Tehran Moskvaya xəyanat edir Dünya

Tehran Moskvaya xəyanat edir

Ruhani ölkəsinin Avropa üçün etibarlı enerji mənbəyi ola biləcəyini deyib

Cavid

İran prezidenti Həsən Ruhaninin ölkəsinin Avropa üçün etibarlı enerji mənbəyi ola biləcəyi ilə bağlı açıqlaması Qərb-İran münasibətlərinin müsbətə doğru dəyişəcəyindən xəbər verir. Daha dəqiq, Ruhani belə bir təkliflə Qərbin rəsmi Tehrana qarşı tutduğu qərəzli mövqeyini yumşaltmağa cəhd edir. Həsən Ruhani avstriyalı həmkarı Xayns Fişerlə söhbəti zamanı deyib ki, İran energetika sahəsində unikal statusa malikdir, bu səbəbdəndə Avropa üçün etibarlı enerji mənbəyi ola bilər: "Biz İran təbii qazının Avstriyadan keçərək Avropaya nəqlinin şəbəkəsini həyata keçirə bilərik".
İranın belə mövqedən çıxış etməsi Rusiyaya arxa çevirmək kimi də qəbul edilə bilər. Çünki Qərb Ukrayna məsələsinə görə Rusiyanın enerji daşıyıcılarından imtina edir. İranın bu məsələdə Rusiyanı əvəzləyə biləcəyi isə Tehran-Moskva münasibətlərinə xələl gətirə bilər.
Onu da bildirək ki, İranın Avropanını enerji təhlükəsizliyinin təminatçısı ola biləcəyi bu günün söhbəti deyil. Bir müddət öncə də bu məsələ gündəmə gəlib. O zaman Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan etmişdi ki, İran Avropaya təbii qaz boru xətti çəkməyi planlaşdırır. O bildirib ki, 5 Avropa ölkəsi İrandan təbii qaz almağa hazırlaşır: "Avropanın 500-525 milyard kubmetr civarında qaz tələbatı 2035-ci ildə təxminən 700 milyard kubmetrə çıxacaq. Bu enerji resursu hansısa qaynaq hesabına qarşılanmalıdır. Düşünürəm ki, enerji sektoru sülh üçün bir vasitə olmalıdır".
Taner Yıldız həmçinin İranın planlaşdırdığı qaz boru xəttinin Türkiyədən keçməsinə razılıq verdikləri üçün düzgün addım atdıqlarını sözlərinə əlavə edib.
İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əli Məcidi Tehranın "Fars News" xəbər agentliyinə müsahibəsində Avropa ölkələrinin İran təbii qazını üç yolla idxal edə biləcəyini bildirib: "İran Avropaya üç müxtəlif yolla qaz ixrac edə bilər. İndiki vəziyyətdə ən sərfəli variant hesab olunan Türkiyə boru kəməri də bura daxildir".
Əli Məcidi bildirib ki, Avropa müxtəlif təbii qaz mənbələri axtarır və tezliklə "İranın Cənubi Pars" qaz yatağının yeni fazaları üzrə təbii qaz istehsalına başlanılacaq. Ona görə də İran təbii qazının Avropaya ixracından heç bir tərəf uduzmaz: "İkinci yol İraq, Suriya, Livan və sonda Aralıq dənizindən keçən boru kəməridir. Üçüncü yol isə Aralıq dənizinin altından keçən sualtı yoldur".
Avropaya İran təbii qazının Türkiyə vasitəsilə nəql olunması fikri "Nabukko" qaz kəmərinin inşası üzrə danışıqların baş tutmamasından sonra ortaya çıxıb. Bundan sonra bəzi Avropa şirkətləri İran təbii qazının idxalı üçün rəsmi müraciət ediblər. İran təbii qazını Avropa bazarlarına çıxarmaq üçün Türkiyədən tranzit ölkə kimi istifadə edəcək.
Artıq Türkiyə tərəfi buna razılıq verib. Türkiyə bunun müqabilində isə başqa ölkəyə satmamaq şərtilə İrandan Türkmənistan qazı alacaq. İran qazını Türkiyə vasitəsilə Avropaya nəql edəcək qaz boru xəttinin çəkilməsi isə "Turanq" şirkətinə həvalə olunub. Eyni zamanda sözügedən qaz boru xəttinin inşaat işinin sürətləndirilməsi məqsədilə "Turanq"a 11,5 milyard lirə ödənilib. Bundan başqa, "Turanq" bütün növ vergilərdən azad edilib. Onun sığortası da dövlət vəsaiti hesabına həyata keçirilib. "Turanq" şirkəti artıq ona həvalə olunan işin icrasına başlayıb. İran həmçinin "Turanq"ın əsas ortağı SOM Neft şirkəti ilə də razılıq əldə edib. Mütəxəssislər isə hesab edirlər ki, həm İran qazını Avropaya nəql edəcək boru xəttinin, həm də Türkmənistan qazını Türkiyəyə nəql edəcək boru xəttinin çəkilməsi işinə eyni vaxtda başlanılmalıdır. Onlar hesab edirlər ki, əks halda, bu işdən İran tərəfi daha çox qazanclı çıxacaq.
Ümumilikdə uzunluğu 5 min km olması nəzərdə tutulan boru xətti İranın Bazargan şəhərindən başlayıb, Türkiyədən keçərək Yunanıstan və Almaniyaya qədər uzanacaq. Bu boru xəttinin 1720 km-i Türkiyə ərazisindən keçəcək. Sözügedən qaz boru xəttinin Türkiyədən keçəcək hissəsi Ağrı vilayətinin Doğubəyaz rayonundan başlayıb, Ərzurum, Ərzincan, Ankara, Bursa, Ədirnədən keçərək, Yunanıstana uzanacaq. Bu qaz boru xəttinin ötürücülük gücü isə ildə 35 milyard kubmetr olacaq.
Məlumat üçün bildirək ki, Türkiyəni İran təbii qazının Avropaya nəql edilməsində tranzit ölkə olmasına təsir edən əsas amil Türkmənistan qazından istifadə etmək istəyidir. Bununla bağlı hər iki ölkə arasında bağlanan müqavilədə bildirilir ki, İran tərəfi Türkmənistan təbii qazının İran vasitəsilə Türkiyəyə nəql olunmasına icazə verilməsi barədə Türkiyəyə rəsmi sənəd təqdim etmədiyi təqdirdə, bu boru xətti çəkilə bilməz. Onu da qeyd edək ki, Türkiyə ilə İran arasında bağlanan bu müqavilədə Türkiyənin tranzit ölkə olaraq İrandan nə qədər pul alacağı göstərilməyib. Müqavilədə sadəcə bildirilir ki, Türkiyə sözügedən qaz boru xəttinin inşaatı işinə mane olmayacaq. Bu qaz boru xətti işə başlayandan sonra isə Türkiyə tranzit ölkə kimi İrandan pul alacaq. Mütəxəssislər isə hesab edirlər ki, Türkiyənin bu məsələ ilə bağlı İrana etdiyi güzəştin eynisini İran tərəfi də Türkiyə üçün etməlidir. Onlar qeyd edirlər ki, İranın Türkmənistan qazını Türkiyəyə çatdırılmasındakı vasitəçiliyi İran qazının Avropaya çatdırılmasına Türkiyənin vasitəçiliyi ilə eyni əhəmiyyət kəsb etmir. Bu məsələ ilə bağlı Türkiyənin Enerji Nazirliyindən verilən açıqlamada isə bildirilir ki, İran Dövlət Şirkəti - OİL İndustry İnvestment Company (OİİC) tərəfindən satın alınan Türkmənistan təbii qazı onların İranla birlikdə müəyyən edəcəyi İran-Türkmənistan sərhədindən alınıb və Türkiyə- İran sərhədindən keçərək, Türkiyəyə ötürüləcək. Bununla bağlı İran Neft Nazirliyinin nümayəndəsi 2012-ci il yanvarın 2-də sənəd imzalayıb. Bu sənədlə yanaşı, "Turanq" şirkətinin əsas ortağı SOM Neft Şirkəti ilə imzalanan qarşılıqlı razılıq müqaviləsi də 16 yanvar 2012-ci ildə Türkiyə tərəfə təqdim edilib.
İranın sənaye, mədənlər və ticarət naziri Məhəmməd Rza Nemətzadə Tehranın Avropa ölkələrini təbii qazla təchiz etməyə hazır olduğunu bildirib. "İran Avropaya təbii qaz ixracında Avropanın etibarlı tərəfdaşı hesab oluna bilər", - Nemətzadə Almaniyanın gündəlik "Handelsbatt" biznes qəzetinə bildirib.
O, İranın dünyanın ən böyük təbii qaz ehtiyatlarına sahib olduğunu vurğulayıb: "Avropanın Ukrayna böhranına görə Rusiya təbii qazından asılılığı azaltmaq istədiyi bir vaxtda İran Avropanın uzunmüddətli və etibarlı tərəfdaşı ola bilər".
Nazir hökumətin təbii qazın İranın cənubundan Türkiyə sərhəddinə, buradan isə Qərbə ötürülməsinə imkan verən boru kəməri üzərində götür-qoy etdiyini bildirib.
O əlavə edib ki, sanksiyalar qüvvəyə minməmişdən əvvəl maye qazın İspaniyaya ötürülməsi ilə bağlı konkret planlar olub. Avropaya ayrıca boru kəmərləri layihələrinin əsasları da gözdən keçirilib. Nemətzadə həmçinin bildirib ki, Avropanın enerjiyə ehtiyacı Tehran və Moskvaya yaxşı biznes imkanları yaradıb.
Heft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, iranlı rəsminin verdiyi bəyanat maraqlıdır və təklif olunan variantlar müzakirə ediləcək variantlardır: "Təklif olunan hər 3 marşrutla bağlı siyasi qərar yoxdur. Amma görünür ki, müəyyən dairələrdə mümkün müzakirələr gedir. Təklif edilən variantlardan biri Ermənistan-Gürcüstan-Avropa variantıdır, ikincisi İran-İraq-Suriya versiyasıdır. Nəhayət üçüncü variant İran-Suriya variantıdır. İran neft sənaye nazirinin müavini Əli Məcidi etiraf edir ki, ən optimal variant sonuncudur. Çünki hazırda da İranla Türkiyə arasında qaz kəməri fəaliyyət göstərir. 1997-ci ildən sonra fəaliyyətə başlayan kəmərin illik tutumu 10 milyard kub metrdir. Amma hazırda yalnız onun imkanlarının 70-75 faizindən istifadə edilir. Əgər İranın yeni ideyası reallaşarsa, bu, həmin istiqamətdə yeni 640 kilometrlik qaz boru kəmərinin çəkilməsi deməkdir. Artıq bu barədə İranla Türkiyə arasında ilkin danışıqlar olub".
Ekspert Avropa bazarı uğrunda artıq İranla Rusiya arasında rəqabətin başlanıldığını deyir: "İranın ticarət, sənaye və mədən nazirinin müavini Məhəmməd Rza Nemətzadə rəsmi Tehranın Moskva ilə Avropaya qaz satmaq məsələsində rəqabət aparmaq istəmədiyini, yalnız tərəfdaşlıq edə biləcəyini deyib. Təbii ki, bu diplomatik fikirdir. Əslində isə İİR öz qaz qaynaqlarını Avropa gündəliyinə gətirməyi bacarıb. Yalnız burda siyasi qərara ehtiyac var. Yəni rəsmi Tehran da etiraf edir ki, əgər İranın nüvə fəaliyyəti ilə bağlı Tehran və "Böyük 7-lik" arasında aparılan danışıqlar uğurla nəticələnərsə, bu ideyanı gerçəkləşdirmək olar. Hesab edirəm ki, tezliklə bu ideya gerçəkləşəcək".
Zəfər Vəliyev İran qazının Türkiyə ərazisindən keçməklə Avropaya çatmasının daha optimal versiya olduğunu deyir:
"Hazırda İrandan qonşu ölkələrə 2 qaz kəməri çəkilib. Onlardan birincisi İrandan Ermənistana, ikincisi isə bayaq qeyd etdiyim kimi, İrandan Türkiyəyə. İrandan Ermənistana çəkilən qaz kəmərinin illik tutumu 2 milyard kub metrdir və həmin qaz Ermənistan ərazisində olan İstilik Elektrik Stansiyalarında (İES) elektrik enerjisinə çevrilərək geriyə-İrana göndərilir. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, hazırda Ermənistanın qaza olan tələbatının tam 100 faizini "Qazprom"un törəmə şirkəti olan "Qazprom Armenia" vasitəsi ilə həyata keçirilir. Yəni Rusiya İran qazının Ermənistandan keçməsinə razı olmaz. Rəsmi Moskva rusdilli media vasitəsi ilə İran qazının tezliklə Avropa bazarlarına çıxmasının qeyri-mümkün olmasını iddia eləsə də, reallıq bunun tam əksini göstərir. Bir faktı deyə bilərəm ki, hazırda 7 böyük dünya miqyaslı şirkətlə İranın enerji qaynaqlarına investisiya qoymaqla bağlı danışıqlar aparılır".
Rəsmi məlumatlara görə, İranın təbii qaz ehtiyatları 34 trilyon kub metrdir və rəsmi Tehran sutkalıq qaz hasilatını 950 milyon kub metrə çatdırmağa hazırlaşır. Ötən ilin statistikasında bu rəqəm 750 milyon kub metr idi. Amma bu rəqəm Rusiyada 1 trilyon 600 milyard kub metrdən çox olub.