“Həm Rusiyanın, həm də Türkiyənin Qərblə problemləri var” Dünya

“Həm Rusiyanın, həm də Türkiyənin Qərblə problemləri var”

Elçin Xalidbəyli: "Putinin Türkiyəyə səfərinin hər iki ölkə üçün səmərəli nəticələr verə biləcəyi qətiyyən istisna deyil"

Azər Həsrət: "İndiki yaxınlaşma sadəcə olaraq taktiki gedişdir, strateji olaraq önəm kəsb etmir"

Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də Türkiyəyə səfər edəcək. Kremlin mətbuat xidmətiin yaydığı məlumata görə, Putin Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirak edəcək. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş də keçirəcək. İclasda iki ölkə arasında enerji və iqtisadi-ticarət sahələr başda olmaqla, əməkdaşlığın geniş spektri, eləcə də beynəlxalq problemlər müzakirə olunacaq. Bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.
Bu səfər Türkiyə-Rusiya münasibətlərində hansı dəyişikliyə səbəbə ola bilər? Ekspertlər bu barədə nə düşünürlər?
Siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, indiki mərhələdə Türkiyə-Rusiya münasibətlərinin normal olduğunu iddia etmək olar: "Düzdür, bu iki dövləti dost ölkələr kateqoriyasına aid etmək mümkün deyil. Ancaq hər iki dövlət tarixi və ciddi siyasi problemlərin mövcudluğuna baxmayaraq, əməkdaşlıq etməyə səy göstərirlər. Əsas səbəb isə həm Rusiyanın, həm də Türkiyənin ortaq maraqlarıyla bağlıdır. Belə ki, həm Rusiyanın, həm də Türkiyənin Qərblə kifayət qədər ciddi problemləri var. Rəsmi Ankara ABŞ və Qərbin Türkiyəyə qarşı ziddiyyətli mövqeyini Rusiya ilə əməkdaşlıq mesajlarıyla balanslaşdırmağa çalışır. Və xəbərdarlıq edir ki, əgər Qərb belə davam edərsə, Türkiyə üzünü Rusiyaya doğru çevirmək imkanlarını əldən verməyəcək. Təbii ki, rəsmi Ankaranın bu mövqeyi Rusiyaya da tamamilə sərf edir. Belə ki, Kremldə Rusiyanın Qərbdən gələn sanksiyalara məruz qaldığı bir dövrdə Türkiyə ilə daha sıx münasibətlər şansına böyük əhəmiyyət verildiyini qətiyyən gizlətmirlər. Yəni indiki böhranlı situasiyada Türkiyə ilə əməkdaşlıq Rusiyanın dərdinə əlac rolunu oynaya bilər. Bu baxımdan, prezident Vladimir Putinin Türkiyəyə səfərinin hər iki ölkə üçün səmərəli nəticələr verə biləcəyi qətiyyən istisna deyil".
Siyasi şərhçi Azər Həsrət dedi ki, Türkiyə və Rusiya Qərbin artan basqıları qarşısında təbii şəkildə tərəfdaşlığı dərinləşdirməyə meyllidirlər: "Lakin hər ikisi anlayır ki, bu tərəfdaşlıq keçicidir, hazırkı durum üçün lazımdır və sabah hər şey düzələndən sonra yenə də hərə öz səngərinə çəkiləcək. Tarixi açıdan baxsaq, bu iki ölkə arasında heç vaxt səmimi dost münasibətləri olmayıb. Çünki hər ikisinin gözü bir-birinin torpağındadır. Üstəlik, Rusiya hələ də çox sayda Türk xalqlarını əsarət altında tutur. Bu baxımdan indiki yaxınlaşma sadəcə olaraq taktiki gedişdir, strateji olaraq önəm kəsb etmir".
Qeyd edək ki, səfər hər iki ölkənin siyasi dairələrində də geniş müzakirələrə səbəb olub. Putinin Türkiyəyə səfəri barədə birmənalı fikir olmasa da, analitiklərin əksəriyyəti bu səfərin hər iki ölkənin maraqlarına uyğun olduğu qənaətindədir. Belə ki, Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda Kremlin Türkiyə timsalında özünə yaxın tərəfdaş seçməsi tam təbii görünür. Eləcə də Avropa İttifaqı qapılarının bağlı olduğu Türkiyə üçün də Rusiya ilə iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi sərfəli hesab olunur. Bu səbəbdən də Putin və Ərdoğan hakimiyyətlərinin 2020-ci ilə qədər Rusiya ilə Türkiyə arasında ticarət həcminin 100 milyard dollara çatdırılmasına çalışması başa düşüləndir. Ayrıca neft və qazla Qərbi təzyiqdə saxlayan Rusiyanın Xəzər dənizinin, İraqın və perspektivdə İranın enerji daşıyıcılarının Avropaya çatdırılmasında tranzit rolunu üzərinə götürməyə hazırlaşan Türkiyə ilə münasibətlərinin yaxşılaşması hər iki dövlətin strateji maraqlarına cavab verir. İqtisadi cəhətdən bu iki ölkənin yaxınlaşmasının daha çox Türkiyənin xeyrinə olacağı gözlənilir. Çünki xidmət və yüngül sənaye iqtisadiyyatı yaxşı inkişaf etmiş Türkiyə iş adamları üçün Rusiya kimi böyük bir bazarda heç bir əngəl qalmayacaq. Və Rusiyanın təbii sərvətlərindən bəhrələnənlər arasında da Türkiyə ön sırada olacaq. İkinci bir tərəfdən isə korrupsiyalaşmış Rusiyadan Qərbə axan kapital axının müəyyən bir hissəsi Türkiyə iqtisadiyyatına yönəldilə bilər. Rusiyanın isə bundan uduşu o ola bilər ki, nisbətən imkanlı (Çin, Hindistan və başqa Asiya ölkələri ilə müqayisədə) Türkiyə vətəndaşları hesabına əmək bazarının problemləri yoluna qoyular.
Hərbi cəhətdən də Rusiya ilə əməkdaşlıq Türkiyəyə sərf etməlidir. Dünyanın ən böyük nüvə arsenalına malik Rusiya ilə əməkdaşlıq Türkiyənin də gələcəkdə nüvə ölkəsinə çevrilməsini sürətləndirə bilər. Dekabr səfəri çərçivəsində Akkuyu Atom Elektrik Stansiyasının tikilməsi işlərinin sürətləndirilməsi məsələləri də müzakirə ediləcək. Bundan başqa, iki ölkə arasında turizm əlaqələri də güclüdür. Rusiyanın milyonlarla turisti Türkiyəyə gəlir. Bütün bu nüanslar iki ölkənin əlaqələrini önəmli edir. Amma Rusiya indiki durumda çox ciddi problemlərlə üzləşib. Qərbin sanksiyaları ölkənin durumunu ağırlaşdırıb. Putinin Türkiyəyə səfəri həm də Rusiyanın üzləşdiyi sanksiyalardan can qurtarmağa hesablanıb. Ona görə səfər kifayət qədər ağır olacaq. Analitiklərin fikrincə, Putinin yaxın perspektivdə Türkiyədən istədiyi kənd təsərrüfatı mallarının Rusiyaya ixracının artırılmasıdır. Qərbin sanksiyaları fonunda Türkiyədən meyvə və tərəvəz məhsullarının ixracının artması Rusiya qədər elə türk iş adamlarının da maraqlarına tam olaraq cavab verir.
Qərbin Rusiya ilə Türkiyə yaxınlaşmasına mənfi münasibət göstərəcəyi məlum olsa da, buna mane olmaq imkanları məhduddur. Belə ki, hər iki ölkənin hazırkı hakimiyyətlərinə Qərb tərəfdən heç də yaxşı münasibət göstərilmir. Əgər Putinin timsalında keçmiş SSRİ-ni bərpa etmək istəyən və imperiya ambisiyaları ilə yaşayan şəxs görülürsə, Ərdoğan da Osmanlı imperiyası kimi İslam dünyasında Türkiyənin xilafət rolunu öz üzərinə götürməyə çalışan lider kimi qiymətləndirilir.
Bütün bu münasibətlərin fonunda Qərbin Türkiyə ilə Rusiyanın yaxınlaşmasına mane olmaq imkanları azalmış olur. Ən önəmlisi isə odur ki, Türkiyə və Rusiya bir çox beynəlxalq məsələlərdə eyni mövqelərdən çıxış edir. Xüsusi ilə də BMT-nin ABŞ və Avropa ölkələrinin təsirində olması ilə nə Ərdoğan, nə də Putin razılaşır.
Rusiyanın tanınmış politoloqu, publisist və ictimai xadim Andrey Piontkovski hesab edir ki, Putin Ukrayna məsələsini "dondura" və Dağlıq Qarabağda və Gürcüstanda müəyyən addımlar ata bilər.

Əli