Rusiya kənara çəkilməyincə... Dünya

Rusiya kənara çəkilməyincə...

"Ermənistan üçün çətin olan bu zamanda Qarabağda hər nə desən baş verə bilər". Bu barədə Belarus kanalına müsahibəsində Ermənistanın yeni prezidenti Armen Sarkisyan deyib. Onun sözlərinə görə, o, heç bir təxribatın olmaması üçün daha təmkinli olmağa çağırıb. "Vaxtı deyil".
Görünür o Ermənistan Silahlı Qüvvələrini nəzərdə tutur. Axı ekspertlərin fikrincə, ordu və xüsusilə onun rəhbərləri bu gün Ermənistanda baş verənlərədən o qədər də razı deyillər.
Bir müddət öncə də ölkənin müdafiə naziri bildirib ki, daxili qeyri stabillik ciddi şəkildə Qarabağ münaqişəsinə təsir edə bilər.
Rusiyanın "Vzqlyad" qəzeti isə yazır ki, Paşinyanın siyasəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına maneçilik törədəcək.
Rusiyalı politoloq Aleksey Martınov qəzetə verdiyi müsahibəsində Paşinyanı və yoldaşlarını "provakator" adlandırıb. Onu hakimiyyəti zorla ələ keçirmək niyyətində günahlandıran Martınov bildirib ki, Paşinyanın başladığı hərəkat ordunun bölünməsinə da təsir göstərəcək və qarşı tərəf, yəni Azərbaycan "hökmən bu vəziyyətdən" istifadə edəcək.
"Qoşunların təmas xəttində ağır texnika yığılır: tanklar, artilleriya. Açıq aydın münaqişənin hərb yolu ilə həllinə hazırlıq gedir. Yeri gəlmişkən, Paşinyan Qarabağ barədə, qonşu Azərbaycanla mümkün sülh reseptləri barədə heç nə deməyib", - deyə Aleksey Martınov bildirib.
Açıq görünür ki, rus politoloq Paşinyanın Qarabağ münaqişəsinin Moskvanın patronajlığı altında həllinə mane olacağından qorxur. Ümumiyyətlə, Ermənistanda etiraz mitinqləri başlayan kimi Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanat verərək, İrəvanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, rəsmi Bakının Qarabağ danışıqlarını davam etdirməyə meylli olduğunu bəyan etməsi Rusiyada bu cür dairələri narahat etməyə başalyıb. Rusiyanın ermənipərəst "Regnum" portalının analitiki Stanislav Tarasov hətta iddia edirdi ki, rəsmi Bakı kimin hakimiyyətə gələcəyindən əmindir, ona görə bu bəyanatı verib.
Paşinyan isə, təbii ki, bu cür iddialarla razılaşmır və Gümrüdə Qarabağın Ermənistanın nəzarətində qalmasının xatirinə nə KTMT-dən çıxmaycağını, nə də 102-ci Rusiya hərbi bazasını Ermənistandan çıxarmayacağını bildirib. O hətta iddia edib ki, baş nazir seçilən kimi il kişi döyüş bölgəsinə gedib vəziyyətlə tanış olmaq olacaq.
Lakin Rusiya ekspertləri heç də bu məsələdə nikbin deyillər. Onların fikrincə, ordu əsasən Qarabağ klanına aid generalların nəzarətindədir. Nikol Paşinyan baş nazir seçilərsə, istər-istəməz, müdafiə nazirini də, bu generalları da işdən çıxarıcaq, bəzilərini korrupsiyaya görə həbsxanaya saldıracaq. Təbii ki, ordunun qarabağlı rəhbərləri bununla barışmaq istəməyəcək və qarşıdurma baş verəcək. Bu qorxu o qədər ciddidir ki, hətta Ermənistan prezidenti Armen Sarkisyan da hərbçilərə müraciət edərək qoşunların təmas xəttində təxribatdan qaçmağa çağırıb.
Qarabağ klanının ən böyük qorxusu isə Nikol Paşinyanın barışıq üçün heç bir vasitəçi olmadan birbaşa Azərbaycanla danışıqlara başlamaq istəyi ilə bağlı ola bilər. Təbii ki, Azərbaycan tərəfi Xocalı cəlladlarının cəzalandırılmasını tələb edə bilər ki, bu, Serc Sarkisyanın və Qarabağ klanının digər üzvlərinin cəzalandırılması deməkdir. Generallar məhz bu baxımdan etirazçılara tabe olmaq istəməyəcəklər və Bako Saakyanın ətrafında birləşərək Ermənistanı bölməyə çalışa bilərlər. Bu variant həm də Moskvanın Qarabağ həllindən uzaqlaşdırılması demək olacaq.


Politoloq Şahin Cəfərlinin fikrincə isə, hər hansı erməni siyasətçidən Dağlıq Qarabağ məsələsində ciddi güzəştlər gözləməyə dəyməz. Güzəşt mövqeyindən çıxış edən siyasi liderin Ermənistanda uğur qazanması mümkün deyil.
"Seçkilərə qədər sosial-iqtisadi problemlərin həlli ilə bağlı ondan hansısa ciddi islahatlar gözləməyə dəyməz və Ermənistan toplumunun da yəqin ki, bu cür gözləntisi yoxdur. Yeni hökumət başçısının seçkilərə qədər əsas vəzifəsi sabitliyi, qanunun aliliyini, seçkilərin azad və ədalətli keçirilməsini və beləliklə, xalqdan mandat almış tam legitim hökumət formalaşmasını təmin etməkdir. Əgər Paşinyan bu məqsədlərə nail olarsa, bunun özü böyük işdir. Seçkilərdə Paşinyanın blokunun qalib gələcəyi təqdirdə isə onu çox çətin işlər gözləyir. Əsas iş məhz bundan sonra başlayacaq".
Politoloq vurğulayıb ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Serj Sərkisyandan çox fərqli mövqe sərgiləyəcəyini gözləmək sadəlövhlük olardı.
Politoloq qeyd edib ki, Paşinyan atacağı addımlarla Rusiya üçün problemlər yaratmağa başlasa, Rusiya da ona problemlər yaradacaq:
"Paşinyan Rusiyanın adamı deyil. Bu birmənalıdır. O, liberal dünyagörüşə sahib qərbyönlü siyasətçi kimi tanınıb. Paşinyanın Moskvaya isti mesajlar yollaması isə təbiidir və anlaşılandır. Çünki Ermənistan siyasi, iqtisadi və hərbi sahələrdə Rusiya ilə çox dərin inteqrasiyaya gedib, ərazisində Rusiya hərbi bazaları var, sərhədlərini rus əsgərləri qoruyur, iqtisadiyyatının əsas sahələrinə Moskva nəzarət edir. Belə bir durumda olan ölkədə hər hansı siyasi liderin Rusiya əleyhinə açıq çıxışlar etməsi axmaqlıq olar. Paşinyan hazırda Rusiyanı qəzəbləndirməməyə çalışır. Moskvanı inandırmağa çalışır ki, onun baş nazirliyi Rusiyanın maraqlarını təhdid etmir. Moskva isə Karen Karapetyan kartı vurulduqdan sonra əlində ciddi bir alternativ qalmadığından, Paşinyanı qəbul etməyə məcbur görünür. Amma hesab edirəm ki, Paşinyanın baş nazir kreslosunda fəaliyyəti heç də asan olmayacaq. Rusiya onun önünə çeşidli əngəllər çıxarmaq imkanındadır".
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Rusiya əgər Ermənistandan çəkilsə ermənilər gələcək danışıqlarda, ümumiyyətlə, proseslərdə öz imkanlarına əsaslanan bir siyasət yürütməlidirlər: "Əgər bu, baş versə, deməli, real sülh mümkündür. Amma mən hesab edirəm ki, real sülh bəlkə də hansısa hərbi əməliyyatlardan sonra daha real görsənəcək. Çünki bu illər ərzində təbliğat nəticəsində ermənilər öz hərbi imkanlarını çox şişirdiblər və ictimaiyyətə göstəriblər ki, guya onlardan güclü bir ordu yoxdur. Doğrudur, aprel hadisələri onları bir az ayıltdı. Amma yetərincə olmadı. Çünki onlar axıracan öz mövqelərində qalırlar. Hesab edirəm ki, indiki böhran nəticəsində onlar daxilən çox zəifləyəcəklər. Bunun nəticəsi həm də Qarabağ probleminə təsirini göstərəcək".
Diplomat qeyd edib ki, Azərbaycan həm sülh danışıqlarına, həm də hərbi əməliyyatlara hazır olmalıdır: "Azərbaycan vəziyyəti diqqətlə nəzərdə saxlamalıdır və hər bir məsələyə hazır olmalıdır. Həm sülh danışıqlarına, həm də hərbi əməliyyatlara hazır olmalıdır. Hesab edirəm ki, bu siyasət artıq gündəmdədir və həyata keçirilir. Bəzən deyirlər, hərbi əməliyyatı tezləşdirmək lazımdır. Hər bir şeyin öz vaxtı var, vaxtında atılan addım daha qiymətli olur. Ələlxüsus da bu addım Qarabağ mövzusu ilə bağlıdırsa. Hərbi əməliyyatlar həmişə çox ağır təsiredici bir siyasətdir və istisna etmirəm ki, bu barədə qərar qəbul etmək çox çətin bir məsələdir. Amma ermənilər bizə ayrı bir yol saxlamasa, deməli, bu addımı da atmalıyıq".
Ekspert Mirsamir Məmmədovun fikrincə istər Paşinyan, istər bir başqası baş nazir olsun, Dağlıq Qarabağla bağlı Ermənistanın işğalkçılıq siyasətində heç bir dəyişiklik olmayacaq: "Çünki, prezident kürsüsünü əldə etmək istəyən hər bir şəxs Qarabağın tezliklə müstəqilliyinə nail olacağı vədini verir. Ona görə də daxili auditoriyanı aldadıb onun rəğbətini məhz Qarabağ kartı vasitəsilə qazanırlar. İnkinci bir məqam da ondan ibarətdir ki, bu məsələdə Rusiya faktorunu da nəzərə almalıyıq. Ermənistan müstəqil dövlət deyil ki, xarici siyasətini özü müəyyənləşdirsin. Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İrəvana hansı göstərişi versə, o yerinə yetiriləcək. Paşinyan və ya qeyrisi Moskvanın quludur. Ermənistanda hakimiyyətə kim gələcəksə Moskvadan asılı vəziyyətdə qalacaq. Ona görə də baş nazirin kim olacağı, Qarabağ məsələsi ilə bağlı verdiyi açıqlamaların heç bir çəkisi olmayacaq. O vaxta qədər ki, bu məsələnin arxasından Rusiya çəkilsin".
Cavid