Ermənilərin “Holokost”dan istifadə cəhdi Siyasət

Ermənilərin “Holokost”dan istifadə cəhdi

Fransa ilə bağlanan sazişin əsl səbəbi nədir?

Ermənistan Milli Arxivi və Parisdəki “Holokost” müzeyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Fransanın Ermənistandakı səfirliyində imzalanmış saziş qondarma erməni soyqırımı və yəhudi xalqının soyqırımına dair araşdırmaların aparılması üçün qarşılıqlı informasiya və arxiv sənədlərinin mübadiləsinin aparılmasını nəzərdə tutur.
Müqaviləni Ermənistan Milli Arxivinin direktoru Amatuni Virabyan və Şoa Memorial Kompleksinin direktoru Jak Frec imzalayıb. Müqavilənin imzalanmasında iştirak edən Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakota 24 aprelin öz ölkəsində “erməni soyqırımı” kimi qeyd edildiyini deyib.
Ancaq məlumdur ki, 1915-ci il hadisələrinə dair sənədlər Fransada deyil, Türkiyədədir. Türkiyə həqiqətin ortaya çıxması üçün dəfələrlə Ermənistana müraciət edərək arxivləri açmağa hazır olduğunu bildirib. Amma Ermənistan bundan həmişə yayınıb.
Əgər Ermənistan həqiqətin ortaya çıxmasında maraqlıdırsa, nə üçün Türkiyəyə müraciət etmir? Qondarma erməni soyqırımını tanıyan Fransada 1915-ci il hadisələrinə dair hansı arxiv sənədləri ola bilər? Yaxud Ermənistanda “Holokost” soyqırımına dair arxiv sənədlər haradandır?
Politoloq Arzu Nağıyevın qənaətinə görə, ermənilər qondarma soyqırımını beynəlxalq səviyyəyə qaldırmaq istəyirlər. Məhz bu səbəbdən də müraciətlərini Türkiyəyə ünvanlamırlar:
“Ermənilərin üç məsələdə eyni nöqtəyə vurması var. Birinci məsələ qondarma erməni soyqırımıdır. İkinci, Ermənistan kilsəsi, üçüncü isə Dağlıq Qarabağ məsələsidir. Düşünürəm ki, bunlar hər üç kartdan istifadə edərək, bu məsələləri beynəlxalq səviyyəyə qaldırmağa çalışırlar. Qondarma soyqırımla “Holokost” hadisələrinin heç bir kəsişməsi yoxdur. “Holokost”da bir millətin yer üzündən silinməsindən söhbət gedirdi. Ermənilər də çalışırlar ki, qondarma erməni soyqırımını da erməni millətinin məhvi kimi qələmə versinlər. Ümumiyyətlə, bunlar müqayisə ediləcək məsələlər deyil. Ərdoğan da, Türkiyənin çox yüksək vəzifəli məmurları da bu barədə dəfələrlə danışıb. Türkiyə birmənalı şəkildə həmin arxivlərin açılmasına hazırdır. Bu gün Ermənistanın fikri ancaq bu kimi imzalarla qondarma soyqırımı beynəlxalq səviyyəyə qaldırmaqdır”.
Politoloq Fransanın bu məsələdə həmişə ermənilərə dəstək olduğunu diqqətə çatdırıb:
“Məlum məsələdir ki, Fransa daima bu məsələlərdə Ermənistanı dəstəkləyir. Çox təəssüf ki, ermənilərin lobbiçilik siyasəti orada güclü olduğuna görə onlar bu problemlərdən sui-istifadə etməyə çalışırlar. Fransada lobbiçilik daha üstündür. Orada erməniləri dəstəkləyən müəyyən qüvvələr var. Vaxtilə Türkiyə və SSRİ-nin arasında problem yaratmaq üçün Sovet xüsusi xidmət orqanları bu məsələni qaldırmışdı. Ermənilər yenidən məsələni gündəmə çəkməyə çalışırlar. Müqavilənin bağlanması bu gün bütün arxivin ortaya qoyulması demək deyil. Sadəcə müəyyən məlumat mübadiləsi ola bilər”.