“Aİ və avrokomissarlar vaxtilə Dağlıq Qarabağ tənzimlənməsində düzgün kurs götürsəydilər...” Siyasət

“Aİ və avrokomissarlar vaxtilə Dağlıq Qarabağ tənzimlənməsində düzgün kurs götürsəydilər...”

Mübariz Əhmədoğlu: "...İndi bəlkə də Gürcüstan təhlükə mənbəyinə çevrilməzdi"

"Aİ Xəzər-Qafqaz regionundan qaz aparmaq istəyirsə, regionun təhlükəsizliyinə xüsusi önəm verməlidir"

"ABŞ dağıtdığı İraq, Əfqanıstan və Liviyadakı siyasətini eynilə dağıtmağa başladığı Ukraynaya tətbiq edir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında deyib. Politoloq bildirib ki, Ukraynada baş verənlər Qərb düşərgəsində parçalanma yaratdı: "ABŞ dünyanı dağıda-dağıda gedir. SSRİ dağıldıqdan sonra Əfqanıstan, İraq, Sudan, Liviya xarabalığa çevrilib. İndi ABŞ vaxtilə dağıtdığı bu dövlətlərdəki dağılma proseslərini dayandırmağa çalışır. Amma Ukraynanı da dağıtmaq kursunu götürüb. Liviya, İraq və Əfqanıstan coğrafi baxımdan Avropadan çox uzaqdadır. Ukrayna isə Avropanın mərkəzinə yaxındır. ABŞ Ukraynaya silah verəcəyi təqdirdə Ukraynada müharibə başlayacaq. Prezident Poroşenko bunu istəyir. Çünki Ukraynada sosial-iqtisadi vəziyyət ağırlaşır, heç bir uğur əldə olunmayıb. Əhalinin başını qarışdırmaq üçün ən yaxşı vasitə müharibədir. Təbii ki, Poroşenko müharibədə qalib gələcəyinə əmin deyil. Amma ABŞ-ın təklif etdiyi müharibə variantından imtinası onun hakimiyyətdən uzaqlaşmasını daha da sürətləndirə bilər. ABŞ-ın siyasətində qəribə uyğunluq var".
M.Əhmədoğlunun fikrincə, Avropa liderləri Ukraynadakı müharibədən qorxurlar:" Bu müharibə Avropanın iri dövlətlərinə keçə bilər. Eləcə də 50 milyonluq Ukraynanın parçalanması Avropada sosial-iqtisadi vəziyyəti xeyli ağırlaşdıra bilər. Məhz buna görə, Almaniyanın federal kansleri A.Merkel aktivləşdi və Fransanın prezidenti F.Ollanda da bu aktivliyi yoluxdurdu. Qısa müddət ərzində A.Merkel -F.Olland tandemi formalaşdı. Onlar əvvəlcə Kiyevdə Ukrayna prezidenti P.Poroşenko ilə "Minsk Sazişi"ni implementasiya edib yeni variant hazırladılar. Dərhal Moskvaya gələrək V.Putinlə "Minsk Sazişi"nin hazırlanması prosesini davam etdirdilər. Nəticədə, Kiyevdə hazırladıqları sənədi cüzi dəyişikliklə Moskvaya qəbul etdirə bildilər. "Normand dördlüyü" yaxın vaxtlarda sammit keçirmək barədə razılıq əldə etdilər.Belarusun paytaxtı Minsk şəhərində "Normand dördlüyü"nün formatı çətinliklə də olsa baş tutdu. 16 saatlıq görüşdən sonra "Minsk-2" sazişinin mətni razılaşdırıldı. Mətndə Rusiyanın güzəştə getdiyini deməyə əsas var. "Ukraynanın ərazi bütövlüyü" termini kifayət qədər işlənən termindir. Donetsk və Luqansk adından imza edənlərin vəzifəsinin adı sənəddə əks olunmayıb".
Onun sözlərinə görə, ABŞ-ın əvvəldən Minsk prosesinə münasibəti neqativ olub: "Münhen Təhlükəsizlik Konfransı günlərində formalaşan A.Merkel-F.Olland tandeminə ilk müqaviməti həmin konfransda iştirak edən ABŞ-ın vitse -prezidenti C.Bayden göstərdi. O, Merkel və F.Ollandı Ukrayna tənzimlənməsində Avroatlantik mövqedən aralanmaqda ittiham etdi. P.Poroşenkonun da qatıldığı bu dördlüyün görüşündə A.Merkel öz mövqelərini sonadək müdafiə etdi. A.Merkel təcili surətdə ABŞ-a uçdu. Prezident B. Obama ilə Ukrayna tənzimlənməsini müzakirə etdi. Uzun müzakirələrdən sonra B.Obama "Normand dördlüyü"nün Minsk görüşünə ABŞ-ın razılığını verdi və Ukrayna prezidenti P.Poroşenkoya zəng etdi. Nəticədə, "Minsk-2" prosesi baş tutdu.
Ukrayna ilə əlaqəli "Minsk-2" prosesi BMT TŞ-də müzakirə edildi və qərar yekdilliklə qəbul edildi. Hətta Ukrayna BMT TŞ-də qəbul olunan qərardan razı qaldığını bildirdi.
"Minsk-2" prosesinin perspektivləri aydın deyil. Rusiyanın müxalifət liderlərindən biri B.Nemtsovun qətlə yetirilməsi Ukrayna hadisələrinin davamına yönəlib. Görünür, indi bu istiqamətdə resurs lazımdır. Diqqət çəkən məqam ondadır ki, Kreml və Ağ Ev demək olar eyni vaxtda bu hadisəyə reaksiya verdilər. Sanki hər ikisi belə hadisəni gözləyirmiş. B.Nemtsov öldürülərkən yanında gənc ukraynalı qadının olması RF rəsmiləri tərəfindən xüsusi vurğulanır".
Politoloq vurğulayıb ki, ABŞ prezidenti B.Obama Ukraynada hakimiyyətin dəyişilməsində ABŞ-ın rolunu etiraf etdi: "ABŞ müharibədə ciddi maraqlıdır. Obrazlı desək yalnız ABŞ-ın dünya liderliyindən istefaya getməsi Ukraynada müharibənin qarşısını ala bilər. Rusiya ABŞ-la müharibəyə hazırlıq işini tamamlamaq üzrədir. Ukrayna prezidenti P.Poroşenko Ukrayna ərazisinə sülhməramlıların gəlməsinin tərəfdarıdır. Bir neçə gün ondan əvvəl isə o, sülhməramlılar ideyasını yaxına buraxmırdı. Çünki onların gəlməsi o zamankı vəziyyətin təsbit edilməsi demək idi. Amma indi sülhməramlılar P.Poroşenko üçün müharibə vasitəsi kimi görünür. Sülhməramlılar Ukraynadakı münaqişə ərazisində yerləşdirilir. Kimsə bu sülhməramlılara hücum edib öldürür, BMT TŞ Rusiyaya qarşı müharibə elan edir. Rusiyanın veto hüququ ümumiyyətlə, nəzərə alınmır. Ən azı P.Poroşenkonun beynində belədir".
Mübariz Əhmədoğlu əlavə edib ki, Avropa İttiffaqı Xəzər-Qafqaz regionundan qaz almağa başlayanda, regionda bir, indi isə dörd təhlükə mənbəyi var. Politoloq bildirib ki, Aİ qaz ehtiyaclarını ödəmək üçün Azərbaycan, Türkmənistan və Əlcəzairlə əlaqələrə xüsusi önəm verir: "RF "Cənub Axını" layihəsindən imtina etdikdən sonra Aİ-nin qaza ehtiyacı ciddiləşib. Amma RF-in "Cənub Axını" layihəsindən imtinası təkcə yeganə risk deyil. Aİ Xəzər-Qafqaz regionundan qaz aparmaq istəyirsə, regionun təhlükəsizliyinə xüsusi önəm verməlidir. Aİ Azərbaycan və Türkmənistandan qaz almaqla bağlı danışıqlara başlayanda bu regionda yeganə təhlükə mənbəyi Ermənistan və onun yaratdığı Dağlıq Qarabağ münaqişəsi idi. İndi ən azı belə ciddi təhlükələrin sayı 4-ə çatıb. Türkmənistanın təhlükəsizliyi əlavə resurs istəyir. Əfqanıstanda yerləşən talibançılar və eləcə də İŞİD Türkmənistanın siyasətinə təsir etmək səviyyəsində təhlükə yarada biliblər. Türkmənistan radikal islamçıların təhlükəsini aradan qaldırmaq üçün Qərbdən lazımi dəstəyi görməyəcəksə, Rusiyanın dəstəyinə möhtacdır. ABŞ-ın Türkmənistandakı səfiri A.Mastarad "İslam Dövlətinin" Türkmənistana təhlükə yaratdığı barədə məlumatının olmadığını bildirdi".
M.Əhmədoğlu hesab edir ki, Gürcüstan indi müstəqilliyini itirir: "Gürcüstanda hakimiyyətdə olan İvanişvili komandası Rusiyanın Gürcüstanın siyasətinə təsir etmək imkanlarını xeyli çoxaldıb. 2008-ci ildən bəri ilk dəfə Rusiyanın hərbi texnikası quru yolla Gürcüstanın ərazisinə daxil oldu və yəqin ki, bundan sonra da bu ərazidən tranzit kimi istifadə ediləcəkdir. Tranzit və ya başqa niyyətlə Rusiya hərbi texnikasının Gürcüstan ərazisinə daxil olması çox risklidir. Ən azı əhali bu hadisəyə sakitcə reaksiya verə bilməyəcək. Aİ və avrokomissarlar vaxtilə Dağlıq Qarabağ tənzimlənməsində düzgün kurs götürsəydilər, indi bəlkə də Gürcüstan təhlükə mənbəyinə çevrilməzdi. Gürcüstanın erməni təbliğatına uyması onu əməlli-başlı antiazərbaycan faktora çevirdi. Dağlıq Qarabağ tənzimlənməsində təkcə fəaliyyətsizliyi ilə deyil, həm də fəaliyyəti ilə antiazərbaycan, ermənipərəst mövqedə dayanmaqla Gürcüstan özünü regional təhlükənin mərkəzinə sürüklədi. RF Gürcüstan ərazisində istənilən xəritəni cıza bilər və burada Azərbaycana Dağlıq Qarabağ münaqişəsisinin tənzimlənməsi üçün də pay çata bilər. Gürcüstan ərazisindən torpaq götürən Ermənistan Rusiyanın təhriki ilə Dağlıq Qarabağı işğaldan azad edə bilər. Xəstə erməni təxəyyülünə görə, Gürcüstan ərazisi də tarixi erməni torpağıdır".
Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi və Rusiyanın idarəçiliyində olan Ermənistan Qərbin regional, enerji maraqları prizmasından indi ayrı-ayrılıqda iki müstəqil təhlükə ocaqlarıdır: "Ona görə Avropa İttifaqı Qafqaz -Xəzər regionundan qaz almaqla bağlı layihələr reallaşdırmazdan əvvəl bu regiondakı risklərə, təhlükəsizliyə hədsiz ciddi təhdidlərə xüsusi diqqət verməlidir. Təhlükəsizlik məsələlərinin həlli üçün ortalığa konsepsiya qoymalı və bu konsepsiyanın reallaşmasına nail olmalıdır. İlk növbədə bu regionda təhlükəsizliyin ən birinci, ən əsas mənbəyi olan Ermənistanın cilovlanmağı barədə addımlar atılmalıdır. Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsindən böyük təhlükə yoxdur, ola da bilməz. Azərbaycan bütün təhlükələrini neytrallaşdırıb. Aİ və onun planları ətrafında təhlükələrin sayı artır".

Əli