Millət vəkili: “Prezident İlham Əliyev xalqa yuxarıdan aşağı baxan məmurlara qarşı barışmaz mövqe tutur” Siyasət

Millət vəkili: “Prezident İlham Əliyev xalqa yuxarıdan aşağı baxan məmurlara qarşı barışmaz mövqe tutur”

“Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvar və Saatlı rayon icra hakimiyyətləri başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbulda məmurlarla bağlı əsas tapşırıq və tövsiyələrini bir daha nəzərə çatdırıb. Dövlət başçısı bildirib ki, məmur və yaxın qohumları həm işdə, həm məişətdə təvazökar olmalı, davranışları ilə insanların hörmətini qazanmalıdırlar”.

Bunu açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

Millət vəkili deyib ki, bəzi məmurların özlərini ağa, xan kimi aparması, insanlara yuxarıdan aşağı baxması yolverilməzdir: “Dövlət başçısı deyib ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Əfsuslar olsun ki, bəzi dövlət məmurları özlərini apara bilmir, qanunları, cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozur, özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Prezident İlham Əliyev isə xalqa yuxarıdan aşağı baxan məmurlara qarşı barışmaz mövqe tutur, bu barədə dövlət başçısına məruzə ediləndə dərhal müvafiq göstəriş verir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da cinayət məsuliyyətinə cəlb edilir. Dövlət başçısının qeyd etdiyi kimi, rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır və rəhbərin mənəvi haqqı olmalıdır ki, insanlardan, öz tabeçiliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, həmin məmurlara nə hörmət, nə də rəğbət olacaq. Ona görə məmurlar məişətdə də, işdə də nümunə olmalı, özlərini təvazökar aparmalıdırlar. Bu gün ölkənin Prezidenti özünü bütün Azərbaycan xalqının xidmətçisi hesab edirsə, həm məmurlar, həm də biz millət vəkilləri də hər birimiz vətəndaşın, seçicinin xidmətçisi, qulluqçusu olmalıyıq”.

M. İbrahimqızı tutduğu vəzifədən asılı olmayaraq, məmurların Prezident İlham Əliyevdən örnək götürmələrini, təvazökar olmalarını, davranışları ilə insanların hörmətini qazanmalarını vacib sayıb: “Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq sayılan kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. Dövlət başçısının da vurğuladığı kimi, ilk növbədə, hansısa məmura yox, dövlətə sədaqətlə insanlar, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi hər şeydən üstün tutanlar, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir. Əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır”.

M. İbrahimqızı bu günlərdə karantin qaydalarını və qanunu pozaraq AMEA prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy məclisində iştirak edənlərə qarşı cəmiyyətdə çox ciddi narazılıq yaranmasına da diqqət çəkib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sədri olduğu YAP bu toy mərasimində iştirak edən partiyanın İcra katibinin müavini, deputat Siyavuş Novruzova töhmət verib və o, bu gün partiyada tutduğu vəzifədən də istefa verib: “Biz həm şəxsi nümunəmizlə, həm də əmək fəaliyyətimizlə dövlətçiliyimizə, partiyamıza xələl gətirməməliyik, əksinə, cəmiyyətdə müsbət fikir və rəy formalaşdırmalıyıq. Ulu Öndər Heydər Əliyevdən sonra, 2003-cü ildən partiyamıza Prezident İlham Əliyev rəhbərlik edir. İnsanlar partiyamızın sədrinə olan sevgi, inam və etimada görə bu partiyaya üz olmaq üçün müraciət edirlər. Ona görə kimliyindən, tutduğu vəzifədən və nə vaxtsa gördüyü xidmətlərdən asılı olmayaraq hər kəs qanunun aliliyi qarşısında cavab verməli, günahlarını yumaq üçün müvafiq adekvat addımlar atmalıdırlar”.