“İşğalçılar gələn il də vaxt udmağa çalışacaqlar” Layihə

“İşğalçılar gələn il də vaxt udmağa çalışacaqlar”

İlqar Vəlizadə: “Hərb yolu ilə torpaqlarımız azad etmək hüququndan bizi heç kəs məhrum edə bilməz”

Danışıqlar prosesi dalana dirənib. Ermənistan ənənvi manipulyasiya ilə məşğuldur. Hər vəchlə status-kvonu saxlamaq istəyir. Belə olan təqdirdə isə müharibə variantı gündəmə gəlir. Xarici işlər naziri Elmar Məmmədyarov da Ermənistan tərəfinin görüşlərdə heç bir konstruktivlik nümayiş etdirməməsini deməklə əslində sülh yolu ilə razılığın əldə olunacağına ümid olmadığına işarə vurdu.
Hazırda bu variant nə qədər ehtimal olunur. Rusiya-Türkiyə münasibətlərindən yararlanmaq olarmı? Bununla bağlı ehtimalları ekspertlərlə dəyərləndirməyə çalışdıq.
Onu da qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu ayın əvvəlində Bratislavada ATƏT XİN başçıları Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünün yekunları barədə danışarkən bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi tərəflərin dialoqun gələcəyi haqqında baxışlarının uyğunsuzluğu və ya mümkünsüzlüyünü qeydə almayıb: “Biz tərəflərin dialoqun gələcəyi haqqında baxışlarının uyğunsuzluğu və ya mümkünsüzlüyünü qeydə almamışıq. Məncə, tərəflər də bu barədə danışmayıblar. O ki qaldı mövqelərin fərqliliyinə, bu, aydın məsələdir. Əks təqdirdə danışıqlar prosesi olmazdı”.
Zaxarova qeyd edib ki, Rusiya olaraq artıq həlli gecikən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq vasitəçi olaraq bu dialoqun davam etdirilməsinə hər cür yardımı göstərəcək: “Dialoq konstruktiv şəkildə davam etdirilməsi və tərəflər qarşılıqlı məqbul həllə yoluna nail olmaları üçün əlimizdən gələni edəcəyik”.
Politoloq Ilqar Vəlizadə “Xalq Cəbhəsi”nə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ danışıqları çoxdan dalana dirənib. Onun fikrincə əlsində danışıqlar prosesi ilə bağlı çıxılmaz vəziyyət yaranıb: “Belə vəziyyətdə Ermənistan tərəfi vaxt udmağa çalışır. Çünki gələn ilin sentyabr ayında Dağlıq Qartabağ Respublikası adlanan qondarma qurumda “prezident seçkisi” keçiriləcək. Ermənistanın baş naziri Paşinyan çalışır ki, bu “seçkidə” öz namizədini qalib etməklə Qarabağda mövcud olan Qarabağ klanını oyundan kənar etsin. Ümumiyyətlə belə bir şəraitdə hər hansı bir ssenari münaqişənin çözülməsində məqbil sayılmır. Ona görə də işğalçılar gələn il də vaxt udmağa çalışacaqlar”.
Politoloq əlavə etdi ki, Ermənistan tərəfi çalışır ki, atəşkəs rejimini gündəmə gətirməklə status-kvonu saxlasın: “Buna xarici işlər naziri Elmar Məmmədyarovun son açıqlamalaırnda da rast gəlmək mümkündür. Ermənistan çalışır ki, təmas xəttini mahiyyət etibarilə dövlət sərhədləri kimi təqdim etsin. Düşünürəm ki, Azərbaycan ermənilərin oyunlarına lazımi cavab verməlidir. Ermənilərin danışıqlar prosesində ermənilərin təşəbbüslərini bloklamalıyıq. Eyni zamanda Azərbaycanın mövqeyini diktə etməliyik. Təbii ki, cəbhədə müharibəyə hazırlıq işləri getməlidir. Çünki torpaqlarımız işğal altındadır. Hamı başa düşür ki, torpalarımız gec-tez işğaldan aqzad edilməlidir. Paralel olaraq dünya ictimaiyyətinə də çatdırmaq lazımdır ki, Azərbaycan hüququ olan hərb yolu ilə torpaqlarını azad edəcək. Bizi bu hüquqdan heç kəs məhrum edə bilməz. Danışıqlar prosesi də cəbhədə gedən prosesləri və onun getişatını inkar etmir. Ona görə də mən düşünrəm ki, yaxın aylarda bu istiqamətdə işlər aparılmalıdır. Beynəlxalq ictimaiyyət bilməlidir ki, əgər münaqişə bölgəsində hər hansı bir insidetnt baş versə və bu insident sonra açıq müharibəyə, yaxud da hərbi əməliyyatlara çevrilsə bunu məsuliyyəti Ermənistanın üsərindədir”.
Rusiyalı ekspert Vladimir Salyayev Trend-ə deyib ki, Ermənistan tərəfinin manipulyasiyaları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə mane olur. O bildirib ki, Azərbaycan bu məsələdə ədalətli mövqeyini müdafiə edir. Bratislavada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin və həmsədrlərin görüşünü şərh edən ekspert görüşün zəngin keçdiyini deyib: “Təəssüf ki, erməni tərəfi əvvəllər olduğu kimi yerinə yetirilməyəcək şərtlər irəli sürdü və münaqişənin nizamlanmasına mərhələli yanaşmanı qəbul etmədi. Bu da onlar tərəfindən növbəti manipulyasiya cəhdlərini göstərir”. Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ilk addım münaqişənin əsas fəsadlarının aradan qaldırılması, yəni erməni qoşunlarının Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması olmalıdır: “Ermənistan ağır daxili siyasi vəziyyətlə əlaqədar konstruktiv yanaşmadan məhrumdur. Məsələni daha da ağırlaşdıran odur ki, Paşinyan danışıqlar prosesi ətrafındakı vəziyyətə tam sahib deyil”.
O əlavə edib ki, N.Paşinyanın qarşısında daxili siyasi məsələlərlə bağlı tapşırıqlar da dayanıb: “Ermənistan daxili problemlər içində çabalayır. Təcrübəsiz siyasətçi olan Paşinyanın rəhbərliyi altında populistlərin hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişmədi. Yeni rəhbərlik nə qədər çalışsa da, ölkənin inkişafı üçün rasional addımlar ata bilmir ki, bu da təsadüfi deyil. Çünki Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca iqtisadi inkişaf modelləri barədə danışmaq mümkün deyil”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə Redaktor.az-a açıqlamasında Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Qarabağla bağlı son çıxışlarına münasibət bildirib. Politoloq hesab edir ki, Məmmədyarovun qeyd etdiyi strateji dözüm limitinin bitməsi üçün beynəlxalq şərait uyğun olmalıdır: “Bu şərait olanda sülh danışıqları digər yollarla əvəzlənə bilir. Hər bir halda Azərbaycan bu illər ərzində iqtisadi və hərbi sahədə quruculuq işləri gördü. Bu gün Azərbaycan ən müasir silahlara malikdir. Erməni ekspertlər özləri də bildirir ki, Azərbaycan istəsə, nəinki Qarabağ və ətraf rayonlara ümumiyyətlə, İrəvana qədər gedib çıxar. Elmar Məmmədyarovun istər Bratislava görüşündən öncə, istər görüşdən sonra, istərsə də CBC-nin müxbirinə verdiyi müsahibədə artıq açıq şəkildə Ermənistan tərəfinin görüşlərdə heç bir konstruktivlik nümayiş etdirməməsini, Paşinyan hökumətinə ümidlərin puça çıxmasını, sülh şəraitində məsələnin həllinə dair fikirlərin puç olduğunu açıqlaması bir çox məqamlardan xəbər verir. Eyni zamanda çox təəssüflər olsun ki, hətta humanitar məsələlərdə də (Dilqəm və Şahbaz məsələsi) olan razılaşmaları Paşinyan sonradan inkar etdi. Yəni bütün bunlar göstərir ki, Ermənistan hətta humanitar aspektdə belə Azərbaycana münasibətdə öz qəddarlığı və qeyri-humanist addımları ilə seçilməkdədir”.
Politoloq vurğulayıb ki, insan amilində, humanitar məsələlərin həllində Ermənistan tərəfi konstruktivlik nümayiş etdirmirsə və beynəlxalq hüququ pozursa, o zaman digər sahələrdə də ondan konstruktivlik gözləmək əbəsdir: “Ermənistan rəsmilərinin açıqlamaları da onu göstərir ki, onlar müdafiə sistemlərinin yenidən qurulmasında maraqlıdır. Onlar bu haqda son zamanlar daha da çox düşünməkdədirlər. Bu o deməkdir ki, işğalçı qüvvə heç Qarabağ ətrafındakı rayonlardan da bir neçəsinin qaytarılması iqtidarında deyillər. Bu durum regionda 2020-ci illərin ortaları və 2021-ci ilin əvvəllərində barıt çəlləyinin partlaması ilə nəticələnə bilər. Biz ümumdünya erməni diasporasının və Ermənistan dövlətinin öz havadarları ilə son zamanlar Azərbaycana qarşı təzyiq və təsirlərini də artırmağa çalışdıqlarının şahidi olmaqdayıq. Bütün bunlar fövqündə Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığın daha da güclənməsi çox yaxşı olardı. Eyni zamanda Rusiya-Türkiyə münasibətlərinin bu qədər yaxşı olduğu vaxtda Türkiyə tərəfindən Qarabağ məsələsinin tez-tez gündəmə gətirilməsi olduqca vacibdir. Rəsmi Ankara rusiyalı rəsmilərlə görüşlərdə heç olmasa, ətraf rayonlarla bağlı məsələləri müzakirə edə bilər”.
Politoloq qeyd edib ki, Azərbaycan coğrafi cəhətdən kiçik olmasına baxmayaraq, hər bir halda ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində öz iqtisadi və hərbi potensialını artırmağı bacarıb: “Bizim ən böyük problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ikinci tərəfdən də asılıdır. İkinci tərəf artıq Azərbaycandan digər yollarla zərbələr almalıdır. Vəziyyət bunu tələb edir. Elmar Məmmədyarovun son açıqlamalarında çox açıq danışması, sülh danışıqlarının nəticəsiz olmasına aydınlıq gətirməsi onu göstərir ki, Azərbaycan artıq Bratislava görüşü və Lavrovun Bakı səfərindən sonra müəyyən nəticələr çıxarıb. Bu nəticələr əsasında bundan sonrakı siyasətimizi quracağıq. İndiki mərhələdə Azərbaycan öz qarşısına qoyduğu məqsəd üzrə qarşısındakı maneələri aradan qaldıraraq, cəbhədə öz sözünü deməyi bacaracaq”.

Əli