“Minsk qrupu münaqişəni nizamlamaq üçün deyil” Siyasət

“Minsk qrupu münaqişəni nizamlamaq üçün deyil”

Elçin Xalidbəyli: "Sadəcə, müharibənin baş verməsinin qarşısını almaq üçün beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən yaradılıb"

Arzu Nağıyev: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hərbi yol istisna edilmir"

Son günlər Dağlıq Qarabağ münaqişəsi haqda yeni ehtimallar, proqnozlar səsləndirilir. Xüsusilə Ukrayna münaqişəsinin çözülməsi üçün işə başlayan "Normand dördülüyü" formatının Qarabağa da tətbiq olunması haqda fikir var. Bu proseslər fonunda Qərb mediasının ortaya atdığı iddia ilgincdir. Belə ki, ABŞ-ın "Newsweek" nəşri yayda Qarabağda müharibə başlaya biləcəyini iddia edib. Jurnal bu fikri son günlər təmas xəttində yaşanan gərginliklə əsaslandırıb.
Jurnalın iddiası Ermənistanın düşdüyü vəziyyət kontekstində inandırıcı gəlir. Çünki faktiki olaraq rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllinə məsul olan Rusiya və Qərblə münasibətlərini xeyli inkişaf etdirib. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ərsəyə gələn Cənub Qaz Dəhlizi layihəsinin Avropa üçün önəmi də Bakının mövqelərini gücləndirir.
Bununla yanaşı, prezident İlham Əliyevin Avropaya səfərləri, Türkiyə-Rusiya yaxınlaşması, Qərbin münaqişəyə Ukrayna kontekstində yanaşmaq niyyətlərinin görünməsi, rəsmi Bakının torpaqların azad olunmasında prinsipiallığı İrəvanı çətin duruma salıb. Hesab etmək olar ki, Ermənistan sonuncu həmləyə əl atacaq. Bu, təmas xəttində gərginliyin artırılması, diversiya-təxribat qruplarının hərəkətə keçməsi və ən azı "lokal müharibənin" baş verməsidir. Bunu Ermənistanın daxili vəziyyəti də deməyə əsas verir.
Bu arada rusiyalı politoloq Andrey Petrovun "may ayında Ermənistan genişmiqyaslı təxribatlar törədəcək" açıqlaması diqqət çəkir. "Qarşıdakı üç ayda cəbhədə gərginlik tədricən artacaq. Bu, iyun ayında Azərbaycanın I Avropa Yay Oyunlarını keçirməsi ilə bağlıdır və İrəvan həmin ərəfədə fəallaşmağa cəhdlər edəcək. Digər tərəfdən, "erməni soyqırımı"nın 100 illiyi və I Avropa Yay Oyunları təxribatlar üçün əlverişli məqamdır", - deyə rusiyalı ekspert qeyd edib.
Baş verənlər və irəli sürülən iddialar avtomatik olaraq sual yaradır: "Qarabağda müharibə ehtimalı varmı?"
Siyasi şərhçi Elçin Xalidbəyli dedi ki, belə ehtimallarin reallaşması o qədər də inandırıcı deyil: "Əslində, bu ehtimallar daha çox problemi gündəmdə saxlamağa və yaxud həm qarşı tərəfə, həm də ictimaiyyətə müəyyən mesajların çatdırılması kimi məqsədlərə xidmət edir. Düzdür, Dağlıq Qarabağ münaqişə bölgəsində ara-sıra qısamüddətli silahlı toqquşmalar, insidentlər baş verir. Ancaq bütün bunlar daha çox lokal xarakter daşıyır. Və genişmiqyaslı hərbi əməliyyatlara çevrilmədən silahlı toqquşmalar dayandırılır. Əslində, burada təəccüblü heç nə yoxdur. Çünki nə qədər ki, Minsk qrupu və onun həmsədrləri fəaliyyət göstərir, Dağlıq Qarabağda müharibənin başlama ehtimalı istisnadır. Ona görə ki, Minsk qrupu bu münaqişəni nizamlama üçün deyil, sadəcə, müharibənin baş verməsinin qarşısını almaq üçün beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən yaradılıb. Bu baxımdan, Dağlıq Qarabağda müharibənin baş verməsi üçün ya Minsk qrupu ləğv edilərək, öz fəaliyyətini dayandırmalı, ya da Azərbaycan bu qurumla əməkdaşlıqdan birmənalı şəkildə imtina etməlidir. Əgər Minsk qrupu ləğv edilərsə, bu, beynəlxalq güclərin Cənubi Qafqazda savaşa etiraz etmədikləri anlamına gələcək. Və bu variantın ən azından yaxın perspektivdə reallaşma ehtimalı yoxdur. Azərbaycanın Minsk qrupu ilə əməkdaşlıqdan imtinası isə rəsmi Bakının heç bir supergücün iradəsini nəzərə almadan savaşa başlamaq qərarı verməsi anlamı daşıyacaq. Ancaq bu da sonradan Azərbaycana kifayət qədər ciddi problemlər yarada biləcəyindən rəsmi Bakının belə riskə gedəcəyi inandırıcı deyil. Dağlıq Qarabağla bağlı müharibənin başlanma ehtimalının Ukraynadakı ölkədaxili münaqişə ilə əlaqələndirilməsi isə əsassızdır və siyasi spekulyasiya xarakteri daşıyır. Çünki beynəlxalq siyasi məkanda Azərbaycana, o cümlədən də, Dağlıq Qarabağa yanaşma tərzi Ukraynaya olduğundan ciddi şəkildə fərqlənir. Hər halda, təxminən iki oxşar problemə yanaşmada Ukraynaya tanınan fəaliyyət modelləri Azərbaycana tanınmır. Ona görə də, Dağlıq Qarabağ probleminin həllinin Ukraynadakı savaşın nəticələriylə əlaqələndirilməsi tamamilə absurddur. Beynəlxalq ciyasi arenada hər bir münaqişəyə və yaxud problemə ayrı-ayrılıqda yanaşılır. Hər bir problemdə supergüclərin maraqları önə çəkilir. Və həmin maraqlar müxtəlif problemlərə münasibətdə dəyişir".
Siyasi ekspert Arzu Nağıyev hər cür sürprizlərə hazır olmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, prezident İlham Əliyevin Almaniya kansleri Angela Merkel ilə görüşdə, o cümlədən, öz çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyətini, daha doğrusu fəaliyyətsizliyini tənqid etməsindən sonra həmsədrlərin təmsil etdiyi dövlətlərin rəsmiləri müxtəlif bəyanatlarla çıxışlar etməyi intensivləşdirib: "Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hərbi yol istisna edilmir. Ukrayna münaqişəsinin həllinə bu qədər canfəşanlıqla yanaşan Qərb Dağlıq Qarabağ məsələsində həddən artıq passivlik nümayiş etdirir. 20 illik bir laqeyidsizliyə dözüm nümayiş etdirən Azərbaycan bu gün iqtisadi, texniki və hərbi potensialı hesabına münaqişəni müharibə yolu ilə həll etmək iqtidarındadır. Yəni ATƏT nümayəndələri edilən növbəti səfərlə də əvvəlkilər kimi qərarsızlığa düçar olsa, münaqişənin dərinləşməsi qaçılmazdır. Bir sözlə, Avropa Birliyi tərəfindən erməni təcavüzkarlarının qətiyyətlə ram edilməsi vacibdir".
A. Nağıyev ermənilərin regionun qeyri-stabil olmasını və Azərbaycanın belə bir şəraitdə ilk Avropa Oyunlarını keçirməsinin mümkünsüzlüyünü göstərməkdə maraqlı olduğunu deyib. "Rusiya, Ermənistan və digər ölkələri təmsil edən bir sıra qruplar bu istiqamətdə bəyanatlar verir, Rusiya tərəfindən guya 7 rayonun qaytarılacağını, Gürcüstanın NATO-ya daxil olacağı təqdirdə hərbi əməliyyatların başlanacağı qeyd edirlər. ABŞ və Qərb öz növbəsində iqtisadi layihələrlə bağlı regionun stabilliyində maraqlıdırlar və Viktoriya Nulland səviyyəsində bunu bəyan edirlər", - deyə o bildirib. O, hesab edir ki, Dağlıq Qarabağda lokal müharibə ehtimalı yoxdur: "Lakin atəşkəsə də riayət edilmir. İlk növbədə bu ermənilərin və onların "müharibə partiyası" kimi tanınan havadarlarının işidir. Yekun olaraq deyə bilərəm ki, bu gün Azərbaycan və ümumiyyətlə Cənubi Qafqaz regionu iqtisadi, siyasi və hərbi-strateji baxımdan böyük maraqların toqquşduğu ən "qaynar" əraziyə çevrilib. Buna görə də hər cür sürprizə hazır olmaq lazımdır".

Əli