Əbu-Dabi danışıqları: növbəti raund nə vəd edir? Gündəm

Əbu-Dabi danışıqları: növbəti raund nə vəd edir?

Rusiya-Ukrayna müharibəsinin həlli üçün bu dəfəki addım Əbu-Dabidə atılıb. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar keçirilib. ABŞ bu danışıqları tarixi hadisə adlandırıb. Kreml isə öz növbəsində danışıqları müsbət qiymətləndirib.

Həmçinin bildirilir ki, bu, müharibə başlayandan bu yana Ukrayna, ABŞ və Rusiya arasında ilk birbaşa üçtərəfli sülh danışıqlarıdır. Danışıqların növbəti mərhələsi isə fevralın 1-də olacaq.

“Xalq Cəbhəsi” sözügedən danışıqların nəticəsinin necə olacağını politoloqlarla müzakirə edib.

Politoloq Yeganə Hacıyeva söyləyib ki, Əbu-Dabi görüşü və danışıqlar fonunda proseslərə realist yanaşmaq daha düzgündür: “Əbu-Dabi danışıqları dialoq cəhdindən daha çox siyasi jest kimi qəbul olunmalıdır. Tərəflər, xüsusilə ABŞ və Rusiya qlobal ictimaiyyətə “həll yolları axtarılır” kimi görüntü vermək istəyirlər. Diplomatik təmasların qorunması həm də region üçün strateji əhəmiyyət daşıyır. Çünki Yaxın Şərq ölkələri bu format vasitəsilə öz nüfuzunu qlobal səviyyədə artırmağa çalışır. Burda bir haşiyə açım ki, Davosda aparılan müzakirələrdə diqqət çəkən əsas məqamlardan biri qlobal elitaların düşüncəsində yeni xəttin müşahidə olunması idi. Müzakirələrdə konflikt və müharibələr üçün sülh çağırışlarından daha çox əsas vurğu münaqişələrin idarə olunması ilə risklərin azaldılmasına və eskalasiyanın qarşısının alınmasına yönəlmişdi. Fikirimcə bu, qlobal elitaların düşüncəsində baş verən psixoloji dönüş nöqtəsidir: sülh artıq “təbii vəziyyət” kimi qəbul edilmir”.

“Genişmiqyaslı sülh sazişi gözləmək real deyil”

Y.Hacıyevanın bildirdiyinə görə, müzakirələrdə əsas vurğu təxminən “dialoq qələbədən üstündür” tezisi kimi səslənirdi və bu fikirlər humanist çağırışlardan daha çox praqmatik hesabdır: “Rusiya-Ukrayna müharibəsində qələbənin həddindən artıq baha gəlməsi, məğlubiyyətin isə qəbuledilməz olması göz önündədir. Məhz dialoq bu kontekstdə kompromis deyil, vaxt qazanmaq və ən pis ssenarini təxirə salmaq üçün vasitə kimi görünür. Ona görə də Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların keçirilməsi dialoq üçün yeni imkandır. Amma qeyd edim ki, hazırkı mərhələdə danışıqlardan müharibənin dayandırılması və ya genişmiqyaslı sülh sazişi gözləmək real deyil. Əsas ziddiyyətlər, xüsusilə ərazi məsələləri, təhlükəsizlik zəmanətləri və sanksiyalar üzrə mövqelər hələlik heç uzlaşmır və yaxınlaşmır. Daha çox humanitar məsələlər, gərginliyin idarə olunması və kommunikasiya kanallarının açıq saxlanması kimi mövzular müzakirə mövzusudur”.

“Əbu-Dabi görüşləri strateji dönüş nöqtəsi deyil”

O əlavə edib ki, bu baxımdan Əbu-Dabi görüşləri strateji dönüş nöqtəsi deyil, daha çox diplomatik təmasların qorunmasına xidmət edir: “Məhdud miqyasda müəyyən müsbət irəliləyişlərin – texniki razılaşmalar, gələcək danışıqlar üçün zəminin formalaşmasının mümkün olduğunu göstərən siyasi jestdir. Belə ki, tərəflərin əsas ziddiyyətlər üzrə, xüsusilə ərazi məsələləri və təhlükəsizlik zəmanətləri üzrə mövqelərin uzlaşması kimi bir hal izlənmir. Odur ki, Əbu-Dabi danışıqlarını sülhün başlanğıcı deyil, lakin münaqişənin tam dialoqsuzluq mərhələsinə keçməsinin qarşısını alan mühüm diplomatik addım kimi dəyərləndirirəm”.

“Yekun sülhə ümid etmək tezdir”

Politoloq Turab Rzayev qeyd edib ki, bu, görüşlərin başqa bir raundudur: “Hələ ki, yekun sülhə ümid etmək tezdir. Bir tərəfdən Tramp Ukrayna və Rusiyanı sülhə məcbur etmək üçün çox ciddi şəkildə təzyiqlər edir, Rusiyaya iqtisadi sanksiyalar artırılır. Rusiyanın ticarət dövriyyəsi, digər ölkələrlə ticarət münasibətləri zəiflədilir. Tramp faktiki olaraq ölkələrin Rusiyadan neft və qaz alışını dayandırmağa çalışır. Digər tərəfdən Ukraynanı hərbi yardımın, maliyyə yardımının dayandırılması ilə təhdid edir. Demək olar ki, hər gün Zelenskini, onun komandasını məcbur etməyə çalışırlar ki, sülh müqaviləsi ilə razılaşsın”.

“ABŞ aqressiya nümayiş etdirir”

T.Rzayevin bildirdiyinə görə, hətta Tramp administrasiyası Qərbi Avropanı hansısa şəkildə bu sülh planını dəstəkləməyə çağırır: “Ancaq son vaxtlar xüsusilə Qrenlandiya ətrafında baş verənlər Trampla Avropa İttifaqı arasında münasibətlərin pozulmasına gətirib çıxarıb. Zelenski öz çıxışında açıq şəkildə Trampın Qrenlandiya ilə bağlı iddialarını çox pis şəkildə tənqid etmişdi. Bundan başqa, Avropa İttifaqı ölkələri də artıq ABŞ ilə münasibətlərin necə davam edəcəyini bilmirlər. ABŞ Rusiya kimi aqressiya göstərir, Danimarkadan ərazi tələb edir. Belə bir məqamda sülh necə mümkün ola bilər? Bu sual açıq qalmaqdadır”.

“Ukrayna fərqli bəhanələrlə atəşkəsdən qaçmağa çalışacaq”

O əlavə edib ki, faktiki olaraq Rusiyanın qərb cəbhəsində birlik yoxdur: “Ukrayna burada təkcə ABŞ-nin iradəsi ilə deyil, eyni zamanda, Avropa ölkələrinin təlqinləri ilə hərəkət edir. Ona görə də burada sülhlə bağlı çətin proses var. Əlbəttə ki, yenə müəyyən addımlar atılacaq, yenə ABŞ məcbur etməyə çalışacaq ki, tərəflər arasında hansısa bir atəşkəs və ya sülh olsun. Amma görünən odur ki, hələ ki, Ukrayna tərəfi fərqli bəhanələrlə atəşkəsdən qaçmağa çalışacaq. Çünki indiki halda ərazi itkiləri və bu şəkildə sülh Zelenskiyə və onun Avropadakı müttəfiqlərinə sərf etmir. Digər tərəfdən Rusiya yenə Ukraynada öz qazanımlarını, öz ərazi bütövlüyünü genişləndərməyə çalışacaq”.

Röya İsrafilova