“ABŞ prezidentlər səviyyəsində danışıqların bərpa olunmasını istəyir” Siyasət

“ABŞ prezidentlər səviyyəsində danışıqların bərpa olunmasını istəyir”

Amerikalı diplomat: "Azərbaycanla əlaqələrimizin təməli dəyişməz qalır"

"ABŞ-Azərbaycan əlaqələrinin təməli dəyişməz olaraq qalır". APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan son vaxtlar Azərbaycanda ABŞ-ın ünvanına səslənən tənqidlərə münasibət bildirərkən deyib.
Diplomat qeyd edib ki, ABŞ və Azərbaycan bir çox sahələrdə birgə fəaliyyəti və əməkdaşlığı davam etdirməyə hazırdır: "Ölkələrimiz bir sıra ikitərəfli əhəmiyyət kəsb edən sahələrdə, o cümlədən regional təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin həlli, eyni zamanda terrorizmlə mübarizə, iqtisadi inkişaf sahəsində əməkdaşlıq edir. Biz iqtisadiyyatın diversifikasiyası və inkişafı sahələrində də Azərbaycanla əməkdaşlıq edirik. Digər istiqamət Azərbaycanda demokratiya sahəsidir ki, biz bu sahədə Azərbaycanla və cəmiyyətlə öz işimizi davam etdirəcəyik".
D. Hoqanın sözlərinə görə, ikitərəfli münasibətlərin müəyyən sahələrində fikir ayrılıqları ola bilir: "Həmin sahələrdə irəliləyişin əldə edilməsi üçün birgə iş tələb olunur və biz Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq".
Amerikali diplomat qeyd edib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olaraq 2015-ci ildə də hər iki tərəfi Dağlıq Qarabağ üzrə danışıqları davam etdirməyə dəvət edəcək.
Onun sözlərinə görə, ilk növbədə iki ölkə prezidentlərinin, o cümlədən xarici işlər nazirlərinin danışıqları davam etdirməsinə çalışılacaq: "Prezidentlərin son görüşü keçən il Parisdə baş tutub. ABŞ istəyir ki, prezidentlər səviyyəsində danışıqlar bərpa olunsun. Bunun üçün danışıqların aparılacağı müddəalar, məsələlər müəyyənləşdirilməlidir ki, həmsədrlər də hazırda bu məsələlər üzərində işləyirlər. Önəmli məqam ondan ibarətdir ki, hər iki tərəf, eyni zamanda həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsinə diqqətlərini yönəldiblər və son dövrlər təmas xəttində müşahidə olunan gərginliyin artmasında heç bir tərəf maraqlı deyil".
D.Hoqan prezidentlərin həm görüşlərindən əvvəl, həm də görüşlərindən sonra amerikalı həmsədr Ceyms Uorlikin öz bəyanatlarında, sosial mediadakı yazılarında çox fəal şəkildə iştirak etdiyini, öz fikirlərini bildirdiyini qeyd edib, bu fəallığın 2015-ci ildə də davam etdiriləcəyinə inandığını bildirib.
ABŞ-ın müvəqqəti işlər vəkili əlavə edib ki, ABŞ Azərbaycanın suverenliyini və müstəqilliyini birmənalı dəstəkləyir: "Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyini və müstəqilliyini birmənalı şəkildə dəstəkləyir və Dağlıq Qarabağ münaqişənin dinc yolla həlli mövqeyinə sadiqdir".
O, hazırkı dövlət katibi Con Kerri də daxil olmaqla, bir qrup senatorun 20 yanvar 1990-cı il ərəfəsində SSRİ prezidenti Mixail Qorbaçova ünvanladığı müraciətin ortaya çıxmasına da münasibət bildirib.
Diplomat belə bir məktubla tanış olmadığını söyləyib: "Mediada belə iddialar irəli sürülüb. Amma bu cür iddialar tamamilə yanlış və əsassızdır. ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməsi uzun müddətdən bəri açıq şəkildə ortadadır və nümayiş olunur. Guya bizim ATƏT-in Minsk Qrupu çərçivəsində öz işimizə ciddi yanaşmamağımız və qərəzli olmağımızla bağlı iddialar da tamamilə yanlış və əsassızdır. Bizim Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi fəal yanaşmamız və iştirakımız, uzun müddətdən bəri davam edən münaqişənin sülh yolu ilə nizamlanması istəyimiz bariz şəkildə özünü göstərir. Yəni onu demək istəyirəm ki, bizim hər bir fəaliyyətimiz göz önündədir".
Derek Hoqan sonda Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekutanın Azərbaycana gəlişinin ən yaxın zamanda baş tutacağını söyləyib.
O bildirib ki, hələlik səfirin gəlişinin dəqiq tarixi məlum deyil: "Mən ötən müddət ərzində səfir Robert Sekuta ilə bir sıra söhbətlər aparmışam. O, çox tez bir zamanda Azərbaycana gələrək ölkələrimiz arasındakı mövcud əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi işinə töhfə verməyi səbirsizliklə gözlədiyini deyir".