Rusiyanın Yaxın və Orta Şərq siyasəti Dünya

Rusiyanın Yaxın və Orta Şərq siyasəti

İdarə olunan qeyri-siyasi sabitlik

Cavid

Rusiyanın Yaxın Şərqdəki siyasəti belə demək mümkünsə, sivilizasiyaların müharibəsində iştirakdan qaçmaq istəyilə izah olunur. Ölkənin intellektual və siyasi elitası isə mədəniyyətlərin münaqişəsinin qaçılmazlığı faktının qəbulundan uzaqdır. Bunu San-Fransisko Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Andrey Çıqankov "Les Echos" nəşrində getmiş məqaləsində yazıb. "Zəngin mənəvi rəngarəngliyə malik Rusiya mədəni və qlobal miqyaslı dialoq tərəfdarı kimi çıxış edir. Dialoqu dünyada sabitliyə və asayişə şərt olaraq görür", - deyən müəllifin fikrincə, Rusiya siyasətçiləri, o cümlədən prezident Vladimir Putin müxtəlif dinlər və sivilizasiyalar arasındakı sərhədlərin açılmasını istəyir, ölkənin Qərb və İslam yönümlü düşərgələrə bölünməsinə qarşı çıxır.
Andrey Çıqankovun fikrincə, İslam dünyası ilə sıx münasibətlərin qurulması Rusiya üçün olduqca prioritet əhəmiyyət daşıyır: "Kreml Avropa və ABŞ-la əlaqələrin möhkəmləndirilməsi üzərində sanki əsir. Ancaq eyni zamanda Qərb ölkəsi olmayan dövlətlərlə də hərəkət azadlığına malik olmaq və təmasları gücləndirmək niyyətindədir".
Professor belə hesab edir ki, Rusiya elitası İslam əlayhinə mübarizədə Yaxın Şərqin orta mövqe tutan güclərinə ümid bəsləyir. "Həmas" liderləri, əfqan talibləri də daxil olmaqla dialoqa hazır hər kəslə danışıqlara getməyə meylliliyini göstərir. Çünki "ərəb baharı" Moskvada qorxu və həyacan doğurub. Kreml regionda qeyri-sabitliyin yarandığını və radikal islamçıların hakimiyyəti ələ ala bilməsinin mümkünlüyünü görüb. Buna görə də hər vasitə ilə çalışır ki, Qərb dünyası ilə İslam aləmi arasındakı sivilizasiyalar müharibəsinə qarışmaqdan uzaq dursun. Rusiya üçün Birinci Dünya Müharibəsinə girmək faciəvi səhv olduğu kimi, Moskva hazırda bu qənaətdədir ki, Qərblə İslam arasındakı qarşıdurmaya qoşulmaq böyük siyasi qəza doğurmaq gücündədir.
"Kremlin yeni baxışına görə, Rusiyanın İslam təhlükəsindən yaxa qurtarması müsəlman dünyası ilə barış siyasətindən asılıdır", - yazan alim vurğulayır ki, İranla, "Həmas"la və Suriyanın Bəşər Əsəd rejimi ilə danışıqlara girən Moskva Qərbin buraxdığı səhvləri konpensasiya etmək barədə də düşünür. Çıqankovun fikrincə, Rusiya özünün Qərb partnyorlarını şərti şəkildə regionda tədrici dəyişikliklər tərəfdarlarına və Yaxın Şərqdəki rejimlərin dəyişdirilməsini istəyənlərə bölür: "Hesablamalara görə, ikincilərin mövqeyi bütövlükdə İslam dünyasının radikallaşmasına gətirə bilər. Bu təhlükə səbəbindən Rusiya onları proseslərdən kənarda tutmaq kursu seçib və istər ABŞ-ın, istərsə də Avropanın orta xətti götürən dairələri ilə əməkdaşlıqda maraqlıdır".
Andrey Çıqankov daha sonra bildirir ki, Qərbin Yaxın Şərqə yönələn siyasi və ya iqtisadi təzyiq cəhdi Rusiya tərəfindən hərbi əməliyyatlara başlamaq hazırlığı kimi qiymətləndirilir. Rusiya diplomatlarının belə düşüncə tərzinə yönəlikliyi, xüsusən də hadisələrin ən arzuolunmaz ssenarisini planlaşdırmaq meyli Liviyadakı müharibə ilə əlaqədardır. Liviyadan söz düşmüşkən, professor Çıqankov məqaləsində yaxın keçmişdə baş verən bir maraqlı məqama da toxunaraq Rusiyanın mövqeyinə aydınlıq gətirməyə çalışır. O, diqqəti BMT-də Liviya üzərində uçuşsuz zona yaradılmasına dair baş tutmuş müzakirələrə çəkir. Bildirir ki, həmin vaxt Rusiyanın prezidenti olmuş Dmitri Medvedyev çox böyük risq edərək xarici işlər naziri Sergey Lavrova Vladimir Putinin xaç yürüşlərinə çağırış kimi dəyərləndirdiyi sənəddən kənar durmaq, əslində isə proseslərə loyal yanaşmaq göstərişi verib. Nəticədə Putinin ehtiyatlandığı hadisələr gerçəkləşdi. Qərb dövlətləri yekunda qətnamədən yararlanaraq Liviya lideri Müəmmar Qəzzafini devirdilər. Çıqankov hesab edir ki, məhz Liviya məsələsindəki fikir ayrılığı Putində belə qənaət formalaşdırdı ki, Medvedyev ikinci müddətə prezident seçilə bilməz.
Suriya böhranının start götürməsi ilə siyasi polemikalar güclənməyə başladı. Rusiya düşündü ki, Liviya rejiminin devrilməsindən həvəslənmiş Qərb Suriyaya hərbi müdaxiləyə hazırlaşır. "Kremldə Qərbin Tunis, Misir və Yəməndə dinc aksiyaları dəstəkləmək siyasətinin Liviya və Suriyada vətəndaş müharibəsinə gətirən cəhdlər olduğuna dair bitkin fikir formalaşıb", - deyən alim daha bir məqama diqqət çəkir. O, xüsusi vurğulayır ki, Qərbdə Yaxın Şərq ölkələrindəki müxalifəti silahlandırmaq çağırışları eşidilir, ancaq regiona daxil olan silah axını heç də rejimlərə qarşı çıxanların xeyrinə deyil.
Politoloq Nahid Aslansoyun fikrincə isə Rusiyanın prezidenti Vladimir Putin Yaxın və Orta Şərq regionunda iki siyasət xətti üzrə fəaliyyət göstərir. Bunlardan biri İsraillə dostluq münasibətlərinin inkişaf etdirilməsidirsə, digəri eyni zamanda ərəb dövlətləri ilə də münasibətlərin yaxşılaşdırılmasıdır. Bu qeyri-ideoloji siyasət Rusiyaya SSRİ-nin dağılması dövründə iqtisadi və strateji sahədə itirdiklərini geri qaytarmaq imkanı verir. Məhz bu siyasət xəttini tutmaqla Rusiya diplomatik, hərbi və energetika sahələrində sözləşmələr imzalayaraq, həm İsraillə, həm də onun ərəb qonşuları ilə əlaqələri inkişaf etdirir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Pravda" qəzetinə verdiyi müsahibədəki sitat da təsdiqləyir: "Rusiya nə ərəb, nə də İsrail yönümlü siyasət yürüdür. Rusiyanın siyasəti yalnız milli maraqlar üzərində qurulur ki, ərəb dövlətləri və İsraillə dostluq münasibətlərinin qorunması da bunlara aiddir."
Ümumiyyətlə, Putinin prezidentliyi dövründə Rusiyanın İsraillə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini görmək mümkündür, çünki İsrail Rusiyanın Yaxın Şərq siyasətində əhəmiyyətli bir rola malikdir. Məsələn, iki dövlət arasındakı ticarət dövriyyəsinin 2 dəfəyədək artaraq, hazırda 1.5 milyard dollara çatması məhz Putinin adı ilə bağlıdır: "Rusiya ilə İsrailin əməkdaşlıq etdiyi digər bir sahə isə terrorizmə qarşı mübarizədir. Belə ki, İsrail 2004-cü ildə baş verən Beslan hadisələrində və Çeçen üsyanlarında Rusiyaya dəstək verən ölkələrdən biri olmuşdur. 1999-cu ildən etibarən, İsrail rəsmiləri çeçen və fələstin terroristlərini eyniləşdirərək, terrorizmlə mübarizə sahəsində daha aktiv fəaliyyətin göstərilməsinin zəruriliyini bildirmişdilər.
Rusiyanın İsrail və regionun digər dövlətləri ilə münasibətlərini analiz etdikdə bu münasibətlərdə bəzi problemlərin olduğunu da müşahidə etmək çətin deyil. Bu problemlərdən biri və əsası kimi Rusiyanın İranın nüvə proqramına dəstəyini göstərmək olar ki, bu da birbaşa İsrail rəsmilərini narahat edən məsələdir. İsrail bunu öz milli təhlükəsizliyinə birbaşa hədə gördüyü halda, Rusiya rəsmiləri bunun heç bir əsası olmadığını, İranla münasibətlərinin isə sırf iqtisadi maraqlara söykəndiyini deyirlər. İsrail üçün narahatçılıq doğuran başqa məsələlər isə Rusiyanın Suriyaya silah-sursat satması, Rusiyanın Həması legitimləşdirməsi və ölkədə anti-semitizm əhval-ruhiyyəsinin yüksəlməsinə Rusiya hökumətinin diqqətsizliyidir. Rusiyanın daxili siyasətində olan bəzi məsələlər də İsraili narahat edir. Belə ki, Putin hələ də Hizbullah və Həması terrorist təşkilatlar siyahısına salmaqdan imtina edir, beləliklə də Rusiyadan İsrailin iki ən qatı düşməninə maliyyə axını sərbəst şəkildə davam edir. Rusiyanın İsraillə narazıçılığı isə Rusiyanın İsrail – Fələstin münaqişəsində vasitəçi ölkə kimi böyük rol oynamaq üçün göstərdiyi cəhdlərə İsrailin qarşı olmasıdır. Putinin hakimiyyətə gəlməsi ilə vaxtilə SSRİ-nin Fələstin Muxtariyyətinə verdiyi dəstək Rusiya tərəfindən bərpa olundu. Bu dəstəyi BMT-də Rusiyanın İsrail əleyhinə verdiyi səslərdən görmək olar".
Politoloq qeyd edib ki, Rusiya vaxtilə bipolyar sistemdə SSRİ-nin rəqibi olan ABŞ-la hələ də keçmiş rəqabəti davam etdirir, ABŞ-ın hegemonluğunun qarşısını almaq üçün çalışır. Bu məqsədlə də milli maraqları ABŞ-ın milli maraqları ilə üst-üstə düşməyən dövlətlərlə ittifaqa girir. Yaxın və Orta Şərq regionunda belə dövlətlərə misal olaraq, İran və Suriyanı göstərmək olar. İsrail isə Rusiyanın bu dövlətləri və dolayısı ilə yuxarıda adı çəkilən qruplaşmaları dəstəkləməsindən çox narahatdır və bu, Rusiya-İsrail münasibətlərinə də zərbəsiz ötüşmür. Rusiya Suriya və İranla yanaşı, Fələstin Muxtariyyəti, Əlcəzair, Səudiyə Ərəbistanı, Misir və Yəmənlə də yaxşı münasibətlər qurur: "Təsadüfi deyildir ki, Suriyanın prezidenti Bəşər Əsəd 2005-ci ilin yanvar ayında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda tələbələr qarşısında çıxışı zamanı bildirmişdi: "Rusiyanın beynəlxalq aləmdə rolu çox böyükdür, Rusiya xüsusilə "3-cü Dünya" ölkələri arasında nəhəng nüfuza malikdir." Rusiya vaxtilə SSRİ-nin nüfuzu olan ölkələrdə həmin nüfuzu bərpa etməyə çalışır, eyni zamanda istehsal etdiyi silah və sursatı həmin ölkələrə sataraq, öz silahlarına bazar yaratmış olur. Məsələn, Rusiya Misiri tədqiqat peyki və daşınan raketlə, eyni zamanda müxtəlif növ maşın və yük maşınları ilə təchiz edir".
Nəticə etibarilə, onu demək olar ki, hazırkı dünya düzümünü unipolyar adlandırsalar da, ABŞ öz hegemonluğunu tam mənada həyata keçirə bilmir. Səhnə arxasında da olmuş olsa, dünya ölkələri əvvəlki kimi iki qütbdə toplaşıblar. Qütblər isə ABŞ və qeyri-ABŞ qütbləridir. ABŞ-ın hegemonluğunu həzm etməyən dövlətlər hələ də öz mübarizələrini davam etdirirlər və bu, özünü Yaxın və Orta Şərq kimi önəmli bir regionda özünü açıq-aşkar göstərir.