“Ermənistanın İsraildə səfirlik açmasının Azərbaycana heç bir ziyanı yoxdur” Siyasət

“Ermənistanın İsraildə səfirlik açmasının Azərbaycana heç bir ziyanı yoxdur”

“Ermənistan hökuməti İsraildə səfirlik açmaq niyyətinə gəlib”. Bu barədə Ermənistanda fəaliyyət göstərən “Verelq” nəşri məlumat yayıb.
İsrailin Azərbaycanın strateji müttəfiqi olmasına diqqət çəkən nəşrin yayımladığı məqalədə İrəvanın İsraildə səfirlik açmaq istəyinə etiraz edilib:
“İsrail üçün Ermənistan Rusiya və İranla strateji müttəfiq əlaqələrə malik bir ölkədir. Təl-Əvivin regional müttəfiqləri Türkiyə və Azərbaycandır. İsrailin Azərbaycanla milyonlarla dollarlıq hərbi müqavilələri var, bu ölkənin böyük bir yəhudi icması var, Təl-Əviv Azərbaycan neftini satın alır.
İsrail və Azərbaycan arasındakı dərin iqtisadi, enerji, hərbi-siyasi münasibətlərdən fərqli olaraq, Ermənistan-İsrail iqtisadi münasibətləri demək olar ki, sıfır səviyyədədir. İsrail üçün Azərbaycan Cənubi Qafqazda bir nömrəli müttəfiqdir.
Təl-Əvivin bölgədəki digər tərəfdaşı ABŞ-ın müttəfiqi olan, anti-Rusiya körpüsü olan və Türkiyə-Azərbaycan tandemi ilə bir çox sahədə yaxından əməkdaşlıq edən Gürcüstandır”.
Məqalədə vurğulanır ki, Ermənistanın İsraildə səfirlik açması Təl-Əvivin bu ölkəyə olan soyuq münasibətini dəyişməyəcək:
“İrəvan və Təl-Əviv arasında diplomatik münasibətlər 30 ildir mövcuddur, lakin bütün bu müddət ərzində İsrail nə investisiya planında, nə də hərbi-strateji əməkdaşlıq planında Ermənistana maraq göstərmədi. Səfirliyin açılmasının bütün bu problemləri həll etməsi ehtimalı azdır.
Bu anadək Yaxın Şərqdəki ərəb ölkələrinin çoxsaylı erməni icmalarını, habelə İranda nüfuza sahib olan və hətta parlamentdə və hökumətdə təmsil olunan İranın erməni icmasını təhlükə altına qoymamaq üçün İsraildə səfirlik açılmadı. Bu mənada belə bir addım Yaxın Şərqdəki erməni icmalarına təhlükə yarada bilər. Bu da İrandakı erməni icmasına münasibətə mənfi təsir göstərə bilər”.
Məqalədə bu kimi faktorları nəzərə alan Ermənistan hökumətinin bu niyyətindən imtina edəcəyi vurğulanıb.
Azərbaycan isə İsraillə daha isti münasibətlərə malik olsa da, nədənsə bu ölkədə səfirlik açmağa tələsmir.
Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov deyib ki, hər bir dövlətin hansısa ölkədə səfirlik açması onun xarici siyasətinin leymotividir, dövlət başçısının siyasətidir:
“Ermənistanın əvvəl də İsraildə səfirliyi olub. Sonradan müəyyən məsələlər üzündən o səfirlik bağlandı. Bu da ölkələrin xarici siyasətində olan prioritetlərdən asılıdır. Ermənistan Cənubi Qafqazda düzgün siyasət aparmayıb. Ermənistanın İranla münasibətləri İsraili qıcıqlandırıb. Nəticədə bu ölkə səfirlikdən imtina edib. Ermənistanın İsraildə səfirlik açmaq məsələsi yenidən gündəmdə olsa da, bu o demək deyil ki, səfirliyin açılması yaxın günlərdə baş tutacaq. Sadəcə, rəsmi Yerevan öz təkliflərini verib”.
Yevda Abramov Ermənistanın İsraildə səfirlik açmaq qərarından danışarkən dilənçilik etdiyini də vurğulayıb:
“Rəsmi Yerevan 2016-cı ilin aprelindən bu işlə məşğuldur. Hətta səhvini başa düşüb üzr istəmək səviyyəsinə qədər düşərək, İsraildən silah da dilənib. Baş nazirdən də aşağı səviyyəli erməni məmurlar İsrailə gedərək silah istəsələr də, istəklərinə nail ola bilməyiblər. Hesab edirəm ki, bu məsələdən sensasiya yaratmaq olmaz. Bu, böyük faciə deyil. Ermənistanın İsraildə səfirlik açmasının Azərbaycana heç bir ziyanı yoxdur”.
Yəhudi parlamentari bildirib ki, Ermənistanın səfirlik açmaq istəyini Azərbaycanla müqayisə etmək doğru deyil:
“Bizim İsraildə səfirlik açmamağımız ölkə prezidentinin kompetensiyasına daxil olan incə məsələdir. Bizi bu məsələdə Ermənistanla eyni səviyyədə qoymaq düzgün deyil. Məsələnin bu formada qoyuluşundan narazıyam. Azərbaycanın geosiyasi maraqları, yerləşdiyi mövqe başqa, Ermənistanın tutduğu mövqe isə tamam başqadır. Unutmaq olmaz ki, biz İslam təşkilatının üzvüyük. Söhbət ondan getmir ki, bu məsələdə İran faktoru ola bilər. O zaman İsrail məsələni başqa cür qoya bilər. Ermənistan İranla dostluqda heç də bizdən aşağı səviyyədə deyil”.
“Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Ermənistanın İsraildə səfirlik açması əsasən, İsrail-Azərbaycan əlaqələrinə zərbə vurmaq və hərbi-texniki əməkdaşlığı ləğv etdirməkdən ibarədir.
O, qeyd edib ki, bu gün İsrail-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Buna baxmayaraq, Azərbaycanın İsraildə müəyyən səbəblərə görə səfirliyi yoxdur. Amma, elə lazımsız ölkələr var ki, Azərbaycanın həmin ölkələrdə diplomatik korpusları var: “Artıq, dünya nizamı dəyişir, yeni mərhələyə keçir. Ona görə də İran və bir neçə Ərəb ölkələrinə görə İsraildə səfirlik açmamağımız milli maraqlarımıza uyğun deyil. Bu gün Səudiyyə Ərəbistanı, Körfəz Ərəb ölkələri, İordaniya və Misir İsraillə əmədaşlıq edir. Azərbaycanın bu ölkələrdən çəkinəcəyi yoxdur. Yalnız İran faktoruna görə bu məsələ gecikir”.
Politoloq qeyd edib ki, bu gün İran Ermənistanla sıx əlaqələrə malikdir. Qarabağ məsləsində əməldə işğalçı ölkəni dəstələyir. Hətta hərbi avadanlıqlar bu ölkəyə ixrac edir.
Bu gün İran başda olmaqla bir çox dost dediyimiz ölkələr, bizə əməli dəstək vermir. Amma İsrail bütün parametrlərlə ən əsası hərbi yardımlarla Azərbaycanın yanındadır: “Ermənistan İsraildə səfirlik açacaqsa, İran buna susacaq. Çünki, bu səfirlik İsrail-Azərbaycan əlaqələrinə zərbə vuran bir mərkəz rolunu oynayacaq. Ona görə də Tehran bu məsələdə Yereavana dəstək verəcək.
Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq İsrailin paytaxtı Təl-Əvivdə səfirliyini açmalıdır. Azərbaycanın bu ölkədə səfirlik açması Fələstin məsləsində və Qüds məsləsində İsrailə dəstək verməsi deyil.
İsrailli ekspert Arye Gutun dediklərinə qoşularaq artıq, bu məslədə mövqe ortaya qoyub, İsraildə səfirlyimizi açmalıyıq. Onsuzda müsəlman aləmi-Ərəb dünyası aralarında müharibə aparır. İran və Səudiyyə Ərəbistanı Yəməndə savaşır. Belə olan təqdirdə hansı həmrəylikdən söhbət gedə bilər?! Azərbaycana hərbi köməklik edən İsrildə səfirliyimizin açımağının vaxtıdır. İsraildə Azərbaycanla əlaqələrə önəm verir”.