“İrəvanı təmsil edən yüksək rütbəli nümayəndənin Boao Forumundakı nitqi...” Siyasət

“İrəvanı təmsil edən yüksək rütbəli nümayəndənin Boao Forumundakı nitqi...”

Tofiq Abbasov: "Siyasi təhlil deyil, erməni tamadasının tostu anlamına gəlir"

"Ciddi və işgüzar auditoriyanı əyləndirmək olduqca çətin işdir – bunun üçün ən azı iki xüsusi keyfiyyətin olması vacibdir. Ya gərək hədsiz intellektin, ya da çevik dərrakən olsun. Bunlar yoxdursa, ümid qalır təlxəkliyə ki, bu da əsasən sirk ustalarına xas xüsusiyyətdir. Hər halda, peşəkar siyasətin sirk sənəti ilə kəsişməsi qeyri-mümkün görünür. Ermənistan prezidenti Serj Sarkisyanın Çinin Boao şəhərində keçirilən Asiya İqtisadi Forumunda iştrakı zamanı auditoriyanı əyləndirməsi üçüncü varianta tam uyğun gəlir. İrəvanın baş təmsilçisinin nitqi başdan-ayağa ermənisayaq duzsuz lətifələrə bənzəyirdi və erməniləri tanımayan kəslərdə təəccüb doğurdu. Amma bu millətə azacıq bələd olanlar üçün sözügedən çıxış adi, sıradan bir iş idi". Bu fikirləri politoloq Tofiq Abbasov səsələndirib. O, "nəzər yetirəcəyimiz məqamlar S.Sarkisyanın ifasında lovğalıqla bayağı fantaziyanın birləşməsi nəticəsində gerçəkləşdi",-deyə əlavə edib: "Yalnız blef gedişlər etməyi bacaran bu cür adam elə mötəbər tribunadan deyə bilərdi ki, "Ermənistan Avropa ilə Asiyanın arasında "unikal və geniş imkanlara malik məmləkətdir". Ölkəsini "min illər boyu qitələr arasında körpü rolunu oynayan mühüm bənd" adlandıran natiq hətta iddia etdi ki, "Ermənistan Böyük İpək Yolunun ayrılmaz hissəsi olub və indi də həmin imkana malikdir".
Əgər bu kontekstdə həqiqət deyilməli olsa, onda mütləq bir tarixi həqiqət vurğulanmalıdır –indiki Ermənistanın ərazisi tarixən Azərbaycana məxsus olduğundan ipək yolu oradan keçib.Yəni, erməni millətinin heç vaxt BİY-a aidiyyatı olmayıb və bu gün də yoxdur. Lakin Sarkisyan həya etmədən, ağ yalanı forum iştrakçılarına sırımaqla gücünü köpüklü fantaziyaya verib tədbir iştrakçılarını dərin xülyalara aparmağa cəhd etdi. Əgər Ermənistanın BİY layihəsinə aidiyyatı vardısa, onda niyə bu ölkə mərhum Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilmiş möhtəşəm Böyük İpək Yolu beynəlxalq konfransında iştrak etmədi? Düzdür, bəzi maraqlı tərəflər 90-ların ortasında Ermənistanı Şərq-Qərb dəhlizinin bəndi kimi qiymətləndirirdi, ancaq həmin subyektiv yanaşmaların da İpək Yoluna aidiyyatı yox idi. Əyləncəli missiya ilə Asiya Forumunda sehrbazlıq edən Sarkisyan utanmadan Boaoda dedi ki, "Ermənistan bu gün çox cazibəli dövlətdir. Çünki onun tətbiq etdiyi "açıq qapılar" siyasəti fəal investisiya üçün geniş meydan açır və münbit biznes şəraiti mötəbər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir".
Politoloqun fikrincə, bu tərz məsuliyyətsiz, gerçəkliklə heç bir əlaqəsi olmayan fikirləri yalnız avantüristlər deyə bilərdi və dedi də: "Axı, Asiyanın biznes elitası postsovet məkanında hansı gerçəkliyin olmasından xəbərdardır. Yəni, onları aldatmaq Ermənistan rəhbərinin düşündüyü qədər də sadə, asan məsələ deyil. Ardınca İrəvan elçisi siyasi motivlərə geniş yer verməklə lap ağını çıxarıb. O, iddialı şəkildə "Ermənistan bölgənin unikal ölkəsidir və bizdə heç vaxt siyasi qarşıdurma, çəkişmə baş verməyib və insan haqlarına ehtiram hissi göstərməkdə Ermənistan bölgənin bir çox məmləkətlərini üstələyir". Bu yerdə adama deyərlər – ay..., bəs bütün dünyada böyük rezonans yaratmış 1 mart hadisələri Ermənistanda baş verməyib?! Parlamentdəki gülləbaran hadisəsi sənin məmləkətində olmayıb, məgər?! Ölkəsini iqtisadi zəmində də diqqətçəkən məkan kimi təqdim edən Sarkisyan iştrakçılara "evrika" silsiləsindən "mətləbləri" sırıdı. "Orijinal" dəlillərə yer vermiş Ermənistan rəhbəri iddia etdi ki, onlar "Azad ticarət" razılaşmasına qoşulmaqla 250 milyon əhalisi olan postsovet məkanı ilə bilavasitə məhsuldar işbirliyindədir. Avrasiya İqtisadi Birliyində olmaq isə İrəvana 170 milyonluq insan kütləsini birləşdirən bazara vəsiqə verib və rüsumsuz idxal olunan 750 növ çeşidin imtiyazlı şəkildə importu üçün imkanlar təmin edib".
Ekspert deyib ki, iqtisadi cazibədən dəm vuran prezident idxal imkanlarını reklam etməklə ixracatdan bir kəlmə də danışmadı: "Bunun haradan qaynaqlandığını bölgənin geoiqtisadi mənzərəsindən xəbərdar olan Asiya biznesinin aparıcı nümayəndələri əlbəttə, dərk etdilər. Bəli, nəzəri cəhətdən hər şey belə olsa da, tətbiqi müstəvidə boşluqdan başqa bir şey deyil. Yəni, S.Sarkisyanın ciddi auditoriyaya yalan satmaq cəhdləri boşluğa açılmış atəşə bənzədi. Sonda isə o, əsl əyalət sehrbazı kimi Ermənistanın Avropa İttifaqı, ABŞ, İsveçrə, Kanada, Yaponiya və Norveçlə imtiyazlı ticarətindən nağıl danışmağa başladı ki, bununla lap gülünc assosiasiyalar yaratdı. Belə çıxdı ki, guya İrəvan iri sərmayədar və ixracatçılara son dərəcə əlverişli imkanlar yaradır və bu ölkə qabaqcıl informasiya texnologiyaları sahəsində diqqətçəkən uğurlar qazanıb. "Tarixi çıxışın" sonu isə əsl nağıl süjetini xatırladıb. Natiq dedi: "Bu gün Ermənistan müasir, savadlı və işgüzar insan kapitalına malik ölkədir. Bu məkanın coğrafi mövqeyi geniş formatlı əməkdaşlığa və investorların gözləntilərini doğrultmağa inanılmaz münbit şərait yaradır. Biznesmenlərin maraqlarına uyğun energetika(!), Şimal-Cənub avtomagistral, Ermənistan-İran dəmir yolu dəhlizi, – bunlar hamısı Böyük İpək Yolu layihəsinə uyğun məqamlardır ki, onlardan bəhrələnmək lazımdır". Onun fikrincə Sarkisyanın çıxışı ilə bağlı yalnız bir rezüme söyləmək olar: "İrəvanı təmsil edən yüksək rütbəli nümayəndənin Boao Forumundakı nitqi siyasi təhlil deyil, erməni tamadasının tostu anlamına gəlir. Çünki masa arxasında olmayan şeyləri həqiqət kimi demək məhz yeyib-içmək məclislərinə xas əlamətdir. Bu gün deyildi, sabah isə hər şey sovrulub itdi. İndiyəcən hansı tamadanı küncə sıxıb soruşublar ki, niyə filan şeyi dedin, amma olmadı, niyə yalan danışdın və s. Erməni təfəkkürünə ziddir belə prinsipiallıq. Serj Sarkisyan Çində öz payına düşən tamadalıq missiyasını layiqincə yerinə yetirdi və belə peşəkar tamadalığa ancaq və ancaq yağlı bir "molodes" düşür".

Əli