Rusiyanın növbəti “referendum” məzhəkəsi Dünya

Rusiyanın növbəti “referendum” məzhəkəsi

Putinin "sülhməramlı"lar adı altında yeni "respublikalara" ordu yeritməyə hazırlaşdığı barədə məlumatlar yayılıb
Rəsmi Kiyev: "Donetsk və Luqansk vilayətlərində keçirilən referendumların heç bir hüquqi nəticəsi olmayacaq, amma onun təşkilatçılarını cinayət məsuliyyəti gözləyir"

Rusiyanın hərbi və siyasi dəstək verdiyi Ukraynadakı rus separatçıların Donetsk və Luqansk vilayətlərində ötən bazar keçirdiyi qondarma referendumun ilkin nəticələri açıqlanıb. Həticələrə əsasən, Donetsk vilayətində seçicilərin 74,87 faizi, Luqansk vilayətində 81 faizi "referendum"a gəlib.
Məlumatlara görə, Donetsk vilayətində seçicilərin 89,7 faizi Putinin xeyir-duası ilə özünü "Donetsk Xalq Respublikası" adlandıran qurumun Ukraynadan ayrılmasına səs verib.
Qondarma "Luqansk Xalq Respublikası" ilə bağlı ilkin məlumat da mahiyyətcə bundan fərlənmir.
Xatırladaq ki, 2013-cü il noyabrın 21-də Rusiyanın basqılarına dözməyən Ukrayna hökuməti Avropa Birliyi ilə geniş inteqrasiya sənədləri imzalanması prosesini dayandırıb. Bunun ardınca müxalifət davamlı etiraz aksiyalarına qalxıb, fevralın 22-də hakimiyyət müxalifətin əlinə keçəndən sonra isə Rusiya ölkənin cənub-şərq bölgəsində Moskvaya bağlı qüvvələri onların üstünə qaldırıb. Bundan sonra Kreml Ukraynanı cəzalandırmaq üçün əvvəlcə Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra Donetsk, Xarkov, Luqansk vilayətlərində Rusiyadan dəstək alan qüvvələr separatçılıq ocaqları yaradıblar.
Xatırladaq ki, Qərbin təzyiqləri ilə üzləşən Putin rus separatçıları "referendum"u təxirə salmağa çağırmışdı. Lakin bu çağırışa "məhəl qoyulmaması" onu deməyə əsas verir ki, Kremlin qondarma referendumla bağlı mövqeyi səmimi olmayıb və bu addım sadəcə olaraq, Rusiyanın Ukraynanın şərqindəki gərginliklə bağlı rolunu ört-basdır etməyə hesablanıb.
Lakin Ukraynanın şərq hissəsində keçirilən qondarma referendum sabitlik şəraitində keçməyib. Donetsk vilayətinin Krasnoarmiisk şəhərində yenidən atışma baş verib. Məlumata görə, milli qvardiyanın əsgərləri icra hakmiyyətinin binası yanında silahlı separatçılara atəş açıblar. Nəticədə çox sayda insanın öldüyü bildirilir. Lakin rəsmilər hələlik ölənlərin dəqiq sayını açıqlamayıblar.
Ukrayna əsgərləri ilə terrorçular arasında atışma Slavyansk şəhərinin Andreyevka kəndində də qeydə alınıb. Dünən səhər saatlarından etibarən Ukrayna güc strukturları Slavyanskda yenidən anti-terror əməliyyatlarına başlayıblar.
Bu dəfə güc strukturları artilleriyadan istifadə ediblər.
"RİA Novosti"nin xəbərinə görə, şəhərin kənarında "Andeevka kəndi istiqamətindəki blok-postun yaxınlığında artilleriya mərmilərinin səsi eşidilir, blok-postla əlaqə yaratmaq mümkün deyil, şəhərdə ciddi rabitə problemi var".
Əməliyyatla bağlı sosial şəbəkələrdə yayılan məlumatlara görə isə şəhərin giriş-çıxışlarındakı bütün blok-postlar artilleriya atəşinə tutulub, Ukrayna hökuməti Slavyanskda anti-terror əməliyyatlarını uğurla başa çatdırmaq niyyətindədir.
Daxili İşlər Hazirliyi atışma zamanı 1 əsgərin ağır yaralandığını məruzə edib.
Bir qədər əvvəl isə, Proletarsk rayonunda naməlum şəxs səsvermənin getdiyi seçki məntəqəsində atəş açmışdı. Silahlı şəxs seçki məntəqəsinin tavanına bir neçə dəfə atəş açdıqdan sonra zərərsizləşdirilmişdi.
Donetsk vilayətinin Krasnoarmeysk şəhərinə də Ukrayna Milli qvardiyanın hissələri daxil olub. Hökumət qoşunları yerli şəhər sovetinin və polis bölməsinin binalarını nəzarətə götürüblər. Ukrayna mətbuatının məlumatına görə, təhlükəsizlik qüvvələri bülletenləri müsadirə ediblər.
Bununla da Krasnoarmeyskdə qondarma referendumun qarşısını almaq mümkün olub.
Bu arada Ukrayna müdafiə naziri Mixail Koval antiterror əməliyyatları zamanı hökumət qüvvələrinin itkilərilə bağlı açıqlama verib. Hazir bəyan edib ki, Ukraynanın şərqindəki separatçılara qarşı hazırlanan əməliyyatlarda indiyə qədər 9 əsgər ölüb. Koval həyatını itirən əsgərlərin 5-nin pilot, 2-nin xüsusi təyinatlılar komandiri, digər ikisinin də əsgər olduğunu deyib.
Ukrayna hakimiyyəti isə Rusiyanın himayəsi və terrorçuların silahlı təzyiqi altında keçirilən referendumun heç bir əhəmiyyəti olmadığını bəyan edib. Rəsmi Kiyev iğtişaşların yaranmasında Moskvanı təqsirli bilib və referendum seçkilərini "cinayət məzhəkəsi" adlandırıb.
"Donetsk və Luqansk vilayətlərində keçirilən referendumların heç bir hüquqi nəticəsi olmayacaq, amma onun təşkilatçılarını cinayət məsuliyyəti gözləyir". Ukrayna prezidentinin səlahiyyətlərinin icraçısı, Ali Radanın sədri Aleksandr Turçinov dünən belə bəyanat yayıb.
Turçinov qeyd edib ki, terrorçuların və separatçıların referendum adlandırdığı saxta tamaşa insanların qətlinin, oğurlanmasının, zorakılığın və digər ağır cinayətlərin ört-basdır edilməsindən başqa bir şey deyil: "Bu saxtakarlıq onun təşkilatçılarının cinayət məsuliyyətinə cəlb olunmasından başqa heç bir hüquqi nəticə doğurmayacaq".
Ukrayna Prezident Administrasiyasının sədri Sergey Paşinski isə Rusiyanın sərhəddə BMT-nin sülhməramlılarının formasında rənglənmiş hərbi texnikalar yerləşdirdiyini açıqlayıb. O, Rusiya ordularının hələ də sərhəd ərazilərdə hazır vəziyyətdə dayandığı haqqında informasiyaya malik olduğunu bildirib: "Ona görə də biz istənilən addımı hərbi aqressiya kimi qəbul edəcəyik".
Qeyd edək ki, dünən də Donetsk və Luqanskdakı "referendum"dan sonra Rusiya ordusunun bura "sülhməramlı"lar adı altında ordu yeritməyə hazırlaşdığı barədə məlumatlar yayılıb.
Ötən gün Bakıda səfərdə olan Fransa prezidenti Fransua Olland da Ukraynanın cənub-şərqində keçirilən "referendum"ları pisləyib. Fransa liderinə görə, Donetsk və Luqanskda səsvermənin "heç bir mənası yoxdur" və ölkənin tanıyacağı yeganə seçki 25 mayda keçiriləcək prezident seçkiləridir.
Ollandın bu bəyanatı məhz Bakıda verməsi Rusiya KİV-lərinin də diqqətini cəlb edib.
Qeyd edək ki, cənub-şərqi Ukraynadakı saxta referendumları artıq ABŞ, Almaniya, Avropa Birliyi də qeyri-legitim elan edib.
Kreml isə Qərbin qondarma referendumla bağlı rəsmi Moskvanın ünvanına yönələn ittihamlarını rədd edir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, Donetskdə keçirilən referendumla bağlı fikir söyləmək çox çətindir. Mətbuat katibi qeyd edib ki, Putin Donetskdə referendum keçirilməsini tələb etməmiş, sadəcə tövsiyə etmişdi. Peskovun sözlərinə görə, Ukraynanın cənub-şərq vilayətlərində döyüşlərin getdiyini görən bölgə əhalisi referendum keçirməyə məcbur olub. Onun iddiasına görə, bu səbəbdən ABŞ və Avropa Birliyinin Rusiyanın Donetsdə referendumun keçirilməsi üçün təzyiq göstərdiyi barədə səsləndiriyi fikirləri tamamilə ağılsızlıqdır.
"ABŞ və Avropa Birliyi ölkələri üçün bölgədə əldə olunan razılığın, danışıqların və silahlı toqquşmların bitməsi vacib deyil. Onlar üçün Ukraynada çevriliş nəticəsində hakimiyyətə gələn iqtidarın hər kəs tərəfindən tanıdılmasıdır".

TURQUT