ABŞ-da prezident seçkisinə Putin şəxsən müdaxilə edib? Dünya

ABŞ-da prezident seçkisinə Putin şəxsən müdaxilə edib?

ABŞ prezidenti Barak Obama ABŞ-da prezident seçki kampaniyasına iddia olunan müdaxiləsi ilə bağlı Rusiyaya qarşı tədbirlər görməyə söz verib. "Biz tədbir görməliyik və edəcəyik", - o ABŞ radiostansiyası olan NPR-a deyib. ABŞ Rusiyanı Demokratlar partiyası və partiyanın bu il baş tutan president seçkilərində əsas namizədi olan Hillari Klintonun köməkçisinin electron ünvanının haker hücumuna məruz qoymaqda ittiham edir, Kreml isə bu iddiaları qəti şəkildə təkzib edir
Yeni seçilmiş prezident, Respublikaçılar partiyasından olan Donald Tramp da iddianı "gülünc" və siyasi motivli adlandırıb. Xüsusi xidmət orqanları deyirlər ki, onlarda hücumlarının arxasında Kremllə əlaqəsi olan rus hakerlərin dayanması barədə təkzibedilməz sübutlar var. Ağ Evin mətbuat katibi bildirib ki, Rusiya prezidenti Vladimir Putin də kiberhücuma cəlb olunub. Bir neçə saat sonra, cənab Obama deyib: "Heç şübhə yoxdur ki, hansısa xarici dövlət seçkimizin bütövlüyünə təsir etmək istəyirsə, biz öz seçdiyimiz yerdə və zamanda tədbir görməliyik və edəcəyik".
ABŞ-ın nə kimi tədbir görəcəyi hələ məlum deyil. Obama yanvarın 20-də vəzifəsini tərk edəcək. Mərkəzi Kəşfiyyat İdarəsi hesab edir ki, Rusiya bu addımı seçkilərin nəticələrini Donald Trampun xeyrinə dəyişmək üçün edib, lakin ictimaiyyətə heç bir fakt təqdim edilməyib. Cənab Tramp Demokratları seçki məğlubiyyətinə görə utancı gizlətmək üçün Rusiyanın müdaxiləsi ilə bağlı iddiaları uydurmaqda ittiham edib. O, həmçinin, cənab Putinə heyranlıq nümayiş etdirib. Amma onun dövlət katibi üçün Rusiya lideri ilə sıx əməkdaşlıqla işləyən neft maqnatı Rex Tillersonu seçməsi narahatlığına səbəb olub.
"The Telegraph" NBC News şəbəkəsinin yaydığı məlumata əsasən yazır ki, Rusiya prezidenti Vladimir Putin Hillari Klintondan "qısas" alınması məqsədilə ABŞ seçkisinə haker müdaxiləsinin "müəyyən elementlərinə" şəxsən başçılıq edib. ABŞ kəşfiyyat orqanları deyirlər ki, onlarda demokratlardan oğurlanmış materialların necə sızdırılması barədə sərəncamın Rusiya prezidentindən gəlməsinə dair "yüksək səviyyəli əminlik" var.
Kəşfiyyat rəsmiləri bildirirlər ki, onların ixtiyarında olan inandırıcı dəlillərə görə cənab Putin haker müdaxiləsində işin içində olub və bu əməliyyat Kremldəki ən yüksək vəzifəli liderlərin sərəncamı olmadan həyata keçirilə bilməzdi. ABŞ xüsusi xidmətlərinin rəsmilərindən biri deyib ki, bu əməliyyatda cənab Putinin iki məqsədi olub: xanım Klintondan "qisas" alınması və ABŞ-ın siyasi sisteminə onun müttəfiqləri arasında olan etimadın sarsıdılması.
NBC agentliyinə məlumat verən mənbə deyib ki, Putin ABŞ-ın daha qlobal lider olmadığı barədə fikir yaratmaqla onun müttəfiqləri arasına nifaq salmağa çalışıb. Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmiləri bildirmişdilər ki, onların təhlilinə görə Rusiya ABŞ seçkisinə Trampa qələbə qazandırmaq məqsədilə müdaxilə edib. Cənab Tramp bu məsələdə ABŞ-ın bütün 17 xüsusi xidmətinin eyni qənaətdə olmasına baxmayaraq Rusiyanın seçkiyə müdaxiləsi barədə iddiaları "axmaqlıq" adlandırıb.
"The Telegraph" yazır ki, Trampın Rusiyanı belə cidd-cəhdlə müdafiə etməsi həm respublikaçı, həm də demokrat rəsmilərin əndişəsinə səbəb olub. Belə əndişələri artıran faktorlardan biri də Trumpın dövlət katibi vəzifəsinə Vladimir Putindən şəxsən orden almış ExxonMobil rəbəri Rex Tillersonu təyin etməsi olub.