“Gürcüstan bizim strateji əhəmiyyətli tərəfdaşımızdır” Siyasət

“Gürcüstan bizim strateji əhəmiyyətli tərəfdaşımızdır”

“Cənab Prezident İlham Əliyevin bu gün regionda baş verən hadisələr, sərhədlərdən çox da uzaq olmayan ərazilərdə gedən müharibələr, ümumiyyətlə, Cənubi Qafqazda baş verən proseslər fonunda Gürcüstana səfərinin baş tutması çox mühüm əhəmiyyət kəsb edir”.

Bunu xalqcebhesi.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

A.Nağıyev vurğulayıb ki, Gürcüstan bizim strateji əhəmiyyətli tərəfdaşımızdır: “Gürcüstanla iqtisadi, siyasi, hərbi, mədəni, mənəvi cəhətdən çox ciddi bağlantılarımız var. İqtisadi məsələlərdə Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan ən mühüm strateji əhəmiyyətli kəmərlərin həmin ərazidən keçməsi, logistik daşımaların həyata keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Həmçinin Orta Dəhlizin inkişafı üçün Gürcüstanla əlaqələrimiz mövcuddur. Bu gün Gürcüstanla 800 milyon dollarlıq mal mübadiləmiz var. Yəqin ki, bu, ilin sonuna qədər 1 milyard dollara çatar”.

Komitə sədri parlamentlər səviyyəsində də çox mühüm əlaqələrimizin olduğunu deyib: “Məlumdur ki, parlamentlərarası işçi qrupu ən yüksək səviyyədə fəaliyyət göstərir. Eyni zamanda, səfirliklərin münasibətləri yüksək səviyyədədir. Bundan başqa, Gürcüstan ərazisində beş rayonda çoxsaylı azərbaycanlılar yaşayır. Onlarla olan münasibət, NATO çərçivəsində birgə hərbi təlimlərin keçirilməsi, eləcə də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycanın nümayəndə heyətinin Gürcüstana səfəri, Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun Azərbaycanda keçirilən mühüm parlament iclası, bütün bunlar çox mühüm məsələdir”.

O qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında bu istiqamətdə addımlar daha da genişlənəcək: “”Qafqaz evi”nin yaradılması təşəbbüsü vaxtilə Ulu öndər tərəfindən qaldırılmış məsələdir. Bu istiqamətdə də addımlar atılacaq. Cənubi Qafqazda Azərbaycan-Ermənistan-Gürcüstan 3 formatda ölkələrin gələcəkdə yaradılması mümkün olan iqtisadi, siyasi və digər məsələlərin həlli istiqamətində addımlar atıla bilər. Yəni bu səfər çox mühüm səfərdir və gələcəkdə də bəhrə verə biləcək addımların atılması mümkündür”.

Röya İsrafilova