İranı bu dəfə də “yola” gətirə bilmədilər Dünya

İranı bu dəfə də “yola” gətirə bilmədilər

Vyana danışıqları da nəticəsiz qaldı

Cavid

İran və "5+1" ölkələri arasında keçirilən Vyana görüşü nəticəsiz başa çatıb.
Beynəlxalq vasitəçilər və İran arasında keçirilən görüşdə danışıqlar raundu razılaşma olmadan yekunlaşıb. Razılaşmanın əldə edilməməsi, yanaşmalarda kəskin fərqlərin olması danışıqlar prosesinin uzadılması məsələsini gündəmə gətirib və bu istiqamətdə danışıqlar aparılır.
Maraql;d;r ki, görüş əsnasında İranın xarici işlər naziri Cavad Zəriflə görüşdə Rusiya xarici işlər naziri Serqey Lavrov Putinin Həsən Ruhani ilə telefon danışığı aparmaq istəyini bildirib.
Tərəflər arasında əvvəlcədən əldə edilmiş razılaşmaya görə, bu görüşə qədər İranla "altılar" qrupu arasında Tehranın nüvə proqramları və İrana qarşı beynəlxalq sanksiyaların ləğvi məsələsində hərtərəfli siyasi razılaşma əldə edilməliydi.
Xatırladaq ki, danışıqların final raundu noyabrın 18-də başlayıb. Lakin danışıqların sonuncu günündə məlum olub ki, tərəflər gözlənilən razılaşmanı əldə etməyə hazır deyillər.
İran və ABŞ nümayəndə heyətlərindəki mənbələr təsdiq ediblər ki, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Bununla belə yekun siyasi razılaşmanın əldə olunması naminə danışıqların daha iki-üç gün uzadılacağı istisna deyildi. İran nümayəndə heyətindəki mənbə isə daha kompromisli variantın - razılaşmanın 6-12 ay təxirə salınmasının müzakirə olunduğunu bildirib.
Danışıqların detalları haqda məlumatlar məhduddur. "Alman dalğası" radiostansiyası xəbər verir ki, Tehran İraqla sərhəddəki Merivan nüvə mərkəzinə beynəlxalq müşahidəçiləri buraxmağa razıdır. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu mərkəzdə nüvə silahı hazırlandığından şübhə edir. Lakin Tehranın bu güzəşti hələlik razılaşmanın əldə edilməsi üçün kifayət deyil.
Danışıqlarda iştirak edən diplomatların bildirdiyinə görə ola bilsin çərçivə razılaşmasını əldə etmək mümkün olacaq, ancaq detalları razılaşdırmaq üçün aylarla vaxt tələb oluna bilər. Tərəflər hələlik danışıqların vaxtının uzadılmasını müzakirə etməyiblər və diplomatlar bunun "son məqamda" müzakirə ediləcəyini deyirlər.
ABŞ dövlət katibi Con Kerri də təsdiq edib ki, danışıqlarda "böyük fikir ayrılıqları" qalmaqdadır və onların aradan qaldırılması üçün gərgin iş aparılır. "Röyter" agentliyinin Avropadakı qaynaqlarının məlumatına görə, əsas mübahisəli məsələlər - İranın uranı hansı faizə qədər zənginləşdirə biləcəyinə və Tehrana qarşı sanksiyaların götürülməsinə dair müzakirələrdə "əhəmiyyətli irəliləyiş" əldə edilməyib.
İran nümayəndə heyətindəki mənbələr deyirlər ki, danışıqlarda ən sərt mövqedən Fransa çıxış edir. ABŞ isə İranla razılaşmanın əldə olunmasına çox can atır və bunda maraqlıdır.
Vyanaya toplaşan xarici işlər nazirlərinin razılaşma naminə noyabrın 25-i də qalıb işləməyə hazır olduğu haqda məlumatlar var.
Qeyd edək ki, bu ilin yazında tərəflər Cenevrədə ilkin razılaşma əldə ediblər və həmin razılaşmaya əsasən İranın nüvə proqramına dair yekun razılaşma noyabrın sonuna qədər əldə edilməliydi. Bunun əvəzində İrana qarşı sanksiyalar, o cümlədən neft embarqosu qismən yumşaldılıb. İndi dünyanın İŞİD təhdidi, Rusiya ilə Qərb arasında getdikcə kəskinləşən qarşıdurmadan irəli gələn risklərlə üzləşdiyi bir vaxtda Tehranın nüvə proqramlarına dair yekun razılaşmanın əldə edilməsi yeni mərhələni başlada bilər.
Bu razılaşma ABŞ-la İran arasında diplomatik münasibətlərin, ən azından ticarət münasibətlərinin bərpa edilməsinə imkan yaradacaq. İrana qarşı sanksiyaların götürülməsi bu ölkənin neft ixracını artırmasına, beləliklə də dünya bazarlarında neftin daha da ucuzlaşmasına gətirib çıxaracaq. Anlaşma İranın nüvə proqramı ətrafında uzun illərdir davam edən, dəfələrlə müharibə astanasına gəlib çıxan gərginliyi də aradan qaldıracaq.
Beləliklə, İranın nüvə proqramı Yaxın Şərqdə gərginlik mənbəyi kimi aradan qalxacaq, ABŞ və digər Qərb ölkələri İŞİD-lə mübarizəyə daha çox diqqət və qüvvə sərf edə biləcəklər. İŞİD həm də şiə İran üçün təhdid olduğundan bu, Tehranın da maraqlarına uyğundur.
Həmçinin İran beynəlxalq sanksiyaların təsiri altından çıxaraq bundan böyük iqtisadi fayda əldə edəcək.
İran nüvə məsələsinə dair anlaşmaya yaxın olduğunu əvvəllər də dəfələrlə nümayiş etdirib, ancaq hər dəfə hansısa detallarda kompromislərdən imtina edərək prosesləri yenidən əvvəlki məcraya qaytarıb. Nəticədə vaxt udub və bu vaxtdan istifadə edərək nüvə proqramlarını irəli aparıb. Bu, fars diplomatiyasının ənənəvi metodudur və əsrlər boyu işləyib.
Amma diplomatik mənbələr iddia edir ki, yekun sənəd praktik olaraq hazırdır, amma ayrı-ayrı aspektlərlər üzrə yüksək siyasi səviyyədə qərarların qəbul olunması tələb olunur. İranın IRNA xəbər agentliyi isə bildirib ki, Tehran Qərb vasitəçilərdən gözlədiyi yeni təklifləri səsləndirməyib.
Qeyd edək ki, İranın Ərak ağır su nüvə reaktoru danışıqlarda fikir ayrılıqlarına səbəb olan əsas əngəl məsələlərdəndir. Bundan başqa, nüvə sentrifuqaların sayı əvvəlki kimi mübahisəli məsələ olaraq qalır. Müsbət nəticə isə odur ki, danışıqların əvvəlki raundlarında tərəflər uranın zənginləşdirilməsinin maksimal səviyyəsinin 5 faiz olacağı barədə razılaşıblar.
Onu da vurğulayaq ki, Qərb ölkələri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri İranın nüvə silahı istehsal etmək niyyətində olduğunu bəyan etsələr də, rəsmi Tehran nüvə proqramının dinc məqsədlər daşıdığını israrla bildirir.
"İrana qarşı sanksiyaların götürülməsinin vacibliyini dərk etməsə, danışıqlar nəticə verməyəcək. Bu zaman onlar hökmən uduzacaqlar. İran öz nüvə proqramını zərrə qədər axsatmayacaq". Bunu İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, deputat Məhəmməd Həsən Asəfri bildirib.
O, ötən gün Avstriyanın paytaxtı Vyanada başlayan İran və "altılıq ölkələri" nin nüvə danışıqlarında daha çox sanksiyaların götürülməsi məsələsinə yer verilməsini tələb edib: "Əks halda, danışıqlar nəticəsiz qalacaq. Bu zaman uduzan İran deyil, Qərb olacaq."
İran və Qərb son müzakirələrin nəticə verməyəcəyi təqdirdə, danışıqların müddətinin uzadılmasını onun nəticəsiz bitməsindən daha münasib görür.
Politoloq Mübariz Əhmədoğlunun fikrincə, istər İran istərsə də "altılıq ölkələri" bir iki il bundan qabaq olan fundamental yanaşmalarından, mövqelərindən əl çəkməyiblər. Sadəcə bir-birinə qarşı olan mövqelərindəki o sərtlik təxirə salınıb. Qərbin İrana qarşı yumşaq mövqeyi indi də davam edir: "Baxmayaraq ki, Qərbin və ABŞ-ın İranla münasibətlərə, İranın nüvə texnologiyalarının genişləndirilməsinə münasibəti birmənalıdır. Digər yandan İsrail hökuməti, yəhudi lobbisi ABŞ-a, Barak Obamaya və hətta Müdafiə Nazirliyinə də təzyiq edirdi ki, ABŞ İranla münasibətləri yumşaltmasın, əksinə daha sərt mövqeyə keçsin. İranla bağlı məsələ müharibə ilə bitirməlidir. İsrail ABŞ-dan tələb edir ki, İranla münasibət kəsilməli və hərb variantı seçilməlidir. Onlar ilkin variant kimi Suriyanı qoyur. Suriyada kimyəvi silahların ləğv olunduğu kimi İranda da bütün nüvə obyektləri ləğv olunmalıdır. Amerika isə buna razılıq vermir. ABŞ bildirir ki, mən İranla danışıqlar yolu ilə İranın nüvə silahını nizamlayacam. Mən belə başa düşürəm ki, Qərb mövqeyini yumşaldıb və yumşaltmaqda da davam edəcək. Ona görə də, mən Qərbin son dövrlərdəki mövqeyində bir geriləmə hiss etmirəm. Amma əvvəl İranın mövqeyi yumşalmışdı. İran daxili təzyiq nəticəsində geriyə çəkilir. Ruhani hökumətinin bundan qabaqkı yumşaq mövqeyi İrana doğrudan da uğur gətirdi. Ancaq indi Ruhani həmin siyasəti davam etdirə bilmir. İranın ali dini lideri Seyyid Əli Xomneyi əvvəlcə Ruhani hökumətinə Qərb və altılıq ölkələri ilə danışıqları aparmaq üçün müəyyən mənada sərbəstlik verdi. Ehtimal ki, ali dini lider fikirləşib ki, Qərbin razılığı olmayacaq. İndin Qərb razılıq verəndən sonra ali dini lider mövqeyini dəyişib. İranın Xarici İşlər Naziri Zərifin apardığı danışıqlardan sonra birdən hökumət öz səlahiyyətlərini Prezidentin mətbuat xidmətinə verdi. İndi ali dini lider Əqaçının və Həsən Ruhaninin apardığı danışıqlara şübhə ilə yanaşır. Qısa müddətdə yumşalmış mövqe indi sərtləşib. Mənim fikrimcə sərtləşmənin səbəbi danışıqların uğuru dövründə qərb mətbuatında belə bir informasiyanın getməsi ilə bağlıdır: "Ali dini lider İranda 95 milyard dollarlıq şirkətə malikdir". Bu pul haradan yaranıb?! Təbii ki, büdcəsinin hesabına. Hər hansı bir bölgəyə müəyyən məbləğ ayrılır daha sonra bu məbləğ xərclənmir və büdcəyə daxil olur. Ali dini liderin bu məlumatı "Reuters" agentliyində çıxan kimi münasibətlərdə müəyyən qədər geriləmə nümayiş olundu. Ali dini lider Qərbdən qoxur. Məncə, Ruhani hökuməti ilə Qərb birləşib Xomneyinin səlahiyyətlərini azaldacaqlar. İranla Qərb münasibətlərinin yeni bir dövrü başlayıb".
Politoloq Fərhad Mehdiyev isə açıqlamasında bildirib ki, "ümumiyyətlə, İranın bu danışıqlara öz razılığını verməsi böyük irəliləyişdir. İran və "altılıq" ölkələri arasında tam bir razılığın əldə olunmasından danışmaq hələ ki tezdir: "ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar İran iqtisadiyyatına təsir edirdi. Bununla bərabər İran yenə də nüvə silahını genişləndirirdi. Amma İrana qarşı qoyulan embarqolar İran iqtisadiyyatını çökdürürdü. Sonra İran gördü ki, ən yaxşısı razılığa gəlməkdir. Bu gün İran bütün nüvə proqramını dondurmuş kimidir. Belə bir ehtimal da var ki, İran müəyyən qədər iqtisadiyyatını inkşaf etdirən kimi bu razılaşmadan çıxsın. Yenidən nüvə silahı ilə bağlı araşdırmalarını davam etdirsin. Hələ ki müzakirələr gedir. Bu müzakirələrin axışına baxıb söyləmək olar ki, İran bir o qədər də razı deyil. Amma yadınızdadırsa İranla "altılıq" ölkələrinin razılıq əldə etməsi neftin qiymətinin düşməsinə də müsbət təsir etmişdi. Proseslərin axışı hər şeyi daha aydın büruzə verəcək".