“Azərbaycan” qəzetinin səhifələrində Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində

Milli şüurun nümunələri: fədailərə hədiyyələr

İndiyə qədər Azərbaycanda, habelə Tehran hökumətinin boğucu pəncələri altında əl-ayaq vuran bütün başqa nahiyələrdə heç bir vəchlə xalq kütlələri tərəfindən başda duran idarə aparatına, hakim heyətə və aparatın sütunları olan polislərə, jandarmlara və son zamanlarda irticanın ən böyük ümid və istinad yeri sayılan qoşun hissələrinə kindən və nifrətdən başqa bir münasibət görünməyib. Xalqlara süngü və tüfəng zoru ilə hökumət edən bir dövlətə nifrətdən savayı bir münasibət göstərmək olmaz...
İndiyə qədər bütün ianələr, hədiyyələr 20 illik Rza xan hökuməti dövründə zor və güc ilə yığılmış və yığıldıqdan sonra da boynuyoğunların cibinə getmiş və xalqın əsarət zəncirlərini bir qat daha qüvvətləndirmək yolunda məsrəf olunmuşdur.
Son zamanlarda sözdə demokratiyadan dəm vurulan bir dövrdə isə Qorqan zəlzələsi adı ilə Seyid Ziya tərəfindən milyonlarla yığılmış və xarici istismar zəncirlərinin qüvvətləndirilməsi yolunda məsrəf edilmiş ianə də bu barədə çox aydın bir nümunədir. Bu kimi oyunbazlıq və soyğunçuluq üsullarını görənlər indi Azərbaycan xalqnıın bütün təbəqələri tərəfindən Milli Hökumətə, xüsusilə fədailərə göstərilən səmimiyyət və rəğbətin nə qədər qiymətli və mühüm olduğunu çox yaxşı təxmin edə bilirlər.
Fədailərə hədiyyə vermək təşəbbüsü hamının bildiyinə görə heç vəchlə süni və məcburi yolla olmamışdır. Müxtəlif vəsait, pul və geyimlərdən ibarət olan bu hədiyyələr xalqın dərin və mənalı bir məhəbbətindən, səmimi təşəkkür və razılığından xəbər verməkdədir. Bu kimi hisslər milli vicdanın və milli şüurun bizim xalqımızda nə qədər dərin kökə malik olduğunu çox aydın göstərir.
Qışın çətin və soyuq gecə və günlərində milli-azadlıq uğrunda silaha əl aparıb müxtariyyətimizi təmin edən, indi çöllərdə, şəhərlərdə və kəndlərdə əmniyyəti və qanunu qoruyan fədailərə Azərbaycan xalqı öz məmnuniyyətini bu yolla ifadə etməyə çalışır.
Milli şüur və vicdana malik olan bütün dünya xalqlarında bu kimi göstərişlər və fədakarlıqlara tez-tez rastlanılır. Üstündən hələ bir il keçməmiş olan İkinci Dünya müharibəsində öz varlığını və milliyyətini müdafiə edən kiçik və böyük xalqlar başqa-başqa ölkələrdə partizan, “Maki” “FFİ”, “LS”, çətə və bu kimi müxtəlif adlar altında fəaliyyət göstərən vətən və xalq fədailərini bu yolla bəsləmişlər.
İndi bizim xalqımız da öz qəhrəman övladlarına göstərdiyi bu məhəbbət və səmimiyyətlə qədirbilən, vətənsevər və milli şərəfi dərk edən, müxtariyyət və azadlığa böyük qiymət verən bir xalq olduğun çox aydın və aşkar göstərməkdədir və bu hər cəhətdən təqdirəlayiqdir.
Yaşasın xalqımız və onun qəhrəman oğulları olan fədailər!

Tağı Musəvi
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 117, 4.02.1946
***
“Azərbaycan şairlər və ədiblər cəmiyyət” inin birinci iclası

Cümə günü (2.02.1946 – red.) “Azərbaycan şairlər və ədiblər cəmiyyəti” binasında Təbriz şairlər və ədiblərinin birinci iclası keçirildi. Möhtərəm Maarif naziri cənab Biriya iclası rəsmən açıq elan etdikdən sonra “şairlər məclisi”nin “şairlər və ədiblər cəmiyyəti”nə çevrilməsi münasibətilə təbrik nitqi söyləmiş və “şairlər məclisi”ni öz təşkilatı altına alması münasibətilə “Vətən yolunda” qəzetinin işçilərinə də ayrıca təşəkkürlərini bəyan edib.
Cənab Məhəmməd Biriyadan sonra möhtərəm şair Cəfər Xəndan öz nitqində cəmiyyəti təbrik edərək Sovet Azərbaycanı ilə İran Azərbaycanı şairlərinin mədəni və ədəbi əlaqələrində bu cəmiyyətin böyük rol oynayacağına ümidlər bəslədiyini söyləmişdir və əlavə bəzi möhtərəm ədiblər və şairlərimiz söz alaraq cəmiyyətin vəzifəsi və gələcəkdəki fəaliyyəti haqqında çıxışlar etdikdən sonra iclasın axırında cəmiyyətin proqram və nizamnaməsini tərtib etmək üçün Əli Fitrət, Mirmehdi Etimad, Hilal Nasiri, Kamil və Müzəffər Dərəfşidən ibarət bir komissiya təşkil edilib.
Cəmiyyətin yığıncağı hər cümə günü “Tərbiyət xiyabanında” öz xüsusi binasında olacaqdır.
Cəmiyyətin ədəbi gecələrini təşkil etmək üçün Firdovsi məktəbinin salonu gərəkdiyində ixtiyarına verilib.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 117, 4.02.1946

***
Mis mədənlərinin işə salınması barəsində

Zəncan şəhərinin yaxınlığında olan mis mədənlərinin yenidən işə salınmasın üçün cənab Pişəvərinin göstərişi ilə cənab M.Çeşmazərin başçılığı altında həmin mədənlərə məsuliyyətli bir komissiya göndərilib. Bu komissiya mədənin bütün işlərini təhqiq edəcək, onun işə salınması üçün müəyyən plan hazırlayıb şəxsən Baş nazirə təqdim edəcəkdir.
Əgər mədən işə düşərsə, neçə minlərlə fəhlə üçün iş və fəaliyyət sahəsi tapılmış olacaqdır. Zəncan mis mədənlərində mis, qızıl, gümüş, nikel və sair fizizlər kəşf edilib. Bu mədənin daha əlverişli cəhəti ondadır ki, yanacaq və istehsal işindən ötrü lazım olan daş kömür mədənlərindən də uzaqda deyildir.
Xüsusilə dəmir və daş kömür mədənləri bu böyük sərvət mənbəyini təkmil etməkdədir.
Bununla demək olar ki, Qızılüzən çayının kənarında yerləşən bu mədənlər Azərbaycanın iqtisadi həyatında böyük rol oynayacaqdır. Xəbərlərə görə Zəncan mədənləri dünyada misli az görünən mədənlərdir.
Bu mədən şəhrivər hadisəsi (25 avqust 1941-ci il tarixində Sovet qoşunlarının İrana daxil olması – red.) nəticəsində tətil halına düşmüşsə də, xoşbəxtlikdən kəndlilərin və orada çalışan fəhlələrin göstərdikləri maraq sayəsində toxunulmaz qalıb. Firqəmizin sədri və Milli Hökumətimizin Baş naziri bu məsələyə artıq əhəmiyyət verdiyi və şəxsən mədən işinin gedişini izlədiyi üçün ümidvarıq ki, çox tez bir zamanda Azərbaycanın fəxri olan bu böyük sərvət mədənində ciddi əməliyyat başlanacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 116, 3.02.1946
***
Sahir: "Öz dilimiz"
Azəri dili (Azərbaycan dili nəzərdə tutulur – red.) son dərəcə fəsahətli və melodik bir dildir. Bu dil əsrlərdən bəri tərk edilməsinə baxmayaraq, yenə də öz orijinallığını və zənginliyini qoruyub saxlayıb. Azəri dilinə bələd olmayanlar onun nə qədər gözəl və ritmik ədəbiyyata və elm üçün münasib olduğunu da bilməzlər! Bizim yenicə bu dillə (öz dilləri ilə) tanış olan vətəndaşlarımız unutmamalıdırlar ki, azəri dili yoxsul və qaydasız bir dil deyil. Bu ləhcədə poetik xalq ədəbiyyatı, mahnılar və əfsanələr mövcuddur. Biz bu gün çətin bir vəziyyətədəyik. Yalnız şair və ədiblərimiz vasitəsilə bu günə qədər tərk edilmiş ana dilimizi bərpa edə və yaya bilmərik. Gərək şahsevən ellərindən, əfşarlardan və başqa Azərbaycan kəndlilərindən gözəl və ali bir dil yaratmaq üçün yardım diləyək.
Bizim bu günə qədər yabançı bir dillə oxuyub yazan, lakin öz ailələri və həmşəhərliləri ilə azəri dilində danışan ziyalılarımız təsdiq etməlidirlər ki, öz ana dillərini o qədər də gözəl və düzgün yaza bilmir və azəri dilinin qrammatikasına da bələd deyillər. Onlar bir çox unudulan söz və terminlərə mətbuatımızda rast gəlirkən başa düşməyib etiraz edirlər ki, “bizim dildə bu kimi sözlər və terminlər yoxdur”.
Buna görə mən vətəndaşlarımızın zehnini aydınlatmaq üçün fürsət tapdıqca öz zəngin dilmizin kəndlilər və hətta uşaqlarımz arasında işlənən bir çox sözləri və terminləri onlar üçün yazıb və o sözlərin şərhini verməklə əslən azəri sözü olduğunu sübut etməyə çalışacağam.
Azəri ləhcəsində işlənən fəsahətli və aydın ali sözlər və terminlər çoxdur. Ancaq bir dil də xalqın dilində işlənən sözlər və ifadələr vasitəsilə zənginləşir, böyüyür və ədəbiləşir. Biz bu məqalədə və başqa məqalələrdə yeri gəldikcə azəri dilində işlənən sözlərə və ifadələrə işarə edəcəyik.
Aydın - işıq və münəvvər deməkdir. Terminlər: “gözlərin aydın deyirik”.
Ada – cəzirə mənasındadır: “Aşur ada Emruzə dənizində bir cəzirə - adadır”.
Ard – ardında, ardınca və sair dalı, əqəb ifadə edir. Uşaqlar oynayanda söylənir: “mən beşəm (beşinciyəm mənasında – red.), sən ardsan”, yəni “sən axırdasan”.
Arxa ya arxa - dalı, ya kürək mənası var. Arxamca gəl, yəni “dalımca gəl”, ya dayaq ya kömək, ya da yoldaş mənasına gəlir: arxadaş.
Ova ya ava – yer, cölgə, düzənlik mənasındadır.
Ortaq - şərik deməkdir, el arasında işlənir.
Oba – ellərin düşərgəsi , ya çadırlar.
Dan – səhər, fəcr deməkdir( dan ulduzu, yəni səhər ulduzu).
Dinc ya dinç – asudə, rahat, aram deməkdir. “Dinc otur, yəni dur” Təbriz ifadəsidir.
Dilənci ya dilənçi – sail, gəda mənasındadır. Dilənmək, yəni sual etmək (Təbrizdə gəda kimisinə yolçu deyilir, halbuki yolçu müsafir deməkdir və “yol” kəlməsindən düzəlmiş bir sözdür).
Dışarı – eşik və xaric mənasına gəlib (Eldən dışarı ya dışqarı ifadəsi təbrizlilərə məlumdur). Amma eşik özü də astana mənası ifadə edir.
Eşikağası, yəni astana mülazimi, “hacib” (sarayda şah konseri) - Səfəviyyə dövrünün saray terminlərindən olmalıdır. Dalmaq ya dalmax (məsdər forması) - qərq, müstəğrəqi-əfkar olmaq, dalğın, mütəfəkkir bohut deməkdir. Darılmaq (məsdər forması) və darğın kəlməsi küsmək və küskün deməkdir. Azərbaycanın bir çox kəndlərində işlənir.
Dəniz yəni dərya.
Düyüm (düyün), yəni gereh.
Düşünmək (məsdər forması), yəni fikir, təəmmül etmək və düşüncə mənasına gəlir. “Bir az düşünüm görüm”. Təbriz ifadəsi olmalıdır. Usanmaq (məsdər forması) - bir işdən yorulmaq ya məlul olmaq deməkdir. Klassik ədəbiyyatımızda bu sözə çox rast gəlirik.
Oyuncaq ya oyunçaq – baziçə deməkdir.
Bəbək (kiçik bəbə), yəni ərusək mənasına gəlir. Bizlərdə “bəbə” çox deyilirsə də, “bəbək” o qədər işlənmir.
Qolçax – kiçik qol deməkdir.
Bənək – xal ifadə edər. Bənək-bənək, yəni xal-xal. Bu söz şahsevənlər arasında da işlənir.
al əslində fars sözüdür. Böcək – həşərat deməkdir. Zəncanda “öcək-böcək” deyilir. Təbrizlilərin dediyi “qurd-quş”. Həşərat bir ərəb sözüdür. Əgər dərs kitablarımızda “həşərat” yerinə “böcək” yazılarsa, çox münasib olar.
Büsbütün – yəni kamilən. Təbrizlilər “bütün” deyirlər. “Bütün” deyən “büsbütün” də deyə bilər. Pusqu (ya busqu) – “kəmin” (tor, tələ) mənasına gəlir və Azərbaycanın çox yerlərində kəndistanlarda işlənir. Duzaq tələ deməkdir. “Tülkü düzaqlı bağa girməz”. Təbrizdə belə məşhur bir ifadədir. Duyğu, yəni fikir – təəmmül çox-çox işlənir.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 115, 1 fevral 1946-cı il
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə