"Ermənistanın mina terroru xarici mediada" adlı layihəyə yekun vurulub Hadisə

"Ermənistanın mina terroru xarici mediada" adlı layihəyə yekun vurulub

Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistanın mina terroru xarici mediada" adlı layihəsinin yekun tədbirini keçirib.

QHT sədri, layihənin rəhbəri Fuad Əliyev layihə mövzusu və görülən işlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.

Qeyd edib ki, fəaliyyət planında nəzərdə tutulan bütün işlər həyata keçirilib: "Mövzunun adından da məlumdur ki, əsas fəaliyyətimiz Ermənistanın mina terrorunu beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Bilirsiniz ki,
Cənubi Qafqaz regionunun əsas gündəmi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalaması ilə bağlıdır. İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrın 19-20-də antiterror tədbirlərindən sonra sülh sazişi ilə bağlı yeni imkanlar yaranıb. Amma hələ də sülh gündəminə mane olan məqamlar var. Bunlardan başlıcası da minalı ərazilərin xəritəsi ilə bağlıdır. Mina terroru - ümumilikdə erməni terrorunun əsas göstəricilərindən biridir".

F.Əliyev deyib ki, Ermənistanın mina terroru 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə daha açıq və aydın formada özünü göstərir. Əslində 2020-ci ildən bu yana yüzlərlə Azərbaycan vətəndaşı mina terrorunun birbaşa və yaxud dolayı yolla qurbanına çevrilib və belə olan təqdirdə bu, bir daha onu göstərir ki, Ermənistan qisasçılıq mövqeyindən əl çəkmir. Çünki onların uzun illər əraziləri minalaması nəticəsində bu proses davam edir:

"Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar həyat və sağlamlıqlarını itirməkdədir. 2020-ci ildən etibarən Ermənistan tərəfdən basdırılan minalar, həmçinin partlamamış hərbi sursatların partlaması nəticəsidə 398 nəfər həlak olub və ya yaralanıb. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir".

F.Əliyev qeyd edib ki, minalar istehsal edən, onu qanunsuz şəkildə ərazilərimizə yerləşdirən Ermənistan hələ də qınanılmayıb. Rəsmi Bakı dəfələrlə Ermənistana düzgün xəritələrin verilməsi ilə bağlı çağırış edib. Nəzərə almaq lazımdır ki, mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir: "Ermənistanın Azərbaycana minalanmış sahələrin doğru xəritələrini verməməsi bir daha onu göstərir ki, işğalçı ölkə hələ də düşmənçilik niyyətindən əl çəkməyib və onun xəritələri verməməkdə əsas məqsədi daha çox mülki vətəndaşın ölümünə səbəb olmaq, işğaldan azad etdiyimiz ərazilərdə dinc həyatın bərpasına və vətəndaşlarımızın doğma yurd-yuvasına qayıtmasına maneə törətmək, başqa sözlə desək, bölgədə daim hərbi gərginliyi qoruyub saxlamaqdan ibarətdir".

F.Əliyev vurğulayıb ki, Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibədir. Azad edilmiş ərazilərdəki yaşayış evlərində, qəbiristanlıqlarda və digər yerlərdə aşkar edilən minalar, o cümlədən tələ minalar buna sübutdur.

QHT sədri sonda onu da vurğulayıb ki, bu dəfə Ermənistanın mina terrorunu internet üzərindən dünya ictimaiyyətinə çatdırılıb: "Bununla bağlı Pakistan, Türkiyə, Ukrayna, Gürcüstan, Qırğızıstan, Iran, Avstriya və Polşa mediasında rus, türk, ingilis, Ukrayna, gürcü, fars, alman, polyak dillərində yazılar ictimailəşdirilib. Təbliğatın daha geniş auditoriyanı əhatə etməsi üçün yazılar müxtəlif sosial şəbəkələr vasitəsilə də paylaşılıb".

QHT sədri sonda qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın minalardan istifadə etməklə Azərbaycana qarşı davam edən mina terroruna göz yummamalıdır. Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Cavid