Soçi görüşü xarici mətbuatda Dünya

Soçi görüşü xarici mətbuatda

Görüş zamanı gərginliyin yaşandığı yazılıb

Cavid

Avqustun 10-da Soçidə keçirilən prezidentlərin üçtərəfli (Azərbaycan, Rusiya, Ermənistan) görüşü beynəlxalq mətbuatın da diqqət mərkəzindən yayınmayıb. Xarici mətbuatın yazdığına görə, görüş zamanı gərginlik yaşanıb.
Belə ki, Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistan prezidenti Sarkisyan arasında qısa mübahisə olub. İlham Əliyev son dövrdə artan gərginlik və Qarabağ probleminin 20 ildən bəri həll olunmamasından narahat olduğunu dilə gətirib.
Ölkə başçısı BMT-nin qətnamələrini xatırladaraq Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini deyib: "BMT Təhlükəsizlik Şurası illər əvvəl işğal altındakı Azərbaycan torpaqlarının erməni qüvvələri tərəfindən boşaldılması qərarı vermişdi. Ermənistan BMT-nin bu qərarını hələ də hansısa səbəbdən yerinə yetirmir".
İlham Əliyevin bu sözləri Serj Sarkisyanı çaşqın duruma salıb. Ermənistan prezidenti özünə xas absurd və gülməli cavab verib: "BMT-nin Qarabağ mövzusunda dörd qərarı var. Görəsən Azərbaycan bu qərarlardan hansını yerinə yetirdiyini bizə söyləyə bilərmi?"
Bununla da Ermənistan prezidenti beynəlxalq hüquqdan məlumatsızlığını, ya da BMT-yə sayğısızlığını nümayiş etdirib. Bütün hallarda bunun bir adı var: erməni həyasızlığı...
Ancaq Sarkisyan sonradan vəziyyətdən çıxış yolu tapmaq üçün sözlərinə düzəliş edib. Ermənistan prezidenti Azərbaycanın dövlət başçısına Ermənistan xalqı adından təşəkkür edərək "məsələnin sülh yolu ilə həllinin hamı üçün ümidverici olduğunu" söyləyib.
Türkiyənin "Hürriyət" qəzetinin yazdığına görə, Soçi şəhərindəki "Boçarov Ruçey" iqamətgahında prezidentlər İlham Əliyevlə Serj Sərkisyanı bir araya gətirən Rusiya prezidenti Vladimir Putin deyib: "Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin mövcud problemlərin yalnız sülh yolu ilə həll oluna biləcəyini dilə gətirməsini məmnuniyyətlə qarşılayıram. Ermənistan Respublikasının prezidenti Serj Sərkisyanın da həmfikir olması çox əhəmiyyətlidir".
Putin bildirib ki, iki ölkə liderindən eşitdiyi bu ifadələr keçmiş Sovetlər İttifaqı zamanından miras qalmış Dağlıq Qarabağ münaqişəsinin masa arxasında çözülməsinə imkan yaradır.
Qarabağ münaqişəsinin həllində çıxış yolu tapıla bilməsi üçün sağlam fikir və səbrli hərəkətlə davam etməyin vacibliyini önə çəkən Putin daha sonra əlavə edib: "Qarabağ böhranın çox uzandığının mən də fərqindəyəm. Problemin həlli üçün beynəlxalq miqyasda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu da səylər göstərir. Təbii, biz Rusiya olaraq həm coğrafi baxımdan yaxınlıq, həm də Azərbaycan və Ermənistanla tarixi əlaqələrimizə söykənərək, yeni təşəbbüslər irəli sürməyə çalışacağıq".
"Hürriyət"in məlumatına görə, üçtərəfli görüşdə Azərbaycan və Ermənistan liderlərinin bir-birini günahlandıran açıqlamaları qısamüddətli toplantıda gərginliyin daha da artmasına səbəb olub.
Cəbhə xəttində yaranmış gərginliyin ikinci Qarabağ müharibəsinə gətirib çıxaracağından Ermənistanın ciddi əndişə keçirməsi və bunun İrəvan üçün hansı nəticələrə gətirib çıxaracağı qorxusu Sarkisyanın Soçidə dediklərindən də bəlli olur. Sərkisyan son sözlərində bir qədər yumşaq tərzdə "mən Ermənistan Respublikasının prezidenti olaraq xalqım adına yenə də İlham Əliyevə təşəkkür etmək istəyirəm. Münaqişənin həlli üçün gücdən istifadəyə üstünlük vermək istəmədiklərini söyləməsi hamımız üçün ümidvericidir" deyib.
Rusiyanın nüfuzlu "Nezavismaya qazeta" nəşri isə Putinin
təşəbbüsünün təmas xəttindəki qarşıdurma fonunda vacib olduğunu qeyd edib.
Nəşr yazır ki, adətən İlham Əliyev və Serj Sərkisyanın görüşləri münaqişə zonasında gərginliyin azalmasına gətirib çıxarırdı: "Əgər dünənki danışıqlar da eyni nəticə verərsə, o halda Soçi görüşünü uğurlu hesab etmək olar. Azərbaycan tərəfinin "əgər Ermənistan faşist siyasətini davam etdirəcəksə, cavabını alacaq və raketlər İrəvanan tuşlanıb" xəbərdarlıqları ilə müşahidə olunan sərt tonu təhlükəli görünürdü. Yaranmış vəziyyətdə çox vacib idi ki, Putin prezidentləri görüşdürsün. Görüşün açıq hissəsindən məlumdur ki, Moskva Bakı və İrəvanın əməkdaşlığının səviyyəsindən razı görünür. Bakı Moskva ilə əməkdaşlığın səviyyəsindən razıdır və Rusiyanın Qarabağ münaqişəsinin həllində mühüm rola malik olduğunu düşünür. İrəvan da Moskva ilə münasibətlərdən məmnundur, lakin Azərbaycan tərəfinin sərt gedişlərindən narahat görünür və bu məsələdə Rusiyanın təsirinə bel bağlayır".
"Nezavismaya qazeta" daha sonra qeyd edir ki, prezidentlərin üçtərəfli görüşündə SSRİ vaxtından qalmış münaqişənin həlli üçün istəyin olduğu aydın oldu: "Burada əsas yol sülhdür, alternativlər görünmür. Lakin dövlət başçıları danışıqlar apararkən də təmas xəttində atışma gedirdi. Azərbaycan tərəfinin məlumatına görə, erməni atəşi nəticəsində bir hərbi qulluqçu həlak olub, digəri yaralanıb. Ermənistan isə öz növbəsində Bakını Karen Petrosyanın ölümündə ittiham edir".
Nəşr yazır ki, bunun son qurbanlar olmayacağı ehtimal edilir: "Ekspertlər də münaqişənin dondurulmadığını düşünür və bundan sonra da intensiv atəşlərin olacağını düşünürlər".
"Nezavismaya qazeta" Soçi görüşünə paralel olaraq diqqətləri ötən həftə Gürcüstanda beşgünlük müharibənin ildönümünün qeyd edilməsinə yönəldir. Nəşr hesab edir ki, Cənubi Qafqazda sular o qədər də duru deyil və münaqişələrin bərpa olunması ehtimalı görünür. Hətta bunun, Rusiyanın iradəsindən kənar olsa belə, baş verə biləcəyi qeyd edilir: "Soçi görüşündən əldə olunan nəticə heç də qənaətbəxş hesab edilməməlidir. Çünki faktiki olaraq təmas xəttində gərginlik azalmayıb".
Rusiya nəşri ekspertlərin fikirlərinə istinadən Soçi görüşünün silahların qınına qoyulması və susması üçün yetərli olmayacağı ehtimalını önə çəkir.
Almandilli "Stimme Russlands" radiosunun yaydığı xəbərdə isə deyilir ki, Rusiya Dağlıq Qarabağda münaqişənin yenidən aktiv mərhələyə daxil olmasının qarşısının alınması üçün hərəkətə keçib. Prezident Vladimir Putin Soçidəki iqamətgahında Qarabağ probleminə dair Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyanla danışıqlar aparıb.
Aydın görünür ki, Rusiyanın bu məsələdə xüsusi fəallığı var. O da bəllidir ki, ABŞ və NATO-nun bu münaqişənin həlli ilə bağlı planı Rusiyanın nəzərdə tutduqlarından fərqlənir.
Bəziləri iddi edirlər ki, prezident Putin öz imicini müsbətə doğru dəyişmək üçün bu görüşə xüsusi maraq göstərib. Putin bütün dünyaya nümayiş etdirmək istəyib ki, o, münaqişənin sülh yolu ilə həllində maraqlıdır.
Qərb isə son vaxtlar Dağlıq Qarabağda baş verən olaylarda Rusiyanın maraqlı olduğun dilə gətirir. ABŞ və NATO-ya isti münasibətdə olan Azərbaycanın məhz Rusiyanın təzyiqi ilə Ermənistan tərəfdən yenidən münaqişəyə cəlb olunduğu vurğulanır...
"Stimme Russlands" radiosu bu yanaşmaya rusiyalı keçmiş diplomat Vladimir Stupişinin münasibətini də açıqlayıb. Stupişin deyib ki, Putin tamamilə haqlıdır. Çünki Amerikanın sülhyaratma missiyası həmişə faciələrlə yekunlaşır. İraq, Əfqanistan, Liviya kimi ölkələrdə biz bunun şahidi olduq. İndi onlar Suriyada da eyni əməlləri törətmək istəyirlər. Amerika hara müdaxilə edibsə o ölkələr xaraba qalıb. Veytnamda da belə olmuşdu. Çünki xalqlar özləri istədikləri kimi yaşamağa üstünlük verirlər, Amerikanın diktəsi onlara xoş gəlmir. Ola bilər ki, bu siyahıda Ukrayna istisnalıq təşkil edir.
Diplomat iddia edib ki, ABŞ-ın Dağlıq Qarabağla bağlı planı da belədir: "Ermənistan Dağlıq Qarabağ ətrafındakı bəzi rayonları Azərbaycana qaytarmalıdır. Sonra Amerikaya bağlı sülhməramlı qüvvələr regiona yeridilməlidir. Bu isə o deməkdir ki, ABŞ həm yaxınlıqdakı İrana, həm də ki, Azərbaycan və Ermənistana nəzarəti daha da gücləndirə biləcək..."