MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb Siyasət

MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb.
İclası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıq elan edib.
38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsi ilə bağlı daxil olan müraciət baxılması üçün müvafiq dairə seçki komissiyasına göndərilib.
İclasda daha iki Seçki Dairəsindən daxil olmuş müraciətlərə baxılıb.
İclasda 97 saylı Goranboy-Ağdam-Tərtər və 108 saylı Ağstafa Seçki dairələrindən daxil olmuş müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsinə qərar verilib.
Bundan başqa, 51 saylı Qusar Seçki Dairəsi üzrə daxil olmuş şikayət və müraciətlərə baxılıb. İclasda daxil olmuş şikayət və müraciətlərin araşdırılması üçün müvafiq DSK-ya göndərilməsinə qərar verilib.
Mərkəzi Seçki Komissiyasının iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə namizəd Rəfullayeva Samirənin müraciətinə də baxılıb.
İclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində pozuntu hallarının baş verməsi qeyd olunub.
MSK üzvü İlham Məmmədovun sözlərinə əsasən, müraciət araşdırılıb və həmin seçki məntəqələri üzrə Seçki Məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verilib.
İlham Məmmədov həmin dairənin 1, 12, 14, 16, 18 saylı məntəqələri üzrə səsvermənin nəticəsinin etibarsız sayılmasını təklif edib.
Mərkəzi Seçki Komissiyası (MSK) 47 saylı Mingəçevir Şəhər Seçki Dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib.
MSK üzvü Baxşeyiş Əsgərov bildirib ki, Mingəçevir Seçki Dairəsi üzrə daxil olan müraciətdə bir sıra seçki məntəqələrində pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv edilməsi xahiş edilib.
Baxşeyiş Əsgərov bildirib ki, araşdırma zamanı 9, 17 və 21 saylı seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar aşkar edilib.
O, həmin seçki məntəqələrində səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.