“Türkiyə-Azərbaycan münasibətlərini korlamaq mümkün deyil” Siyasət

“Türkiyə-Azərbaycan münasibətlərini korlamaq mümkün deyil”

Aydın Mirzəzadə: ""Türkiyədə Azərbaycanla münasibətlərin korlanmasını istəyən qüvvələrin olması istisna deyil"

Vahid Əhmədov: "Türkiyə dövlətinə də müəyyən mesajlar verirlər ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər açılsın"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından danışarkən, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Nazir bildirib ki, iki ölkənin münasibətlərinin yaxşılaşdırılması üçün Türkiyənin bəzi şərtləri var və bu şərtlər yerinə yetirilməlidir: "Azərbaycanın işğal edilmiş torpaqları var. Qarabağ problemindən əlavə, tez-tez sərhəddə atışmalar olur. Biz bu problemin sülh yolu ilə həll edilməsini istəyirik". Nazir eyni zamanda qondarma `erməni soyqırımı`ndan da söz açıb. O bildirib ki, Ermənistan ilə münasibətlərin normallaşması üçün Türkiyə addımlar atıb: " 11-ci prezident Abdulla Gül Ermənistana gedib. Eyni zamanda o vaxt baş nazir olan Rəcəp Tayyib Ərdoğan İrəvana təklif etmişdi ki, gəlin birgə arxivləri açaq. Bu hadisələri aydınlaşdıraq. Lakin Ermənistandan cavab gəlmədi. Biz özümüzə də, atalarımıza da güvənirik. Amma Ermənistan deməli iddiaları ilə bağlı sənədləri ilə inamları yoxdur". XİN rəhbəri bildirib ki, Türkiyə bundan sonra barışıq üçün Ermənistana addım atmayacaq.
Onu da əlavə edək ki, son günlər Türkiyə Ermənistan sərhədlərinin açılması gündəmdən düşmür.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, deputat Aydın Mirzəzadə hesab edir ki, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması məsələsi bəzi məkrli dairələr tərəfindən vaxtaşırı gündəliyə salınmağa cəhd edilir və bunun da ilk növbədə guya Türkiyəyə sərf edəcəyi barəsində fikir formalaşdırılmağa çalışılır. Ermənistanın nə bir dövlət, nə bir iqtisadi vahid kimi dünya və region üçün əhəmiyyət kəsb etmədiyini qeyd edən deputatın sözlərinə görə, sadəcə, dünyada müəyyən dairələr var ki, onlar erməni faktorundan stabilliyi pozmağa, vəziyyəti maksimum Ermənistanın xeyrinə dəyişməyə çalışırlar. "Türkiyənin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı möqeyini müdafiə etməsi, bu baxımdan, Ermənistanla sərhədləri bağlaması onların - həmin dairələrin maraqlarına cavab vermir. Odur ki, həmin dairələr vaxtaşırı xaricdə, hətta, Türkiyənin özündə bununla bağlı müəyyən tədbirlər keçirməyə çalışır və həmin tədbirlərdə də əsasən türk soyadları götürmüş erməni əsilli insanlar daha çox iştirak və fəallıq edirlər. Türkiyə tərəfdən də bu məsələyə hər hansı bir maraq göstərilmir. Yaxud, verilən cavablar, göstərilən reaksiyalar da kifayət qədər kəsərli olmur. Ancaq arzu edərdik ki, bu cür məsələlərə vaxtında ciddi reaksiya veriləydi. Çünki vaxtilə ermənilərin uydurma soyqırım məsələsinə reaksiya verilməməsi 1965-ci ildə Uruqvay parlamenti, sonradan isə 20-yə qədər dövlətin parlamenti tərəfindən bu yalanın artıq dövlət, ali qanunverici orqan səviyyəsində qəbul edilməsinə gətirib çıxardı. Buna görə də mütəmadi edilən bu cəhdlərin qonşu və qardaş dövlət tərəfindən vaxtında qarşısı alınsa, əlbəttə ki, o zaman Ermənistanın və ermənipərəst qüvvələrin də bu məsələdə layiqli və lazımi cavabları verilmiş olar", - deyə A.Mirzəzadə bildirib. Türkiyənin özündə Azərbaycanla münasibətlərin korlanmasını istəyən müəyyən qüvvələrin olduğunu istisna etməyən Mirzəzadə hesab edir ki, bu qüvvələrin əsl türk əsilli qüvvələr olduğunu demək olmaz: "İlk növbədə bu qüvvələr ya türkləşmiş ermənilərdir və yaxud da, milli şüuru, belə deyək də, təfəkkürü olmayan qruplardır. Ancaq bunlar azlıq təşkil edirlər. Bunların hardasa çıxışlarını ciddi qəbul etmək olmaz. Bununla belə, vaxtilə Türkiyədə böyük qırğınlar törətmiş və sonradan da Türkiyə ilə bağlı beynəlxalq aləmdə ciddi anti-təbliğat aparan bir ölkə ilə - Ermənistanla bu gün dostluq münasibətləri ilk növbədə Türkiyənin özünün marağında deyil və olmamalıdır. Həmçinin, bütövlükdə Türkiyə cəmiyyəti də, orada fəaliyyət göstərən siyasi qüvvələr də bu məsələdə ayıq-sayıq olmalıdırlar, arxayınçılığa yol verməməlidirlər, öz sözlərini vaxtında və zamanında daha kəskin şəkildə deməlidirlər".
Millət vəkili Sevinc Fətəliyeva isə deyib ki, bu məsələ vaxtaşırı olaraq gündəmə gətirilir: "Bilirik ki, müəyyən beynəlxalq qüvvələr Türkiyənin işğalçı Ermənistanla sərhədlərinin açılmasına çalışır. Amma Azərbaycanın ədalətli mövqeyi həmişə qardaş Türkiyə dövləti tərəfindən dəstəklənir. Hər iki dövlət beynəlxalq müstəvidə bir birilərini fəal surətdə dəstəkləyirlər. Azərbaycanla Türkiyənin münasibətləri digər ölkələr üçün də nümunə ola bilər. Belə bir şəraitdə Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsinin gündəmə gətirilməsi məqsədli xarakter daşıyır. Amma inanırıq ki, bu dəfə də Türkiyə hakimiyyəti öz prinsipial mövqeyini ortaya qoyacaq və işğalçı ölkə ilə sərhədlərini açmayacaq.
Azərbaycan cəmiyyəti bu prosesi diqqətlə izləyir. Və belə bir tədbirlərin keçirilməsi ciddi narahatlıq doğurur. Biz başa düşürük ki, işğalçı Ermənistanı himayə edən qüvvələr sərhədlərin açılmasına çalışır. Amma hesab edirəm ki, nə qədər ki, Ermənistan öz işğalçılıq siyasətinə son qoymayıb. Türkiyə dövləti sərhədləri açmayacaq".Onun sözlərinə görə, Azərbaycan dövlətinin siyasətində başlıca məqam Ermənistanın işğalının aradan qaldırılması və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasıdır: "Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir. Amma mövcud vəziyyət regional təhlükəsizliyə ciddi təhdid yaratmaqla bərabər, eyni zamanda, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl yaradır. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. Onun üçün zərurətdir ki, münaqişənin həlli prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu da fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalı və problemin həlli istiqamətində hüquqi norma və qaydalarla təsbit edilmiş effektiv metodlara baş vurmalıdır. Əks təqdirdə, Cənubi Qafqaz yeni qarşıdurmalar meydanına çevrilə bilər. Şübhəsiz, ATƏT-in Minsk qrupu Ermənistana qarşı xüsusi təzyiq mexanizmi və vasitələrindən istifadə etməlidir. Bu, danışıqlar prosesində pozitiv dinamikanın yaranmasına səbəb ola bilər. Əlbəttə, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarında təsbit edildiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını qısa müddətdə işğaldan azad edə biləcəyinə tam əminlik yaradır".
Milli Məclisin üzvü, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vahid Əhmədov deyib ki, Türkiyə ilə Azərbaycan arasında olan yüksək münasibətləri qısqanan bəzi dövlətlər Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını ortaya atırlar. V.Əhmədov qeyd edib ki, gələn il ermənilər qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etmək istəyirlər: "Bundan istifadə edərək Türkiyə dövlətinə də müəyyən mesajlar verirlər ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər açılsın. Ancaq bunlar hamısı mətbuat üçündür, cəmiyyətə hesablanmış mesajdır və mesajdan o tərəfə keçə bilməz. Çünki Azərbaycan ilə Türkiyə qardaş ölkələrdir və bu münasibətlər tarixi köklərə əsaslanır". Millət vəkili əlavə edib ki, eyni zamanda, Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir və bütün beynəlxalq təşkilatlarda hər iki ölkə bir-birini müdafiə edir: "Digər tərəfdən, Azərbaycanın bütün xarici neft və qaz kəmərləri Türkiyə vasitəsilə Avropaya çıxır. Yəni bütün bunlar onu göstərir ki, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması yalnız Dağlıq Qarabağ münaqişəsi öz həllini tapandan sonra mümkün ola bilər". Bir neçə il öncə gündəmə gələn Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin bərpası və sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokollarını xatırladan millət vəkili qeyd edib ki, o zaman Azərbaycan həm dövlət, həm də ictimaiyyət səviyyəsində buna öz etirazın bildirdi və protokollar ratifikasiya olunmadı: "Türkiyə ilə Azərbaycan arasında elə münasibətlər var ki, bunları korlamaq mümkün deyil. Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq sahəsində xüsusi müqavilə imzalanıb və strateji əməkdaşlıq komissiyaları fəaliyyət göstərir. Mən inanmıram ki, Türkiyə Azərbaycanın zərərinə olan belə bir addım atsın".

Əli