“Türkiyənin nüvə silahına yiyələnməsinə ehtiyacı artır” Siyasət

“Türkiyənin nüvə silahına yiyələnməsinə ehtiyacı artır”

Elxan Şahinoğlu: “Nüvə silahı Türkiyəyə təhlükəsizlik imkanlarını artırmaq üçün lazımdır”

“Türkiyə Cumhurbaqşanı Rəcəb Təyyub Ərdoğan son açıqlamasında ölkəsinin nüvə silahına sahib olmasının mümkünlüyünü bildirib. Ərdoğan nüvə silahı mövzusunda ilk dəfədir açıqlama verir.
“Atlas” Araşdırmalar Mərkəzi ötən il yayınladığı analizində Türkiyənin nüvə silahına malik olması barədə müzakirələrə başlayacağını yazmışdı. Regional şərtlər Türkiyənin nüvə silahına yiyələnməsi aktuallığını artırır. Bunun bir neçə səbəbi var”. Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, birincisi, ABŞ İranla nüvə anlaşmasından çıxdıqdan sonra Tehran yenidən uranın zənginləşdirilməsinə başlayıb: “İran hazırda uranı 20 faiz zənginləşdirib. Məlumdur ki, nüvə silahı əldə etmək üçün uranı 80-90 faiz zənginləşdirmək lazımdır. Aydındır ki, İranın imkanları uranı bu rəqəmlərə qədər zənginləşdirməyə imkan verir. Bunun üçün İranın lazımi infrastrukturu və elmi potensialı var. Bundan başqa İranın nüvə başlıqlarını daşıya biləcək raketləri də var və yeniləri sınaqdan keçirilir.
İran Türkiyənin qonşusudur. Doğrudur, iki dövlət arasında münasibətlər normaldır, ancaq sabah şərtlərin dəyişməyəcəyindən heç kim sığortalanmayıb. İsrailin də keçmiş illərdə Türkiyə ilə yaxşı münasibətləri var idi. İndi bu iki dövlət arasında keçmiş illərdəki yaxşı münasibətlərdən əsər-əlamət qalmayıb. İranın nüvə silahını əldə etməsinə yaxınlaşması Türkiyəni də nüvə silahına yiyələnməsinə marağını artıracaq. İkincisi, adını çəkdiyimiz İsrailin də nüvə silahı var. İsrail rəsmiləri bu haqda heç zaman açıqlama vermirlər. Ancaq hamı bilir ki, İsrailin kifayət qədər nüvə silahı var. Türkiyənin yaxınlığında olan dövlətlərdən Pakistanın və Hindistanın da nüvə silahı var.
Beləliklə, bölgədə nüvə silahı olan dövlətlərin sayı artır. İrana, İsrailə, Pakistana və Hindistana nüvə silahı ona görə lazımdr ki, heç bir dövlət onunla müharibəyə başlamağa, torpaqlarının işğalına risq etməsin. Məsələn, Ukrayna 1994-cü ildə Budapeştdə Rusiyanın xeyrinə nüvə silahından imtina etməsəydi, bəlkə Kreml 2014-cü ildə Krımı ilhaq etməyə risq etməzdi. Dinamik inkişaf edən və bölgədə xeyli rəqibi olan Türkiyənin də nüvə silahına yiyələnməsinə ehtiyacı artır. Nüvə silahı Türkiyəyə təhlükəsizlik imkanlarını artırmaq üçün lazımdır. Nüvə silahı Türkiyənin bölgədəki çəkisini artacaq”.
Xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev 5 il öncə - 2014-cü ildə bu təkliflə çıxı edib və Türkiyənin nüvə dövlətinə çevrilməlsinin vacib olduğunu vurğulayıb: “Azərbaycan da qardaş ölkəyə bu istiqamətdə hər cür dəstək verməlidir. NATO artıq qeyri ciddi quruma çevrilib. Orada qərar qəbul etmək mümkünsüzdür və bu qurum Türkiyənin təhlükəsizliyinə təminat verə bilməz. Nüfuzlu dövlət olub öz sözünü deməsi üçün Türkiyə nə ABŞ-a, nə də bir başqa dövlətə deyil, öz gücünə güvənməlidir... ”.
“Ukrayna xalqı Kuçmadan sonra nə əldə etdi? ÜDM, social-iqtisadi inkişaf göstəricilərinə görə son 15 ildə iftixarla deyiləsi heç bir müsbət irəliləyiş yoxdur. Əvəzində cəmiyyətin müxtəlif ideologiyalara parçalanması, ərazi bütövlüyünün itirilməsi, oliqarxiyanın və banditizmin siyasi sistemə daha dərindən oturuşması baş verdi”. Bunu politoloq Zaur Məmmədov deyib. Ekspert yeni prezident Vladimir Zelenskinin dönəmində də Ukraynanın məşğul olduğu məsələlərin həllinin problematik olduğunu qeyd edib: “İndi isə hakimiyyətdə Zelenskidir. Onun Nazirlər Kabineti Poroşenkoda olduğu kimi Vaşinqtonda və Brüsseldə formalaşıb. Yeni komandada əməlli- başlı cavanlaşma getsə də, düzgün yazı yaza bilməyən 29 yaşlı qızın Təhsil naziri vəzifəsinə gətirilməsi kadr siyasətinə hansı prizmadan baxılmasına xəbər verir.
Yeri gəlmişkən, indi hakimiyyətin ən güclü fiquru olan Poroşenkodan qalma Arsen Avakovun yenidən daxili işlər naziri vəzifəsinə təyin olunması məcburiyyətlə bağlı idi. Artıq parlamentin qərarına əsasən Milli Qvardiya Avakova yox, prezidentə tabe olacaq”.
Zaur Məmmədov hesab edir ki, Ukraynanın indiki iqtidarının dönəmində də hansısa böyük dəyişikliklərin şahidi olmayacağıq: “Çünki Ukraynanın geosiyasi vəziyyəti bataqlıqda çapalayan quzunu xatırladır. Onun bir tərəfində əli baltalı Rusiya, digər tərəfində isə, əli zənbilli Qərb durub. Yanlış qərarların gətirdiyi nəticələr belə olur”.