Türkiyə Ermənistanla sərhədini açır? Siyasət

Türkiyə Ermənistanla sərhədini açır?

İddialara görə, "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində bu arzuolunmaz hadisə baş verə bilər

Cavid

Qondarma erməni soyqırımının 100 illiyi yaxınlaşdıqca Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən gündəmə gətirilib. Xüsusilə də ABŞ dövlət katibin Con Kerrinin 2015-ci ilin əvvəlində regiona səfəri öncəsi bu məsələ daha da aktuallaşır.
İddia olunur ki, Ərdoğan hakimiyyəti 2015-ci ildə bu məsələdə ermənilərə güzəştə gedərək sərhədlərini açacaq. Məsələn, dünən Təhlükəsiz Enerji Tədqiqat Mərkəzinin rəhbəri, siyasi və beynəlxalq məsələlər üzrə ekspert Ceyhun Mahmudov da çıxış edib. O, bildirib ki, Ermənistanın qondarma genosid məsələsi Türkiyə ilə sərhədlərin açılması zərurətini yenidən ortaya qoyacaq. Ceyhun Mahmudov ABŞ dövlət katibi Con Kerrinin regiona gözlənilən səfərini şərh edərkən deyib ki, Amerika rəsmisinin regiona səfəri bu ilin sonuna, ya da 2015-ci ilin əvvəlinə təsadüf edəcək: "Kerri ölkəsinin Ermənistanla münasibəti ilə yanaşı Ankaranın İrəvanla əlqələrinin tənzimlənməsi məsələsinə də böyük önəm verir. Dövlət katibi bu məsələni xüsusi olaraq diqqətdə saxlayır. Bunu Amerikanın cəhdlərindən də görmək mümkündür. Vaşinqton diplomatik əlaqələri genişləndirmək qərarındadır. ABŞ-ındövlət katibi postunu tutmazdan öncə Con Kerri Xarici Əlaqələr Komitəsində genosid məsələsində fəal rol almışdı və Ermənistanın ən böyük dəstəkçilərindən birinə çevrilmişdi. O, sözügedən komitədə məsələni yenidən qaldıra bilər. Ərdoğanın prezident seçilməsi isə onu göstərir ki, bu məsələ gündəmdə qalacaq. Qondarma genosidin 100 illiyinin yaxınlaşması prosesi daha da gücləndirəcək. Ermənistan 2015-ci ildə məsələnin Konqresdə həllini tapacağına böyük ümid edir. Genosidin qəbul olunması yolunda atılan addımlar Türkiyə ilə böyük siyasi bazarlığa gətirib çıxara və sərhədlərin açılması zərurətini yenidən ortaya qoya bilər. İrəvan yenə də məsələnin həllində Ankarının heç bir şərt irəli sürməyəcəyinə ümid bəsləyir".
Xatırladaq ki, Con Kerrinin regiona səfərinin müjdəsini ABŞ-ın Ermənistandakı səfiri Con Xefferenin mart ayında erməni jurnalistlərin suallarını cavablandırarkən vermişdi. Onu da bildiək ki, ABŞ-ın Ermənistandakı səfiri Con Heffern "erməni soyqırımı"nın anım mərasimində çıxışı zamanı deyib ki, Türkiyə və Ermənistan arasında dövlət sərhədlərinin açılması mümkündür. İki ölkə arasında diplomatik münasibətlər qurulub. "Biz Türkiyə və Ermənistan prezidentlərinin iki dövlət arasında diplomatik münasibətlərin qurulması üzrə protokolun imzalanması ilə bağlı təşəbbüslərini və 2009-cu ildə xarici işlər nazirləri səviyyəsində protokolun imzalanmasını dəstəklədik", deyə ABŞ səfiri bildirib.
Con Heffern ABŞ, Ermənistan və Türkiyə olaraq dövlət sərhədlərinin açılması və diplomatik münasibətlərin tamamilə bərpası üçün çalışacaqlarını deyib. Türkiyə mətbuatı da zaman-zaman bu məsələyə toxunub. Türkiyənin "Taraf" qəzeti iddia edib ki, prezident Rəcəb Tayyib Ərdoğan sentyabrda sərhəd qapısının açılması ilə bağlı təlimat verib. Qəzet bunu prezidentliyə namizədliyini açıqlayandan sonra o zamankı baş nazirin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün ikinci addım atmağa qərar verdiyi ilə əsaslandırıb. Məlumata görə, Alican sərhəd qapısının açılması bu məqsədə hesablanıb.
Qəzetin yazdığına görə, ermənilər qondarma soyqırımın 100 illiyi ilə bağlı bir sıra tədbirlər hazırlayırlar. AKP (hakim Ədalət və İnkişaf Partiyası) hökuməti isə bu kampaniyanın təsirini azaltmaq üçün işlərə başlayıb. İlk addım olaraq R.T.Ərdoğan bu ilin aprel ayında qondarma soyqırımın ildönümü ərəfəsində 1915-ci iləd baş verən hadisələr zamanı ölən ermənilərin nəvələrinə başsağlığı verib. Sərhəd qapısına kimi olan 7 km-lik yol asfaltlanaraq hazır vəziyyətə gətirilib. Artıq buraxılış məntəqəsində gömrük cihazları, X-Rayler sisteminin qurulması da tamamlanır. Rəsmi açılış tarixi hələ dəqiqiləşdirilməyib. Alican sərhəd qapısı Dağlıq Qarabağ münaqişəsi başlayandan, Azərbaycan torpaqları işğal ediləndən sonra bağlanılıb. Türkiyənin rəsmi şəxsləri dəfələrlə sərhəd qapısının Azərbaycanın işğal altında olan torpaqlar azad edilməyənə kimi açılmayacağı barədə bəyanatlar səsələndiriblər.
Amma AKP-nin bütün variantlara hazır olduğuna Türkiyədə də inanlar az deyil. "AKP erməni soyqırımı məsələsini tanıya bilər". Bu açıqlamanı isə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından Türkiyə Böyük Millət Məclisinin üzvü Oqtay Vural ötən il səsləndirib. Türkiyə parlamentində MHP millət vəkili fraksiyasının sədri olan Oqtay Vural hətta hakim AKP-nin, o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğanın ölkəyə 200 min erməni gətirib onlara torpaq vermək fikrində olduğunu iddia edib. Türkiyə mediasının yaydığı xəbərlərə görə, Əhməd Davudoğlunun xarici işlər naziri olarkən gerçəkləşdirdiyi İrəvan səfərinə toxunan millət vəkili deyib ki, nazir Ermənistanda erməni kimi danışıb: "Türkiyə xalqının mövqeyini təqdim eləmək əvəzinə Davudoğlu Türkiyə xalqının tarixini satır. Ədalət və İnkişaf Partiyası saxta erməni soyqırımını tanımağa hazırlaşır. Mənim fikrimcə, partiya 200 min ermənini gətirib onlara torpaq sahəsi vermək yönündə iş aparır".
Bir sıra qaynaqlar iddia edir ki, rəsmi Ankara Ermənistanın işğal etdiyi 2 rayonu azad etməsi qarşılığında sərhədlərin açılmasının mümkün olduğu haqqında mesaj verib.
Analitiklərin fikrincə, bu təklifin əsas müəllifi Ermənistanı blokadadan çıxarmaqla Rusiyanın Qafqazdakı mövqelərini zəiflətmək istəyən Amerika Birləşmiş Ştatlarıdır. Məsələnin Davudoğlunun dekabrın ilk günlərində Vaşinqton ziyarətindən sonra gündəmə gəlişi bu iddiaları haqlı saymağa müəyyən əsaslar verir. Yəni, görünür, Türkiyə Azərbaycanla münasibətləri tam gərginləşdirməmək üçün Ermənistanın ən azı işğal etdiyi 2 rayonu azad etməsi şərtini irəli sürüb. Ankaranın bu davranışları əslində AKP-nin atdığı addımlarda ictimaiyyətin fikrini nəzərə almaması kimi dəyərləndirilə bilər. Türkiyə cəmiyyətinin qondarma soyqırım iddiaları və sərhədlərin açılması məsələsinə münasibətini bilə-bilə Ankara bu məsələdə tamamilə tərs addımlar atır.
Yaxın tarix isə göstərir ki, AKP iqtidarının bu davranışları Türkiyə üçün problemlərə yol açıb. Bu gün Türkiyə hökumətinin kürd açılımı siyasəti ölkənin ərazi bütövlüyü üçün açıq təhdidə səbəb olub. İllər öncə Ankara ilə Dəməşqin fövqəladə yaxınlığından da bu gün əsər-əlamət yoxdur. Əksinə, bu gün Suriya Türkiyə üçün bir neçə məqamlarda ciddi təhlükə rolunu oynamaqdadır. Aylar keçsə də, Türkiyənin "Gəzi Parkı" olayları hakim AKP-nin siyasətinə xalqın sərt təpkisi kimi yaddaşlardadır.
MHP-çi millət vəkili Atilla Qaya da bildirib ki, AKP hökuməti sərhədlərin açılması üzrə aldığı görəvi yerinə yetirməkdədir: "Oqtay Vuralın əlində səsləndirdiyi iddialarla bağlı hər hansı sənəd olduğunu dəqiq bilmirəm. Ancaq bu gün AKP iqtidarının siyasətinə baxış onun iddialarının doğru olduğunu sübut edir. Yaxın keçmişə qədər Türkiyə hökuməti qondarma qoyqırımı məsələsi ilə bağlı müzakirələrin yalnız Ermənistanın arxivləri açacağı zaman mümkün olacağını deyirdi. Bu gün isə biz fərqli bir mənzərəni müşahidə etməkdəyik. Sanki cəmiyyət "soyqırım" məsələsinin qəbul edilməsinə hazırlaşdırılır. Son 2-3 ildə Türkiyədə "erməni soyqırım"ı ilə bağlı davamlı konfranslar, simpoziumlar keçirilir, yüzlərlə məqalələr, kitablar çap olunur. Buna qədər Türkiyədə belə bir davranış mümkün deyildi, bu hərəkətlər mütləq məhkəmə ilə sonuclanırdı. Ancaq indi durum 180 dərəcə fərqlidir. Şəxsən mən bugünkü iqtidarın belə bir məsələyə qol qoyacağına inanıram. Əgər Ərdoğan Türkiyənin ən həssas olduğu məsələ ilə bağlı çıxışında "Kürdüstan" ifadəsini işlədirsə, baş nazirin bu sözündən cəsarət alan Türkiyə parlamentindəki PKK-çı millət vəkilləri bu ifadəni işlətməyə başlayırsa, demək, eyni durum qondarma erməni soyqırımı məsələsində də yaşana bilər. Bu siyasət AKP iqtidarının son dönəmlərində xüsusilə aşkar görünməkdədir".
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun isə bu yaxınlarda bildirib ki, Ermənistan Türkiyə arasındakı sərhədlərin açılması ilə bağlı yayılan məlumatlar şaiyədən başqa bir şey deyil. Səfir deyib ki, bu cür xəbərlərin yayılması tamamilə təsadüfidir: "Həmişə bu suala eyni cavabı verirəm ki, sərhədlərin açılması mümkün deyil. Bu xəbəri kim hansı məqsədlə yayır deyə bilmərəm, ancaq yorulmadan və rahat bir şəkildə cavab vermək iqtidarındayam. Çünki Türkiyənin bu mövzuya yanaşması aydındır. Heç bir müzakirəyə də ehtiyac yoxdur".
Millət vəkili Asim Mollazadə isə bildirib ki, belə məlumatlarlın yayılması Türkiyənin daxili siyasətində olan problemlərlə bağlıdır: "Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentində çıxış edib və söz verib ki, münaqişə həll edilməyincə və Azərbaycan torpaqları işğldan azad olunmayana qədər Ermənistanla sərhəd açılmayacaq. Biz buna inanırıq və əminəm ki, hər hansı bir əks addım atılmayıb. Mən istəməzdim ki, bu cür məlumatlar Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirsin".
Politoloq Elxan Mehdiyev isə bu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib. Politoloqun sözlərinə görə, Ərdoğanın hakimiyyətə gəldiyi gündən apardığı siyasət onu deməyə əsas verir ki, sərhədlərin açılması realdır. Ermənilərlə bağlı daima sərt fikirlər səsləndirən Ərdoğanın birdən-birə ermənilərə başsağlığı mesajı verməsi sərhədləri açmasının da tamamilə gözlənilən olduğunu söyləməyə əsas verir: "Qondarma erməni soyqırımını tanımaq müqabilində, sərhədlərin açılması olduqca kiçik bir işdir".