Sabah iqtidar-müxalifət dialoqu olacaq Siyasət

Sabah iqtidar-müxalifət dialoqu olacaq

Görüşə dəvət alan Müsavat Partiyası tərəddüd edir

Cavid

Sabah Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının rəhbərlərinin növbəti iqtidar-müxalifət görüşü keçiriləcək. Özünü "ana" müxalifət adlandıran və son dövrlərdə parçalanma prosesi ilə üz-üzə qalan Müsavat Partiyası da iqtidar-müxalifət dialoquna dəvət alıb.
Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, dialoqda iştirak məsələsi partiyada müzakirə olunduqdan sonra yekun qərar veriləcək.
Xatırladaq ki, ilk dialoq Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə 2014-cü il dekabrın 13-də baş tutub.
AXCP və Müsavat Partiyaları isə görüşə qatılmaqdan imtina ediblər.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, iqtidar-müxalifət dialoqunun əhəmiyyəti ondadır ki, Azərbaycanda siyasi partiyalar artıq ATƏT və bu kimi qurumların, beynəlxalq təşkilatların vasitəçiliyi ilə yox, birbaşa öz təşəbbüsləri ilə yığışıb fikir mübadiləsi aparırlar. Ölkənin taleykülü məsələləri, perspektivləri, ictimai-siyasi sistemdə islahatlarla bağlı sivil formada dialoq qururlar.
S.Novruzov vurğulayıb ki, Azərbaycanda qeydiyyatdan keçmiş bütün siyasi partiya rəhbərləri dialoq üçün görüşə dəvət olunub, onlar iştirak edib öz təkliflərini verə bilər: "İqtdiar-müxalifət dialoqu çərçivəsində görüşlərin təşkili ilə Yeni Azərbaycan Partiyasının Dialoq və Siyasi Partiyalararası Əlaqələr Komissiyası məşğul olur. Həmin Komissiyaya da Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri, partiyanın İdarə Heyətinin üzvü Əli Həsənov rəhbərlik edir".
Özünün görüşdə iştirak etməyəcəyini deyən S.Novruzov dialoq zamanı hansı məsələlərin müzakirə olunacağından danışıb: "Bununla bağlı toplantı keçirildi. Bəzi partiyalar müvafiq təkliflər verdi və onlar müzakirə edildi. Bu təkliflər müzakirə olunduqdan sonra reallaşması üçün addımlar atılacaq".
Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu isə ötən dialoqdan sonra bildirmişdi ki, görüşdə müxalifət nümayəndələrindən ötən görüşdəki tərkib iştirak edəcək: "Əlavə hansısa partiyalar dəvət olunacaqsa, bu, görüşün təşkilatçısı kimi Prezident Administrasiyasının öhdəliyindədir. Yəni, konkret olaraq kimlərin görüşdə iştirak edəcəyini indidən demək olmaz".
AXCP və Müsavat partiyalarının görüşdə iştirakına gəlincə isə, S.Cəlaloğlu bildirib ki, siyasi dialoqun əleyhinə olduğunu deyən şəxslərin belə görüşə dəvət edilməsi mənasızdır: "Kimsə bəyanat verib iqtidarla müxalifətin siyasi dialoqunun əleyhinə olduğunu deyirsə, onu belə məclisə dəvət etmək absurddur. Çünki bu adam siyasi dialoqu qəti şəkildə siyasi, demokratik prosedur kimi qiymətləndirmir. Kim belə dialqou vacib sayırsa, həmin adamlar da dəvət olunmalıdır.
Müxalifətin görüşdə səsləndirəcəyi təkliflərə gəlincə, partiya sədri qeyd edib ki, iqtidar və müxalifətin ümdə maraqlarına toxunmayan istənilən məsələ müzakirəyə çıxarıla bilər: "Hələlik bizim görüşləri siyasi dialoq kimi qəbul etmək olmaz, bu, siyasi diskussiyalardır. Əgər həqiqətən də siyasi dialoq reallaşacaqsa, onda hər məsələni müzakirəyə çıxarmaq olar. Məsələn, biz hakimiyyətdən hakimiyyətdəki qüvvələrin getməsi ilə bağlı siyasi dialoq təklif edə bilmərik. İqtidar da bizə siyasi müxalifətçilikdən imtina etməyi təklif edə bilməz. Amma hər iki tərəfin ikinci dərəcəli maraqları ilə bağlı olan istənilən məsələ müzakirə edilə bilər. Buna ğörə ölkədə demokratik seçkilərin keçirilməsi, demokratik islahatlar, Qarabağ məsələsinin həllində ümummili mövqeyin müəyyənləşməsi antiböhran proqramlarının hazırlanması və s. məsələlərlə bağlı hər iki tərəfin marağı eyni olduğuna görə, müzakirə edilə bilər. Tərəflərin birinci maraqları ilə bağlı təkliflər siyasi dialoqun fəlsəfəsinə zidd olar".
Yaşıllar Partiyasının sədri Mayis Gülalıyevin fikrincə, dialoq həmişə faydalı olur: "Fərqi yoxdur o kimlərin arasında keçirilir. O cümlədən, iqtidar-müxalifət arasında da istənilən görüş, o cümlədən dialoq faydalıdır. Amma dialoq da digər fəaliyyətlər kimi imitasiya xarakteri daşıyanda ziyanlı olur. Hər bir şeyin imitasiyası ziyanlıdır. Odur ki, dialoqu faydalı etmək üçün bəzi addımlar atılmalıdır. Birincisi, dialoqu zəruri edən problemlər üzə çıxarılmalıdır. Dialoqa qoşulan tərəflər bu problemləri eyni dərəcədə qəbul etməlidirlər. Əgər bu yoxdursa, onda ilk görüş məhz problemlərin aydınlaşmasına həsr edilməlidir. Sonra isə problemin həlli üçün baxışları yaxınlaşdırmaq məqsədilə dialoq keçirilə bilər. Hələ ki, hazırda müxalifət və iqtidarın hər ikisinin eyni dərəcədə etiraf etdiyi problem yoxdur. Belə hallarda keçirilən dioloqlar yalnız imitasiya xarakterli ola bilər".