Azərbaycan-İsrail əlaqələri dərinləşir Gündəm

Azərbaycan-İsrail əlaqələri dərinləşir

İsrail Azərbaycana dəstək verən ölkələrdəndir və gün keçdikcə iki ölkə arasındakı əlaqələr inkişaf edir. Elə keçdiyimiz günlərdə İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana səfəri də bu əlaqələrin irəliyə aparılmasına növbəti töhfə oldu. İsrailli nazirin səfəri zamanı Prezident İlham Əliyevlə görüşündə Azərbaycan və İsrail arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafından danışılıb. Eyni zamanda, Gideon Saarla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüşdə də siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Gideon Saarın Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına necə təsir göstərəcək?

“Xalq Cəbhəsi” millət vəkilləri və politoloqlarla bu istiqamətdə müzakirə aparıb.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycan və İsrail arasındakı münasibətlər sadəcə diplomatik tərəfdaşlıq deyil, həm də strateji və ekzistensial əhəmiyyət kəsb edən bir ittifaqdır: “Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edən zaman hökm sürən ritorika, o cümlədən Ceyhun Bayramov və Gideon Saar arasındakı son görüş bu bağların daha da şaxələndiyini göstərir. Məlumdur ki, bir neçə gün öncə Davosda Azərbaycan və İsrail prezidentləri arasında baş tutan görüşdə liderlər ikitərəfli münasibətləri və qlobal təhlükəsizlik məsələlərini əhatələyən önəmli müzakirələr aparmışdı və israilli nazirin Bakıya səfəri əslində həmin danışıqların davamı sayıla bilər”.

“Münasibətlər yeni praktik mərhələyə qədəm qoyur”

Deputat əlavə edib ki, Azərbaycanı regionda mühüm və etibarlı tərəfdaş adlandıran cənab Saarın strateji tərəfdaşlıq və siyasi münasibətlərin yeni mərhələyə qədəm qoyması barədə bəyanatı da bu mənada təsadüfi hesab edilə bilməz: “Səfər çərçivəsində Bakıda Azərbaycan-İsrail Biznes Forumunun keçirilməsi, 40-dan çox böyük İsrail şirkətinin rəhbərinin Bakıya gəlməsi, kənd təsərrüfatı, su resurslarının idarə olunması, süni intellekt, yaşıl enerji və kibertəhlükəsizlik sahələrində yeni layihələrin anonsunun verilməsi, turizmin inkişafı, regional təhlükəsizlik və sülh istiqamətində çoxşaxəli müzakirələr, əslində, münasibətlərin, həqiqətən, tam yeni praktik mərhələyə qədəm qoyduğunu göstərməkdədir. Xüsusən, bu dəfəki təmaslar tərəflərin hərbi-siyasi, iqtisadi və texnoloji sahələrdə daha dərin inteqrasiyaya hazır olduğunun nümayişi baxımdan vacib oldu”.

Cənubi Qafqazın həlledici aktoru

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova qeyd edib ki, Azərbaycanın Cənubi Qafqazın həlledici aktoru olduğunu göstərən inkarolunmaz amillərdən biri də xarici siyasət sədalarımızın son dərəcə mürəkkəb kombinasiyalarla dolu Yaxın Şərq bölgəsindən gəlməsidir: “Belə bir regionda Azərbaycan boy göstərirsə bu, ondan xəbər verir ki, son dərəcə ziddiyyətli və barışmaz mövqedə dayanan aktorlarla kompromis və həll yolları tapmağın öhdəsindən gəlinir. Elə bu məqamda qeyd olunmalıdır ki, Davos İqtisadi Forumunda Azərbaycan və İsrail prezidentləri arasında görüş baş tutdu. Görüş əsnasında dövlət başçıları əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu və perspektivlərlə bağlı məsələləri müzakirə etdilər. Bunun ardınca Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən İsrail dövlətinin xarici işlər naziri Gideon Saarın qəbul edilməsi ondan xəbər verir ki, dövlət başçıları arasında müzakirə edilən məsələlər dərhal, vaxt itirmədən öz həllini tapmalıdır”.

“Konkret addımlar həyata keçirilməlidir”

Politoloq qeyd edib ki, məsələyə başqa, dünya reallığı prizmasından baxdıqda bu gün dünyada dövlət-özəl tərəfdaşlığının yeni mərhələyə qədəm qoyduğunu görürük: “Liderlər də öz növbəsində bu tərəqqi sürətini saxlamaq üçün konkret addımlar həyata keçirməlidirlər. Çünki məhz dövlət-özəl tərəfdaşlığı gələcəyin işlərinə hazır olan müasir və daha möhkəm cəmiyyətin qurulmasına kömək edə bilər. Bu, insanlar, əmək bazarları və qlobal iqtisadiyyat üçün son dərəcə mühüm amildir. Bu baxımdan, Davosda liderlər arasında keçirilən danışıqlardan sonra enerji, ticarət, turizm və investisiya əlaqələrinin genişləndirilməsi münasibətlərə sürətli bir təkan verəcək. İsrail və Azərbaycanın biznes nümayəndələri arasında özəl sektor üzrə əməkdaşlığın dərinləşdirilməsi münasibətlərin dayanıqlı hal almasına gətirib çıxaracaq. Potensial kommersiya mübadilələrinin, investisiya əməkdaşlığından başlayaraq B2B əlaqələrinin müzakirə edilməsi bundan xəbər verir”.

“İki dövlətin xarici siyasətdə atdığı addımlar uzlaşmaya dayanır”

Ş.Həsənovanın sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iki dövlət arasında münasibətlərin davamlı şəkildə yaxşılaşdığını bildirməklə münasibətləri strateji baxımından əhəmiyyətli adlandırdı: “Bu, son dərəcə düzgün yanaşma və adlandırmadır. Habelə, iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələr var. Bu isə öz növbəsində ondan xəbər verir ki, iki dövlətin xarici siyasətdə atdığı addımlar sonda mütləq qaydada uzlaşmaya dayanır. ABŞ-Azərbaycan münasibətlərinin bu qədər müsbət trayektoriya üzrə davam etdiyi bir zamanda İsrail-Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi dünya reallıqları kontekstində hər iki tərəf üçün son dərəcə mühümdür. İsrail-Azərbaycan prizmasından məsələyə baxdıqda dövlətlərin öz və qarşı tərəfin regionunda möhkəmlənməsi xarici siyasətdə dividentli çıxmaq deməkdir”.

“Münasibətlərin inkişaf etməsi tarixi xarakter daşımaqdadır”

Politoloq Samir Hümbətov bildirib ki, Azərbaycanla İsrail arasında münasibətlərin inkişaf etməsi tarixi xarakter daşımaqdadır: “Həm də təkcə siyasi və ya iqtisadi anlamda deyil, mədəni sahədə əlaqələrin də ciddi inkişaf etdirilməsi mövcuddur. Nəzərə alsaq ki, Azərbaycanın beynəlxalq sahədə mövqelərinin müdafiə edilməsində İsrail dövlətinin və yəhudi lobbisinin böyük dəstəyi oldu. Bu, heç kim üçün sirr deyil. Eyni zamanda, qarşılıqlı ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, investisiyaların qoyulması, həmçinin mədəni və müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi bütün bunların hamısı görülən işlərə nümunə ola bilər. Bu gün biz bilirik ki, Azərbaycan neftinin əsas alıcılarından biri məhz İsrail dövlətidir”.

“İsrail-Azərbaycan əlaqələri sürətlə inkişaf edir”

O əlavə edib ki, eyni zamanda, İsrailin müdafiə təyinatlı məhsullarının alışında Azərbaycanın xüsusi payı var: “Yəni qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi həyata keçirilir. Təbii ki, Azərbaycan İsraildə, İsrail də Azərbaycanda bir sıra layihələrin maliyyələşdirilməsi, yəni investisiya qoyulması sahəsində də ciddi iş görməkdədirlər. O baxımdan düşünürəm ki, İsrail və Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir. II Qarabağ savaşı və ondan sonrakı mərhələdə də münasibətlər sistemində çox ciddi bir irəliləyişlər həyata keçirilib və İsrail xalqı ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsindən söhbət gedə bilər. Bunlarla bərabər, həm də iki dövlət hər zaman bir-birinə səmimi münasibət göstərib. Düşünürəm ki, bütün bunların hər biri əlaqələrin inkişafına müsbət təsir göstərən amillərdəndir. Böyük ehtimal bu, gələcəyə də stimul yarada bilər”.

Röya İsrafilova