“Türkiyə və Rusiyanın üz-üzə gəlməsi qaçılmaz idi” Dünya

“Türkiyə və Rusiyanın üz-üzə gəlməsi qaçılmaz idi”

Fazil Mustafa: "Hamı həyəcanla soruşur ki, Türkiyənin Rusiya təyyarəsini vurmasının nəticələri nə ola bilər?"

Noyabrın 24-də Türkiyənin Rusiya qırıcısını vurması Azərbaycanda da əsas müzakirə mövzusu olub. Ölkənin siyasi gündəmini kəsb edən bu olayla bağlı fikir, mülahizə yürüdənlər Kremlin növbəti addımın daha təhlükəli ola biləcəyini vurğulayırlar. AXCP sədri Razi Nurullayev Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasına münasibət bildirərək qeyd edib ki, baş verənlər iki dövlət arasındakı münasibətləri gərginləşdirəcək. AXCP sədrinin sözlərinə görə, vurulan rus hərbi təyyarəsi Putinin imicinə ziyandır: "Putin bunun heyfini çıxmağa çalışacaq. Rusiya birbaşa olmasa da, PKK-nın əli ilə Türkiyədən bunun əvəzini çıxmağa çalışacaq".
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hesab edir ki, Azərbaycan bu məsələdə Türkiyənin tərəfində durmalıdır: "İndi Rusiyada hər kəs Türkiyəyə hədə-qorxu gəlməklə məşğuldur. ABŞ yaxasını kənara çəkib. Vəziyyətin normallaşmasına ümid edirik... Biz, bütün hallarda Türkiyənin yanındayıq".
Müstəqil siyasətçi Fikrət Cəfərov isə qeyd edib ki, Türkiyə-Suriya sərhəddində Türk dövlətinin hava sərhədlərini pozan Rusiya qırıcı təyyərəsinin vurulması son dərəcə riskli, lakin doğru bir addım oldu: "Rusiya səhv etdiyinin fərqindədi və indiki durumda başqa yolu da yoxdur. Türkiyənin Rusiyanın öz diliylə danışmağa üstünlük verməsi heç də təsadüfi deyil. Ruslar üçün xaricdə yaşayan rusların qorunması siyasi məsələ olduğu kimi, türklərin də xaricdə yaşayan soydaşlarını qoruması siyasi məsələdir. Rusiyanın Türkiyə ilə Azərbaycan, Gürcüstan, Ukrayna ilə danışdığı tonda danışmağı təbii ki, cavabsız qala bilməzdi. Millət, dövlət maraqları olan yerdə iqtisadi məsələlər dövlətlər üçün ikinci plana keçir.Türkiyəni bu məsələdə qınamaq və yaxud da gücünü görməməzliyə vurmaq səhv və peşakarlıqdan uzaq yanaşmadır. Rusiyanın Türkiyəyə qarşı siyasi,iqtisadi təzyiq imkanları nə qədərdirsə, Türkiyənin imkanları da bir o qədərdir. Eyni zamanda bu gün beynəlxaq münasibət, hüquq da Türk dövlətinin maraqlarına daha yaxındır". Ekspert Ələsgər Məmmədli deyib ki, Türkiyənin davranışı tamamilə beynəlxalq hüquqa uyğundur: "Onun hava məkanını bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq pozmaq, üstəlik bu hərəkəti müxtəlif vaxtlarda 3-cü dəfə etmək, Türkiyənin təhlükəsizliyini test etməkdir. Türkiyə nəticəsindən asılı olmayaraq, onurlu davrandı və ərazisinin təhlükəsizliyinin müzakirə mövzusu olmadığını göstərdi. Amma Suriya-Türkiyə münasibətlərində ilk gərginliyin yaradılması tarixini unutmamaq lazımdır. 22 iyun 2012-ci ildə Suriya (Əslində Rusiya) xəbərdarliq etmədən, Türkiyə ordusuna məxsus RF-4F Phantom kəşfiyyat təyyarəsini silahsız olmasına və tanıtma sistemi açıq olmasına baxmayaraq vurub saldı və pilotunu şəhid etdi. Bu hadisə Türkiyə hökumətinin Suriya diktatoruna münasibətin dəyişməsində kilid nöqtə oldu. Həmin hadisənin arxasında isə Aralıq Dənizində olan Rus donanmasının əli olduğunu hər kəs bilirdi. Yəni 3 ildən çoxdur ki, Rusiya Türkiyənin əsəblərini bölgədə qaşımaqdadır. Artıq Türkiyə əsəblərinin nə qədər tarıma çəkilməsindəki elastikliyi göstərdi. Bundan sonra Rusiya yəqin ki, daha diqqətli olacaq. Çünki, qarşısındakı nə 2008-də 3 gündə "həll etdiyi" Gürcüstan, nə də ərazilərinin böyük bir hissəsini işğal etdiyi Ukraynadır. Qarşısında duran NATO-nun ikinci böyük gücü, eyni zamanda NATO-nun özüdür. Bu prosesdə bizim də ciddi problemlə qarşı-qarşıya qaldığımızı təxmin etmək çətin deyil. İndi "sendviç" olayı çox real görünür".
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hesab edir ki, Suriya məsələsində Türkiyə və Rusiyanın üz-üzə gəlməsi qaçılmaz idi: "Hamı həyəcanla soruşur ki, Türkiyənin Rusiya təyyarəsini vurmasının nəticələri nə ola bilər? Nəticəni proqnozlaşdırmaq nə qədər çətin olsa da, anlaşılan bir məqam var ki, Türkiyə Suriya siyasətində aktiv mövqeyə keçmək üçün Rusiyanın təxribatından faydalanmağa üstünlük verdi. Onsuz da türkmən məsələsinə görə artıq bu iki dövlətin üz-üzə gəlməsi qaçılmaz idi. Bu üz-üzə gəlmə Suriya sərhədləri içində olsaydı, NATO-nu bu qarşıdurmada tərəf cinahında görmək xeyli çətin olacaqdır. Təyyarə NATO-ya üzv olan dövlətin ərazisini pozduğuna görə vurulmuşsa, o zaman 5-ci maddənin avtomatik tələbləri yerinə yetirilməli və ümumi olaraq NATO hüdudlarına müdaxilə kimi dəyərləndirilməlidir. Türkiyə İraqda Tel Aferdən İŞİD tərəfindən sıxışdırılıb çıxarılan türkmənlərə görə qəti addım atmasa da, Suriya türkmənləri üçün ona görə qəti mövqe ortaya qoyur ki, Türkməndağı itirildikdən sonra Rusiya və İran gücləri birbaşa Türkiyə ilə sərhədə nəzarət edə bilirlər, artıq Türkiyə Suriyada aktiv aktyor olmaqdan çıxır. Eyni zamanda gələcəkdə kürdlərin Aralıq dənizinə çıxması üçün əsas əngəl ortadan qaldırılır və burada dənizə açılan Kürd dövlətinin yaranması risqi daha da böyüyür. Son vaxtlar Rusiya ümumiyyətlə Türkiyə ilə məsxərə üslubunda davranırdı və Türkiyənin uzun müddət bu davranışı həzm etməsi mümkün ola bilməzdi". F.Mustafanın fikrimcə, bu risqli addımdan sonra Türkiyə Rusiya təyyarəsinin hava sərhəddini pozması ilə bağlı sübutların geniş təbliğatına başlamalıdır və ən azı NATO-nun, xüsusilə də ABŞ-ın dəstəkverici mövqeyini gücləndirməlidir: "Ümid edək ki, faciəli nəticələr olmaz, ancaq bəzən qüruru qorumaq üçün özündən güclüyə birinci yumruq atmalı olursan".
Hərbi ekspert Rəşad Süleymanov isə bildirib ki, Türkiyə dəfələrlə hava məkanına müdaxilə edilməsi ilə bağlı Rusiya və Suriya hərbi hava qüvvələrinə xəbərdarlıq edib. Onun sözlərinə görə, bundan əvvəl Türkiyə hava sahəsini pozan Suriya helikopterini vurumuşdu:"Həmçinin 1 ay bundan öncə Rusiyaya məxsus pilotsuz uçuş aparatı Türkiyə hava sahəsinə daxil olandan sonra vurulmuşdu. Ümumiyyətlə, həmin ərazidə relyef elədir ki, sərhədlər girintili-çıxıntılı formadadır. Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının açıqladığı radar izləri var. Həmin radar izində təyyarənin bütün hərəkət qrafiki göstərilir. Uçuşun harada başladığı və ölkə ərazisinə daxil olması göstərilir. Həmin radar göstəricilərində təyyarənin yarımada formasında olan hissədə Türkiyə ərazisinə girdiyi göstərilir. Türkiyə hava məkanına daxil olan "SU-24" ağır bonbardmançı təyyarədir və 1970-ci ildən istehsal olunur".
Ekspertin sözlərinə görə, Türkiyə Hərbi Hava Qüvvələrinin Hava Hücumudan Müdafiə sistemi vasitəsilə türk hava radarı UHF 243.000 MHz tezliyində açıq xəbərdarlıq edib ki, bunu da bütün təyyarələr qəbul edə bilir: " Həmin müraciətdə Rusiya təyyarəsinə Türkiyənin hava məkanına daxil olması barədə xəbərdarlıq edilib və ərazini tərk etməsi bildirilib. Məlum olduğu kimi buna riayət olunmayıb. Bununla da Türkiyənin Hərbi Hava Qüvvələrinin "F-16" hərbi təyyarəsindən "AIM-9X hava-hava" tipli raket vasitəsilə həmin təyyarə vurulub. Rusiya tərəfi isə bildirir ki, təyyarə Suriya ərazisində vurulub. Vurulan təyyarə sərhəddən cəmi bir neçə kilometr aralıya düşüb. Məlumdur ki, təyyarə vurulduğu zaman manevr istiqamətini dəyişir və maksimum şəkildə öz nəzarətində olan ərazilərə eniş edir".
R.Süleymanov qeyd edib ki, Türkiyənin bu məqamda Rusiya təyyarəsini vurmağa tam haqqı var idi və beynəlxalq qaydalar da Türkiyəni bu məsələdə müdafiə edir. "Türkiyə bunu əsaslandırıb və həmin təyyarənin radar izlərini də göstərib. İndiyə qədər Türkiyə tərəfinin etdiyi xəbərdarlıqların sayı çox olub. Rusiya Hərbi Hava Qüvvələrinin komandan müavini Türkiyədə olanda, Türkiyə Baş qərargahında bu məsələ müzakirə olunmuşdu. Bildirilmişdi ki, Rusiya təyyarələri bonbardmanlar zamanı Türkiyə hava ərazisini pozmayacaq. Təəssüf ki, Rusiya tərəfinin buna riayət etmədiyi görünür. Ötən gecədən Rusiya hərbi ekspertləri belə bir bəyənatlar verirlər ki, Türkiyənin ərazisi bonbalansın, PKK-ya hava raketləri verilsin və s. Amma bunun özü Rusiya üçün poblem ola bilər. Çünki Türkiyə NATO-nun üzvüdür və həmin təşkilatın 5-ci maddəsi kollektiv müdafiəni özündə ehtiva edir. Bu baxımdan belə addımlar Rusiyanın özü üçün yaxşı olmaz. Türkiyə sadəcə hava döyüşündə bunu etdi. Türkiyə bununla həm də özünü sübut etdi ki, xəbərdarlıqlara əməl etməyən istənilən ölkənin təyyarəsi məhv ediləcək".