaqla seçki qanunvericiliyi dünya standartlarına uyğunlaşdırılsın. Bununla da bu məsələlər öz həllini tapmış olar.
Bundan başqa burada qeyd olunan adı korrupsiyada hallandırılan məmurlar barəsində təhqiqat başladılması və təhqiqat başa çatana qədər onların ali dövlət hakimiyyət orqanlarında vəzifə tutmalarına yol verilməməsi də hesab edirəm ki, qeyri realdır. Ona görə ki, iqtidarlı, müxalifətli az qala siyasətlə məşğul olan və adı hallanmayan adam yoxdur. Elə adam yoxdur ki, onun adı bu və ya digər formada korrupsiayada hallanmasın. Amma neft pullarının xərclənməsi, onun üzrəində nəzarət məsələləri hesab edirəm ki, qalmalıdır. Sosial-iqtisadi sahədəki məsələlərlə bağlı – məsələn burada var ki, əməkhaqqı və pensiyaların həcminin 10 il ərzində orta Avropa ölkələri səviyyəsinə çatdırılması - bu kimi məsələlər ayrı-ayrı siyasi partiyaların platformalarında öz əksini tapa bilər. Məsələn, bizim partiya təklif edə bilər ki, biz bu problemləri 5 il müddətinə həll edə biləcəyik. Azərbaycanın resursları imkan verir ki, biz, Orta Avropa ölkələrinin göstəricilərinə 5 ildən sonra çatacaq. Ona görə də bu tipli məsələlər çıxarılmalıdır.
İqtisadi, maliyyə, vergi amnistiyasının verilməsi ilə bağlı məsələdə təkrar var. Hesab edirəm ki, maliyyə amnistiyasını verilməsi bir yerdə qeyd oluna bilər.
Vacib məsələlərdən biri də təhsillə bağlıdır. Burada tələbə yataqxanaları və pulsuz təhsil məsələsi qoyulub. Bizim partiya tövsiyyə edib, vaxtilə seçki platformamızda da bu var idi ki, dövlət universitetləri ümumiyyətlə özəlləşdirilsin. Biz məsələni sadəcə bu formada qoya bilərik ki, bütün özəl və ya dövlət universitetlərin qeydiyyata alınması üçün mütləq yataqxanaların olması şərt kim qoyulsun. Əgər hansı universitetin yastaqxanası yoxdursa dövlət tələb edə bilər ki, məsələn 3 il ərzində bu problem aradan qaldırılsın. İmkansız tələbələrin oxuması ilə bağlı məsələyə gəlincə, düşünürəm ki, dövlət inkişaf etmiş Avropa dövlətləri və Amerikada olduğu kimi geri qaytarmaq şərtilə 20-25 illik faizsiz kreditlər verə bilər. Burada hərbi və polis akademiyaları istisna olunmalıdır.
Bir də burada növbədənkənar seçkilərin keçirilməsindən söhbət gedir. Əvvəla parlament seçkilərinə 1 ildən bir az çox vaxt qalıb. Bu kifayət qədər qısa vaxtdır. Bir tərəfdən biz təklif edirik ki, qanunmvericilikdə dəyişiklilər edilsin, konstitusiya islahatları aparılsın və sonra da deyirik ki, növbədənkənar seçki keçirilsin. Yəni düşünürəm ki, burada ziddiyyət var, bunu çatdırmaq mümkün deyil. 1 il ərzində bu dəyişikləri həyata keçirə bilsək böyük iş görmüş olarıq. Bu təkliflərin hamısını müdafiə edirik. Xüsusilə burada Pənah Hüseyn “siyasi məhbus”larla bağlı fikir səsləndirdi. Biz də hesab edirik ki, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab elədiyi şəxslər, şəxsiyyət və dövlət əleyhinə xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla biz də onların hamısının azad olunmasını tələb edirik və qalan bütün sadalanan digər məsələlərə öz dəstəyimzii ifadə edirik. Bu istiqamətdə də hansı partiya arzulayacaqsa onlarla əməkdaşlığımızı genişləndirəcəyik”.

Əli